28 Noyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı dinamik hal alıb. Yəni ildən-ilə bu sahədə məhsul istehsalı həcminin yüksələn xətlə inkişaf etdiyini görürük. 2020-ci ilin statistikasına nəzər salsaq, bu göstəricinin əvvəlki illə müqayisədə 4,6 faiz artdığını görürük. Yeri gəlmişkən, bu artım faizi digər sahələr üzrə əldə olunmuş artım faizini dəfələrlə üstələyir.

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal həcminin artması bu sahədə həyata keçirilən mühüm dövlət tədbirləri ilə bağlıdır. Ötən yazıda da qeyd etdiyimiz kimi, indiyədək bu sahənin inkişafı üçün çoxsaylı Dövlət proqramları qəbul olunaraq icra edilib. Təkcə elə bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamla təsdiqlənən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” bu sahənin inkişafına göstərilən böyük dövlət qayğısını özündə təcəssüm etdirir. Hər iki Dövlət proqramının qəbul olunmasında məqsəd muxtar respublikada keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq, ixracı stimullaşdırmaq, əhalinin bu sahədə məşğulluğunu təmin etməkdir.
Məlum olduğu kimi, ötən il muxtar respublikada “İxrac ili” elan edilmişdi. Lakin pandemiya ilə bağlı məhdudiyyətlər qarşıya qoyulan vəzifələrin tam icrasına imkan vermədiyinə görə, 2021-ci il də muxtar respublikada “İxrac ili” kimi saxlanılıb. Bu isə yerli istehsalçıları daha keyfiyyətli, yüksək rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal etməyə çağırır. Təbii ki, muxtar respublikadan ixrac edilən məhsullar sırasında kənd təsərrüfatı məhsulları da mühüm paya malikdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin illik hesabatında məlumat verilir ki, 2020-ci ildə muxtar respublikadan 103 milyon 158 min ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. Statistik məlumatlardan onu da öyrənirik ki, təkcə 2020-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə 13 milyon 357 min manat kredit verilmişdi ki, bu da bir il öncəki göstəricidən 7,4 faiz çoxdur. Ümumilikdə isə ötən il muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 537 milyon 584 min manat təşkil edib ki, bu da bir il öncəyə nisbətən 4,6 faiz çox deməkdir. Burada bir məqama diqqət yetirmək lazımdır ki, 2020-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 907 milyon 810 min 500 manat olub. Sənaye sahəsindən sonra ən çox istehsal kənd təsərrüfatının payına düşür. Qısa və sadə dillə desək, artıq muxtar respublikada aqrar məhsulların istehsal həcmi yarım milyard manatı ötüb və bu rəqəm getdikcə artır. Bu isə daxili bazarı təmin etməklə yanaşı, ixracyönümlü kənd təsərrüfatı məhsullarının həcmini də artırır. Burada maraqlı bir nüans ortaya çıxır. Hazırda dünya bazarlarına çıxarılan kənd təsərrüfatı məhsulları hansı tələblərə cavab verməlidir və yaxud bu gün dünya bazarları kənd təsərrüfatı məhsullarının satışında hansı trendləri ortaya çıxarır?

Suala birbaşa cavab verməzdən əvvəl qeyd edək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisi qədim zamanlardan burada keyfiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verib. Vaxtilə muxtar respublikada yetişdirilən müxtəlif meyvə növləri ümumdünya səviyyəli mükafatlara layiq görülüb. Ancaq bunu etiraf etməliyik ki, Sovetlər Birliyi tərkibində yaşadığımız dövr, həm də ölkəmizin keyfiyyətli kənd təsərrüfatı məhsullarının dünya bazarlarında yetərincə tanıdılmasına imkan verməyib. Ancaq həmin dövrdə Azərbaycanımızın, eləcə də muxtar respublikamızın aqrar məhsulları ittifaq bazarlarında özünəməxsus yer tutub. Baxmayaraq ki, imperiya dövründə Rusiyanın müxtəlif əraziləri, eləcə də müttəfiq respublikaların bir çoxunda kənd təsərrüfatı sahələri yetərincə inkişaf etsə də, necə deyərlər, sovet insanlarının böyük bir qismi Azərbaycanda yetişdirilən məhsullara üstünlük veriblər. Maraqlı burasıdır ki, yerli aqrar məhsullarımıza olan bu simpatiya postsovet dövründən sonra da davam edib. Təsadüfi deyil ki, müstəqilliyimizin bərpasından keçən dövrdə də ölkəmizin kənd təsərrüfatı məhsulları daha çox postsovet məkanına ixrac olunub. Doğrudur, bu bazar bizim üçün böyük və əlverişli olsa da, ixracın şaxələndirilməsi də müasir biznesin tələblərindəndir. Yeni mərhələdə isə yerli məhsullarımızın daha çox Yaxın Şərq və Avropa bazarlarına ixrac olunması üzərində iş aparılır. Nəzərə alaq ki, yeni bazarların araşdırılması ilə bağlı həm ölkə başçısının, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqları var.
Təbii ki, yeni bazarların araşdırılması dedikdə, əslində, həmin bazarlar uzun müddətdir, mövcuddur. Burada söhbət aqrar məhsullarımızın həmin bazarlara çıxarılması və satışından gedir. Yaxın günlərdə dünya kənd təsərrüfatı məhsullarının satış bazarlarını araşdırarkən qarşıma maraqlı bir mövzu çıxdı. Elə mövzu da haqqında bəhs etdiyimiz bu yazının qələmə alınması zərurətini ortaya qoydu. Deməli, məsələ bundan ibarətdir ki, məlum pandemiya dünyada bir çox biznes sahələrinə təsir edib, bəzilərini xeyli zəiflədib, bəziləri isə bu çətinliyi fürsətə çevirərək böyük uğurlar qazanıblar. Pandemiya həm də, belə demək mümkünsə, yeni bazar şərtlərini ortaya çıxarıb. Belə şərtlərdən biri də bu olub ki, məlum virusla, ümumilikdə isə bütün xəstəliklərlə mübarizədə ən güclü qalxan insan orqanizminin immun sistemidir. İmmun sisteminin sağlam və güclü olması isə yalnız və yalnız təbii qidalanmadan asılıdır. Beləliklə, təbii qidalanma bütün diqqəti, ilk olaraq, kənd təsərrüfatı məhsullarının üzərinə çəkib. Həm aqrar sahə üzrə mütəxəssislər, həm də həkimlərin ortaq çıxış etdiyi nöqtə bu olub ki, sağlam bəşəriyyətin formalaşması təbii, orqanik kənd təsərrüfatı məhsullarından birbaşa asılıdır. Beləliklə, dünya kənd təsərrüfatı məhsulları bazarlarında yeni bir trend ortaya çıxır: orqanik məhsul istehsalı. Yeni trendin ortaya qoyduğu nəticə isə heyrətdoğurucudur. Belə ki, bu gün Avropa bazarlarında hər hansı orqanik məhsulun qiyməti, orqanik olmayan eyni məhsulun qiyməti ilə müqayisədə 4-5 dəfə bahadır. Tələbat isə daha çox orqanik məhsullaradır. Yəni dünya bir müddət bundan əvvəl öz əli ilə zəhərlədiyi məhsulların (geni dəyişdirilmiş və sair) fəsadlarının bundan sonra da davam olunacağını dərk edərək hər kəsi sağlam qidalanmağa çağırır.
Bu gün Naxçıvanda yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyəti, dad-tamı ölkəmizdə hər kəsə məlumdur. Hətta Naxçıvanda yetişdirilən istənilən meyvə və ya tərəvəzin tamı ölkəmizin digər bölgələrində təbii şərtlərlə yetişdirilmiş eyni məhsulla müqayisədə yenə də fərqlənir. Bu isə bizim böyük potensialımızdır. Deməli, qalır bu potensialdan istifadə etmək. Əminliklə demək olar ki, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları, torpaq mülkiyyətçilərinə davamlı dövlət dəstəyi, ixracla bağlı görülən işlər bizi daha çox məhsul istehsal və ixrac etməyə çağırır. “Made in Azerbaijan” brendi altında satılan Naxçıvan məhsullarının isə istənilən bazarda uğur qazanacağı şəksizdir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR