07 Dekabr 2021, Çərşənbə axşamı

Əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim amillərinə malik olan Naxçıvan Muxtar Respublikasında meyvəçilik 1996-cı ildən yüksələn xətt üzrə inkişaf etdirilir. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbər seçilməsilə bu qədim diyarda kənd təsərrüfatının mühüm sahəsi olan meyvəçiliyin inkişafında uğurlu mərhələ başlandı. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı, meyvəçiliyin inkişafı üçün də həllivacib tədbirlər haqqında imzalanan sərəncamların, proqram və layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunub. Qeyd edilən proqramların icrası zamanı muxtar respublikanın meyvə genofondunun qorunub saxlanması və genişləndirilməsi, aborigen meyvə sortlarının mütərəqqi üsullarla aparılan tədqiqatlar əsasında, sistemli şəkildə öyrənilməsi, həmçinin ərzaq təhlükəsizliyi baxımından əhalinin keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin olunması, rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni intensivtipli meyvə bağları salınması, müasir texnoloji prinsiplərə əsaslanan meyvə emalı müəssisələrinin yaradılması, xüsusilə diqqətdə saxlanılıb.

Qeyd edək ki, 1996-cı ildə 1995-ci illə müqayisədə 480 hektardan çox yeni meyvə bağı salınaraq meyvəçilik üzrə ümumi əkin sahəsi 1586 hektara çatdırılıb. 2001-ci ildə muxtar respublikada meyvə bağlarının ümumi əkin sahəsi 2248 hektara çatdırılıb, 2005-ci ildə isə bu bağların ümumi sahəsi 2746 hektara çatıb ki, onların da 2424 hektarı barverən yaşda olub. Ötən dövrdə hər il meyvə bağlarının əkin sahələri artırılıb ki, bu da, öz növbəsində, istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərib. 2009-cu ildə muxtar respublikada meyvə bağlarının ümumi əkin sahəsi 3727,3 hektar olub ki, bu da 1995-ci illə müqayisədə 3,6 dəfə çoxdur. 2009-2013-cü illərdə məlum Dövlət pro­qramının icrası dövründə muxtar respublikanın meyvə bağlarının əkin sahəsi 600,3 hektar genişləndirilərək 4327,6 hektar olub. 2011-ci ildə 4107,2 hektar olan meyvə bağlarının sahəsi 546,3 hektar artırılaraq 2015-ci ildə 4653,5 hektar təşkil edib. 2014-2018-ci illərdə bağların sahəsi 672,7 hektar artırılaraq 5000,3 hektara çatdırılıb. 2018-ci ildə məhsuldarlıq 2014-cü illə müqayisədə 32 faiz artıb. 2019-cu ildə meyvə bağlarının ümumi sahəsi 1995-ci ildəkindən 4,7 dəfə çox artaraq 5156,5 hektara çatıb ki, bunun da 89,2 faizi barverən yaşda olub.
Müqayisə etsək, görərik ki, 1996-cı ildə 1991-ci ilə nisbətən muxtar respublikada meyvə istehsalı 8 dəfə, məhsuldarlıq isə 12,2 dəfə artıb. 2014-cü ildə ümumi yığım 1996-cı illə müqayisədə 1,92 dəfə üstündür. 2015-ci ildə istehsal edilən məhsul 2014-cü illə müqayisədə 41 faiz artıb. Məhsul tədarükü üzrə ən yüksək göstərici 2018-ci ildə 55949 ton olub ki, bu da 1996-cı illə müqayisədə 3 dəfə çoxdur.
Vurğulamaq lazımdır ki, 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə Naxçıvanda meyvəçiliyin elmi əsaslarla, sistemli şəkildə tədqiq edilməsinin əsası qoyulub. Tədqiqatların istiqaməti kimi keyfiyyətli, məhsuldar, xəstəliklərə davamlı sortların öyrənilməsi və seleksiya işlərində istifadə edilərək daim təkmilləşdirilməsi qeyd edilib. Unudulmaqda olan, “Naxçıvan sortları” adı ilə məşhurlaşmış onlarla meyvə sortlarının qorunması və öyrənilməsi məqsədilə bölmənin Bioresurslar İnstitutunda meyvə genofondu bağı yaradılıb. Genofond bağında meyvə bitkiləri planauyğun olaraq əkilib, meyvəçilikdə qəbul edilmiş müasir metodikalar əsasında elmi araşdırmalar yerinə yetirilib. Fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsində muxtar respublikada becərilən çəyirdəkli, tumlu, giləmeyvəli və digər meyvə sortlarına dair tədqiqatlar aparılıb, onların sistematik tərkibi müəyyənləşdirilib, genofondu qiymətləndirilib, zərərvericiləri öyrənilib. Qısa müddət ərzində yabanı alma və armudun növ və variasiyalarının təhlili verilib və Azərbaycan florası üçün iki növü ilk dəfə təqdim edilib, ərazidə becərilən üzüm, alma, armud, gilas, albalı genofondunun kompleks şəkildə tədqiqinə nail olunub. İndiyədək 178 üzüm, 104 alma, 63 gilas və 24 albalı sort və formasının genofondu müəyyənləşdirilib, bioloji və pomoloji göstəriciləri tədqiq edilib. Meyvəçilik sahəsində kadr hazırlığına da xüsusi diqqət yetirilib, bir çox meyvələrə dair monoqrafiyalar, müasir becərmə üsullarının təbliği istiqamətində kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparılıb.
Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertlərinin qiymətləndirmələrinə görə, dünya ərzaq təhlükəsizliyinin vəziyyətinin iki mühüm göstəricisindən biri adambaşına düşən istehsal həcmidir. 2012-2015-ci illəri əhatə edən müvafiq Dövlət proqramında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan tələbatının adambaşına 88,5 kiloqrama çatdırılması nəzərdə tutulsa da, bu vəzifə muxtar respublikada uğurla yerinə yetirilərək 115,6 kiloqram təşkil edib. Belə ki, Naxçıvanda bir nəfər üçün tələbat 2018-ci ildə 122,7 kiloqram qeyd edilərək ən yüksək olub. Muxtar respublikanın hər bir nəfəri üçün il ərzində istehsal edilən meyvə 2019-cu ildə 1996-cı illə müqayisədə 2,1 dəfə çox olub.

Naxçıvan Muxtar Respublikasında uğurla icra olunmuş 2012-2015 və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafında olduqca böyük əhəmiyyətə malikdir. Bu proqramlarda muxtar respublikada yüksəkkeyfiyyətli və məhsuldar meyvə bağlarının salınması, unudulmaqda olan meyvə sortlarının bərpası, ərazilər üzrə müvafiq meyvə sortlarının əkininə dair tövsiyələrin hazırlanması, əhalinin fasiləsiz olaraq meyvə ilə təmin edilməsi məqsədilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi, meyvə məhsullarının ixracının stimullaşdırılması öz əksini tapıb. Hər iki proqramın icrası Naxçıvanda illərdən bəri təbii şəraitin, uzun müddət becərilmə və introduksiya olunmuş sortların hesabına xalq seleksiyası nəticəsində formalaşmış yüksək məhsuldarlığa malik yerli meyvə sortlarının bərpasına və seleksiya işlərinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Proqramların icrası əsasında Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində, Arazboyu düzənlik ərazilərdə meyvə və üzüm bağları da salınıb. Həmçinin Şərur rayonunun Kərimbəyli və Çərçiboğan kəndlərində süfrə sortlarından ibarət yeni üzüm bağı salınıb, Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılıb. Kəngərli rayonu ərazisində püstə, rayonun Xok kəndi ərazisində yeni badam bağı salınıb. Muxtar respublikada barverən meyvə bağlarının ümumi sahəsi 2012-ci ildəki 3143,4 hektardan artırılaraq 2015-ci ildə 4013,4 hektara çatdırılıb. Ümumiyyətlə, 1996-cı ilə nisbətən 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında meyvə bağlarının ümumi sahəsi 4,6 dəfə, barverən meyvə bağlarının sahəsi 4,9 dəfə, meyvə istehsalı 71,6 dəfə, hektardan məhsuldarlıq 14,5 dəfədən çox artıb.
2021-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Yeni proqramın qəbulu onu göstərir ki, muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi mühüm istiqamətlərdən sayılır. Bunu da qeyd edək ki, bu gün muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün mühüm baza formalaşdırılıb. Belə ki, əhalinin bu məhsullara olan tələbatını ilboyu ödəmək üçün hazırda muxtar respublikada tutumu 19 min 390 ton olan 42 soyuducu anbar, 139 min 555 kvadratmetr sahədə isə 31 müasir istixana kompleksi fəaliyyət göstərir. Bu isə tədarük olunan məhsulların həm daxili bazara çıxarılması, həm də ixracı üçün yeni imkanlar açır. İnanırıq ki, proqramın icrası ilə bağlı qarşıdakı illərdə görüləcək işlər əvvəlki dövrlərdə qazanılmış nailiyyətlərin davamlılığının təmin olunmasına öz töhfəsini verəcək. Eyni zamanda bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikanın ixrac imkanlarını daha da genişləndirəcək.

Orxan BAĞIROV
AMEA Naxçıvan bölməsinin əməkdaşı,aqrar elmlər üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR