07 Dekabr 2021, Çərşənbə axşamı

Qədim diyarımızın inkişaf və tərəqqisinin nəticəsidir ki, Naxçıvan şəhəri başda olmaqla, rayon mərkəzləri, qəsəbə və kəndlərimiz gözəlliyi, təmizliyi, səliqə-sahmanı ilə göz oxşayır. Muxtar respublikanın abad yaşayış məntəqələri sırasına bir neçə il əvvəl Şərur rayonunun İbadulla kəndi də qoşulub.

Ötən günlərdə həmin yaşayış məntəqəsinə üz tutduq. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qərib Abuzərovla söhbət zamanı öyrənirik ki, 2018-ci ildə burada yenidənqurma işləri aparılıb, qədim kənd müasir görkəminə qovuşub. Bu gün kəndin hansı tərəfindən baxsan, özünəməxsus memarlıq çalarları ilə zəngin yeni binaları görmək mümkündür. Ən çox diqqəti çəkən isə məktəb binasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məktəbin açılışında deyib: “Müstəqil dövlətin aparıcı qüvvəsi onun təhsilli, vətənpərvər gəncləridir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazırlamaqdan ibarətdir”. İbadulla kəndində inşa olunan məktəb binasında şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi, sağlam ruhda böyüməsi, eləcə də onlarda hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşması üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlarla təchiz olunan məktəb tədrisin daha səmərəli təşkilinə imkan verir. İbadulla kənd tam orta məktəbi həm də ali təhsil müəssisələrinə qəbulun səviyyəsinə görə nümunəviliyi ilə seçilir.
Təhsil ocağının direktoru Qurban Qurban-ovun sözlərinə görə, məktəb rayon üzrə ən böyük ümumtəhsil müəssisələrindən biridir. Hazırda burada 363 şagird təhsil alır. Dərslər fənn kabinələrində, elektron lövhələrdə, kompüter siniflərində əyani vəsaitlərlə tədris olunur ki, bu da şagirdlərin bilik və bacarıqlarını müfəssəl şəkildə artırmağa imkan verir. Təsadüfi deyil ki, məktəbin şagirdləri istər rayon, istərsə də muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında, idman oyunlarında yaxından iştirak edir, uğurlar qazanırlar. Şahmat, yüngül atletika, futbol, voleybol eləcə də hərbi idman oyunlarında əldə edilən nailiyyətlər şagirdlərin yüksək fiziki inkişafından, vətənpərvərlik ruhunda tərbiyəsindən xəbər verir. Məktəbi keçən il 21 şagird bitirib, onlardan 15-i ali məktəbə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunub. Tələbə adını qazanan abituriyentlərdən 8-i 500-700 intervalında bal toplayaraq müəllim və valideynlərinin etimadını doğruldublar. Bununla yanaşı, 1 nəfər hərbi liseyə, 4 nəfər orta ixtisas məktəblərinə, 3 nəfər Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə daxil olub. Cari tədris ilində məktəbin 11-ci sinfində 22 şagird təhsil alır. Müəllimlər çalışırlar ki, şagirdlərin hamısı tələbə adını qazansın. Müdriklərin belə bir sözü var: təhsil xəzinədir, əmək isə onun açarı. Bu kəlamı iş prinsipinə çevirən məktəb kollektivi şagirdlərin savadlı, vətənpərvər, əsl vətəndaş kimi yetişməsi üçün əzmlə çalışır.
Kənd mərkəzi bir neçə vacib strukturu özündə birləşdirməklə sakinlərin şəhər və rayon mərkəzinə gediş-gəliş zərurətini ortadan götürür, rabitə, səhiyyə və digər sosial xidmətlərlə bağlı məsələləri tez bir zamanda həll etmələrinə geniş imkanlar açır. Kənd sakini Şahin Abdullayev söhbət zamanı bildirir ki, İbadullada aparılan quruculuq işləri, yaradılan şərait ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının yeni müstəvidə uğurla davam etdirilməsinin nəticəsidir. Fəxrlə deyə bilərəm ki, qədim tarixə malik olan bu kəndin müasir görkəmi hər birimizdə sabaha inam hissi doğurur. İndi buraya üz tutan qonaqlar da kəndin dünəni ilə bu gününü müqayisə edir, qısa zamanda böyük fərqlərin yarandığını söyləyirlər.
İbadulla kəndində həyata keçirilən quruculuq tədbirləri sırasında radio-televiziya verici stansiyası da var. Bu stansiya Şərur rayonunun bir sıra kəndlərindəki ötürücülərin fəaliyyətini gücləndirir. Əvvəllər köhnə avadanlıqlarla işləyən stansiyada bu gün yüksək iş əmsalına malik əsas və ehtiyat magistral kabel xətləri və ərazi üzrə 16 avtomat telefon stansiyası, fıber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, Türkiyə-Naxçıvan arası aralıq gücləndirici və radiorele linklərin modemləri quraşdırılıb. Bütün bunlar televiziya və radio kanallarının ərazidə rəqəmsal formatda kəsintisiz və keyfiyyətli yayımına imkan yaradır.
Yaşayış məntəqəsi ilə qısa tanışlıq zamanı onu da öyrənirik ki, sakinlər əməksevər, fədakar, torpağa bağlı insanlardır. İbadullanın müəllimi, həkimi, digər peşə sahibləri də bu qiymətli sərvətdən möhkəm yapışıb. Onlar yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışırlar. Yazın gəlişini səbirsizliklə gözləyən kəndlilər artıq sahələrdə işə başlayıblar. Zəhmət adamları 150 hektar sahədə əkinçiliyin bir neçə sahəsi üzrə hər il bol məhsul tədarük edirlər. Bol məhsul isə, təbii ki, yaxşı gün-güzəran deməkdir. Əkin-biçin ərazilərindən başqa, 20 hektardan çox örüş yeri də vardır ki, bu da kənd adamlarına mal-qaranın sayını artırmalarına imkan yaradır.
Həmsöhbət olduğumuz kənd sakini Mir-abbas Seyidov deyir ki, mən ötən ilin payızında 15 hektar sahədə taxıl, 5 hektara yaxın sahədə yonca, 1 hektarda isə qarğıdalı əkmişəm. Torpaqda işləyən insan zəhmət çəkir və bunun bəhrəsini görür. Mən də əkdiyim sahələrdən yaxşı məhsul götürdüm. İçməli su sarıdan da vəziyyətimiz ürəkaçandır, kənddə 2 arteziandan istifadə edirik. “Torpaq ona tər verənə zər verər” atalar sözü ilə söhbətinə başlayan kənd sakini Xanımzər Bağırova bildirir ki, yaradılan münbit şərait hesabına hər il təbii ərzaq məhsullarını öz həyətyanı sahələrimizdən yığıb istifadə edirik, bunun üçün dükan-bazara üz tutmağa da lüzum qalmır. Qış üçün tədarük görür, qalanını isə sataraq özümüzə gün-güzəran yaradırıq. Təbii ki, qayğı, diqqət olan yerdə uğur qazanmaq çətin deyil.
Kənddə diqqətimizi cəlb edən amillərdən biri də ucu-bucağı görünməyən torpaq sahələrində cidd-cəhdlə çalışan insanlar, eləcə də səs-küyü kəndin aşağısınadək yayılan traktorlar olur. Halbuki sakinlərin dediyinə görə, bir vaxtlar bu mənzərələri xəyallarda canlandırmaq belə, mümkünsüz idi, texnikanın azlığı insanların əlini işdən tamamilə soyutmuşdu. Ancaq bu gün kəndli ən müasir kənd təsərrüfatı texnikalarına sahibdir. Muxtar respublikaya yeni texnikaların gətirilməsi kənd adamlarını torpağa daha sıx tellərlə bağlamaqla əkin-biçin işlərinin miqyasının da ilbəil genişlənməsinə yol açıb.
Öyrənirik ki, otlaq sahələrinin çoxluğu qədimdən burada əkinçiliklə yanaşı, heyvandarlığın da inkişafını əlverişli edib, yurdun insanları dədə-babadan bu sahə ilə müntəzəm məşğul olublar. İndi də maldarlığın, heyvandarlığın inkişafı üçün dövlətdən kredit götürən onlarla kənd sakini var. Elə ailə tapılmaz ki, 10, hətta 20 baş iribuynuzlu və yaxud xırdabuynuzlu heyvanı olmasın.
Kənddə olduğumuz müddətdə bu yurd yerinin keçmişi, müasir inkişafı ilə bağlı xoş təəssüratlar yarandı, insanlardakı mehribanlığı, səmimiyyəti hər addımda müşahidə etdik. Görünən odur ki, bu eldə qonum-qonşu, qohum-qardaş bir-birinin xeyrinə, şərinə yaxından şərik olur, qarşıya çıxan problemlərin öhdəsindən birgə gəlirlər. Dövlətimizin yaratdığı imkanlar və əməksevərlikləri ilə torpağa daha ürəkdən bağlanaraq əzmlə çalışır, sabaha inamla, gələcəyə böyük ümidlə baxırlar...

 Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR