09 Dekabr 2021, Cümə axşamı

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. 

Ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan rabitə sahəsinin inkişafı müasir mərhələdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Ulu öndərin respublikaya hər iki rəhbərliyi dövründə rabitənin gələcək inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edilib, ali və orta ixtisas təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza yaradılıb.

2003-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə imzalanan və bu məqsədlərə çatmağın həlli istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” həyata keçirilməsi müasir dövrdə informasiya və kommunikasiya sahəsinin inkişafına əsaslı zəmin yaradıb. Əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə növbəti mərhələlərdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli mühit yaratdı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ­ 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üzrə Milli Strategiya”nın həyata keçirilməsi informasiya-kommunikasiya texnologiyaları sektorunun əsas göstəricilərini inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatmağına imkan verdi, cəmiyyətin inkişafında əhəmiyyətli rol oynamaqla, onlayn media, sosial şəbəkələr və digər yeni media vasitələrinin hərtərəfli fəaliyyətini reallaşdırdı. Bunun ifadəsidir ki, ötən dövrdə rabitə infrastrukturunun inkişafı davamlı xarakter alıb, rəqabətədavamlı informasiya-kommunikasiya texnologiyaları sektoru formalaşıb, ümumi daxili məhsulda poçt və informasiya sektorunun payı artıb, internet magistrallarına alternativ və yüksəksürətli birləşmələr çəkilib, tranzit informasiya imkanları genişləndirilməklə ölkəmiz regionun informasiya-kommunikasiya texnologiyaları xidmətləri bazarının aktiv iştirakçısına çevrilib. Bütün bu qeyd olunanların məntiqi nəticəsidir ki, regionun ən dinamik inkişaf edən ­ölkəsi kimi Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir.

Muxtar respublikamızda da rabitə və yeni texnologiyaların inkişafı daim diqqət mərkəzində saxlanılır. Müstəqillik illərində bu qədim diyarda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də nailiyyətlər əldə edilib, bu sahənin inkişafı üçün kifayət qədər imkanlar və şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması isə görüləcək işlərin daha dinamik, ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə imkan verib. Hər il muxtar respublikada həyata vəsiqə alan yeni layihələr arasında rabitə və yeni texnologiyalara aid layihələr də mühüm yer tutur. Bunu diyarımızın stasionar telefon şəbəkəsinin tamamilə Yeni Nəsil (NGN) Telekommunikasiya sisteminə keçirilməsi, habelə “Naxtel” mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində də görmək olar. Həyata keçirilən belə tədbirlər 4-cü nəsil “Naxtel” abunəçilərinin sayının artmasına səbəb olub. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur.
Qeyd olunmalıdır ki, muxtar respublika optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə şərait yaradıb. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib ki, nəticə etibarilə “Evədək optika” layihəsinin icrası uğurla davam etdirilir.
Hazırda muxtar respublika əhalisi müasir rəqəmsal xidmətlərdən istifadə edir, həmçinin yeni istifadəyə verilən kənd mərkəzlərində rabitə xidmətləri üçün müvafiq sahələr ayrılır. Avtomat telefon stansiyaları müasir tələblərə cavab verən elektrontipli avtomat telefon stansiyaları ilə əvəz olunur. Bu stansiyalarda quraşdırılan xüsusi avadanlıq bir sıra bölgələrdə internetin sürətinin tənzimlənməsinə, həmçinin abonent sayının artmasına xidmət edir. Yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi ilbəil yüksəldilir, maddi-texniki baza gücləndirilir, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilir, yeni rabitə evləri inşa olunur. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər sakinlərin bu xidmətlərdən səmərəli istifadəsinə geniş imkanlar açır.
Bu tədbirlərin davamı olaraq cari ildə Culfa rayonunda istifadəyə verilən Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olmaqla, Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa rayon filialının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb. Bu tədbir Kəngərli rayonunda da həyata keçirilib. Belə ki, dekabr ayının 8-də rayonda Rabitə Evi istifadəyə verilib. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Kəngərli Rayon Rabitə İdarəsi, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin Kəngərli rayon filialı yerləşir. Kəngərli Rayon Rabitə İdarəsi 6, “Naxçıvanpoçt” publik hüquqi şəxsin rayon filialı isə 12 kompüterlə təchiz edilib, həyətdə anbar və qaraj tikilib, generator quraşdırılıb.
Bu da xüsusi qeyd olunmalıdır ki, hər il muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir və bu xətlər üzərində iritutumlu telekommunikasiya şəbəkələri qurulur. Reallaşdırılan belə tədbirlər isə muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında öz bəhrələrini göstərir.
Naxçıvan Muxtar Respublikasında informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqi, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən yaradılmış “Elektron hökumət” portalının imkanları ildən-ilə inkişaf etdirilir, dövlət təşkilatları tərəfindən göstərilən elektron xidmətlər istifadəçilərə təqdim olunur.
Muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqinə də böyük önəm verilir. Bunun ifadəsidir ki, təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılıb, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilib, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslər keçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində müəyyən ixtisasların Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilməsi ilə bağlı bir sıra tədbirlər də həyata keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən informasiya texnologiyalarının müasir çağırışlar əsasında həyata keçirilməsi, əhaliyə yüksəkkeyfiyyətli internet və rabitə xidmətlərinin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında və tabeli qurumlarında struktur dəyişikliyi edilib, həmçinin internet saytlarının hazırlanması və tərtibatı, proqram təminatının və informasiya sistemlərinə texniki dəstəyin göstərilməsi, habelə optik kabel çəkilişi üzrə ixtisaslı kadrların hazırlanması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.
Muxtar respublikada rabitə sahəsində çalışanların fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır. Hər il öz fəaliyyətində fərqlənən rabitə işçilərinə fəxri adlar verilir, onlar orden və medallarla təltif olunurlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada rabitənin inkişafını səciyyələndirərək deyib: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.

Muxtar respublika sakinlərinə nümunəvi rabitə xidmətinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər informasiya cəmiyyətinə inteqrasiyanı sürətləndirməklə yanaşı, gələcəkdə də insanların rahatlığının təmin olunmasına hesablanıb və öz bəhrəsini verəcək.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR