Muxtar respublikamızda son illərdə insanların rahatlığına xidmət edən bir sıra iri layihələr icra olunur ki, bunların sırasında “ASAN xidmət” mərkəzi xüsusi əhəmiyyəti ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu məqsədlə 8,8 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “ASAN xidmət” mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılıb, aprel ayından etibarən mərkəz üçün yeni binanın tikintisinə başlanılıb.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada tikinti işlərini “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının inşaatçıları həyata keçirir. İş icraçısı Orxan Orucovun bildirdiyinə görə, hazırda tikilinin təməlində izolyasiya tədbirləri aparılır, zirzəmi hissədə kommunikasiya xətlərinin quraşdırılması üçün yerlər hazırlanır. Birinci və ikinci mərtəbədə hörgü işləri görülür, üçüncü mərtəbəyə beton qatı verilir.
Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv, mərtəbələrdə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün digər otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya yerləşəcək. Xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçiləcək mərkəzdə vətəndaş­lara operativlik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən zəruri xidmətlər göstəriləcək.

 Nail ƏSGƏROV