01 Dekabr 2021, Çərşənbə

Müasir şəraitdə aparılan iqtisadi islahatların sürətlənməsi və şəffaflığın təmin edilməsi üçün muxtar respublikada əsas diqqətdə saxlanılan məsələlərdən biri də nağdsız hesablaşmaların həcminin artırılmasıdır. Bunun üçün nağdsız ödəniş sistemlərini təkmilləşdirmək, elektron xidmətlərin səmərəliliyini artırmaq və müasir bank xidmətlərinin göstərilməsini təmin etmək istiqamətində ciddi işlər görülür. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” bu sahədə fəaliyyətin təmin olunmasına şərait yaratmışdır. Hazırda muxtar respublikada elektron ödəniş xidmətləri kifayət qədər geniş yayılmış, nağd ödənişlərin həcmində azalmalar müşahidə olunmuşdur. Belə hesablaşmaları təkmilləşdirmək, vətəndaşların elektron ödəniş sistemlərindən istifadəsini təmin etmək, nağd üsulla olan əməliyyatların həcmini azaltmaq, ödəniş kartlarından istifadə imkanlarını sürətləndirmək üçün POS-terminallar və bankomatların fəaliyyətinin genişləndirilməsi işləri diqqət mərkəzində saxlanılır.

Nağdsız xidmətlərin real görünüşünü ortaya qoyan əsas amillər bank hesablarının açılması, bankomatlar və POS-terminalların quraşdırılması, ödəniş kartlarının paylanması kimi göstəricilər hesab olunur. Ödəniş kartları hər hansı ödənişlərin aparılmasında müasir texniki imkanlar kimi ənənəvi üsullardan daha səmərəli hesab edilir. Günümüzdə hesablaşmaların daha asan yollarını bizim üçün təmin edən bank kartları xeyli geniş imkanlar yaradır. Muxtar respublikada bankların həyata keçirdiyi müasir xidmətlərdən biri kimi ödəmə kartları əsas diqqət mərkəzindədir. Statistik məlumatlar göstərir ki, artıq onların sayı 270 minə yaxındır. Bu da 10 il bundan əvvəlki dövrlə müqayisədə 2,4 dəfə artım deməkdir. Buna bağlı olaraq bankların digər mühüm xidmətləri sayılan POS-terminallar və bankomatların sayında da ciddi artımlar olmuşdur. Elektron ödəniş aparılmasında hər iki xidmətin əvəzsiz rolu var. 2021-ci ilin əvvəlinə muxtar respublikada olan POS-terminalların sayı 1410-a bərabər olmuşdur. Bu isə ötən illə müqayisədə 132 ədəd çox deməkdir. 2011-ci ildən keçən on il ərzində POS-terminalların sayı 30 dəfə artmışdır. 2020-ci ildə isə POS-terminallar və internet vasitəsilə aparılan elektron ödənişlərin ümumi həcmi 90 milyon manata yaxın olmuşdur.
Muxtar respublikada nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə həm də aparılan stimullaşdırıcı tədbirlər xüsusi əhəmiyyət daşıyır. Bunun üçün hər il nağdsız ödəniş mədəniyyətinin yüksəldilməsi istiqamətində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Dövlət Vergi Xidməti müştərək həvəsləndirmə işləri aparır, hədiyyə-kampaniyalar təşkil edilir. 2020-ci ildə keçirilən bu tədbirlərdə yüzlərlə kart sahibi toplamda 50 min manat dəyərində hədiyyələrlə mükafatlandırılmışdır.
Nağdsız ödənişlərin diqqətdə saxlanılması və plastik kartlardan istifadə imkanlarının genişləndirilməsi xeyli faydaları ilə xarakterizə olunur. Belə ki, qeyri-formal məşğulluq və vergilərdən yayınma halları aradan qalxır. Kartlara aid məxfi kodlar vasitəsilə pul vəsaitləri təhlükəsiz şəraitdə saxlanılır və istənilən yerə rahat, qısa zaman ərzində bu vəsaitləri göndərmək mümkündür. Onlayn xidmətlər vasitəsilə ölkədaxili və xaricdən sifariş ediləcək malların dəyərini günün istənilən vaxtında banklara getmədən ödəmək olar. Belə hesablaşmalar həm də ailə büdcəsinin düzgün planlaşdırılmasına şərait yaradır. Məsələn, ay ərzində daxil olan gəlirlər və ödənilmiş xərclər barəsində hesabatlar alınır, bu gəlir və xərclər hesab üzrə çıxarışlar əsasında təhlil edilir.
Günümüzdə fəaliyyətlərin distant olaraq təşkil edilməsi hər keçən gün daha da aktuallıq qazanmaqdadır. Nağdsız ödənişlərin həcmi də müasir dövrün çağırışı kimi getdikcə daha da artacaqdır.

Eltun İbrahimov
iqtisad üzrə fəlsəfə doktoru