Muxtar respublikada yaradılan müasir meliorasiya və irriqasiya sistemləri torpaqların su təminatını yaxşılaşdırır, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Noyabr ayında su istifadəçilərinə 19 milyon kubmetrdən artıq suvarma suyu verilmiş, təkrar suvarma da daxil olmaqla, 16089 hektar torpaq sahəsi suvarılmışdır. Torpaqların şoranlaşmasının qarşısını almaq və qrunt sularının səviyyəsini aşağı salmaq üçün 16 kilometr beton-torpaq kanal, 10 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 1,4 kilometr yeni arx, 560 metr yeni açıq drenaj kanalı qazılmış, 56,2 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 950 metr uzunluğunda istiqamətləndirici bənd tikilmişdir.

Kəngərli rayonunun Böyükdüz kəndinin 810 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Həmçinin ötən ay 5 kəhrizdə bərpa işləri davam etdirilmiş, 57 subartezian quyusunda təmir işləri aparılmış, 1 yeni subartezian quyusu qazılmışdır.
Bu dövrdə içməli su təminatı diqqətdə saxlanılmış, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 300 metr su, 588 metr kanalizasiya, Sədərək rayonunda 115 metr su, 530 metr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar və Xok kəndlərində 9,8 kilometr su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti