Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən noyabr ayında da kənd təsərrüfatının müxtəlif sahələrində zəruri tədbirlər diqqətdə saxlanılmışdır. Payız əkinlərinin optimal müddətdə aparılması, şumdan qabaq mineral və üzvi gübrələrin torpağa verilməsi, keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanması, əkinlərin şırım üsulu ilə aparılmasının əhəmiyyəti ilə bağlı tarla seminar müşavirələri keçirilmişdir. Payızlıq taxıl əkini ilə əlaqədar müraciət edən Kəngərli rayonundan 4, Babək rayonundan 9, Sədərək rayonundan 2 təsərrüfat sahibinə lazımi tövsiyələr verilmiş və əməli köməklik göstərilmişdir.

Payız əkinlərinin optimal müddətdə başa çatdırılması, əkin zamanı baş verə biləcək nasazlıqların qısa zamanda aradan qaldırılması üçün rayonlarda payız əkinlərində iştirak edən texnikaların texniki vəziyyəti daim nəzarətdə saxlanılaraq texnika sahibləri ilə fərdi söhbətlər aparılmışdır. Qarğıdalı tədarükü başa çatdıqdan sonra biçində iştirak edən kombaynlara texniki qulluğun göstərilməsi və onların bitki qalıqlarından təmizlənərək saxlanca qoyulması qaydaları haqqında mexanizatorlara ətraflı məlumatlar verilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində dəyirmi masa keçirilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin Aqrokimya və torpaqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə təcrübə işləri aparılmışdır.
Hesabat ayında Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 çeşiddə, 6 halda gətirilmiş fosfor və azot gübrələrinin analizləri aparılmış, nəticələr haqqında aidiyyəti üzrə məlumat verilmişdir. 6 torpaq mülkiyyətçisinin gətirdiyi torpaq nümunələri analiz edilmiş və müvafiq olaraq gübrə normaları hesablanaraq onlara yazılı məlumat verilmişdir. Taxıl bitkilərinin seleksiyası, bitki mühafizəsi və toxumçuluq şöbəsi tərəfindən 2021-ci tədqiqat ili üçün 56 payızlıq bərk və yumşaq buğda sortlarının əkini aparılmış, yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə malik 6 bərk və yumşaq buğda sortu və hibridlərinin artırılması məqsədilə əkinlər həyata keçirilmişdir. Şıxmahmud sort sınaq məntəqəsində də 2021-ci ilin məhsulu üçün sınaq məqsədilə 4 bərk, 23 yumşaq buğda və 5 arpa sortu əkini aparılmışdır.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri ötən ay Naxçıvan Muxtar Respublikası ərazisində istixana və parnik işləri ilə məşğul olan sahibkarlarla görüşlər keçirmiş, onlara istixana şəraitində tələb olunan keyfiyyətli toxum və şitillərin alınıb əkilməsinə, xəstəlik və zərərvericilərin qarşısının vaxtında alınmasına dair tövsiyələr vermişlər. İdarəyə 28 ailə təsərrüfatı sahibi tərəfindən müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılmış təsərrüfatçılara lazımi mübarizə tədbirinin vaxtında aparılması üçün məsləhətlər verilmişdir.
Heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalandırma tədbirlərinin davam etdirilməsi, 2020-2021-ci illərin payız-qış mövsümündə qarşıda duran vəzifələrlə bağlı sahibkarlarla fərdi qaydada maarifləndirici görüşlər keçirilmiş, bukletlər paylanmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluğa cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrə verilmiş iri və xırdabuynuzlu heyvanların saxlanması və yetişdirilməsi ilə bağlı dəvət olunmuş ailə təsərrüfatı sahibkarları ilə maarifləndirici görüş keçirilmiş və məsləhətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti