07 Dekabr 2021, Çərşənbə axşamı

Arılar dünya iqtisadi və ekosisteminin ən vacib canlılarından hesab olunur. Bu canlılar bir tərəfdən başda bal olmaqla, arıçılıq məhsullarının yaranmasına səbəb olursa, digər tərəfdən bir çox bitkinin tozlanmasını təmin edərək onların məhsuldarlığını və keyfiyyətini artırır. Qeyd etmək lazımdır ki, çoxəsrlik tarixə malik olan arıçılıq bütün dünyada qədim məşğuliyyət növlərindən biri hesab olunur. Əhalinin məşğulluğunun təmin edilməsindəki rolu isə arıçılığın sosial əhəmiyyətini xarakterizə edən mühüm cəhətidir. Beləliklə, arıçılığın inkişafı aqrar sahədə geniş sosial-iqtisadi imkanların yaranması deməkdir.

Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Ölkə Prezidenti cənab İlham Əliyev arıçılığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər”.

Bu sahənin inkişaf etdirilməsi üçün əlverişli iqlim şəraitinin və zəngin yem ehtiyatlarının mövcudluğu başlıca şərtlərdən hesab olunur. Naxçıvan Muxtar Respublikasının məhsuldar torpaq və zəngin bitki örtüyü bu ərazidə insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradır. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyi isə bu sahədə fəaliyyət imkanlarının genişləndirilməsi üçün mühüm stimullaşdırıcı əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı”nın giriş hissəsində qeyd olunduğu kimi: “Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır”.
Adıçəkilən Dövlət proqramının icrası yanvar-mart aylarında da davam etdirilmiş, 5 arıçılıq təsərrüfatına 34 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Birinci rübdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhəri və Şərur rayonlarının hər birində 1 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmışdır. Həmçinin bu dövrdə dövlət maliyyə dəstəyi hesabına Babək və Ordubad rayonlarının hər birində 1, Şahbuz rayonunda 2 arıçılıq təsərrüfatının yaradılması, Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Sahibkarlara subsidiyaların verilməsi üçün arı ailələrinin nömrələnərək qeydiyyata alınmasına mart ayından başlanılmışdır. Birinci rübdə 37 arı ailəsinin sığortalanması arıçılıq təsərrüfatlarının baş verə biləcək gözlənilməz hadisələrin zərərlərindən qorunması üçün xüsusi əhəmiyyət daşıyır.

Arı ailələrinin mum vərəqi ilə təmin edilməsi arıçılıqda həyata keçirilən ən mühüm tədbirlərdən biridir. Arı mumunun təmiz və keyfiyyətli olması arıçılığın inkişafına təsir edən əsas amillərdən hesab olunur. Arı ailələrində məhsuldarlığın yüksək, arı xəstəliklərin az olması mum vərəqlərinin keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Birinci rübdə Dövlət proqramının icrasına uyğun olaraq Şahbuz şəhərində yerləşən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində 350 kiloqram mum vərəqi istehsal edilmişdir. Müəssisədə, eyni zamanda sınaq məqsədli 300 kiloqram arı yeminin istehsal edilərək arıçılara paylanması bu sahədə fəaliyyət imkanlarının genişlənməsindən xəbər verir.
Uğurlu bir arıçılıq fəaliyyəti üçün nektar və çiçək tozu ilə zəngin olan bitkilərin yayıldığı sahələrin geniş olması şərtdir. Zəngin təbii yem ehtiyatlarının olması arıçılıqda məhsuldarlıq səviyyəsini yüksəldən faktorlardan biridir. Dövlət proqramının icrasına uyğun olaraq muxtar respublikamızda yaşıllaşdırma tədbirləri həyata keçirilərkən balyığma mənbələrinin çoxaldılmasına xüsusi önəm verilir. Birinci rübdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 7 hektar sahədə nektar və çiçək tozu ilə zəngin olan meyvə bağları salınmışdır. Balyığma mənbəyi hesab olunan ağac və kol bitkilərinin yayıldığı əraziləri genişləndirmək məqsədilə dağlıq və orta dağlıq ərazilərdə 58 hektar sahədə meyvə və giləmeyvə toxumları ilə əkin aparılmışdır. Gələcəkdə etibarlı ting təminatının formalaşdırılması məqsədilə 1 hektar sahədə toxmacarlıq yaradılarkən çiçək tozu ilə zəngin olan bitkilərə üstünlük verilmişdir.
Muxtar respublikamızda keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı xüsusi diqqət yetirilən məsələlərdən biridir. İnsan sağlamlığının qorunmasının prioritet istiqamətlərdən biri olması istehsal edilən məhsulların keyfiyyətinin nəzarətdə saxlanılmasını zəruri edir. Birinci rübdə arıçılıq təsərrüfatlarında istehsal olunan təbii bal məhsulundan 3 halda nümunələr götürü­lərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin olunması məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilmişdir. Məhsulların laboratoriya təhlilləri aparılmış, nümunələrin keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Arıçılıqda məhsuldarlığı aşağı salan təhlükəli faktorlardan biri arı xəstəlikləridir. Baş verə biləcək xəstəliklərə qarşı arıçıların vaxtında müvafiq preparatlarla təmin edilməsi bu sahədə həyati əhəmiyyət daşıyır. Muxtar respublikamızda heyvandarlıq – arıçılıq sahələri üzrə əczaxanaların sayının ildən-ilə artması arı xəstəlikləri ilə mübarizə sahəsində imkanların çoxalmasına şərait yaradır. Birinci rübdə Dövlət Baytarlıq Xidmətinə Babək şəhəri və Sədərək rayonunda yeni əczaxanaların açılması ilə bağlı müraciət daxil olmuşdur. Müraciətlərə müvafiq olaraq araşdırma aparıldıqdan sonra müvafiq lisenziyalar təqdim edilməklə heyvandarlıq – arıçılıq sahələri üzrə 2 yeni əczaxananın fəaliyyətə başlaması təmin edilmişdir.
Dövlət proqramının icrasına uyğun olaraq maarifləndirici tədbirlərin keçirilməsi də diqqətdə saxlanılır. Arıçı sahibkarlarla keçirilən görüşlər və verilən mütəxəssis məsləhətləri bu sahədə fəaliyyətin yüksək məhsuldarlıq prinsipləri əsasında qurulmasına imkan yaradır. Yanvar-mart aylarında Şərur rayonunun Tənənəm, Axura, Qarxun, Culfa rayonunun Qazançı, Camaldın, Ordubad rayonunun Dəstə, Çənnəb, Yuxarı Əndəmic kəndlərində və Babək şəhərində arıçılar və yerli sakinlərlə görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə yem bitkilərinin çiçəkləmədən sonra biçilməsi, arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbəyi olan ağac və kolların kəsilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılmışdır. Birinci rübdə “Arıçılığın məhsuldarlığı etibarlı yem bazasından asılıdır”, “Bal arılarının beçəverməsi”, “Erkən yaz dövrü arıçının arıxanada ilk işi” və “Yaz mövsümündə arı ailələrinə necə qulluq edilməli” adlı bukletlər dərc etdirilərək sahibkarlara paylanmışdır. Həmçinin bu dövrdə rayon qəzetlərində arıçılıq sahəsi üzrə müxtəlif mövzularda 5 məqalə dərc olunmuşdur. Fevralın 5-də Naxçıvan Dövlət Universitetində 20 arıçı sahibkarın iştirakı ilə seminar keçirilmişdir. Seminarın sonunda arıçılara sertifikatlar təqdim olunmuşdur.
Görülən işlər deməyə əsas verir ki, Naxçıvanda arıçılığın inkişafı və müvafiq Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. O da qeyd olunmalıdır ki, muxtar respublikada son illər ekoloji tarazlığın qorunması, təbiətin zənginləşdirilməsi, yaşıllıq sahələrinin genişləndirilməsi arıçılığın inkişafı üçün geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, arıçılıqla məşğul olanların sayı ildən-ilə artır, əldə olunan məhsul, nəinki Naxçıvan, ölkə bazarlarına çıxarılır və böyük alıcı rəğbəti qazanır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR