28 Noyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən tədbirlər sırasında növbəti addım olaraq 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti altnövünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

Muxtar respublikada sürətli poçt göndərişlərinə lisenziyaların verilməsi muxtar respublikada karqolar arasında sağlam rəqabəti artırır ki, bu da hər bir karqo şirkətindən öz üzərində ciddi işləməyi tələb edir. Sürətli poçt xidmətlərinin göstərilməsi, xidmətlərin tarifləri, qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və malların göndərilməsi, bağlamaların qəbulu, qablaşdırılması, göndərişlərin çatdırılma müddətləri zamanı karqo şirkətlərinin üzərinə böyük iş düşür. Vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərməsinə zəmin yaradır.
Xatırladaq ki, artıq “Sürət Karqo” və “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli cəmiyyətləri də fəaliyyətlərini xüsusi lisenziya ilə həyata keçirir. Lisenziya verilmiş karqo şirkətləri sakinləri düşünərək həm internet saytları üzərindən sürətli poçt göndərişlərinin izlənməsi, həm də sosial şəbəkələr üzərindən onlayn xidmət göstərirlər. Onlayn xidmətləri istifadəyə verməklə vətəndaşların məmnunluğunu artırmağa çalışırlar. Eyni zamanda sakinlər üçün şəxsi kabinetindən istifadə edərək saytlardan rahatlıqla istədikləri əşya və geyimləri onlayn sifariş etmək, həmçinin bağlamaların göndərilməsi və digər məlumatları görmək imkanı yaradılır.

Məlumat üçün bildirilir ki, sürətli poçt xidmətləri ilə məşğul olmaq istəyən şəxslər real iş vaxtı rejimində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində yaradılmış komissiyaya müraciət edə bilərlər. Lisenziyanın verilməsi üçün komissiyaya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın və Nizamnamənin, vergiödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fəaliyyətin həyata keçirildiyi sahəsi 100 kvadratmetrdən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20 kvadratmetrdən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması, fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması, çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması, lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd də tələb olunan şərtlər sırasındadır.

Qəbul edilmiş qaydalar muxtar respublikada bundan sonra da sürətli poçt xidmətlərinin daha təkmil formada inkişafına və müştərilərə yüksəkkeyfiyyətli xidmətlər göstərilməsinə geniş imkanlar yaradacaq.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR