15 Aprel 2021, Cümə axşamı

Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir. 

Son illərdə muxtar respublikada qəbul edilmiş 2005-2010-cu illəri əhatə edən kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrası kənd təsərrüfatı sahəsinin dinamik inkişafına təkan verib, ərzaq təhlükəsizliyinin təmin edilməsinə şərait yaradıb. 2021-2025-ci illəri əhatə edəcək yeni Dövlət proqramı da əvvəlki proqramların icrası dövründə əldə olunmuş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir.

Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. 2020-ci ildə muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb. Bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 37928,4 hektar çoxdur. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki, ötən il 537 milyon 584 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 103 milyon 158 min ABŞ dollarından çox məhsul ixrac olunmuşdur.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Belə ki, həyata keçirilən layihələr istiqamətində əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülmüş, bu təminatda başlıca rol oynayan kənd təsərrüfatına 2020-ci ildə 13 milyon 357 min manat kredit yönəldilmişdir ki, bunun da 2 milyon 831 min 542 manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. Aqrar sektorun inkişafı və əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində xüsusi önəm daşıyan sahələr üzrə dövlət maliyyə dəstəyi ilə 402 heyvandarlıq, 148 arıçılıq, 88 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 70 bağçılıq, 19 soyuducu anbar, 27 istiхаnа kоmplеksi, 14 balıqçılıq, 11 üzümçülük təsərrüfatlarının yaradılması daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanlarını da artırmışdır. Bu təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq edilməklə yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində öz təsirini göstərir.
Kənd təsərrüfatında innovativ yenilikləri tətbiq etməklə 2020-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 4 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Bundan əlavə, 9 istixana təsərrüfatının yaradılması, 1 istixana təsərrüfatının genişləndirilməsi, 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılmışdır. Həmçinin “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın tikintisinə başlanılmışdır.

Muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında ailə təsərrüfatlarının müstəsna rolu var. Sahibkarlığın İnkişafı Fondu tərəfindən onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilmiş, ailə təsərrüfatları 8 mindən çox tara ilə təmin olunmuşdur. İstehsal edilmiş məhsulların keyfiyyətinə nəzarətin və ixracının təmin edilməsi məqsədilə 2020-ci ildə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 557 halda məhsullarda laboratoriya analizləri aparılmış, məhsulların standartlara uyğun markalanması təmin edilmişdir.
Eyni zamanda şəhər və rayonlarımızda fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada belə məhsulların çeşid və rəqabət qabiliyyətinin stimullaşdırılmasında, istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayır.
Qeyd olunanlar bir daha göstərir ki, həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri muxtar respublikada kənd təsərrüfatının gələcəkdə də inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi qarşıya qoyulmuş hədəflərə doğru inamla aparır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR