Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziyanın verilməsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.5 bəndində sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlər müəyyən edilmişdir. Lisenziyanın verilməsi üçün tələb olunan şərtlərdə qeyd edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın və Nizamnamənin, vergiödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fəaliyyətin həyata keçirildiyi sahəsi 100 m2-dən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20 m2-dən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması, fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması, çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması, lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd də şərtlərdə öz əksini tapır.

Sürətli poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, bitkilər, çap məhsulları, dərman preparatları, meyvə, tərəvəz, eləcə də təyinat ölkəsində idxalına icazə verilmiş və qanunvericiliklə qadağan olunmamış digər əşya və malların göndərilməsinə icazə verilir.
Sürətli poçt göndərişlərində “Mülki dövriyyənin müəyyən iştirakçılarının mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mal və əşyaların göndərilməsi üçün xüsusi icazə tələb olunur.
Sürətli poçt göndərişlərinin qəbul edilməsi, alıcılara çatdırılması mümkün olmadıqda onların saxlanma müddətləri, geri qaytarılması, yeni ünvana göndərilməsi bu qaydalarla müəyyən edilir. İstifadəçilər sürətli poçt xidmətlərinin göstərilməsi qaydaları, xidmətlərin tarifləri, göndərişlərin çatdırılma müddətləri və göndərişlərinə dair digər məlumatları almaq hüququna malikdirlər. Sürətli poçt xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda istifadəçilər tərəfindən pretenziyaların verilməsi, baxılma qaydası və müddəti, o cümlədən məsuliyyət məsələləri də qaydalarda öz əksini tapır.
Sözügedən qaydalarda nəzərdə tutulmuş sürətli poçt xidmətlərinin göstərilməsi barədə tələblərin pozulmasına görə lisenziya verilmiş qurum qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən edən komissiya yaradılıb. Artıq nazirliyə sürətli poçt xidmətlərinin göstərilməsi ilə bağlı müraciətlər daxil olmağa başlamışdır. Sənədlərə komissiyada baxılmış və müvafiq araşdırma aparıldıqdan sonra komissiyanın qərarına əsasən “Sürət Kargo” Məhdud Məsuliyyətli Cəmiyyətinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada sürətli poçt xidmətlərinin daha təkmil formada göstərilməsinə və inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti