28 Noyabr 2021, Bazar

Bolluğun təməlinin qoyulduğu  fəsillərin tacı yaz öz gəlişi ilə yurdumuza yeni çalar, ilahi rəng bəxş etməklə yanaşı, ruhumuzu saflaşdırır, ürəyimizdə kök salmış arzularımıza, istəklərimizə çatmaq həvəsimizi artırır. Bu fəsil, eyni zamanda torpağa bağlı, əkinçi, biçinçi, zəhmət adamlarının qayğılı günlərinin başlandığından xəbər verir. İndi ilin elə vədəsidir ki, gün çıxandan ta gün batana kimi kənd adamı əkin yerində alın tərini torpağa qatır, ilin məhsulunun əsasını qoyur. Sərhəd rayonu olan Sədərəyin zəhmət adamları da gününün çoxunu əkin yerlərində, bağlarda keçirir. Kimi şitil əkir, kimi üzüm tağlarını torpaqdan çıxarıb bağlamaqla məşğuldur, kimisi isə yeni ting əkib calaq vurmaqla. Təkcə Sədərəkdə deyil, ilin-günün bu vədəsində muxtar respublikamızın hansı kəndinə yolunuz düşsə, orada zəhmətkeş insanlarla iş başında rastlaşarsınız.

Abdulla Sadiqov da həmişə adla deyilən Sədərək üzümünü əkib-becərməklə məşğul olan halal zəhmət adamıdır, digər kənd adamları kimi torpağa bağlı ömür sürənlərdəndir. Onunla elə iş başında həmsöhbət oluruq. Müsahibim bildirir ki, üzümçülük zəhmət tələb edir. Belə ki, Naxçıvanın iqlimi qışda çox sərt olduğundan bütün üzüm kolları payızda budanır, bükülür və torpağa basdırılır. Yazda bu tənəkləri vaxtında torpaqdan çıxarmaq lazımdır. Əgər bu iş düzgün aparılmazsa, tənəklərə ziyan dəyə bilər. Dədə-babadan belə bir söz deyərlər: “Elə ki bayram aşını yeyib qurtardın, səhəri gün üzüm tənəkləri torpaqdan çıxarılmalıdır”. Gördüyünüz bu kolları torpaqdan çıxarıb yenidən əvvəlki yerlərinə iplə bağlayanda bunu ehtiyatla etmişik ki, kolun budaqları zədələnməsin. Yarpaqlayandan bir az sonra üzüm budanır. Bu zaman yenicə əmələ gələn qoralar zədələnməməli və üzüm elə budanmalıdır ki, həmin salxımlar çox da açıqda qalmasın. Günəşin istisi onu yandırmasın.

Müsahibim tənəklərdəki yarpaqlardan yığa-yığa onu da diqqətimizə çatdırır ki, yaz vaxtı bu yarpaqlardan yığıb nübar dolma bükmək elimizin adətidir. Tənəklərin uclarındakı yarpaqlardan toplamaq lazımdır ki, həm bişirdiyimiz yemək dadlı olsun, həm də üzüm kolu zədələnməsin. Bu bitki o qədər bərəkətlidir ki, yarpağı da, meyvəsi də, qurumuş kolları da insanların əlindən tutur.

Abdulla dayı deyir ki, rayonda 50-dən çox üzüm növü var. Bağ salınarkən arxların arası 3 metr olmaqla, tənəklər də bir-birindən 2 metr məsafədə əkilir. Rayonda bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var. Yeni bağlar da salırıq ki, üzümün ayağı torpağımızdan çəkilməsin. Bağlarda “teyti”, “nəbi”, “xəlilli”, “hüseyni”, “təbrizi”, “mərəndi”, “şəfiyi”, “mələyi”, “əsgəri”, “xatını”, “xangörməz”, “aldərə”, “qara əsgəri”, “ağ, qırmızı”, “sarı və qara kişmişlər”, “hənəqırna”, “qoçbaşı” kimi dadı damaqdan getməyən üzüm növləri yetişdirilir. Zəhmət adamı bir məqamı da xüsusilə vurğulayır ki, əvvəllər kəndlərimizdə sahibsiz qalan, əkilməyən torpaq sahələrinə baxanda adamın ürəyi ağrıyırdı. Amma indi bütün bu çətinliklər aradan qaldırılıb, bir traktorun, kombaynın gündəlik işi, keçmişin aylarla çəkilən əzab-əziyyətini arxada qoyub. Artıq keçmişdə çəkdiyimiz çətinliklərdən əsər-əlamət belə, yoxdur; o dərəcədə ki övladlarımızı bir zamanlar hansı çətinlikləri yaşadığımıza inandırmaq belə, qeyri-mümkündür.
Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da övlad kimi qoruyub, qayğısına qalıb, qocaman ağacların yerini versin deyə, yenilərini əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Axı ağac da insan kimi qulluq istəyir.
Vəzir dayı kənddə adla deyilən bağbanlardandır. Yaz fəslinin bağ qayğıları haqqında onunla həmsöhbət oluruq:
– Ölkəmizin iqlimi, məhsuldar torpaqları və digər təbii və əmək resursları meyvəçiliyin inkişafı üçün böyük imkanlar yaradır. Ağacların sayını çoxaltmaq, daha yaxşı meyvə əldə etmək üçün tinglərdən çox istifadə olunub. Əlverişli torpaq-iqlim şəraiti olan bu ərazidə xalq seleksiyası yolu ilə çoxlu sayda meyvə, tərəvəz və üzüm sortları yaradılmasına və becərilməsinə şərait var. “Bağa baxarsan bağ, baxmazsan dağ olar”,– deyiblər. Gərək əziyyət çəkəsən ki, bəhrəsini də görəsən. Calaq vurulması, tinglərin əkilməsi və qulluq qaydaları haqqında danışan təsərrüfatçı bildirir ki, bağçılıqda əsas olan amillərdən biri də calaq işidir. Bu, çox incə və ustalıq tələb edən işdir. Yay mövsümündə məhsuldar, meyvəsi dadı və keyfiyyəti ilə seçilən mədəni ağaclara nişanələr qoyulur. Calaq vaxtı həmin ağacların birillik zoğundan göz kimi istifadə olunur. Sentyabrın 20-dən sonra vurulan calaqların sarğısı mart ayında kəsilir. Calanmış gözlər yazda – mart ayında oyanmazdan çox əvvəl hər toxmacarın gözdən yuxarı hissəsi kəsilib atılır. Calaq iki ilə başa gəlir. Diyarımızda elə ağaclar var ki, onların tinglərini alıb digər rayonlarda əksələr də, buradakı kimi məhsul əldə edə bilmirlər. Onların meyvəsi başqa yerlərdə cırlaşır. Məsələn, elə götürək göycəni, bu ağac ölkəmizin müxtəlif yerlərində var, amma oradakı ağacların meyvəsi Naxçıvan torpağında bitən göycə kimi olmur. Zəfəran hülüsü başqa rayonda yetişdirilə bilsə də, burdakı ətri vermir. Hər torpağın özünəməxsus meyvə- tərəvəzləri var, elə ona görə də mən ting mövsümündə bağ salmaq istəyənlərə həmişə deyirəm ki, xaricdən gətirilən tinglərdən yox, öz iqlim şəraitimizə uyğun yetişdirilən tinglərdən alıb əksinlər. Onda daha az zəhmət müqabilində daha yaxşı məhsuldarlıq əldə edərlər. Ağac var meyvəsinin çəyirdəyi, ağac var calaq yolu, ağac da var ki, çubuqları ilə artırılır. Bir sözlə, torpağın dilini bilməklə yanaşı, gərək ağacların da dilini biləsən ki, zəhmətinin qarşılığını da alasan. Meyvə ağacları əkilməzdən əvvəl yeri şumlamalı, ağacın tez böyüməsi üçün torpağa yaxşı qulluq olunmalıdır.

Müsahibim onu da deyir ki, əkin zamanı havanın temperaturuna diqqət etmək lazımdır. Hava şaxtalı və ya kəskin isti olmamalıdır. Torpağın quruluğu və nəmliyi də önəmlidir. Ting əkinləri torpaq orta nəmlikdə olduğu zaman aparılmalıdır. Bağban erkən yaz dövründə apardığı budanma işlərindən də danışdı. Dedi ki, budama ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən, xəstə, quru, qurumaqda olan və həşəratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir. Bax, bu gördüyünüz ərik ağaclarındakı kimi, digər meyvə ağaclarında budama ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budama çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks-təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşəratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənin qurumasına gətirib çıxarır.
Vəzir dayının sözlərinə görə, ağaclarda cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Yalnız sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir. Hazırda biz də digər bağbanlar kimi, budamadan sonrakı dərmanlama işinə diqqət edirik. Düzgün qulluq göstərilməyən ağacın barı da yaxşı olmur. Suvarma vaxtlı-vaxtında aparılmalı, ağacların dibi tez- tez boşaldılmalıdır. Müsahibim onu da bildirir ki bu gün bağdakı ağacların belə sağlam olmalarının əsas səbəbi yazın ilk aylarında onlara yaxşı qulluq edilməsi ilə bağlıdır. Vaxtında düzgün qulluq olunan ağaclar yaxşı da bar verir. Ərik, göycə, yay alması ağaclarının meyvələri, digərlərinin isə çiçəkləri dərmanlanır. Ağacların dibləri boşaldılır, gübrə və su verilir.
Belə bir el misalı var: torpaqda izin olsun ki, süfrədə üzün olsun. Çünki torpaq adamı naümid buraxmaz. Və ən əsası torpaq bu gün Naxçıvan kəndlisi üçün ən yaxşı iş yerinə çevrilib. Bacarıb dövlətimizin yaratdığı bu şəraitdən istifadə edənlər öz gün-güzəranlarını qurmaqla bərabər, muxtar respublikada kənd təsərüfatının inkişafına da öz töhfələrini verirlər. Onu da qeyd etmək yerinə düşər ki, bu sahənin inkişafına əsas təkan verən amil Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan Dövlət proqramlarının düzgün icrası ilə sıx bağlıdır və heç şübhəsiz ki, bu proqramların icrası kənd təsərrüfatı məhsullarının istehsalının, emalının stimullaşdırılmasına öz töhfəsini verəcək.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR