28 Noyabr 2021, Bazar

Ümumi daxili məhsul istehsalının 88 faizinin özəl bölmənin payına düşdüyü muxtar respublikada bu gün əlverişli investisiya mühiti yaradılmışdır. Mövcud şərait iqtisadiyyatın dinamik inkişafını təmin etmiş, yeni iş yerlərinin açılmasına səbəb olmuş, əlavə ixrac imkanları yaranmışdır.
Məlum pandemiya səbəbindən 2021-ci ilin muxtar respublikada “İxrac ili” kimi davam etdirilməsi yerli sahibkarlara ixrac üçün yeni imkanlar açır.

İxrac imkanları o zaman yaranır ki, yerli istehsal dinamik inkişafda olsun, daxili bazarın təminatı yüksək səviyyədə təşkil edilsin, rəqabətədavamlı məhsul bolluğu yaransın. Muxtar respublika iqtisadiyyatının inkişafına nəzər salsaq, bu potensialın formalaşdığını görə bilərik. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin birinci rübündə muxtar respublikada ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutmuşdur. 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir. Sənayedə istehsalın həcminin artması nəticəsində 2021-ci ilin yanvar-mart aylarında 41 milyon 613 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Kənd təsərrüfatının inkişafında da müsbət dinamika qorunub saxlanılmışdır. Cari ilin ilk rübündə bir il öncəyə nisbətən 4,2 faiz çox, yəni 31 milyon 270 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, 12 milyon 238 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Bəhs etdiyimiz dövrdə, ümumilikdə, muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 733 min 800 ABŞ dolları təşkil etmişdir. Bu dövriyyənin 53 milyon 851 min 900 ABŞ dollarını ixrac, 25 milyon 881 min 900 ABŞ dollarını idxal təşkil etmiş və 27 milyon 970 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Qeyd edək ki, ixracyönümlü məhsulun əldə olunması, ilk növbədə, istehsala əsaslanır. Bu gün muxtar respublika iqtisadiyyatında istehsalyönümlü müəssisələrin yaradılması, istehsalda innovativ yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılır. Dövlət tərəfindən belə sahələrin yaradılmasına güzəştli kreditlərin verilməsi, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün “bir pəncərə” sisteminin tətbiqi, eləcə də nəzərdə tutulmuş digər stimullaşdırıcı tədbirlər istehsalçılar üçün geniş imkanlar açır. Məsələn, 2021-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 41 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-mart aylarında 4 milyon 700 min manat kredit verilmişdir.
Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Cari ilin ilk rübündə müxtəlif təsərrüfat subyektlərinə 4 milyon 156 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 15,7 faiz çoxdur.
Bu sahədə görülən işlərin nəticəsidir ki, qeyd olunan dövrdə muxtar respublikada 6 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 7 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Bundan əlavə, muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal edilən məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. İcrasına yeni başlanılan Dövlət proqramı aqrar məhsulların istehsalında yeni mərhələnin başlandığından xəbər verir. Bütün bunlar isə onu göstərir ki, hazırda muxtar respublikamızda həm sənaye, həm də kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün ciddi işlər görülür ki, bu da sahibkarlara ixracyönümlü məhsul istehsal etməyə, yerli məhsullarımızın xarici bazarlara çıxarılmasına geniş imkanlar açır.

Famil HƏSƏNOV
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR