01 Dekabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında da əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikamızda böyük işçi kollektivlərdən biri də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqıdır. Həm tikinti-quraşdırma, həm də çoxsaylı istehsal müəssisələrini özündə birləşdirən holdinqdə 2000-ə yaxın işçi çalışır. 25 ildən artıq bir dövrdə ölkə və muxtar respublika iqtisadiyyatına böyük töhfələr verən müəssisədə işçilərin əmək fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Xüsusilə aparılan kadr siyasəti nəticəsində gənc mütəxəssislərin işə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması, qazandıqları təcrübənin istehsalat və xidmət sahələrində tətbiqi üçün davamlı iş aparılır. Bununla yanaşı, müəssisənin bütün sahələrində insan resurslarına, onların əməyinin mühafizəsinə, təhlükəsizliklərinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hazırda “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının muxtar respublikada fəaliyyət göstərən bütün müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislər fəaliyyət göstərir. Bu mütəxəssislər tərəfindən bütün müəssisələrdə müvafiq təlimat kitabları açılıb. Yeni işə qəbul olunan bütün əməkdaşlarla əmək müqaviləsi bağlanılaraq onlara ilkin təlimatlar verildikdən sonra əmək fəaliyyətlərinə başlamalarına icazə verilir. İstehsal sahələrində və inşaat sektorunda çalışan işçilərə ayda bir dəfə, ofis işçilərinə isə rübdə bir dəfə olmaqla vaxtında təkrar təlimatlandırmalar aparılır. Həmçinin muxtar respublikada müvafiq dövlət qurumları ilə birgə müxtəlif vaxtlarda, ən az rübdə bir dəfə olmaqla holdinqin strukturlarında brifinqlər, seminar müşavirələr, maarifləndirici təlimlər keçirilir.

Yeri gəlmişkən, bu özəl strukturda qanunvericiliyin tələblərinə uyğun olaraq işçilər yüksək əmək haqqı, işə gəlib-getmək üçün nəqliyyat vasitələri, nahar yeməyi, iki dəfə çay və istirahət saattı, xüsusi  geyim formaları və fərdi kollektiv ləvazimatları ilə təmin olunublar. Həmçinin, yeni işə qəbul edilən işçilərlə əmək müqavilələri bağlanılarkən onların icbari sığortaları aparılır. Bu sahədə görülən işlərin, qabaqlayıcı tədbirlərin nəticəsidir ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının müvafiq strukturlarında son illərdə bədbəxt hadisə və ya istehsalat qəzası baş verməyib.

Cahan Holdinq” Kommersiya Şirkətlər

 İttifaqının mətbuat xidməti