Muxtar respublikamızda əhalinin standartlara uyğun olan qızdırıcı elektrik və qaz cihazları ilə təmin olunmasına və bu istiqamətdə təhlükəsizlik tədbirlərinin görülməsinə xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikasında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə aidiyyəti qurumların üzərinə konkret vəzifələr qoyulur. Avqust ayının 12-də keçirilmiş analoji müşavirədə verilmiş tapşırığa uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və aidiyyəti dövlət orqanları tərəfindən standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilmir. Bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər əhali rahatlığının və təhlükəsiz həyatın təmin olunmasına xidmət edir.

Müşavirədən ötən dövr ərzində gömrük orqanları tərəfindən standartlara uyğun olmayan 66 qaz sobası, 35 qaz pilətəsi, 20 qızdırıcı elektrik cihazı, 3 qazla işləyən suqızdırıcı saxlanılıb. Xaricdən gətirilən 4335 qaz sobası, 1354 qaz pilətəsi, 860 qazla işləyən suqızdırıcı isə standartlara uyğun olduğundan buraxılıb. Birgə tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında 126 ticarət obyektinə baxış keçirilib, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazları aşkarlanmayıb.
Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.
Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənməmiş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların gömrük sərhəd-buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bununla bağlı xarici iqtisadi fəaliyyət iştirakçıları və fiziki şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan idxal edilən qızdırıcı elektrik və qaz cihazları sərhəd-keçid məntəqələrində saxlanılır. Gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi yoxlanılır və müsbət rəy verildikdən sonra buraxılışına icazə verilir.
Muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşaması fərdi yaşayış evlərində qazla işləyən cihazlara tələbatı artırmaqla yanaşı, onlardan istifadə zamanı təhlükəsizliyin təmin olunmasını da aktual edir. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin olunmadıqda bədbəxt hadisələri qaçılmaz edir. Sevindirici haldır ki, həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında rahat və təhlükəsiz həyat təmin olunur.
Yeri gəlmişkən qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olduqda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar avtomatik qaz kranı, yəni qaz requlyatoru ilə təchiz edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə standartlara uyğun olmayan elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən gətirilən bu tip cihazların gömrük postlarından buraxılışına aidiyyəti dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı əsasında malın standartlara uyğunluğu yoxlanılmaqla icazə verilir.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin əməkdaşı