27 Fevral 2021, Şənbə

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti öz işini qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində quraraq 2020-ci ili uğurla başa vurub. Torpaqlardan əhalinin səmərəli istifadə etməsi, bu qiymətli sərvətin mühafizə olunması üçün ilin əvvəlində hazırlanmış tədbirlər planına əsasən xeyli iş görülüb. Görülən işlərdə torpaqların uçotuna, xəritələşdirilməsinə də ciddi önəm verilib. 

Məqsəd isə ondan ibarətdir ki, iqtisadiyyatın inkişafında mühüm rola malik olan kənd təsərrüfatında qazanılan uğurlar, əldə edilən müvəffəqiyyətlər daha da artırılsın, daxili bazarda yerli məhsulun həcmi çoxaldılsın. Bununla bağlı xidmətin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevlə həmsöhbət olduq. O, 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Öyrəndik ki, ötən il ərzində suvarılan torpaq sahələrinin genişləndirilməsi və su təminatının yaxşılaşdırılması məqsədilə Şahbuz rayonunun Külüs kəndi ərazisində 288, Mahmudoba kəndi ərazisində 37, Nursu kəndi ərazisində 15 hektar olmaqla, cəmi 340, Şahbuz rayonunun Sələsüz, Mərəlik və Türkeş kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi aparılmış 270, Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi Culfa rayonu üzrə 603, Ordubad rayonu üzrə 587 hektar olmaqla, cəmi 1190 hektar, Kəngərli rayonunun dövlət ehtiyat fondunda və Böyükdüz bələdiyyəsinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi aparılmış 810 hektar torpaq sahəsində, o cümlədən Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi 2091 hektar ərazidə topoqrafik planaalma işləri aparılıb, hazırlanmış xəritə materialları aidiyyəti orqanlara göndərilib.

Əkinlərin planlaşdırılmasının asanlaşdırılması, əkin dövriyyəsinə qatılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün yeni ərazilərin müəyyənləşdirilməsi məqsədilə muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri nəşr olunub, aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini diqqətimizə çatdıran İntizar Həziyev onu da bildirdi ki, bu dövrdə torpaqların qida maddələri ilə təmin­olunma kartoqramlarının yenilənməsi davam etdirilib. Şərur rayonunun 5, Babək rayonunun 2, Ordubad rayonunun 3, Şahbuz rayonunun 3, Kəngərli rayonunun 4 bələdiyyəsi üzrə işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilib, Şərur rayonunun Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut, Kəngərli rayonunun Böyükdüz, Xok və Xıncab bələdiyyələrinin dövlət ehtiyat fondunda əkinəyararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları yenilənib.

Müsahibimin sözlərinə görə, muxtar respublikanın bütün şəhər və rayonlarında torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri ilə görüşlər keçirilib, əkin atlaslarına uyğun əkin aparılması, torpaqların münbitliyinin qorunması və artırılması, müasir əkin üsullarının və texnologiyalarının əhəmiyyəti barədə maarifləndirmə işləri aparılıb. Torpaqların qida maddələri ilə təmin edilməsinə dair hazırlanmış yeni kartoqramlar müvafiq bələdiyyələrə təqdim olunub, onlara kartoqramlardan istifadə qaydaları izah edilib. Torpaqlardan səmərəli istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İntizar Həziyev onu da dedi ki, “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənmə sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası məqsədilə 2020-ci il ərzində torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyəti üçün proqram təminatının təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilib.
Öyrəndik ki, bu dövrdə torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə yüksək dəqiqlikli geodeziya-ölçü avadanlıqları vasitəsilə muxtar respublikanın bütün ərazisində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, ümumilikdə, muxtar respublika üzrə 7157 daşınmaz əmlak obyekti plana alınıb. İl ərzində planaalma işləri aparılmış ərazilərdə fiziki-hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilib və aradan qaldırılıb.
İntizar Həziyevin sözlərinə görə, torpaqdan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi üçün sistem “Nəzarət və monitorinq” modulu, daşınmaz əmlakın texniki pasportunun hazırlanaraq çap olunması, həmçinin dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində kadastr əməliyyatlarının aparılması üçün yeni funksionallıqlar əlavə edilib. Həmçinin torpaq sahəsinin formalaşdırılması, kadastr uçotuna daxil edilməsi, torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması diqqətdə saxlanılıb. Torpaq sahəsi üzərində tikililər yerləşdirilməsi bölgü planının hazırlanması ilə bağlı əməliyyatların aparılması zamanı qarşıya çıxan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müzakirələrə ciddi önəm verilib, mövcud funksionallıqların təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb.

Bəhs olunan dövrdə xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək məlumatlar miqrasiyası prosesi davam etdirilib, Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarının bütün bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb. Aşkar olunan uyğunsuzluqlar naturada aparılmış dəqiqləşmələr nəticəsində aradan qaldırılıb. Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələri, Şərur, Babək, Ordubad Culfa və Kəngərli rayonları üzrə bütün torpaq sahələrinə dair məlumatlar dürüstləşdirilərək sistemə daxil edilib.
2020-ci ildə əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi, torpaq sahələrindən təyinatına uyğun olmayan digər məqsədlər üçün istifadənin qarşısının alınması barədə xidmətə verilmiş tapşırıqların icrasına da önəm verilib. Belə ki, Babək rayonunun yaşayış məntəqələrində aparılan monitorinqlər başa çatdırılıb, Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılıb. İl ərzində Babək rayonunun 10, Şərur rayonunun 22, Kəngərli rayonunun 5 yaşayış məntəqəsində monitorinqlər aparılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkar edilmiş faktlar aradan qaldırılıb.
Öyrəndik ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birlikdə muxtar respublikanın şəhər və rayonlarında daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi ilə bağlı seminarlar keçirilib.
Kənd təsərrüfatına yararlı torpaqlardan kateqoriyalar üzrə səmərəli istifadə istiqamətində verilmiş tapşırıqların icrası, ərazi vahidləri üzrə dəqiqləşdirilmiş əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilməsi diqqətdə saxlanılıb.
Əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələrinin sərhədləri xidmətin məlumat bazasında saxlanılan ortofo­toplanlar və aerokosmik şəkillər vasitəsilə kameral şəraitdə dəqiqləşdirilib, elektron məlumat bazasına yığılıb.
Müsahibim onu da diqqətimizə çatdırdı ki, torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə xidmət tərəfindən Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə komissiya yaradılıb. Komissiya tərəfindən iki ay (avqust-sentyabr) müddətində muxtar respublika ərazisində monitorinqlər aparılıb, müxtəlif amillərin təsiri ilə deqradasiyaya məruz qalmış torpaq sahələri müəyyənləşdirilib. Ordubad rayonunda 67, Culfa rayonunda 958, Babək rayonunda 795, Kəngərli rayonunda 1291, Şərur rayonunda 1573, Sədərək rayonunda 3261, Naxçıvan şəhərində 638 hektar olmaqla, müəyyənləşdirilmiş cəmi 8583 hektar torpaq sahəsinin eksplikasiyası tərtib edilib, planları hazırlanaraq toplu şəklində nəşr olunub. Monitorinqlər zamanı ərazilərdən götürülmüş torpaq nümunələrinin laborator analizləri aparılıb, analiz nəticələri, torpaqların mülkiyyət növləri və uqodiyalar üzrə hesabat cədvəlləri tərtib edilib. Hazırlanmış xəritə materialları və hesabat cədvəlləri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə təqdim olunub.
Son olaraq onu da qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı müzakirə keçirilib, iş planı təsdiq edilib. 2021-ci ilin ilk günlərindən başlayaraq həmin tədbirlərin icrasına start veriləcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR