03 Mart 2021, Çərşənbə

Rəqəmsal transformasiya və texnoloji innovasiyalar bir çox maliyyə xidmətinə sürətli, asan və effektiv çıxış əldə etməyə imkan verir. XXI əsrin ən aktual tələbləri sırasında rəqəmsal ödəniş xidmətlərinin genişləndirilməsi, xüsusilə diqqəti cəlb edir. Hələ bir neçə il bundan əvvəl “Əlbəttə, Azərbaycan inkişafda olan dövlətdir və bizdə bu sahədə hələ ki, vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyildir. Amma biz buna çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq ki, bütün sahələrdə inkişaf etmiş ölkələrin səviyyəsində olmalıyıq və onların müsbət təcrübələrini Azərbaycanda tətbiq etməliyik”, – deyən Prezident cənab İlham Əliyevin ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər bu gün uğurlu nəticələrini verməkdədir. 

Muxtar respublikamızda da sahibkarlığa göstərilən dövlət dəstəyi, əhalinin bank xidmətlərinə əlçatanlığının asanlaşdırılması rəqəmsal ödəniş xidmətlərinin əhəmiyyətini daha da artırır. Nağdsız ödəniş sistemləri sahəsində institusional mühitin formalaşdırılması, həvəsləndirici tədbirlərin sayının çoxaldılması əhalinin rəqəmsal ödəniş xidmətlərindən daha aktiv istifadə etməsi üçün mühüm xarakter daşıyır. Görülən işlərin nəticəsində Naxçıvanda nağdsız əməliyyatların həcmi ilbəil artmaqda davam edir. Onu da qeyd etmək lazım­dır ki, rəqəmsal ödəniş xidmətlərinin genişləndirilməsi iqtisadi inkişafın təmin olunmasında da mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə hazır­lanan “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Pro­qramda rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Proqramın icrası 2020-ci ildə də diqqətdə saxlanılmış, banklar tərəfindən əhalinin daha çox üz tutduğu ərazilərdə 25 çoxfunksiyalı ödəniş terminalının və 2 bankomatın quraşdırılması təmin edilmişdir. Həmçinin ticarət, iaşə və digər xidmət obyektlərində təmassız ödəniş etməyə imkan verən 257 POS-terminalın quraşdırılması mövcud ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsinə səbəb olmuşdur.
Müasir texnologiyanın imkanlarından faydalanmaq zərurəti bankların təklif etdiyi sərfəli xidmətlərin sayının artmasına gətirib çıxarır. Xidmət keyfiyyətinin yüksəldilməsi və çeşidləndirilməsi məsafəli bank fəaliyyətinin inkişafına səbəb olur. Proqramın icrası məqsədilə muxtar respublikamızda bank xidmətlərinin müasir ödəniş texnologiyalarından istifadə etməklə həyata keçirilməsi təmin olunmuş, 2020-ci ildə 259 onlayn kart sifariş edilmişdir. Həmçinin bu dövrdə banka getmədən ödəniş terminalları vasitəsilə 18 milyon 538 min 514 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Qeyd edilənlər onu göstərir ki, zaman və maddi cəhətdən səmərəli olması əhalinin məsafəli bank xidmətlərindən istifadəsinin artması ilə nəticələnir.
Proqramın icrası ilə əlaqədar olaraq özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada ödənilməsi ilə bağlı keçirilən maarifləndirmə tədbirləri mütərəqqi əhəmiyyətə malikdir. Bu tədbirlər, ümumilikdə, nağdsız dövriyyənin artmasına təkan verməklə yanaşı, qeyri-formal məşğulluğun qarşısının alınmasını da təmin edir. Bu istiqamətdə aparılan maarifləndirmə işinin nəticəsidir ki, 2020-ci ildə 213 vergiödəyicisi üzrə 977 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən aviakassa və avtovağzalların əhaliyə təqdim etdiyi imkanlardan biri də biletlərin nağdsız ödəmə yolu ilə əldə olunmasıdır. Bu istiqamətdə proqramda nəzərdə tutulan tədbirlər 2020-ci ildə də davam etdirilmiş, aviakassalarda mövcud olan 10 POS-terminal vasitəsilə 100 min 645 manat, avtovağzallarda mövcud olan 5 POS-terminal vasitəsilə 1385 manat məbləğində nağdsız qaydada bilet satışı həyata keçirilmişdir.
Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində həyata keçirilən tədbirlər insanların rahatlığının təmin olunmasına yönəlmişdir. Bu istiqamətdə nağdsız ödəniş imkanlarının artırılması ilə bağlı işlər 2020-ci ildə də davam etdirilmişdir. Belə ki, pro­qramın icrasına uyğun olaraq bu dövrdə muxtar respublikada fəaliyyət göstərən 25 publik hüquqi şəxs statuslu müəssisədə POS-terminalların quraşdırılması təmin olunmuşdur.
2020-ci ildə banklar tərəfindən POS-terminal quraşdırılmış ticarət, iaşə və xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi də diqqətdə saxlanılan məsələlərdən olmuşdur. Bu da həmin şəxslər tərəfindən fəaliyyət göstərdikləri sahələr üzrə vergilərin və dövlət büdcəsinə digər ödənişlərin nağdsız qaydada həyata keçirilməsinə imkan yaratmışdır. Ümumilikdə, 2020-ci ildə 271 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 133 min 448 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilmişdir.
Proqramda nəzərdə tutulan tapşı­rığın icrası məqsədilə kart sahibləri arasında keçirilən müxtəlif tədbirlər nağdsız ödənişlərin artırılması üçün stimullaşdırıcı əhəmiyyətə malikdir. Bu tədbirlərin keçirilməsi rəqəmsal ödəniş xidmətlərindən istifadəyə maraq oyadır, nağdsız alış-verişin həyata keçirilməsi istiqamətində həvəsləndirici rol oynayır. Qeyd olunan tapşırığın icrası 2020-ci ildə diqqətdə saxlanılmış, keçirilən həvəsləndirici tədbirlərdə 838 nəfərə 50 min manat dəyərində hədiyyələr təqdim olunmuşdur.
Proqramda müəyyən edilmiş tədbirlərin uğurla həyata keçirilməsi nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün yeni imkanlar yaratmaqdadır.

“Şərq qapısı”

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR