15 Aprel 2021, Cümə axşamı

Muxtar respublikamızda real sektorun inkişafı və iqtisadi fəallığın davamlı olaraq dəstəklənməsi istiqamətində səmərəli kreditləşmənin mühüm əhəmiyyəti vardır. Bu istiqamətdə aparılan siyasət ötən dövrdə iqtisadiyyatın daha da şaxələnməsi və əhalinin rifahının artmasını təmin edən yeni məşğulluq sahələrinin yaranmasına səbəb olub.

Bütün dünyada böyük çətinliklər yaratmış pandemiyaya baxmayaraq, ötən 2020-ci ilin təhlilləri göstərir ki, iqtisadiyyatın əsas sahələrinin kredit ehtiyaclarının ödənilməsində müsbət dinamika qorunub saxlanılıb. Belə ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2021-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 212 milyon 399 min manat olub. Bu kreditlərin 7 milyon 933 min manatı qısamüddətli, 204 milyon 466 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. 2020-ci il ərzində verilən kreditlərin həcmi 179 milyon 473 min manat təşkil edib ki, bu kreditlərin 13 milyon 357 min manatı kənd təsərrüfatı, 18 milyon 561 min manatı sənaye, 562 min manatı tikinti, 3 milyon 571 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 136 milyon 991 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Sahələr üzrə nəzər saldıqda ilk sırada 76,3 faizlə istehlak kreditlərini, daha sonra isə sırası ilə 10,4 faizlə sənaye, 7,4 faizlə kənd təsərrüfatı sahələrini görə bilərik. Kənd təsərrüfatı üzrə verilmiş kreditlərin strukturuna gəldikdə isə burada bitkiçilik məhsulları istehsalına 1 milyon 190 min manat kredit verilib. Heyvandarlıq məhsulları istehsalını artırmaq üçün ötən il muxtar respublikada 11 milyon 205 min manata yaxın kredit verilib ki, bu da bir il əvvəlki rəqəmlə müqayisədə 1 milyon 222 min manat çoxdur. 

Ötən il ərzində kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşuna nəzər saldıqda kredit təşkilatları arasında 86 faizlə özəl bankların üstünlük təşkil etdiyini görürük. Bunlardan sonrakı yerləri 10,4 faizlə dövlət bankları, 3,6 faizlə bank olmayan kredit təşkilatları tutmaqdadır.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’a uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən bank qurumları tərəfindən nağdsız ödənişlərin həcminin artırılması istiqamətində görülən işlər də uğurlu olub. Belə ki, muxtar respublikada nağd pul dövriyyəsi 2020-ci ildə daha da azalaraq 16,8 faizə enib. Qeyd edək ki, 2019-cu ildə bu rəqəm 29,2 faiz olub. Bu dövrdə bankomatların sayı artaraq 114, POS- terminalların sayı artaraq 1278-dən 1410-a, ödəniş terminallarının sayı isə artaraq 54-dən 79-a çatdırılıb.
Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti sayılan əmanətlərin cəlb edilməsi sahəsində də müəyyən işlər görülüb. Belə ki, muxtar respublikada əmanətlərin cəlb olunması üzrə fəaliyyət göstərən banklarda 1 yanvar 2021-ci il tarixə fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyon 876 min manat, o cümlədən milli valyuta ilə 8 milyon 907 min, xarici valyuta ilə 969 min manat təşkil edib. Bir il əvvəlki dövrlə müqayisədə banklara qoyulan əmanətlərin həcmində milli valyuta ilə xeyli artım, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcmində isə qismən artım dinamikasını görürük.
Bəhs edilən göstəriciləri və dünya iqtisadiyyatında baş verən proseslərlə mövsümi faktorları da nəzərə alsaq, ümumilikdə, muxtar respublikada bank sektorunda maliyyə dayanıqlığının təmin olunduğunu görərik. Əldə olunmuş nəticələr 2021-ci ildə də muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşısında qoyulmuş elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da təkmilləşdirilməsini, nağdsız hesablaşmaların miqyasının artırılması kimi vəzifələrin uğurla həll olunacağını proqnoz etməyə imkan verir.

 Əli CABBAROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR