01 Dekabr 2021, Çərşənbə

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də nailiyyətlər əldə olunub. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün kifayət qədər imkanlar və şərait yaradılıb. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Sakinlər müasir rəqəmsal xidmətlərdən istifadə edirlər. Həmçinin yeni istifadəyə verilən kənd mərkəzlərində rabitə xidmətləri üçün müvafiq sahələr ayrılır. Avtomat telefon stansiyaları müasir tələblərə cavab verən elektrontipli avtomat telefon stansiyaları ilə əvəz olunur. Muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Cari ilin yanvar və fevral aylarında Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şərur rayonunun Şəhriyar kəndində yeni rabitə evləri istifadəyə verilib.

Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq cari ilin yanvar və fevral ayları ərzində muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 409 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Nazirliyin əməkdaşları tərəfindən Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərində monitorinqlər aparılır, rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, müvafiq təmir işləri görülür, yaranan nasazlıqlar qısa zamanda aradan qaldırılır. Sıradan çıxmış taxta rabitə dirəkləri müasir üslubda hazırlanmış metal dirəklərlə əvəz olunur, istismara yararsız rabitə xətləri yenilənir. Hazırda Naxçıvan şəhərinin Mirzə Ələkbər Sabir və Səməd Vurğun küçələrində bu istiqamətdə tədbirlər görülür. Həmin tədbirlər rayon mərkəzləri və kənd yaşayış məntəqələrini də əhatə edir. 

Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin edilib, 4-cü nəsil mobil rabitə xidmətinin əhatə dairəsi genişlənib. Naxçıvan Dövlət Universitetinin “Kanal-35” televiziyasında yayımının həyata keçirilməsinin təmin edilməsi məqsədilə yerləşdiyi inzibati binalarda, ümumilikdə, 150 metr fiber-optik xətt çəkilib, 10 kilometr məsafədə optik siqnalın daşınması üçün 1.25 Gbps SFP modul qurğusundan istifadə olunmaqla zəruri olan rabitə əlaqəsi yaradılıb. Naxçıvan şəhərində yeni istifadəyə verilən tələbə yataqxanasının yüksəksürətli internetlə təmin olunması məqsədilə 1000 metr fiber-optik xətt çəkilməklə, GPON (Giqabit Passiv Optik Şəbəkə) avadanlığı quraşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə fiber-optik xətt çəkilişi üçün zəruri tədbirlər görülür.

“Evədək optika” layihəsi də uğurla davam etdirilir. Layihə çərçivəsində 19 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında bir sıra qurumlara, yaşayış binalarına və kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilib, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması daim diqqət mərkəzində saxlanılıb, cari ilin yanvar və fevral ayları ərzində 1217 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. Həyata keçirilən kompleks tədbirlərin davamı kimi əhalinin internetə olan tələbatının artırılması məqsədilə şəhər, rayon və kəndlərdə yeni nəsil NGN tipli avtomat telefon stansiyalarında internet kartlarının sayının artırılması nəzərdə tutulmuş və bu sahədə müvafiq işlər davam etməkdədir. Artıq Naxçıvan şəhərində bu sahədə görülən işlər yekunlaşıb, hazırda rayon mərkəzlərində və kəndlərdə yeni nəsil NGN tipli avtomat telefon stansiyalarında internet kartlarının sayının artırılması yekunlaşmaq üzrədir. Bütün bunlar da, öz növbəsində, internet istifadəçisinin sayının artmasına şərait yaradır.
Ötən dövr ərzində bir sıra nazirliklərin, dövlət təşkilatlarının saytlarının dizayn, quruluş və məzmun baxımından yenilənməsi istiqamətində təhlillər aparılmış, layihələr hazırlanmışdır.
2021-ci ilin yanvar və fevral ayları ərzində vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumlarına elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Nazirlik tərəfindən müvafiq sahələr üzrə kadr hazırlığı da diqqətdə saxlanılıb, nazirliyin Aparatının, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və rayon (şəhər) idarələrinin işçilərinin aidiyyəti sahələr üzrə qüvvədə olan qanunvericilik aktlarının, əməyin mühafizəsinin, dövlət sirrinin mühafizəsinin təşkil olunması, habelə müasir standartlara cavab verən yeni nəsil telekommunikasiya sistemləri və xüsusiyyətləri, avtomat telefon stansiyaları və onların iş prinsipləri, rəqəmsal televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, şəbəkə inzibatçılığı, proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, serverlər, məlumat bazaları, məftilli və fiber-optik xətt sahəsində zəruri biliklərə yiyələnmələri, eləcə də bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq işlər həyata keçirilib. Təşkil edilmiş müvafiq kurslarda uğurlu nəticə əldə etmiş 2 gənc rabitəçi analoq və rəqəmli elektronika üzrə sertifikatla təmin edilib. Gənc proqramçılar tərəfindən bir sıra layihələr üzrə təqdimatlar keçirilib. Hazırda İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi əməkdaşlarının zəruri biliklərinin artırılması məqsədilə onlayn tədrislər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara isə, ümumilikdə, 128 qrup olmaqla, 346 dinləyici cəlb edilib. Kurslarda iştirak edən dinləyicilərə kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları barədə hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilməklə, “Microsoft Windows” əməliyyat sistemi, “Microsoft Office”, internet və qrafik dizayn proqramları, eləcə də ingilis dili kursları üzrə dərslər günün tələblərinə uyğun tədris edilir.
Dövlət qayğısı sayəsində, muxtar respublika rəhbərinin rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində verdiyi mühüm tövsiyə və göstərişlərin icrası istiqamətində işlər bundan sonra da səylə davam etdiriləcək, sakinlərə keyfiyyətli rabitə və internet xidmətləri göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti