09 Dekabr 2021, Cümə axşamı

Muxtar respublikada əhalinin payız-qış mövsümündə kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin edilməsində soyuducu anbar və istixana komplekslərinin rolunu, xüsusilə vurğulamaq lazımdır. Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırılması ilə yanaşı, ixracı da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması deməkdir ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında öz əksini tapır.
Qeyd edək ki, soyuducu anbarlara, əsasən, muxtar respublikada yetişdirilən yerli meyvə-tərəvəz məhsulları tədarük olunduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə böyük stimul yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına daxili bazarın vəziyyətinin təhlili, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükü və onların ehtiyatlarının yaradılması kimi mühüm vəzifələr qoyulmuşdur.

Bu vəzifələrin yerinə yetirilməsi ilə bağlı cari ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirilmiş, mövsümündə tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün soyuducu anbar komplekslərinin tikilərək istifadəyə verilməsi və genişləndirilməsi diqqətdə saxlanılmışdır. Bu məqsədlə həmin sahənin inkişafına 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 351 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Bu gün muxtar respublikada sahibkarların şəxsi investisiyası və dövlət maliyyə dəstəyi hesabına yaradılan 42 soyuducu anbarın ümumi tutumu 19 min 390 tondur. Payız-qız mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhəri, Şərur, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarındakı soyuducu anbarlara meyvə-tərəvəz məhsullarının tədarükü davam etdirilir. Cari ilin tədarük dövründə həmin anbarlara 6921 ton kartof, 277 ton soğan, 531 ton alma, 150 ton üzüm tədarük olunmuşdur. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən meyvə və tərəvəz məhsullarının nağd alınaraq tədarük olunması yerli istehsalçıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsində də böyük rol oynayır. Cari ildə anbara dəyəri nağd ödənilməklə 1111 ton kartof, 250 ton soğan, 20 ton alma tədarük olunmuşdur.
Muxtar respublikada əhalinin meyvə və tərəvəz məhsullarına artan tələbatı, yeni əkinəyararlı torpaq sahələrinin istifadəyə verilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalının yüksəlməsi, aqrar sektorda intensiv metodların tətbiq olunması ilə məhsuldarlığın günbəgün artması soyuducu anbarların sahələrinin genişləndirilməsini zəruri edir. Bu məqsədlə cəmiyyət tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına qurulması nəzərdə tutulan 800 ton tutumlu yeni soyuducu anbarın layihələndirmə işləri tamamlanmış və tikintisinə başlanılmışdır.
Həmçinin soyuducu anbarlara tədarük olunan məhsulların keyfiyyət göstəricilərinin keyfiyyət standartlarının tələblərinə uyğunluğuna nəzarət nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən həyata keçirilir. Cari ilin ötən tədarük dövründə laboratoriya tərəfindən 33 halda kartof, soğan və alma məhsullarından nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilmiş, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR