Ötən ay sahibkarlarla keçirilən görüşdə Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərində mühasibatlıq və idarəçilik” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə nazirliyin şöbə müdiri Xudakərim Məmmədov açıb. Bildirilib ki, muxtar respublikada sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsində kiçik və orta sahibkarlıq subyektlərinin sayı getdikcə artmaqdadır. Qeyd olunub ki, sahibkarlıq subyektlərinin fəaliyyəti bu müəssisələrdə mühasibat işinin düzgün qurulmasından çox asılıdır.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov çıxışında sahibkarlığa gedən yoldan, biznes fəaliyyətindən, muxtar respublikanın iqtisadiyyatının yüksəldilməsində sahibkarlıq subyektlərinin rolundan danışıb. Bildirib ki, sahibkarlıq subyektlərində mühasibat işinin təşkili böyük əhəmiyyət kəsb edir. Çünki mühasibat uçotu vacib və mürəkkəb bir sistemdir. Bəzi hallarda müəssisələrin gələcəyi bu sistemin düzgün və effektiv qurulmasından asılıdır.
Seminarda “Optimal Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Murad Rüstəmov, nümayəndələr İlkin Heydərli və Şəhla Ramazanova cəmiyyətin səmərəli fəaliyyəti, güclü mühasibatlıq sisteminin qurulması, logistikanın ümumi məğzi və təlimin faydaları mövzusunda çıxış ediblər.
Slaydlar vasitəsilə müxtəlif mövzulardan bəhs olunan seminar daha sonra müzakirə şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti