09 Dekabr 2021, Cümə axşamı

Son illər muxtar respublikada həm aqrar, həm sənaye sahələrində mühüm təkmilləşmələr və irəliləyişlərin əldə edilməsi göstərilən hərtərəfli qayğının ifadəsidir. Bunu özəl təsərrüfatların sayında, istehsal sənayesinin artım dinamikasında, ərzaq təminatının daha çox yerli istehsal hesabına ödənilməsində proqressiv meyillərin müşahidə olunması ilə görmək olar. Yerli istehsalın həcminin genişləndirilməsi hər bir bölgənin ərzaqla təmin olunmasında başlıca meyardır. Bu gün qürurla söyləmək olar ki, onilliklər öncədən fərqli olaraq muxtar respublika ehtiyacı olan bütün növ ərzaq məhsullarını özü ödəmək qabiliyyətindədir. Bu isə, ilk növbədə, iqtisadi subyektlərin burada səmərəli fəaliyyət göstərməsindən asılıdır. İqtisadi subyektlər həm fərdi təsərrüfatlar, müəssisələr, həm də dövlət orqanları və iqtisadiyyatın digər bölmələri səviyyəsində qarşılıqlı olaraq fəaliyyət göstərməkdədir. Ərzaq təhlükəsizliyi istiqamətində iqtisadi infrastrukturun qurulmasında müxtəlif dövlət orqanları, o cümlədən aqrar-sənayenin mühüm bölmələri, lizinq orqanları, müəssisələr və banklar xüsusi rol oynayırlar. Ərzaq təminatının gücləndirilməsində bitkiçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, torpaqdan və sudan səmərəli istifadə, baytarlıq xidmətinin yaxşılaşdırılması, təsərrüfat subyektlərinə maliyyə dəstəyinin göstərilməsi, qida məhsullarının keyfiyyətinə nəzarətin artırılması əsas tədbirlər hesab olunur. Buna görə də ötən dövrdə bu istiqamətdə düzgün qanunvericilik bazası yaradılıb, bir sıra Dövlət pro­qramları qəbul edilib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı üzrə müxtəlif illərə aid olan Dövlət proqramları, heyvandarlığın, tərəvəzçiliyin və meyvəçiliyin inkişafı istiqamətində hazırlanmış layihələr yeni istehsal sahələrinin yaradılmasına stimul olub. Nəticədə, torpaqlardan səmərəli istifadəyə uyğun olaraq muxtar respublika ərazisində yeni meyvə bağları və üzümlüklər salınıb, heyvandarlıq təsərrüfatları yaradılıb, ailə təsərrüfatlarının fəaliyyətinə geniş yer verilib. Belə layihələrin uğurlu icrası əhalinin məşğulluğunu təmin etməklə bərabər, artıq öz nəticələrini də göstərməkdədir. Təsadüfi deyil ki, muxtar respublikada daxili tələbatın ödənilməsi ilə yanaşı, müxtəlif məhsullar üzrə ixrac potensialı da yaranıb və məhsullarımız bir sıra qonşu ölkələrin bazarlarına çıxarılır.

Son illər ərzində kənd təsərrüfatı sahələri üzrə bütün istiqamətlərdə mühüm göstəricilər əldə edilib. 2020-ci ilin yanvar-oktyabr aylarında 431 milyon 390 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 20839 ton, süd istehsalı 79649 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı isə 1,6 faiz artıb.
Bu gün muxtar respublikada kənd təsərrüfatı sahəsinə ən aşağı faizlərlə kreditlər təklif olunur. Bundan əlavə, rayonlarda bank filialları yaratmaq və xidmət sahələrini müasirləşdirməklə təsərrüfat subyektlərinin fəaliyyətini asanlaşdırmaq işləri daim diqqətdə saxlanılır ki, bu da iqtisadi fəaliyyətin stimullaşdırılmasına öz töhfəsini ­verməkdədir.

Eltun İBRAHİMOV
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR