09 Dekabr 2021, Cümə axşamı

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Bu baxımdan ölkə iqtisadiyyatının inkişaf etdirilməsində sənaye və kənd təsərrüfatı sahələri xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında da regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada genişmiqyaslı infrastruktur layihələrinin gerçəkləşdirilməsini təmin etmiş, iqtisadiyyatın bütün sahələri üzrə inkişafa nail olunmuşdur. Özəl sektora yeni yanaşmaların tətbiqi, məhsul istehsalında qabaqcıl texnologiyalardan istifadəyə geniş yer verilməsi  istehsalatda yeni təsərrüfatçılıq sisteminin formalaşmasına öz töhfəsini vermişdir. Nəticədə, muxtar respublika iqtisadiyyatında rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı əsas iqtisadi hədəfə çevrilmişdir. 

Qeyd edək ki, bu gün azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsinə imkan verir. Həm bazarın tələbinin təmin edilməsi, həm də yerli xammal potensialından istifadənin genişlənməsi sənaye məhsullarının istehsal həcminin ildən-ilə artmasına şərait yaradır ki, bu da həmin sahədə uğurlu nəticələrin qazanılmasına stimul olur. İqtisadi inkişafın mühüm göstəricisi sayılan ümumi daxili məhsulun tərkibində sənayenin ilk yeri tutması da bunu sübut edir. Belə ki, muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 840 milyon 976 min manat olmuşdur ki, burada sənayenin payı 758 milyon 415 min 700 manat təşkil etmişdir. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Həyata keçirilən iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsinə də əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Buna görə də sənaye ilə yanaşı, kənd təsərrüfatı sahəsi də yüksək səviyyədə inkişaf etməkdədir. Aqrar sahənin inkişafını nəzərdə tutan Dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması, istehsal olunan məhsulun satışının təşkili təsərrüfatçılara yeni imkanlar yaratmış, kənd təsərrüfatının bütün sahələrinə marağın artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin hazırda icrası davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikanın kompleks inkişafını sürətləndirməklə bərabər, aqrar sahədə də məhsul bolluğunun yaradılmasına imkan vermişdir. Məhz buna görədir ki, ötən il olduğu kimi, bu il də kənd təsərrüfatı məhsullarının istehsal həcmi xeyli artmaqdadır. Statistikaya görə, 2020-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 323 milyon 769 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. İstehsal artımını ayrı-ayrı məhsullar üzrə nəzərdən keçirsək, görərik ki, bəhs olunan dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli-paxlalılar istehsalı 7,5 faiz, dən üçün qarğıdalı istehsalı 11,4 faiz, kartof istehsalı 1,5 faiz, meyvə istehsalı 1, üzüm istehsalı isə 1,1 faiz çoxdur. Heyvandarlıq məhsulları üzrə isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8, süd və yun istehsalı hər iki halda 1,4, yumurta istehsalı isə 1,7 faiz artmışdır.
Yeri gəlmişkən bunu da vurğulamaq lazımdır ki, məhsul istehsalı həcminin artmasında mühüm amillərdən biri də təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının yaxşılaşdırılmasıdır. Rəsmi rəqəmlərə müraciət etsək, görərik ki, 2020-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 119 milyon 399 min 400 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,5 dəfə çoxdur.
Beləliklə, mövzu ilə bağlı əldə olunan nəticələri ümumiləşdirsək, görərik ki, bu ilin yanvar-avqust aylarında sənaye məhsulları istehsalı 1, kənd təsərrüfatı məhsullarının istehsalı isə 3,6 faiz artmışdır. Bu da muxtar respublikanın kənd təsərrüfatı məhsulları potensialını daha da gücləndirir ki, nəticədə, “İxrac ili”ndə daha çox məhsul ixrac etmək imkanlarımız yaranır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR