09 Dekabr 2021, Cümə axşamı

Muxtar respublikamızın bütün bölgələri kimi, hər il Babək rayonunda da aparılan abadlıq-quruculuq işlərinin həcmi genişlənir. Ötən il Baytarlıq İdarəsi üçün yeni inzibati bina inşa olunub, Nəcəfəlidizə kəndində kompleks quruculuq işləri aparılıb, rayon mərkəzi olan Babək şəhərində isə müasir üslubda bazar kompleksi tikilərək istifadəyə verilib. Cari ilin mart ayından etibarən isə rayonun Araz kəndində kənd və xidmət mərkəzləri, məktəb binası tikilir. İş icraçısından aldığımız məlumata görə, 88 şagird yerlik olacaq təhsil ocağında tikinti işlərinin yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılması nəzərdə tutulub. Burada 11 sinif otağı, kitabxana, şahmat və kompüter sinifləri, fizika və kimya laboratoriyaları, hərbi kabinə fəaliyyət göstərəcək. Həmçinin ötən ildən başlayaraq Araz kəndində içməli su və kanalizasiya sistemlərinin çəkilişi həyata keçirilir. Artıq evlərdə birləşmələr də aparılıb. Yaxın gələcəkdə işlərin başa çatdırılması planlaşdırılır.

Babək rayonunun ucqar dağ kəndlərindən olan Göynükdə də artıq texnikaların səsi eşidilməkdədir. Belə ki, dövlət qurumlarının yerləşdiyi köhnə, nimdaş binalar sökülür. Aldığımız məlumata görə, yaşayış məntəqəsində müasir layihə əsasında məktəb, kənd və xidmət mərkəzləri inşa olunacaq, yollar abadlaşdırılacaq.
Rayondakı quruculuq ünvanlarından biri də Sirab kəndidir. 2009-cu ildə burada kənd mərkəzi, həkim ambulatoriyası, məişət evi tikilib istifadəyə verilib. Kənd əhalisinə ikimərtəbəli ticarət mərkəzi xidmət göstərir. 2000-ci ildə tikilmiş 624 şagird yerlik tam orta məktəb binası 2008-ci ildə əsaslı təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Zaman durmadan dəyişir və həmin təhsil ocağı da müasir tədris metodlarından kənarda qaldığı üçün yenidənqurma işlərinə zərurət yaranmışdı. Yenidənqurmadan sonra məktəb 4 mərtəbəli və 960 şagird yerlik olacaq, elektron lövhəli siniflər, laboratoriyalar, fənn kabinələri yaradılacaq. Bütün bunlar imkan verəcək ki, hər il ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında, olimpiadalarda yüksək nəticə göstərən Sirab kənd tam orta məktəbi uğurlarını daha da artırsın.
Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin, türbələrin, məscid və ziyarətgahların bərpası daim diqqət mərkəzində saxlanılır, onlara ikinci həyat verilir. Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi məscid də müasir layihə əsasında yenidən inşa olunur. İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR