Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti və tarixən formalaşan təsərrüfatçılıq ənənələri bu qədim diyarda aqrar sektorun inkişafı üçün mühüm zəmin yaratmışdır. Kənd təsərrüfatı sahəsində sahibkarlara göstərilən dövlət dəstəyinin həcminin ilbəil artması və müxtəlif istiqamətlər üzrə qəbul olunan Dövlət proqramlarının uğurlu icrası böyük nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Bu istiqamətlərdən biri – meyvəçiliyin və tərəvəzçiliyin inkişafı isə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması sahəsində xüsusi rol oynayır. Onu da qeyd etmək lazımdır ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün həyata keçirilən tədbirlərin aqrar sektorda məşğulluğun təmin olunmasına müsbət təsir göstərməsi bu sahənin xüsusi əhəmiyyətə malik olmasını təsdiq edən amildir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə 2012-2015-ci illəri əhatə edən Dövlət proqramının icrası nəticəsində əldə edilən uğurların davam etdirilməsi üçün yeni imkanlar yaratmışdır. Proqramın icrasına uyğun olaraq 2018-ci il noyabr ayının 1-də Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri aqrar sahənin vacibliyinə diqqəti cəlb edərək demişdir: “Hər bir ölkədə aqrar sahə inkişaf etmədən ümumi inkişafı təmin etmək mümkün deyil. Bu səbəbdən də ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində kənd təsərrüfatının inkişafını daim diqqətdə saxlamış, bu sahədə kompleks tədbirlər görülmüşdür. Azərbaycan aqrar ölkə­dən sənaye-aqrar ölkəsinə çevrilmişdir. Bu gün də ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, torpaq mülkiyyətçilərinə subsidiyalar verilir, aqrolizinq xidmətləri göstərilir, güzəştlər tətbiq olunur, mütərəqqi suvarma sistemləri qurulur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası da sənaye-aqrar respublikasına çevrilmişdir. Muxtar respublikada torpaqlar əkilir, bol məhsul istehsal olunur. İstehsal olunan kənd təsərrüfatı məhsulları isə sənaye müəssisələri üçün xammal bazası yaradır. Bütün bunlar bir daha kənd təsərrüfatının nə qədər vacib sahə olduğunu təsdiq edir...”

Dövlət proqramında Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağının salınması ilə bağlı tapşı­rıq nəzərdə tutulmuşdur. Tapşırığın icrasını təmin etmək məqsədilə 2016-2017-ci illərdə həyata keçirilən tədbirlər çərçivəsində 29 min 250 püstə fidanından istifadə olunmuşdur. 100 hektar ərazini əhatə edən püstə bağının ətrafında əlavə olaraq 4 hektar sahədə qoruyucu yaşıllıq zolağı əkilmişdir. Ümumilikdə, pro­qramın icrası müddətində 13 tingçilik təsərrüfatı, 28,1 hektar sahədə meyvə toxmacarlığı yaradılmış, 1128,5 hektar sahədə meyvə və üzüm bağı salınmış, 554 hektar sahədə tinglə bərpa, 483,5 hektar sahədə toxumla əkin aparılmışdır. Bağların salınması üçün 870 min 352, bərpa tədbirləri məqsədilə 138 min 500 meyvə tingindən istifadə olunmuşdur.
Muxtar respublikamızda aqrar sektoru stimullaşdıran ən mühüm faktorlardan biri bu sahəyə göstərilən dövlət maliyyə dəstəyidir. Proqramın icrasına uyğun olaraq bu istiqamətdə həyata keçirilən tədbirlər ixracyönümlü məhsul istehsal edən sahibkar­ların sayının artmasına səbəb olur. 2016-2020-ci illərdə meyvə və tərəvəzçilik təsərrüfatlarının, həmçinin emal müəssisələrinin yaradılması istiqamətində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 44 layihəyə, ümumilikdə, 675 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Dövlət proqramının icrası nəticəsində əldə edilən mühüm uğurlardan biri də meyvəqurutma, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və yabanı növ bitkilərin tədarükü istiqamətləri üzrə 4 istehsal sahəsinin yaradılmasının başa çatdırılması olmuşdur.
Soyuducu anbarların yaradılması məqsədilə görülən işlər kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin digər mühüm təzahürüdür. Bu sahəyə özəl investisiya qoyuluşunun da artması qazanılan uğurların çoxalmasına səbəb olur. Həyata keçirilən tədbirlərin mütərəqqi əhəmiyyəti ondan ibarətdir ki, pro­qramın icrasına uyğun olaraq soyuducu anbarların yaradılması muxtar respublika əhalisinin ilin hər fəslində keyfiyyətli yerli məhsullarla təmin edilməsinə imkan verməkdədir. 2016-2020-ci illərdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 5 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması, həmçinin özəl investisiya qoyuluşu hesabına Babək rayonunda 1, Şərur rayonunda 9 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi başa çatdırılmışdır. Dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda ümumi tutumu 250 ton, Naxçıvan şəhərində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 800 ton olan soyuducu anbarların yaradılması davam etdirilmişdir. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına ümumi tutumu 7 min 550 ton olan 15 soyuducu anbarın yaradılması, 2 soyuducu anbarın tutumunun 240 ton genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Hazırda muxtar respublikamızda tutumu 19 min 390 ton olan 42 soyuducu anbarın fəaliyyət göstərməsi meyvə-tərəvəz məhsullarının qış aylarında istehlakçıya çatdırılması ilə yanaşı, ixrac həcminin də artırılmasına şərait yaradır.

Dövlət maliyyə yardımına innovasiya dəstəyinin də əlavə olunması meyvə-tərəvəzçilik sahəsində müasir dövrün tələblərinə uyğun yeni təsərrüfatların yaranması ilə nəticələnir. Bunlardan ən çox diqqət cəlb edəni isə istixana təsərrüfatlarıdır. Məhsuldar fəaliyyət və bol gəlir yeni istixana təsərrüfatlarının yaradılmasını şərtləndirən mühüm amillərdəndir. Dövlət proqramının icrası müddətində ümumi sahəsi 31 min 369 kvadratmetr olan 15 istixana təsərrüfatının yaradılması başa çatdırılmışdır. Hazırda muxtar respublikada 139 min 555 kvadratmetr sahədə 31 müasir istixana kompleksi fəaliyyət göstərir.
Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında meliorasiya və irriqasiya işləri mühüm əhəmiyyət daşıyır. Torpaqların su təminatının yaxşılaşdırılması əkin sahələrinin və məhsuldarlığın artması ilə nəticələnir. Bu tədbirlər proqramın icra müddəti ərzində diqqətdə saxlanılmış, əkin sahələrinin suvarılması məqsədilə 140,46 kilometr yeni suvarma boru xətti çəkilmiş, 1005,54 kilometr kanal, 1782,81 kilometr ara arxlarda təmizləmə, 159,13 kilometr boru xəttində təmir-bərpa işləri aparılmışdır. Həmçinin şoranlaşmış sahələrin əkin dövriyyəsinə daxil edilməsi üçün bu dövrdə 191,16 kilometr kollektor, 27,88 kilometr açıq, 2,43 kilometr qapalı drenaj lildən təmizlənmiş, eləcə də 35,28 kilometr açıq, 4,54 kilometr qapalı drenaj tikilmişdir.
Aqrar sahədə sahibkarlıq riskinin və maddi rifahın zəmanətçisi sığorta tədbirləridir. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşı­rığın icrasına uyğun olaraq 15 sığorta müqaviləsinin bağlanması meyvə-tərəvəz əkini sahələrinə gözlənilməz hadisələr nəticəsində zərər dəyməsi ehtimalına qarşı əmlak mənafelərinin qorunmasını təmin etmək məqsədi daşıyır.
Əkin sahələrinin mühafizə edilməsinin digər forması isə zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasıdır. Pestisidlərdən istifadə olunmaqla ziyanvericilərin zərərsizləşdirilməsi məhsuldarlığa da təsir göstərən mühüm amillərdəndir. Proqramın icrası müddətində muxtar respublikaya alınıb gətirilən pestisidlərdən istifadə olunmaqla 6 min 459,8 hektar sahədə ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Görülən işlər ərzaq bolluğunun təmin olunmasında xüsusi rol oynamışdır.
Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi üzrə həyata keçirilən tədbirlər sırasında istehsal həcminin artırılması, yeni təsərrüfatların yaradılması, soyuducu anbarların mövcudluğu qədər həmin məhsulların keyfiyyətinə nəzarət olunması da vacib məsələlərdəndir. İnsan sağlamlığının qorunmasının mühüm şərti istehsal olunan məhsulların laboratoriya analizlərinin vaxtında aparılması və sertifikatlaşdırılmış məhsulların sayının çoxalmasıdır. Dövlət proqramında müəyyən edilmiş tədbirlər çərçivəsində 2016-2020-ci illərdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 909 halda meyvə-tərəvəz məhsullarından orta nümunələr götürülərək laboratoriya analizlərinə cəlb edilmişdir. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı meyvə-tərəvəz və onlardan hazırlanan məhsulların 1216 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmış, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmiş, müvafiq məhsullar 465 halda sertifikatlaşdırılmışdır. Bundan əlavə, proqramın icrası müddətində günəbaxan, noxud, qarpız, qovun, balqabaq, pomidor, xaşa, çuğundur, xiyar, arpa, buğda, yonca, qarğıdalı toxumlarından və azot gübrəsindən, ümumilikdə, 44 halda nümunələr seçilərək analizləri aparılmışdır.

Dövlət proqramının icrasına uyğun olaraq daxili bazarın qorunması məqsədilə görülən işlər yerli istehsal məhsullarının gəlirgətirmə imkanlarının artması ilə nəticələnmişdir. Muxtar respublikada istehsal olunan meyvə-tərəvəz məhsullarının kütləvi istehsal dövründə qonşu ölkələrdən idxalının qarşısının alınması sahibkar­lara göstərilən diqqətin vacib göstəricisidir. Eyni zamanda proqramın icrası müddətində sağlam rəqabət mühitinin yaradılması və istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə Nаxçıvаn şəhəri və muxtar respublikanın rayonlarında hər həftənin şənbə və bazar günləri yarmarkalar təşkil edilmiş, bu yarmarkalarda yerli istehsal müəssisələrinin iştirakı təmin olunmuşdur.
Naxçıvanda meyvəçilik və tərəvəzçilik sahəsində həyata keçirilən elmi fəaliyyət, aparılan tədqiqat işləri bu sahənin daha da inkişaf etdirilməsinə təkan verməkdədir. Görülən işlər yeni məhsul sortlarının aşkar edilməsinə və bu sahədə elmi-metodik vəsaitlərin sayının artmasına səbəb olur. 2016-2020-ci illərdə meyvəçilik və tərəvəzçilik sahəsi üzrə Naxçıvan Dövlət Universitetində 9 məqalə hazırlanmış, 2 kitab nəşr olunmuş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 79 elmi məqalə, 53 konfrans materialı, 17 qəzet məqaləsi, 7 monoqrafiya, 3 buklet, 3 kitab çap edilmişdir. Bölmənin əməkdaşları tərəfindən Şərur, Babək və Culfa rayonlarının hər birində 2 yeni heyva sortu aşkar olunmuş, ilk dəfə aşkar edilən aborigen üzüm sortuna “Naxçıvan” adı verilmişdir. Elmlər doktorluğu üzrə bölmənin 2 əməkdaşının meyvəçilik sahəsində tədqiqatları davam etdirilmiş, 1 əməkdaşın tədqiqat işi isə tamamlanmışdır. Bu dövrdə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin elmi işçiləri tərəfindən “Naxçıvan Muxtar Respublikasının boz torpaqları şəraitində tərəvəz noxudunun səpin müddətləri”, “Naxçıvan Muxtar Respublikası şəraitində müxtəlif səpin sxemlərinin tərəvəz noxudunun məhsuldarlığına təsiri”, “Naxçıvan Muxtar Respublikasında üzümün genetik fondunun öyrənilməsi” mövzularında elmi işlər yekunlaşdırılmışdır.
Torpaqdan səmərəli istifadə məhsul bolluğunun mühüm şərtidir. Proqramın icrasına uyğun olaraq Şərur rayonunun Axaməd, Çomaxtur, Çərçiboğan, Qarahəsənli, Dəmirçi, Maxta, Qarxun, Şəhriyar, Vərməziyar, Tumaslı, Vayxır, İbadulla, Ərəbyengicə, Xanlıqlar, Ələkli, Çəmənli, Xələc, Dərvişlər, Kosacan, Siyaqut, Arbatan, Dizə, Kürkəndi, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan, Qorçulu, Axura, Havuş, Həmzəli, Gümüşlü, Culfa rayonunun Əlincə, Xoşkeşin, Bənəniyar, Xanəgah, Saltaq, Əbrəqunus, Göydərə, Kırna, Milax, Ərəfsə, Yaycı, Dizə, Şurud, Babək rayonunun Payız, Didivar, Nəzərabad, Vayxır, Yarımca, Kalbaoruc Dizə, Məmmədrza Dizə, Qaraqala, Şıxmahmud, Yuxarı Uzun­oba, Kərimbəyli, Qahab, Sirab, Zeynəddin, Kültəpə, Cəhri, Ordubad rayonunun Dəstə, Biləv, Vənənd, Azakənd, Düylün, Çənnəb, Üstüpü, Aza, Aşağı Əylis və Yuxarı Əylis, Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Böyükdüz, Xıncab, Yurdçu, Xok, Qabıllı, Qıvraq, Çalxanqala, Yeni Kərki, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba, Ayrınc, Badamlı, Kolanı, Nursu, Biçənək, Keçili, Şahbuzkənd, Mahmudoba, Aşağı Qışlaq və Yuxarı Qışlaq bələdiyyələri üzrə işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilmişdir.
Meyvə-tərəvəz əkinlərinin əkin atlaslarına uyğun aparılmasının əhəmiyyəti barədə ailə təsərrüfatçıları və sahibkarlarla Naxçıvan şəhərində 5, Şərur rayonunda 10, Babək rayonunda 5, Culfa rayonunda 6, Ordubad rayonunda 3, Şahbuz rayonunda 4, Kəngərli rayonunda 7, Sədərək rayonunda 3, “Araz” Elm-İstehsalat Birliyində 4 tarla-seminar müşavirəsi keçirilərək müvafiq tövsiyələr verilmişdir. Proqramın icrası müddətində kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə 3 ictimai birlik yaradılmışdır.
Dövlət proqramının icrası muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı tədbirlərin davamlı xarakter almasına səbəb olmuşdur.

“Şərq qapısı”