Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, gələcək perspektivlər də nəzərə alınaraq yeni günəş və su elektrik stansiyaları inşa olunur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”na uyğun olaraq muxtar respublikada bu sahədə aparılan işlər hazırda uğurla davam etdirilir. Muxtar respublikada ilk dəfə olaraq Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir. Burada 3400 ədəd 280 vatt gücündə günəş panellərindən və 5 ədəd 10 kilovat gücündə külək generatorundan, 50 kilovat gücündə 20 günəş və 10 kilovat gücündə olan 5 külək invertorlarından istifadə ediləcək.

Qeyd edək ki, hazırda quraşdırılma işləri davam etdirilir, stansiya hələlik ümumi olaraq 1 meqavat gücündə layihələndirilib və gələcək perspektiv plana uyğun olaraq gücün artırılması nəzərdə tutulub. Stansiyada 1 ədəd 1250 kilovat gücündə transformator yarımstansiyası quraşdırılıb, 3 hektardan çox ərazidə inşa olunan stansiyanın tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə aparılır. Ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar da yerləşdirilib, külək turbinlərinin bünövrəsi qoyulub. Həmçinin burada yarımstansiya və idarə­etmə binası da tikilib, artıq stansiyada son tamamlanma işləri aparılır. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası muxtar respublikamızın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.

Alim Ağayev