09 Dekabr 2021, Cümə axşamı

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir: “Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir”.

Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində hərtərəfli inkişaf təmin edilmiş, vətəndaşların sosial rifah halı daha da yüksəlmişdir. Görülən işlərin məntiqi nəticəsi kimi muxtar respublikamızda özəl sektor ildən-ilə inkişaf edir, yeni iş yerləri açılır, geniş infrastruktur layihələri yüksək peşəkarlıqla həyata keçirilir. Qazanılan nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də icrası uğurla davam etdirilən Dövlət proqramlarıdır. Muxtar respublikanın iqtisadi potensialının daha da gücləndirilməsi üçün sosial-iqtisadi həyatın müxtəlif sahələrində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Ötən dövrdə Dövlət proqramının icrası dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün yeni imkanlar yaratmışdır.

İqtisadi strukturun təkmilləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün sənaye sektorunun inkişafı mühüm əhəmiyyət kəsb edir. Mövcud sənaye müəssisələrinin istehsal gücünün genişləndirilməsi ilə yanaşı, yeni sahələrin yaradılması bir tərəfdən məşğulluğun, digər tərəfdən səmərəli təşəbbüskarlığın təmin edilməsində əsaslı rol oynayır. Onu da qeyd etmək lazımdır ki, yeni istehsal sahələrinin sayının çoxalması yerli xammala olan tələbatı daha da artırmaqdadır. Bu tələbatın keyfiyyətli məhsullar hesabına ödənilməsi zərurəti kənd təsərrüfatının inkişafını şərtləndirir. Birinci rübdə proqramda nəzərdə tutulan sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı tədbirləri davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fevralın 5-də Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanının istifadəyə verilməsi, həmin ayın 27-də “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal xəttinin fəaliyyətə başlaması, martın 31-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnika və avadanlıqlarının təqdimatı ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişdir. Dövlət proqramının icrası məqsədilə Ordubad rayonunda “Dəstə Un Dəyirmanı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti qismən bərpa edilmiş, Babək rayonunda “İlham” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin bərpası, Şərur Sənaye Məhəlləsində 3 korpusun tikintisi davam etdirilmişdir. Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına Naxçıvan şəhərində odun kömürü, istilik sistemli kombi cihazları, unlu-qənnadı məmulatları və kürə çörəyi istehsalı sahələrinin yaradılması, mebel istehsalı sahəsinin genişləndirilməsi başa çatdırılmışdır.
Birinci rübdə 22,7 hektar sahədə yeni meyvə bağları salınmış, 34,9 hektar sahədə bərpa, 58 hektar sahədə toxumla əkin aparılmış, aqrar sahədə 1946 sığorta müqaviləsi bağlanmışdır. Bu dövrdə 6 heyvandarlıq, 2 arıçılıq, 1 istixana təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. “Araz” Elm-İstehsalat Birliyinə Babək rayonunun Babək şəhəri, Kültəpə, Ordubad rayonunun Dəstə, Şərur rayonunun Xanlıqlar və Ələkli kəndlərinin torpaq mülkiyyətçiləri tərəfindən gətirilmiş torpaq nümunələri analiz olunmuş, gübrə normaları hesablanaraq yazılı məlumatlar verilmişdir. Yanvar-mart aylarında 8 ailə təsərrüfatına, ümumilikdə, 94 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmiş, Bakı və Gəncə şəhərlərində yerləşən “Naxçıvan Məhsulları” mağazalar şəbəkəsinə 102 min 514 manat həcmində ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilmişdir. “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi tərəfindən ailə təsərrüfatlarından 10 adda ərzaq məhsulları alınaraq qapalı dövlət müəssisələrinin təchizatına yönəldilmişdir. Araq istehsalı ilə məşğul olan 4 ailə təsərrüfatçısına minifiltr qurğusu təqdim olunmuş, bu qurğudan istifadə edən ailə təsərrüfatlarının sayı 53-ə çatdırılmışdır. Birinci rübdə 29 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında metodik köməklik göstərilmişdir. Bu dövrdə ailə təsərrüfatlarına 15 kiçikölçülü texnoloji avadanlıq, 1197 tara, 320-dən çox meyvə tingi verilmişdir. Tingçiliklə məşğul olan ailə təsərrüfatlarının sayı 13-ə çatdırılmışdır. Mart ayında Naxçıvan şəhərində təşkil olunan bayram yarmarkasına 177 ailə təsərrüfatçısı tərəfindən müxtəlif çeşiddə məhsulların çıxarılmasının təmin edilməsində məqsəd əhalinin keyfiyyətli və maddi cəhətdən sərfəli ərzaq məhsullarına tələbatının ödənilməsi olmuşdur.

Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu insanların gündəlik hərəkət imkanlarını təkmilləşdirməklə yanaşı, yerli istehsal məhsullarının daşınmasında səmərəlilik, turizmin inkişafı, şəhər və kəndlərin simasının başdan-başa dəyişməsi deməkdir. Proqramda nəzərdə tutulan yol təsərrüfatı və nəqliyyatın inkişafı tədbirləri çərçivəsində Ali Məclisin Sədri yanvarın 14-də Şərur rayonunun Şəhriyar, fevralın 5-də Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yollarının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişdir. Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kəndləri üzrə avtomobil yolunun tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir. Ümumilikdə, birinci rübdə muxtar respublikada 14,6 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanının giriş hissəsinə 1 yeni kartvermə aparatı, inzibati binanın ətrafına 1 kamera quraşdırılmışdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 12 dəfə texniki baxışdan keçirilmiş, 4 dəfə cari təmir işləri aparılmışdır. Culfa İstismar Vaqon Deposunda 50 vaqon təmir edilmişdir. Həmçinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, Naxçıvan Rabitə Qovşağının anbar binasında təmir, Culfa İstismar Vaqon Deposunun, Dərəşam-Nehrəm mənzilinin 433-cü kilometrində yerləşən Təhlükəsizlik Komandasının, Şərur Dövriyyə Deposunun və Şərur Elektrik Təmas Şəbəkəsinin binalarında yenidənqurma işləri davam etdirilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Dövlət proqramının icrası muxtar respublikada quru, hava və dəmir yolu nəqliyyatının kompleks inkişafını təmin etməkdədir.

Elmi əsaslara söykənən iqtisadi mühitdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı cəmiyyətin intellektual potensialının vacib göstəricilərindən biridir. Dövlət proqramının icrası muxtar respublikamızda müasir informasiya məkanının qurulması, yeni nəsil informasiya texnologiyalarının mənimsənilməsi və onun imkanlarından istifadə edilməsi sahəsində geniş şərait yaratmaqdadır. Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Ali Məclisin Sədri yanvarın 14-də Şərur rayonunun Şəhriyar, fevralın 5-də Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kənd mərkəzlərində rabitə evlərinin, martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişdir. Birinci rübdə 9 min 756 metr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 27 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmiş, 2 min 124 abonent internetlə təmin olunmuş, 613 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilmişdir. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara 140 qrup üzrə 353 dinləyicinin cəlb edilməsi bu sahədə kadr hazırlığına göstərilən diqqətin mühüm təzahürüdür.
Dövlət proqramının icrası muxtar respublikada abadlaşan şəhər və kəndlərin sayının daha da çoxalmasına şərait yaradır. Ən ucqar dağ kəndlərində yaradılan müasir infrastruktur Naxçıvanın öz yaraşığı ilə göz oxşamasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, qurulan hər yeni sosial obyekt yeni iş yerləri və sosial rifah deməkdir. Bu tədbirlər çərçivəsində Ali Məclisin Sədri yanvarın 14-də Şərur rayonunun Şəhriyar, fevralın 5-də Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic kəndlərində xidmət və kənd mərkəzlərinin, yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binasının, martın 11-də Sədərək rayonunda Bayraq Meydanının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişdir. Ali Məclisin Sədri Şəhriyar və Nüsnüs kəndlərində yeni məktəb binalarının, bu kəndlərdə, eləcə də Yuxarı Əndəmic və fevralın 17-də Şahbuz rayonunun Ağbulaq kəndində həkim ambulatoriyalarının açılışını etmişdir. Həmçinin Şəhriyar kəndində uşaq musiqi məktəbi, fevralın 15-də Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsi, yeni mərkəz, kabinə və laboratoriyalar, həmin ayın 23-də Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilmişdir. Ali Məclisin Sədri yanvarın 19-da Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə, fevralın 5-də Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası istiqamətində görülən işlərlə maraqlanmışdır.

Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik gömrük sistemi iqtisadi mənafeyin və təhlükəsizliyin qorunması deməkdir. Muxtar respublikanın daxili bazarının qorunmasında və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsində müasir gömrük sistemi müstəsna rol oynayır. Proqramda gömrük infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tutan tədbirlər çərçivəsində Ali Məclisin Sədri martın 11-də Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün tikilən kompleksdə görülən işlərlə maraqlanmışdır. Birinci rübdə Naxçıvan Hava Nəqliyyatında, Culfa və Şahtaxtı Gömrük idarələrində, ümumilikdə, 1 rentgen yoxlama-baxış qurğusu, 1 stasionartipli dezinfeksiya baryeri və 2 məsafədən istilikölçən termal kameranın quraşdırılması bu sahədə görülən işlərin davamlı xarakter daşıdığını deməyə əsas verir.
Muxtar respublikada iqtisadiyyatın və sosial həyatın dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, energetika sistemi ilə də sıx bağlıdır. Dövlət proqramının icrası muxtar respublikanın elektrik enerjisi sisteminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirməkdədir. Proqramda nəzərdə tutulan enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində birinci rübdə muxtar respublikanın şəhər və rayonlarında 11,4 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmiş, 37,3 kilometr uzunluğunda elektrik xətləri təmir edilmiş, 7 yeni transformator yarımstansiyası quraşdırılmış, 0,8 kilometr uzunluğunda hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir. Şərur rayonunda 5 meqavat gücündə Günəş, Culfa rayonunda 1 meqavat gücündə Külək-Günəş Hibrid, Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilmişdir. Bütün bunlarla yanaşı, yanvar-mart aylarında muxtar respublikada 90 smartkarttipli qaz sayğacı quraşdırılmış, Naxçıvan Şəhər Qaz Paylayıcı Stansiyasında yeni Qaz Kompressor Stansiyasının tikintisi davam etdirilmişdir.
Su ehtiyatlarından səmərəli istifadə həm sosial rifahın təmin edilməsi, həm də sənayenin və kənd təsərrüfatının inkişafı üçün həlledici rol oynayır. Sosial-iqtisadi sahədə əldə olunan uğurların davamlılığını təmin edən əsaslardan biri də əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasıdır. Eyni zamanda meliorasiya və irriqasiya sahəsində həyata keçirilən böyük quruculuq işləri və bu sahədə geniş potensialın yaradılması kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında xüsusi əhəmiyyətə malikdir. Proqramda nəzərdə tutulan su təchizatının, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya tədbirləri çərçivəsində birinci rübdə 13,24 kilometr içməli su xətlərində, 531 metr kaptajlarda təmir-bərpa işləri aparılmış, Şahbuz rayonunun Külüs kəndində 1 subartezian quyusunun qazılmasına başlanılmışdır. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 5,15 kilometr içməli su xətti çəkilmiş, 514 evin içməli su, 362 evin kanalizasiya xəttinə birləşməsi aparılmışdır. Torpaqların su təminatını yaxşılaşdırmaq üçün 2,66 kilometr suvarma boru xətlərində təmir işləri aparılmış, 15,77 kilometr yeni suvarma boru xətləri çəkilmişdir. Birinci rübdə 72,56 kilometr kanal, 63,57 kilometr ara arx və 15,1 kilometr kollektor lildən təmizlənmişdir. Ümumilikdə, 99,4 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə, ümumilikdə, 750 metr selə qarşı istiqamətləndirici bənd tikilmişdir. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 1,22 kilometr ana, 11,48 kilometr paylayıcı boru xətti çəkilmiş, 18 hovuz və hidrant quraşdırılmışdır. Birinci rübdə sahibkarlara lizinq yolu ilə 52 dəst suvarma və 2 dəst damlama sistemi verilmişdir.
Dövlət proqramının mühüm prioritet istiqamətlərindən biri investisiya və innovasiya fəallığının artırılması üçün tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsindən ibarətdir. Sahibkarlığın inkişafının təmin edilməsi, öz növbəsində, məşğulluğun artırılması üçün yeni imkanlar açır və özəl sektorda maliyyə dayanıqlılığının möhkəmləndirilməsi ilə nəticələnir. Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla işgüzar tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir: “Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və özəl bölməyə qayğı ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılmış, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilmiş, əlverişli investisiya mühiti yaradılmışdır...”
Dövlət proqramının icrası istiqamətində birinci rübdə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 4 milyon 785 min manat həcmində kreditlər verilmişdir. Bu dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 18 mikrosahibkarlıq subyektinə 388 min 200 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 14 istehsal sahəsinin yaradılması başa çatdırılmış, 29 sahənin yaradılması davam etdirilmişdir. Yeni yaradılan istehsal sahələrində 73 iş yeri açılmış, 602 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir. Yanvar-mart aylarında 5-i onlayn qaydada keçirilmiş 9 beynəlxalq tədbirdə 21 sahibkarlıq subyektinin 23 nümayəndəsinin iştirakı təmin olunmuşdur. 9 sahibkarlıq subyektinin 2020-ci ildə ixrac etdiyi məhsullara görə əldə etdikləri mənfəət vergidən azad edilmişdir. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 455 laboratoriya təhlili aparılmış, təsərrüfat subyektlərinə məhsulların texniki normaları və standartları üzrə 61 halda informasiya dəstəyi göstərilmişdir. Birinci rübdə ixrac qabiliyyətli məhsullar üzrə 9 adda əmtəə nişanının qeydiyyata alınması istiqamətində icra proseduru başlanılmış, əmtəə nişanının mühafizəsi üzrə 2 şəhadətnamə, 7 adda məhsulun 7 xarici ölkəyə və Bakı şəhərinə ixracı məqsədilə 18 mənşə sеrtifikаtı verilmişdir.

Dövlət proqramının icrasına uyğun olaraq Naxçıvan şəhərində 20 nəqliyyat infrastrukturu obyektinə 319 ünvan lövhəsi, 1876 giriş nömrə nişanı quraşdırılmışdır. Dövlət əmlakının özəlləşdirilməsindən 142 min 974,51 manat vəsait daxil olmuş, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 50 min 163 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR