28 Noyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 9 avqust tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə verilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində işlər 2021-ci ilin birinci rübündə də davam etdirilib. 

Mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 27 POS-terminal aparatı quraşdırılıb, ümumi POS-terminal aparatlarının sayı 1437-yə çatdırılıb, bankomat aparatlarının sayı 1 vahid artaraq 115 ədəd olubdur. Bu dövrdə nağdsız ödənişlərin həcmi 28 milyon 354 min 983 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 164 min 243 manat çoxdur.

Müvafiq dövlət orqanları ilə birlikdə 2022-ci ilədək özəl sektorda çalışan işçilərin əməkhaqlarının nağdsız formada (ödəniş kartları vasitəsilə) ödənişinin başa çatdırılması üçün vergi orqanları tərəfindən vergiödəyicilərinin və sahibkarların maarifləndirmə işləri aparılıb və 2021-ci ilin birinci rübü ərzində özəl sektorda 42 vergiödəyicisi üzrə 302 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 3 publik hüquqi şəxsin 10 obyektində ödənişlərin nağdsız qaydada aparılması üçün POS-terminalların quraşdırılması təmin edilib. Dövlət proqramına əsasən muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi, həmin şəxslər tərəfindən fəaliyyət göstərdiyi sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kommunal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin tamamilə nağdsız şəkildə ödənilməsi üçün ödənişlərin dövlət büdcəsinə onlara məxsus ödəniş kartları vasitəsilə nağdsız aparılması ilə bağlı yerlərdə maarifləndirici tədbirlər keçirilib, qeyd edilən dövrdə 203 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 77475 manat, 506 vergiödəyicisi tərəfindən isə öz şəxsi kartları (şəxsi istifadə, birkart, təqaüd və digər kartlar) vasitəsilə 157178 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində birinci rüb üzrə sahibkar­lıq subyektləri və vətəndaşlarla 7 halda maarifləndirici görüşlər keçirilib. 2021-ci ilin fevral ayında nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilib və muxtar respublika üzrə 442 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Dövlət proqramının icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısına qoyulan tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmaqla, muxtar respublikada nağdsız ödənişlərin genişləndirilməsi və ümumi iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR