01 Dekabr 2021, Çərşənbə

Müasir dövrdə dayanıqlı və keyfiyyətli enerji təchizatı hər bir ölkənin davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır. Muxtar respublikada da dövlət siyasətinin əsasını təşkil edən enerji təhlükəsizliyi tədbirləri daim diqqətdə saxlanılmış, yeni güclərin yaradılması və infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir.

Muxtar respublikanın enerji təchizatını yaxşılaşdırmaq məqsədilə 2006-cı ildən ötən dövr ərzində 1 elektrik stansiyası yenidən qurulmuş, 7 elektrik stansiyası tikilmişdir ki, bunun da 4-ü su, 2-si isə Günəş Elektrik Stansiyasıdır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq müəssisələrin sayı 1-dən 9-a, ümumi güc isə 22 meqavatdan 244,4 meqavata çatdırılmışdır. Ümumi gücün 22 meqavatı Araz Su Elektrik Stansiyasının, 60 meqavatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının, 87 meqavatı Naxçıvan Modul Elektrik Stansiyasının, 4,5 meqavatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasının, 22 meqavatı Biləv Su Elektrik Stansiyasının, 20,5 meqavatı “Arpaçay-1”, 1,4 meqavatı “Arpaçay-2” Su Elektrik stansiyalarının, 22 meqavatı Babək, 5 meqavatı isə Kəngərli rayonunda yerləşən Günəş Elektrik stansiyalarının payına düşür.

İstehlakçıların elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq istiqamətində təkcə 2014-2020-ci illər ərzində muxtar respublikada 452,1 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilmiş, 734,5 kilometr uzunluğunda elektrik xətləri əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 229 yeni transformator quraşdırılmış, 805 transformator isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, təkcə 2020-ci ildə bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində muxtar respublikaya 4 adda 828 dəstdən ibarət yeni texnika və avadanlıqlar gətirilmiş, Dövlət Energetika Xidmətinə 1 “Hyundai İoniq” markalı elektriklə işləyən avtomobil, 4 “Qazel” markalı avtomobil, 1 “BKM-317A” markalı yerqazan qurğu və 2 ədəd xüsusi təyinatlı “Ford” markalı avtomobil verilmişdir.

2020-ci ildə muxtar respublikada 424 milyon 414 min 532 kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 226 milyon 399 min 632 kilovat-saatı və ya 53,3 faizi istilik elektrik stansiyalarında, 157 milyon 70 min 924 kilovat-saatı və ya 37 faizi su elektrik stansiyalarında, 40 milyon 943 min 976 kilovat-saatı və ya 9,7 faizi isə günəş elektrik stansiyalarında istehsal edilmişdir. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 46,7 faizini təşkil etmişdir. 2020-ci ildə ölkə üzrə günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 89,3 faizi muxtar respublikada istehsal olunmuşdur.
Muxtar respublikada bərpa olunan enerji istehsalı sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 2021-ci ilin yanvar-fevral aylarında Ordubad rayonunda 36 meqavat gücündə Ordubad və 15,6 meqavat gücündə Tivi Su Elektrik stansiyalarının, Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada bərpa olunan enerji istehsalı sahələrinin yaradılmasının əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir. Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir”.

Cari ilin yanvar-fevral aylarında istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində muxtar respublikada 4,4 kilometr uzunluğunda 35,10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 1 transformator yarımstansiyası quraşdırılmış, Şərur və Culfa transformator təmiri sexlərində 19 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Şərur rayonunun Maxta və Muğanlı kəndlərinin hər birində 35/10 kilovoltluq bir transformator yarımstansiyasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi, Babək rayonunda, Naxçıvan və Şərur şəhərlərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması işləri davam etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti