Muxtar respublikamızın iqlim şəraiti, məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Həm bir çox xəstəliklərin müalicəsində möcüzəvi faydaları, həm də bu sahə ilə məşğul olanlar üçün mühüm gəlir mənbəyi olması arıçılığı daim diqqət cəlb edən fəaliyyət növlərindən birinə çevirmişdir. Naxçıvanda aqrar sektorun mühüm tərkib hissəsi kimi arıçılıqda məhsuldarlığın daha da yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilməkdədir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı”nda nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Dövlət proqramının “Giriş” hissəsində qeyd edildiyi kimi: “Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır”.

Dövlət proqramında hər il bal festivalının keçirilməsi ilə bağlı nəzərdə tutulan tapşırığın icrası arıçılar üçün stimullaşdırıcı xarakter daşımaqla yanaşı, muxtar respublika sakinləri üçün müxtəlif çeşidlərdə arıçılıq məhsullarına əlçatanlığın asanlaşdırılmasına imkan yaradır. Tapşırığın icrası məqsədilə 2020-ci il sentyabrın 26-da muxtar respublikada beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilmişdir. Ənənəvi xarakterli sosial-iqtisadi tədbirlərin ünvanına çevrilmiş “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak etmişdir. Festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılmışdır. Naxçıvan Dövlət Universiteti tərəfindən arıçılıq ləvazimatları, nəşr olunmuş ədəbiyyatlar və yeni istehsal texnologiyalarının sərgisi təşkil edilmiş, 10 adda buklet hazırlanaraq arıçı sahibkarlara paylanmışdır. İki gün davam edən festivalda “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə təşkil edilmiş, qaliblərə hədiyyə və diplomlar təqdim olunmuşdur.

Arıçılığın inkişafını şərtləndirən ən mühüm vasitələrdən biri balyığma mənbələrinin çoxaldılmasıdır. Arı ailələrinin sayı artdıqca bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilərin çoxaldılması da mühüm zərurətə çevrilir. Dövlət proqramında yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 98 hektar ərazidə nektar və çiçək tozu ilə zəngin olan meşə və meyvə ting­ləri əkilmişdir. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında 2 min 29 hektar sahədə yonca, 25,4 hektar sahədə xaşa və eyni ölçüyə malik sahədə şənbəllə əkininin aparılması balyığma mənbələrinin artmasına şərait yaratmışdır.
Təbii yem mənbələrinin çoxaldılmasında nektar və çiçək tozu ilə zəngin bitkilərin əkilməsi ilə yanaşı, yeni balyığma mənbələrinin aşkar edilməsi də mühüm əhəmiyyət kəsb edən faktorlardandır. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə Şərur rayonunun Axura kəndinin yuxarı hissəsində yerləşən “Hadıqayıb” adlanan ərazidə, eləcə də rayonun Gümüşlü, Yuxarı Yaycı, Havuş, Şahbulaq, Günnüt, Ordubad rayonunun Biləv, Rumus, Parağaçay, Şahbuz rayonunun Gömür, Kükü, Keçili, Yuxarı Qışlaq kəndlərində və “Batabat” yaylağında nektar və çiçək tozu ilə zəngin olan balyığma mənbələri aşkar edilmişdir. Arıxanaların yerləşdiyi ərazilərdə bal verən bitkilərin kökünün kəsilməsinin qarşısının alınması da diqqət mərkəzində saxlanmış, bu məqsədlə təşkil olunan maarifləndirmə tədbirləri davam etdirilmişdir. Ümumilikdə, 2020-ci ildə Dövlət pro­qramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə 3 müşavirə, 13 görüş keçirilmiş, sahibkarlara 20 mövzunu əhatə edən 500 nüsxə buklet hazırlanaraq paylanmışdır.
Arıçılıqda məhsuldarlığa təsir göstərən amillər arasında arı xəstəlikləri əsaslı yer tutur. Vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi arı ailələrində baş verə biləcək xəstəliklərin və məhsuldarlığın aşağı düşməsinin qarşısını alır. Pro­qramın icrası istiqamətində həyata keçirilən laborator müayinələr arı ailələrində yayıla biləcək infeksion və parazitar xəstəliklərin gec olmadan aşkar edilməsinə və təyinatı üzrə tədbirlər görülməsinə şərait yaradır. Bu məqsədlə 2020-ci ildə Amerika və Avropa çürüməsi xəstəliklərinə görə arıxanalardan 14 min 558 nümunə götürülərək yoxlanmış, infeksion xəstəlik aşkar edilməmişdir. Eyni zamanda parazitar xəstəliklərdən olan varroatoz, akarapidoz, nozematoza görə müayinələr həyata keçirilmiş, xəstəliklərin müalicəsində istifadə olunan 7 adda dərman vasitəsi sahibkarlara paylanmışdır. Onu da qeyd etmək lazımdır ki, proqramın icrasına uyğun olaraq Culfa və Babək şəhərlərində, eləcə də Nehrəm qəsəbəsində heyvandarlıq – arıçılıq sahələri üzrə əczaxanaların işə başlaması arıçı sahibkarların yarana biləcək xəstəliklərlə mübarizədə fəaliyyət imkanlarını daha da artırmaqdadır.

Naxçıvanda arıçılıq məhsullarının istehsalına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Muxtar respublikada sahibkarlara subsidiyaların verilməsi məqsədilə arı ailələrinin uçota alınması diqqətdə saxlanılır, yeni arıçılıq təsərrüfatları yaradılır, arı ailələrinin sığortalanması üçün mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. İcrası davam edən müvafiq Dövlət proqramı isə görülən işlərin kompleks xarakter almasına şərait yaradır. Bu istiqamətdə 2020-ci ildə muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 18 arıçılıq təsərrüfatının yaradılması və 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 6 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir. Uçota alınmış arı ailələri üzrə 3 min 943 sahibkara 984 min manat həcmində subsidiyanın ödənilməsi arıçılığın inkişafına göstərilən dövlət qayğısının mühüm təzahürü kimi diqqəti cəlb edir. 2020-ci ildə arıçılıq təsərrüfatlarında istehsal olunan təbii bal məhsulundan 245, mum vərəqindən 1 halda nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilmiş, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. Həmçinin bu dövrdə 2 arıçılıq məhsulunun sertifikatlaşdırılması, 226 arı ailəsinin sığortalanması təmin edilmişdir.
Muxtar respublikamızda xüsusi diqqət yetirilən məsələlərdən biri də arıçılıq üzrə mütəxəssislərin hazır­lanması, arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi barədə sahibkarların məlumatlandırılmasıdır. Bu məqsədlə Dövlət proqramında müəyyən edilmiş tapşırığın icrası 2020-ci ildə də davam etdirilmiş, “Arı ailələrinin qışlamaya hazırlanması”, “Arıçılıq və bu sahəyə göstərilən dövlət qayğısının bəhrələri” və “Vərəmum min bir dərdin dərmanıdır” adlı məqalələr hazırlanaraq dərc olunmuşdur. Eyni zamanda Naxçıvan Regional Peşə Tədris Mərkəzində və Şərur Texniki-Peşə və Sürücülük Məktəbində arıçılıq peşəsi üzrə təhsil alan müdavimlərə arıçılıqda arı ailələrinə qulluq qaydaları haqqında təlimlərin keçirilməsi davam etdirilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər muxtar respublikamızda arı ailələrinin sayının artmasına şərait yaratmışdır. Naxçıvanda 1 yanvar 2021-ci il tarixə 99 min 935 arı ailəsi uçota alınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 137 arı ailəsi çoxdur.
Muxtar respublikada son illər ekoloji tarazlığın qorunması, təbiətin zənginləşdirilməsi, yaşıllıq sahələrinin genişləndirilməsi arıçılığın inkişafı üçün geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, arıçılıqla məşğul olanların sayı ildən-ilə artır, əldə olunan məhsul, nəinki Naxçıvan, ölkə bazarlarına çıxarılır və böyük alıcı rəğbəti qazanır.

“Şərq qapısı”