09 Dekabr 2021, Cümə axşamı

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində  iqtisadiyyatda və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə olunan müsbət meyillər özünü göstərməkdə davam edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb.

Dövlət proqramları, eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Artıq muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.

Qeyd edək ki, özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, özəl sektorda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də özəl sektorda məhsul istehsalının artmasına və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradıb.

Belə ki, güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. 2020-ci ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 37 milyon 676 min 800 manat kredit verilmişdir ki, bunun 15 milyon 577 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1529 layihənin maliyyələşdirilməsinə 169 milyon manatdan çox güzəştli kreditlər ayrılmışdır.
Belə ki, cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fonduna sahibkarlar və ailə təsərrüfatı subyektləri tərəfindən 77 müraciət daxil olub. Həmin müraciətlər üzrə monitorinqlər aparılıb, iqtisadi cəhətdən səmərəli hesab edilən müxtəlif təyinatlı prioritet layihələrlə bağlı sahibkarlıq subyektlərinə və ailə təsərrüfatlarına biznes- planların və digər zəruri sənədlərin hazırlanması istiqamətində köməkliklər göstərilib. Nəticədə, cari ilin 3 ayı ərzində fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı vasitəsilə 18 layihənin maliyyələşdirilməsinə 388 min 200 manatdan çox kredit verilib. Həmin vəsaitdən sənayeyönümlü 1 layihənin maliyyələşdirilməsinə 80 min manat yönəldilib. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin və soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 17 layihənin maliyyələşdirilməsinə 308 min 200 manat vəsait sərf edilib.

Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərən və ildən-ilə genişlənən ailə təsərrüfatlarına artan maraq muxtar respublika iqtisadiyyatının önəmli hissəsini təmin edir. Kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkarlıq obyektinə çevrilməsi, onların tutduğu biznes profilləri üzrə yüksək dərəcədə ixtisaslaşıb rəqabətqabiliyyətli məhsullarla dünya bazarına çıxmasınadək keçən bütün proseslərdə onlara maliyyə dəstəyi və digər köməkliklər göstərilir. Ailə təsərrüfatlarına kreditlərin verilməsi, onların fəaliyyətinin stimullaşdırılması üçün sərfəli şərtlərlə xammal, avadanlıq alınması, ixrac bazarlarına çıxış üçün sərgi, yarmarka və biznes görüşlərdə iştiraklarının təmin edilməsinin diqqətdə saxlanılması bu gün öz bəhrəsini verməkdədir.
2021-ci ilin 3 ayı ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılıq, heyvandarlıq təsərrüfatlarının yaradılması və genişləndirilməsi məqsədilə 8 ailə təsərrüfatına 94 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Fəaliyyətlərinin genişləndirilməsi məqsədilə həmin ailə təsərrüfatlarında aparılan maarifləndirmə tədbirləri zamanı Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə qaydaları və prioritet layihələr haqqında geniş məlumatlar verilib.
Bundan sonrakı illərdə də iri fermerlərin fəaliyyətinin genişləndirilməsi, yeni növ və çeşiddə, o cümlədən istehsal profillərinə uyğun əlavə dəyər yaradan sahələrə yönəldilməsi istiqamətində maarifləndirilməsi, yeni layihələrin hazırlanaraq ailə təsərrüfatlarına təqdimatının keçirilməsi qarşıya qoyulan prioritet vəzifələrdəndir.
Muxtar respublikada fəaliyyət göstərən fermer və ailə təsərrüfatlarının ixtisasına uyğun kiçik, orta və irihəcmli əkinçilik, heyvandarlıq, süd emalı, bağçılıq, balıqçılıq və digər istehsal sahələri üzrə layihələrin hazırlanması, onlarla birlikdə həmin layihələrin təqdimatının keçirilməsi və dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində görüləcək tədbirlər həm istehsal edilən məhsulların həcminin, həm də keyfiyyətinin dəyişilməsinə səbəb olacaq, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış yeni ailə təsərrüfatları yaradılacaqdır.

Bütün bunlar bundan sonra da ümumi iqtisadi inkişafda sahibkarların xüsusi çəkisinin artan xətt üzrə inkişaf edəcəyini təsdiqləyir. Çünki artıq muxtar respublikada sahibkarlıq üçün möhkəm baza yaradılıb və bu proses davam etməkdədir.

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR