Muxtar respublikamızın bütün bölgələrində geniş meliorasiya-irriqasiya işlərinin görülməsi, yeni kənd təsərrüfatı texnikalarının gətirilərək əkinçilikdə istifadə olunması, zəhmətsevər insanlara yüksək reproduksiyalı toxumların, mineral gübrələrin, həmçinin güzəştli kreditlərin verilməsi, emal və istehsal sahələrinin, soyuducu anbarların yaradılması ailə təsərrüfatlarının formalaşmasına da geniş imkanlar açır. Təbii ki, ailə təsərrüfatlarında istehsal edilən məhsulların kəmiyyəti, keyfiyyəti ilə yanaşı, təbliği və təşviqi də önəmli məsələdir. Bu baxımdan hər il muxtar respublikamızda keçirilən ənənəvi festivallar, həftə sonları təşkil olunan yarmarkalar bu mütərəqqi təsərrüfatlarda istehsal olunan məhsulların səmərəli satışına, təşviqinə, təbliğinə geniş imkan yaratmaqla bu sahədə sağlam rəqabətə yol açaraq ümumi inkişafa xidmət edir. Başa vurmaqda olduğumuz 2020-ci ildə də bu istiqamətdə işlər xüsusi diqqətdə saxlanılıb, ailə təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi mütəşəkkil hal alıb. 

Muxtar respublikanın ən böyük rayonlarından biri kimi Şərurda da mütərəqqi təsərrüfat forması sayılan ailə təsərrüfatlarının gündən-günə artması göstərilən dövlət qayğısının ifadəsidir. Hazırda rayonda 120-dən artıq ailə təsərrüfatı fəaliyyət göstərir. Ötən günlərdə Şərur şəhərində təşkil olunan ailə təsərrüfatı məhsullarının satış yarmarkasına 121 ailə təsərrüfatı subyektindən müxtəlif çeşidlərdə qablaşdırılmış 246 növdə 6 min 808 ədəd məhsul çıxarılıb. Yüksək səviyyəli tərtibatı, səliqə-sahmanı ilə diqqəti çəkən yarmarkada rayonda yetişdirilən dadlı-tamlı meyvə və tərəvəzlərdən hasilə gələn mürəbbələr, kompotlar, turşular, tutdan hazır­lanan doşab, müxtəlif meyvələrdən çəkilən araq və şərablar, şirələr, dağlarımızda bitən dərman bitkiləri, yabanı meyvələr, qovurmalar, Günnüt və Havuş balları buraya gələnlərin marağını çəkib. Həmçinin müxtəlif xalq sənəti növləri ilə məşğul olanların, məktəbdənkənar təhsil müəssisələrində dərnəklərə cəlb olunan şagirdlərin, məhdud fiziki imkanlı şəxslərin əl işləri də yarmarkaya çıxarılıb.

Ötən həftə Babək şəhərində istifadəyə verilən bazar kompleksinin açılış tədbirində Ali Məclisin Sədri bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi və yarmarkaların təşkili barədə tapşırıqlar verib. Bunun üçün bazarda hərtərəfli şərait yaradılıb, 36 satış yeri olan yarımqapalı sahə istifadəyə verilib. Rayonda təşkil olunan satış yarmarkasına isə 75 ailə təsərrüfatçısı tərəfindən 130 çeşiddə, dəyəri 20 min manata yaxın 2900-dək qablaşdırılmış məhsul çıxarılıb. Rayonun bütün yaşayış məntəqələrindən olan ailə təsərrüfatçıları tərəfindən qarpız, qovun, alça arağı, üzüm çaxırı, qarpız doşabı, tomat, müxtəlif növ meyvə quruları, turşular, kompotlar, süd məhsulları və başqa məhsullar alıcılara təqdim edilib. Satış yarmarkada yaşayış məntəqələrinin təsərrüfatçılıq ənənələrinə uyğun məhsullar – Babək göyərtisi, Qahab lavaşı, əriştəsi, Buzqov cəvizi ən çox satılan nemətlərdən olub. Həmçinin kompleksdə heyvan və ev quşlarının satışı üçün 1250 kvadratmetr çəpərlənmiş sahə də ayrılıb, Kültəpə kəndindən olan ailə təsərrüfatçıları həmin yerdə gətirdikləri ev quşlarının satışını təşkil ediblər.

Culfa rayonunda keçirilən ailə təsərrüfatı məhsullarının satış yarmarkasında rayonun bütün yaşayış məntəqələrindən olan 40 ailə təsərrüfatçısı iştirak edib. Təsərrüfat sahibləri yarmarkaya 175 adda 3173 qablaşdırılmış məhsul çıxarıblar. Rayonun bütün kənd­lərindən olan ailə təsərrüfatçılarının iştirak etdiyi yarmarkada müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə quruları və araqları, eləcə də turşular, çaxırlar, kompotlar, xüsusilə qovurma və dərman bitkiləri alıcılara təklif edilib. Bundan əlavə, yarmarkaya Culfa Rayon İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə təşəbbüsü ilə sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hazırlanmış 124 əl işi də çıxarılıb. Culfa Rayon Məşğul­luq Mərkəzi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş qadınlardan Raminə Məmmədovanın hazırladığı müxtəlif növ şirniyyatlar da alıcılara təklif edilib. Yarmarkada, həmçinin Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dərnəklərdə uşaqlar tərəfindən hazırlanmış toxuculuq, rəsm, bəzək əşyaları olmaqla, ümumilikdə, 250-dən çox əl işi maraqla qarşılanıb.
Şahbuz şəhərindəki Heydər Əliyev prospektində təşkil olunan növbəti ailə təsərrüfatı məhsullarının satış yarmarkasında rayonun 24 yaşayış məntəqəsindən 50-yə yaxın ailə təsərrüfatçısı iştirak edib. Yarmarka iki gün davam edib. Ailə təsərrüfatçıları tərəfindən 11 növdə, 104 adda 2958 qablaşdırılmış məhsulların satışı təşkil olunub. Qaymaq, xama, müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də turşular, kompotlar, Şahbuz təbiətinin nemətlərindən olan, min bir dərdə dərman bitkilər alıcılara təqdim edilib. Eyni zamanda yarmarkaya ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılıb. Ailə təsərrüfatı məhsullarının satışı alıcılar tərəfindən razılıqla qarşılanıb, təqdim olunan məhsullar istehlakçılar tərəfindən münasib qiymətə alınıb. Sağlamlıq imkanları məhdud şəxslərin əl işləri isə alıcılar tərəfindən maraqla qarşılanan və ən çox alınan məhsullar sırasında olub.
Ailə təsərrüfatı məhsullarının satış yarmarkaları belə deməyə əsas verir ki, muxtar respublikamızda aqrar sahənin inkişafına ayrılan uzunmüddətli və güzəştli kreditlər kiçik və orta sahibkarlıq subyektlərinin, o cümlədən ailə təsərrüfatlarının formalaşmasına geniş imkanlar açıb. Beləliklə də, dövlətin qayğısından yetərincə yararlanan ailə təsərrüfatları hər il məhsul istehsalını və çeşidini artıraraq həm ərzaq bolluğunun yaradılmasına, həm də güzəranlarının daha da yaxşılaşmasına çalışırlar.

Xəbərlər şöbəsi