28 Noyabr 2021, Bazar

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində muxtar respublikamızda həyata keçirilən tədbirlərin davamlı xarakter alması regionumuza digər yerlərdən daxil olan, baha qiymətə başa gələn, genofondu dəyişdirilən, mənşəyi bilinməyən məhsulların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Ayrı-ayrı vaxtlarda qəbul olunmuş bəzi Dövlət proqramları da bu məqsədə xidmət edir. Bu sırada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı 2012 və 2016-cı illərdə qəbul edilmiş və icrası uğurla başa çatdırılmış proqramlar xeyli nailiyyətlər qazanılmasını təmin edib, birinci proqramın icrası ikinci proqram üçün yeni imkanlar yaradıb. 2016-2020-ci illər üçün imzalanmış proqramın icrasına uyğun olaraq 2018-ci il noyabr ayının 1-də Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Həmin proqramda Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağının salınması nəzərdə tutulmuşdu. Bu məqsədlə 2016-2017-ci illərdə 29 min 250 püstə tingi əkilib, 100 hektar ərazini əhatə edən püstə bağının ətrafında əlavə olaraq 4 hektar sahədə qoruyucu yaşıllıq zolağı salınıb. 13 tingçilik təsərrüfatı, 28,1 hektar sahədə meyvə toxmacarlığı yaradılıb, 1128,5 hektar sahədə meyvə və üzüm bağı salınıb, 554 hektar sahədə tinglə bərpa, 483,5 hektar sahədə toxumla əkin aparılıb. Bağların salınması üçün 870 min 352, bərpa tədbirləri məqsədilə 138 min 500 meyvə tingindən istifadə edilib.

2016-2020-ci illərdə meyvə və tərəvəzçilik təsərrüfatlarının, həmçinin emal müəssisələrinin yaradılması istiqamətində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 44 layihəyə, ümumilikdə, 675 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Meyvəqurutma, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və yabanı növ bitkilərin tədarükü istiqamətləri üzrə 4 istehsal sahəsinin yaradılması başa çatdırılıb.

Həmin dövrdə həyata keçirilən digər tədbirlər də bəhrələrini verib. Soyuducu anbarların yaradılması, mövcud anbarların genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bunun ifadəsidir ki, dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 5 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması, həmçinin özəl investisiya qoyuluşu hesabına Babək rayonunda 1, Şərur rayonunda 9 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi həyata keçirilib. Şərur rayonunda ümumi tutumu 250 ton, Naxçıvan şəhərində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 800 ton olan soyuducu anbarların yaradılması davam etdirilib. Ümumilikdə, ümumi tutumu 7 min 550 ton olan 15 soyuducu anbarın yaradılması, 2 soyuducu anbarın tutumunun 240 ton genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib. Hazırda muxtar respublikamızda tutumu 19 min 390 ton olan 42 soyuducu anbarın fəaliyyət göstərməsi meyvə-tərəvəz məhsullarının qış aylarında istehlakçıya çatdırılması ilə yanaşı, ixrac həcminin də artırılmasına şərait yaradıb.

Dövlət proqramının icrası müddətində ümumi sahəsi 31 min 369 kvadratmetr olan 15 istixana təsərrüfatının yaradılması başa çatdırılıb. Hazırda muxtar respublikada 139 min 555 kvadratmetr sahədə 31 müasir istixana kompleksi fəaliyyət göstərir. Bu dövrdə bağ və tərəvəz əkini sahələrinin suvarılmasını təmin etmək məqsədilə bir sıra işlər görülüb, sığorta müqavilələri bağlanılıb. 6 min 459,8 hektar sahədə zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bu dövrdə istehsal olunan məhsulların laboratoriya analizlərinin aparılması diqqət mərkəzində saxlanılıb, məhsulların sertifikatlaşdırılmasına ciddi önəm verilib. Belə ki, 2016-2020-ci illərdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 909 halda meyvə-tərəvəz məhsullarından orta nümunələr götürülərək laboratoriya analizlərinə cəlb edilib. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı meyvə-tərəvəz və onlardan hazırlanan məhsulların 1216 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılıb, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilib, müvafiq məhsullar 465 halda sertifikatlaşdırılıb. Həmçinin yeni meyvə sortlarının aşkar edilməsi istiqamətində görülən işlər davam etdirilib, proqramın icrası çərçivəsində muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələri üçün işçi planlar hazırlanıb, torpaq analizlərinin aparılması məqsədilə yerlərə təhvil verilib.

Kənd təsərrüfatının inkişaf etdirilməsi, konkret olaraq, əhalinin meyvə və tərəvəzə olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada bu məhsullara olan tələbat, əsasən, yerli istehsal hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” isə bundan əvvəlki proqramda nəzərdə tutulmuş vəzifələrin daha geniş həcmdə yerinə yetirilməsinə imkan verəcək. Onu da qeyd edək ki, bu sahələrdə qazanılmış təcrübə də belə qənaətə gəlməyə imkan verir.
Sərəncamda qeyd olunur ki, muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatında məhsul istehsalının həcmini xeyli artırıb. Bu da onunla bağlıdır ki, əvvəlki proqramların icrası dövründə muxtar respublikada 2917 hektar sahədə meyvə bağı salınıb, tərəvəz əkini sahələri genişləndirilib, soyuducu anbarlar və istixana təsərrüfatları yaradılıb. Yeni proqramın məqsədi isə ondan ibarətdir ki, meyvə-tərəvəzə olan tələbat yerli istehsal hesabına ödənilsin, ixrac imkanları daha da artırılsın. Bu sahələrlə məşğul olan ailə təsərrüfatlarının fəaliyyəti genişləndirilsin, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələri qurulsun. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planında vəzifələr müəyyənləşdirilib.
Nəzərdə tutulub ki, meyvəçilik və tərəvəzçiliklə məşğul olan təsərrüfat sahibləri yüksək reproduksiyalı toxum sortları və tinglərlə təmin edilsinlər, həmin məhsulların keyfiyyət göstəriciləri nəzarətdə saxlanılsın, əkin sahələrində aqrokimyəvi analizlər aparılsın.
İstehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə yarmarkaların təşkilinin davam etdirilməsi isə daxili bazarda məhsul bolluğuna töhfəsini verəcək. Onu da qeyd edək ki, gözlənilməz təbii fəlakətlərlə bağlı istehsalçıya dəymiş zərərin ödənilməsi üçün meyvə bağlarının və tərəvəz əkini sahələrinin sığortalanması diqqət mərkəzində saxlanılacaq.
Meyvəçilik və tərəvəzçilikdə mütərəqqi əkin və suvarma metodlarının tətbiq olunması, meyvəçiliyin və tərəvəzçiliyin torpaq-iqlim xüsusiyyətləri və rayonlaşma nəzərə alınmaqla inkişaf etdirilməsi də planda öz əksini tapıb.
Bir məsələni də qeyd edək. Planda muxtar respublikanın rayonlarında əkinçilik üçün yararlı olmayan torpaqlarda qərzəkli meyvə (cəviz, badam, püstə) bağlarının salınması isə həmin torpaqlardan istifadəni təmin edəcək, indiyədək əkilməmiş və ya az əkilmiş torpaq sahələrinə yeni həyat verəcək.
Meyvə bağlarının salınması üçün müəyyənləşdirilmiş sahələrin xəritələşdirilməsi və uçotunun aparılması diqqətdə saxlanılacaq, mövsüm ərzində növbəli və təkrar tərəvəz əkinlərinə üstünlük veriləcək.
Tədbirlər planında icrası nəzərdə tutulan vəzifələr içərisində genetik fondun qorunması məqsədilə yerli meyvə və tərəvəz sortlarının öyrənilməsi, çoxaldılması, yayılması, meyvə bağlarında, tərəvəz əkini sahələrində istifadə olunan mineral gübrələrin, pestisidlərin standartların tələblərinə uyğunluğuna nəzarət olunması, meyvə-tərəvəz məhsulları istehsalçılarının müasir texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması, aqroservis xidmətlərinin göstərilməsi də var. Eyni zamanda yabanı meyvə və giləmeyvələrin toplanması, emalı, satışına dəstək verilməsi, yaşıllaşdırma tədbirləri aparılarkən meyvə tinglərinin əkininə üstünlük verilməsi, meyvə və tərəvəz istehsal edən təsərrüfat sahibləri ilə maarifləndirici görüşlərin keçirilməsi, məhsul istehsalının artırılması və aqrotexniki qaydalara əməl olunması ilə bağlı bukletlərin hazırlanması və paylanması daha böyük nailiyyətlər qazanılmasına imkan verəcək.
Proqramın icrasından gözlənilən nəticələr isə ondan ibarətdir ki, daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbat yerli istehsal hesabına ödəniləcək, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələri yaradılacaq, muxtar respublikanın rayonlarında relyef və iqlim şəraiti nəzərə alınmaqla yeni meyvə bağlarının salınması, tərəvəz əkini genişləndiriləcək.
Proqramın yerinə yetirilməsində Dövlət Gömrük və Statistika komitələri, “Naxçıvan Aqroservis” və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətləri, Aqrar Sığorta Fondu, “Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, yerli icra hakimiyyətləri qarşısında mühüm vəzifələr qoyulub. Bu günlərdə həmin təşkilatların bəziləri ilə əlaqə saxladıq. Onlar, ilk növbədə, adıçəkilən yeni Dövlət proqramının təsdiq edilməsini bu sahənin inkişafına, nəticə etibarilə, muxtar respublika sakinlərinin belə məhsullarla təminatına göstərilən qayğının davamlı olduğunu ifadə edərək Ali Məclis Sədrinə minnətdarlıqlarını bildirdilər.
Vurğuladılar ki, bundan əvvəl qəbul edilmiş iki Dövlət proqramının icrasına uyğun olaraq daxili bazarın qorunması məqsədilə görülən işlər yerli istehsal məhsullarının gəlirgətirmə imkanlarının artması ilə nəticələnib. Dükan-bazarlarımızda adıçəkilən məhsulların bolluğuna nail olunub. Muxtar respublikada istehsal edilən meyvə-tərəvəz məhsullarının kütləvi istehsalı dövründə qonşu ölkələrdən həmin məhsulların idxalının qarşısı alınıb. Bu isə həm istehsalçılara, həm də istehlakçılara göstərilən diqqətin göstəricisidir.
Həmsöhbət olduğumuz təşkilatların təmsilçiləri onu da bildirdilər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin vaxtında yerinə yetirilməsi üçün hazırlıq işlərinə başlayıblar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR