07 Dekabr 2021, Çərşənbə axşamı

Möhkəm iqtisadiyyat hərtərəfli inkişaf üçün əsas şərt olduğuna görə müasir dünyada hər bir ölkə­də bütün strateji sahələrdəki problemlərin həllinə də məhz iqtisadiyyatın gücləndirilməsi ilə nail olunur. Dünya güclü iqtisadiyyatla nəyə nail olunduğunu ötən ilin payızında 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycan Respublikasının timsalında bir daha gördü. 

Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da müasir iqtisadi inkişaf səviyyəsi ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Son dövrlərdə geostrateji mövqeyinə və iqtisadi potensialına görə bütün dünyanın marağında olan Naxçıvan muxtariyyət dövründə keçdiyi zəngin inkişaf yolu ilə də diqqəti cəlb edir . 

Naxçıvan Muxtar Respublikası muxtariyyət dövründə ölkəmizin əsas hissəsindən aralı düşsə də, iqtisadi və mədəni həyatın bütün sahələrində əsl Azərbaycançılıq nümunəsi yaradıb. Naxçıvanın təbii ehtiyatlarından istifadə, sənaye, kənd təsərrüfatı, ticarət, əhali məşğulluğu, insanların həyat səviyyəsi kimi məsələlərin həllində həyata keçirilmiş məqsədyönlü tədbirlər bu strateji regionun əhəmiyyətini ortaya qoyub, onun cazibədarlığını daha da artırıb.
Naxçıvanın keçdiyi inkişaf yolu hamar olmamışdır. Keçmişdə baş vermiş kifayət qədər mürəkkəb proseslər zəminində region üçün irimiqyaslı layihələrin həyata keçirilməsi çox çətin idi. Belə ki, tarixən özünün təbii sərvətləri ilə tanınmış Naxçıvanın iqtisadi inkişaf səviyyəsi Sovet hakimiyyətinin ilk illərində malik olduğu əsl potensialdan çox aşağı idi. Həmin dövrdə ucqarların inkişafı, əhali məşğulluğu, insanların rifahının yüksəldilməsi kimi məsələlərin həlli çox ləng aparılırdı. Nəticədə, Naxçıvanda 1965-ci ilədək cəmi 40 adda məhsul istehsalına nail olunmuş, sadəcə, mineral ehtiyatların hasilatı və yeyinti sənayesi mövcud olmuş, əsasən, aqrar sahəyə üstünlük verilmişdi. İndi 97 illik muxtariyyətin həmin dövrlərinə qısa nəzər saldıqda Naxçıvanın zəngin təbii iqlim və mineral ehtiyatlarından hansı məqsədlərlə istifadə edildiyi, güclü iqtisadiyyata sahiblənmək əvəzinə həmsərhəd olduğu qonşu respublikadan necə asılılığı açıq görünür.

Təkcə Naxçıvanın deyil, bütövlükdə, Azərbaycan Respublikasının tarixinə dönüş ili kimi yazılmış 1969-cu ildən sonrakı dövr, bu mənada, muxtar respublikanın da hərtərəfli inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu dövrdən başlayaraq xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında bütün respublika kimi, Naxçıvanın da dirçəlişi başladı. 1969-1987-ci illərdə gedən sürətli quruculuq prosesləri nəticəsində Naxçıvanda ilk dəfə olaraq yaradılmış iri istehsal və xidmət müəssisələri hesabına çox sayda yeni iş yerləri yaradıldı. Belə ki, 1985-ci ilədək Naxçıvanda müxtəlif sahələr üzrə 21 iri sənaye müəssisəsi yaradılmışdı. Bu dövrdə muxtar respublikada istehsal olunan məhsullar keçmiş ittifaqın müxtəlif yerlərinə göndərilir, geniş torpaq sahələri əkin dövriyyəsinə cəlb olunur, üzümçülük, bağçılıq istiqamətində mühüm işlər aparılırdı. Məhz bu dövrdə əldə olunmuş potensial sonrakı mərhələdə Naxçıvanın keçəcəyi möhtəşəm yolun əsasını qoydu.
Xalqımızın milli mübarizə tarixinə qızıl hərflərlə yazılmış 1990-1993-cü illərdə Naxçıvanın rolu, onun muxtariyyəti daha da əhəmiyyət qazandı. Bu dövr Naxçıvan tarixi naxçıvanlıların öz xilaskar rəhbərinin ətrafında yenidən daha sıx birləşməsi dövrü kimi xarakterizə edilir. Bu zaman hər tərəfdən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının taleyi möcüzələrin ümidinə qalmışdı. Xarici aləmlə hər cür əlaqəsi kəsilmiş, enerji və ərzaq ehtiyatları məhdud bir regionun iqtisadiyyatının da çökməsi o dövrün acı reallığı idi. Ancaq yorulmaq bilmədən müstəqil Azərbaycanın gələcəyi üzərində düşünən dahi rəhbər Heydər Əliyev bu dövrdə artıq Naxçıvanda, doğma naxçıvanlıların yanında idi. Bu qədim diyarda hamının əl-ələ verib mübarizə aparmaq gücü isə yetərincə idi. Beləliklə, ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvanda qonşu dost ölkələrlə əlaqələrin yaradılması, ərzaq, enerji təminatı məsələlərinin həlli, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsi, aqrar islahatlara başlanılması muxtar respublikanın etibarlı müdafiəsi qədər həyati əhəmiyyətli işlər oldu.

Naxçıvanın muxtariyyət tarixində mühüm yer tutan 1995-ci ildən sonrakı dövr ölkəmizdə makroiqtisadi sabitliyə nail olunması ilə bərabər başlanan və cəmiyyətin bütün sahələrini əhatə edən hərtərəfli inkişaf mərhələsidir. Bu dövrdə blokadanın ağır nəticələrinin aradan qaldırılması ilə paralel olaraq muxtar respublikada əhalinin həyat səviyyəsinin yüksəldilməsi prosesləri başlanıldı. Uzun böhran dövründə əli işdən soyumuş insanları yenidən motivasiya etmək böyük zəhmət tələb edirdi. Ancaq qısa müddətdə Naxçıvanın hər yerində, möhtəşəm quruculuq dövrü başlandı. Bu təkcə zəruri infrastruktur, yaxud istehsal və enerji sahələrində deyil, həm də insanların düşüncəsinə, həyata baxışlarına qazandırılan quruculuq idi. Bu quruculuq naxçıvanlılarda sabaha inam, işə yeni münasibət, torpağa daha sıx bağlılıq və yaradılanları qoruyub saxlamaq vərdişləri də formalaşdırdı. Nəticədə, keçən illər ərzində Naxçıvanın hər yerində yeni layihələr həyata keçirildi, ünvanlar gözəlləşib abadlaşdı.
Naxçıvanı müasir inkişafa qovuşduran bu dövrün statistikası çox zəngindir. Belə ki, muxtar respublikanın inkişafını əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 66 dəfə artaraq 2 milyard 907 milyon 810 min manatı üstələdi. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 47 dəfə artaraq 6310 manatı ötdü. Bu dövrdə muxtar respublikada sənayenin inkişafı üçün əsaslı tədbirlər reallaşdırılaraq, avtomobil istehsalına qədər yol keçildi, elektroenergetika sahəsində geniş nailiyyətlər əldə olundu, aqrar regiondan sənaye regionu olmaq yolunda mühüm irəliləyiş əldə olundu. Müstəqillik dövrümüzün ilk illərində tamamən idxaldan asılı vəziyyətdə olmuş muxtar respublikada sənaye məhsulu istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, ötən il 325 milyon 362 min ABŞ dollarından artıq həcmdə sənaye məhsulu ixracına nail olunub. Ümumilikdə isə ötən il Naxçıvandan ixrac edilən məhsulların ümumi dəyəri 428 milyon 520 min ABŞ dolları həcmində olub.

Hazırda muxtar respublika sənayesində özəl bölmənin payı 93,4 faiz təşkil edir. Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2020-ci ildə muxtar respublikada 384 növdə məhsul istehsal olunaraq, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib. 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin işləri aparılıb ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən, təxminən, 2,5 dəfə çoxdur.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında əldə olunmuş bu nailiyyətlər region­da həyatın bütün sahələrində özünü göstərdi. Belə ki, təkcə ötən ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 426 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Ümumilikdə isə 2020-ci ildə muxtar respublikada 323 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 163 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Hazırda muxtar respublika mədəni yüksəliş mərhələsini yaşayır. Elm, təhsil, səhiyyə, mədəniyyət və turizm kimi sahələrdə əldə olunan uğurlar Naxçıvanın simasını tamamilə dəyişdirmişdir. Xüsusən təhsil sahəsində əldə edilmiş uğurlar Naxçıvanda təhsilə olan diqqətin bariz təzahürü kimi hər yerdə yüksək dəyərləndirilir. Muxtar respublikanın hər bir yaşayış məntəqəsini əhatə edən müasir təhsil kompleksləri ilə yanaşı, xüsusi təmayüllü liseylər, məktəblərdə yaradılmış innovativ dərnəklər və STEAM tədris metodunun tətbiqi 30-50 il sonrakı dövr üçün müstəqil Azərbaycanın hərtərəfli yetişmiş vətəndaşlarını formalaşdırmaqda müstəsna əhəmiyyətli ideyalar, real işlərdir. Muxtar respublikada xüsusi istedadı olan məktəblilərin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülməsi gənclərin əhatə olduqları dövlət qayğısından xəbər verir. Ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamı isə Naxçıvanda elmtutumlu iqtisadiyyatın formalaşmasına verəcəyi yüksək töhfə baxımından muxtar dövlətin mühüm uğurudur.
İnkişaf zamanın tələbi, görülən məqsədyönlü işlərin, çəkilən gərgin zəhmətin nəticəsidir. Zaman keçdikcə Naxçıvanda görülən bütün işlər də öz bəhrəsini verdi. İndi muxtar respublikanın şöhrəti onun hüdudlarını, ölkə sərhədlərini çoxdan aşıb, XXI əsrin zirvəsinə doğru yüksələcək.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR