01 Dekabr 2021, Çərşənbə

Bu gün muxtar respublika iqtisadiyyatının dinamik yüksəlişini, etibarlı ərzaq təminatı və daimi məşğulluğun təmin olunmasının təməlini sahibkarlığın inkişafı təşkil edir.

Muxtar respublikada sahibkarlığın inkişafının, eləcə də əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək yönündə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri sahibkarlar sinfinin formalaşması və dövlət tərəfindən göstərilən hərtərəfli dəstək tədbirləri fonunda iqtisadiyyatda özəl sektorun payının daha da artmasıdır.
Son illərdə muxtar respublikada həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı sahəsində də kompleks işlər görülür, sənaye məhsulu istehsalı və ixrac potensialının artırılması, investisiya qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir. Belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 29 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Bu mühüm dövlət sənədi son 5 ildə muxtar respublika iqtisadiyyatının aparıcı sahəsi olan sənayeyə yönəldilən investisiyaların həcminə və strukturuna mühüm təsir göstərmişdir.

İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı, turizm sahələrində məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, sahibkarlıq subyektinin əldə etdiyi gəlir və mənfəətin 50 faizi 7 il müddətinə müvafiq vergilərdən, əmlakı isə 7 il müddətində əmlak vergisindən tam azad olunur. Həmçinin investisiya təşviqi sənədi alan sahibkarlıq subyektləri tərəfindən xaricdən gətirilən texnika, texnoloji avadanlıq və qurğulara qanunvericiliklə müəyyən olunmuş güzəştlər tətbiq edilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası investisiya fəaliyyətinin həyata keçirildiyi inzibati ərazi vahidləri üzrə təsnifatda 5-ci regiona daxil edilmişdir. Bu isə o deməkdir ki, muxtar respublikamız investisiya qoyuluşlarına tətbiq edilən minimal məbləğ baxımından ən yüksək güzəştlərə malikdir.
Təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. Tətbiq olunan bu dəstək mexanizmi son illərdə muxtar respublikada yeni müəssisələrin yaradılmasına, mövcud müəssisələrin istehsal gücünün və istehsal olunan məhsul çeşidinin artırılmasına təkan vermişdir.
Naxçıvan Muxtar Respublikasında ötən dövr ərzində 12 sahibkarlıq subyektinin 15 layihəsinə ümumi dəyəri 69 milyon 410 min 113 manat olan investisiya təşviqi sənədi təqdim edilmişdir ki, bu layihələr Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər rayonlarında da reallaşdırılmışdır. Bu da, öz növbəsində, həmin rayonlarda sənayenin inkişafında və məşğulluğun təmin olunmasında əksini tapmışdır. Sənayenin qida, metallurgiya, kimya, mebel kimi sahələrini əhatə edən layihələrin reallaşdırılması ilə 300-dən artıq iş yeri yaradılmışdır.
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə verilən təsdiqedici sənədlər çərçivəsində idxal edilmiş 47 milyon 912 manatdan çox dəyərdə Türkiyə, Çin Xalq Respublikası, eləcə də Avropa mənşəli texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunmuşdur. Bu da, öz növbəsində, istehsal xərclərinin azalmasına, beləliklə də, rəqabətqabiliyyətli məhsul istehsalına şərait yaratmışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, investisiya təşviqi sənədindən yararlanaraq fəaliyyətini genişləndirən müəssisələrdə istehsal olunan məhsullar, nəinki muxtar respublikada əhalinin tələbatını yüksək səviyyədə ödəyir, eləcə də xarici bazar­lara ixrac edilir. Sevindirici haldır ki, bu gün Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Oman Sultanlığı, Yəmən, Əfqanıstan və digər ölkələrə ixrac edilən yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsulların çox hissəsi həmin müəssisələrdə istehsal olunur.
Dövlət dəstəyi ilə bu cür təşviq mexanizmlərinin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın həcminin və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti