07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı davamlı xarakter alıb. Yeni sənaye istehsalı müəssisələrinin yaradılması, mövcud olanların genişləndirilməsi ildən-ilə sənaye məhsullarının həcminin artması ilə müşahidə olunur. Muxtar respublikada sahibkarlığın inkişafına yaradılmış şərait nəticəsində uğurla fəaliyyət göstərən müəssisələrdən biri “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının “Cahan Çay” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

2006-cı ildə yaradılan müəssisə ötən dövrdə daxili imkanlarından səmərəli istifadə edərək satış şəbəkələrini genişləndirib, yerli və xarici bazarlarda istehlakçıların rəğbətini qazanıb. Burada istehsal olunan çayın xammalı dünyada ən yaxşı çayın yetişdirildiyi Seylon adasından idxal olunur. Seylon adasından çay ixracına görə dünyada öncül sıralardan birini tutan “Akbar Brother LTD” şirkəti ilə tərəfdaşlıq edən müəssisə, həm də Azərbaycanda “Akbar” brendini təmsil edir.
Qeyd edək ki, “Cahan Çay” MMC-nin istehsal prosesində ABŞ, İtaliya, Almaniya, Türkiyə, Macarıstan kimi ölkələrin qabaqcıl texnologiyaya əsaslanan avadanlıqlarından istifadə olunur. Bu avadanlıqlar vasitəsilə müəssisə ayda 30-35 ton məhsul istehsal­etmə gücünə malikdir. Ümumilikdə, 4 istehsal xəttinə malik müəssisədə çay, qənd, şəkər tozu istehsalı ilə yanaşı, dənli bitkilərin qablaşdırılmasına da başlanılıb. “Ləçək” brendi altında istehsal olunan 30 çeşiddə məhsul artıq yerli bazarda istehlakçıların rəğbətini qazanıb. Həmçinin “Araz”, “Əlincə”, “Tudor” kimi əmtəə nişanı ilə qablaşdırılan məhsullar yerli tələbatı ödəyir. Daha geniş yayılmış “Tudor” markası ilə 80, 100, 225, 250, 450, 500 qram və 3 kiloqramlıq 4 növ salmaçay (birdəfəlik istifadə üçün paket) istehsal olunur.
Təbii ki, məhsul istehsalında növ və çeşidlərin həcminin artması, satış şəbəkələrinin genişlənməsi yeni iş yerlərinin yaradılmasına səbəb olub. Bu da əhalinin məşğulluğunun təmin edilməsinə töhfəsini verir. Hazırda müəssisənin istehsal sahəsinə 26, digər xidmət sahələrinə isə 180 nəfər cəlb olunmaqla iş yerlərinin sayı 206-ya­ çatdırılıb. Vurğulamaq lazımdır ki, “Cahan Çay” MMC-də çalışan işçilərin əmək hüquqları da qanunvericiliyə uyğun olaraq qorunur. Belə ki, müəssisə əməkdaşları lazımi geyim formaları, isti nahar yeməyi, nəqliyyat xidməti və yüksək əməkhaqqı ilə təmin olunurlar.
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda qarşıya qoyulan mühüm vəzifələrdən biri rəqabətədavamlı məhsul istehsal edən yeni müəssisələrin yaradılması, daxili bazarın tələbatının yerli istehsal məhsulları hesabına ödənilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsidir. “Cahan Çay” MMC də fəaliyyətində bu istiqamətləri əsas götürərək işini müasir dövrün tələblərinə uyğun qurur.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR