Muxtar respublikada aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, əkin dövriyyəsinə yeni torpaqların qatılması və müasir suvarma sistemlərinin qurulması bu sahədə davamlı inkişafı təmin etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sentyabr ayında kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müşavirələr, tarla seminarları və fərdi qaydada maarifləndirmə tədbirləri keçirilmişdir. Yaz əkinlərində və təkrar əkinlərdə istehsal olunan məhsulların itkisiz, vaxtında yığılıb bazarlara çıxarılması və vegetasiya müddətində aqrotexniki tədbirlərdən düzgün istifadə edilməsi barədə sahibkarlara maarifləndirici məsləhətlər verilmişdir. Həmçinin kartof və soğanın yığımının qısa müddətdə başa çatdırılması, toplanmış məhsulun Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və sahibkarların anbarlarına təhvil verilməsi, eləcə də qarğıdalı biçinini vaxtında və itkisiz başa çatdırmaqla əlaqədar mexanizator və texnika mülkiyyətçiləri ilə fərdi qaydada söhbətlər aparılmışdır. Payızlıq taxıl əkinlərinin vaxtında aparılması üçün keyfiyyətli şumun qaldırılması və yüksək reproduksiyalı rayonlaşdırılmış toxum materiallarından istifadə edilərək əkinlərin aparılması sahibkarlara tövsiyə edilmişdir.

Nazirliyin mütəxəssisləri tərəfindən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatında Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Aqrokimya və torpaqşünaslıq ixtisasi üzrə təhsil alan tələbələrinə praktik vərdişlərin aşılanması məqsədilə “Payızlıq taxıl əkinlərinə hazırlıq”, “Üzvi və mineral gübrələrdən istifadə edilərək torpağın strukturunun yaxşılaşdırılması yolları” mövzularında açıq dərs keçilmişdir. Birliyin əməkdaşları tərəfindən muxtar respublikanın 61 kəndində torpaq tədqiqat işləri aparılmış, 286 torpaq nümunəsi gətirilərək analiz olunmuş və nəticələri haqqında məlumat verilmişdir. Muxtar respublikamızda şoran torpaqların meliorativ vəziyyətinin öyrənilməsi məqsədilə torpaq tədqiqat obyektlərindən gətirilmiş torpaq nümunələrində PH-ın, karbonatlılıq və humusun təyin edilməsi analizləri aparılır və hesabatlar hazırlanır.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları muxtar respublika ərazisində istixana və parnik təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüşüb, onlara istixana şəraitində tələb olunan keyfiyyətli toxum və şitillərin alınıb əkilməsinə, xəstəlik və zərərvericilərin qarşısının vaxtında alınmasına dair tövsiyələr vermişlər. Ay ərzində 43 ailə təsərrüfatı rəhbəri tərəfindən müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə idarəyə gətirilən nümunələrə baxılmış, mübarizə tədbiri olaraq lazımi məsləhətlər verilmişdir.
Payz-qış mövsümünə hazırlıqla bağlı heyvandarlarla müşavirələr keçirilmış, 26-27 sentyabr tarixlərdə Naxçıvan şəhərində keçirilən beşinci “Arıçılıq məhsulları – bal festivalı”nda arıçıların iştirakı təmin olunmuşdur. Dövlət Baytarlıq Xidmətində nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayev tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” adlı kitabın və “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” nın təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti