07 Dekabr 2021, Çərşənbə axşamı

Dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə bələdiyyə torpaqlarından istifadənin həyata keçirilməsi istiqamətində zəruri qanunvericilik sistemi işlənib hazırlanmış, bu sahədə kifayət qədər hüquqi baza yaradılmışdır. Yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı keçirilən tədbirlər və aparılan islahatlar nəticəsində bu sahənin imkanları genişləndirilmiş, onların inkişafına əlverişli şərait yaradılmışdır. Əhalisinin əksəriyyəti kəndlərdə məskunlaşdığı Naxçıvan Muxtar Respublikasında da bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə onlara hərtərəfli dövlət dəstəyi göstərilmiş, kənd təsərrüfatı ilə məşğul olanlar üçün imkanlar yaradılmışdır.

Ötən dövr ərzində torpaq icarəsi məsələlərinin tənzimlənməsi məqsədilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər hüquqi aktlar qəbul edilmişdir. Həmin qanunların qəbul edilməsi torpağın ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə verilməsi imkanlarını reallaşdırmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsidir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa görə bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Qeyd edək ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarının, bütövlükdə, icarəyə verilməsinə yol verilmir. Hüquqi şəxslər və vətəndaşlar icarə münasibətlərində icarəyə verənlər və icarəçi kimi çıxış edirlər. Torpaqların icarəyə verilməsi bir sıra şərtlərə əməl edilməsini nəzərdə tutur. Bələdiyyə torpaqlarının icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi və icarəyə verənlə icarə müqaviləsi bağlanılmaqla həyata keçirilir. Həmin müqavilədə torpaqların icarəyə verilməsinin şərtləri, müddəti və icarə haqqı bir qayda olaraq tərəflərin razılığı ilə müəyyən edilir. İcarəçi icarəyə götürdüyü torpağı yalnız bələdiyyənin razılığı ilə subicarəyə verə bilər. İcarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü, inzibati ərazi vahidi, adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatlarının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyən edilir.
Bələdiyyə torpaqlarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə verilməməsi, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilməsi həmin torpaqlardan qeyri-qanuni istifadə edilmiş hesab edilir. Əgər hüquqi və fiziki şəxslər tərəfindən torpaqlardan qeyri-qanuni (özbaşına) istifadə halı yaranarsa, bu zaman torpaq və mülki qanunvericiliyə uyğun olaraq geri qaytarılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda bu torpaq sahələri qanunvericiliklə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və dəyişdirmə və yaxud həmin torpaq sahəsini özbaşına tutma, tikinti və quraşdırma işləri aparılması qanunla qadağandır. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin qanunsuz istifadəsi zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Nuranə KƏRİMOVA
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR