07 Dekabr 2021, Çərşənbə axşamı

Bunu növbəti “Arıçılıq  məhsulları-bal” festival  da sübut etdi

 

Öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yüksək qiymətləndirilən Naxçıvan balının və arıçılıq məhsullarının tanıdılmasına muxtar respublikada böyük diqqət və qayğı göstərilir. Artıq ənənə halını alan festifalların keçirilməsi bu qiymətli ərzaq məhsulunun təqdimi və təbliği baxımındam mühüm əhəmiyyət daşıyır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən beşinci “Arıçılıq məhsulları-bal festivalı” da bu tədbirlərin davamı kimi yaddaqalan oldu.  Festivaldan hazşrlanan reportajı oxucularımıza təqdim edirik. 

Etibar Məmmədov artıq iki ildir ki, Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin sədridir: – Arıçılıq yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikamızın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin də inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Müsahibim bildirir ki, yaz aylarında arıçılıqda həyata keçirilən mühüm tədbirlərdən biri arı ailələrini keyfiyyətli mum vərəqi ilə təmin etməkdir. Şahbuz rayonunda fəaliyyət göstərən “Naxçıvan arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində artıq mum vərəqlərinin də istehsalına başlanılıb. Gündəlik istehsal gücü 35 kiloqramdır. Burada avadanlıqlar tam avtomatlaşdırılıb. Ən son model olan həmin avadanlıqla tökmə üsulu ilə mum birbaşa istehsal olunur. Bu, dünyada ən mükəmməl üsul hesab edilir.

Etibar Məmmədovun sözlərinə görə mumun təmizliyi çox vacib şərtdir. Çünki bu vərəqlərdə arılar öz balalarını bəsləyir. Bəzi sahibkarlar mum vərəqlərini xarici ölkələrdən alır. Həmin vərəqlərdə əlavə qatqılar çox olduğundan məhsuldarlıq aşağı düşür, həm də arı ailələrində xəstəliklər baş verir. İstehsal etdiyimiz mum vərəqləri demək olar ki, bütün standartlara cavab verir, muxtar respublikada baytarlıq apteklərində satışı təşkil edilir. Hətta ölkəmizin Astara, Lənkəran, Quba və digər rayonlarından da sifarişlər qəbul olunaraq bu bölgələrə məhsul göndərilir. Etibar müəllim həm də 2015-ci ildə nəşr olunmuş “Arıçılıq, təbiət və təbabət” kitabının müəllifir. O, muxtar respublikada arıçılıqla məşğul olanlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək deyi ki, belə qayğı diyarımızda arı ailələrinin getdikcə artması, daxili bazarda arıçılıq məhsullarına tələbatın ödənilməsini təmin edib. Ölkəmizin digər regionlarında diyarımızda istehsal olunan arıçılıq məhsullarına yaranan təlabat isə keyfiyyətilililiklə bağlıdır. 

 

Onu da qeyd edək ki, Şahbuz rayonu  Sələsüz kənd sakiniolan Etibar Məmmədovun şəxsi təsərrüfatında 120 arı ailəsi var. Ailə təsərrüfatı baldan başqa bir sıra arıçılıq məhsulları – arı südü, çiçək tozu, güləm, mum, vərəmum da hazırlayır, xalq təbabəti reseptləri əsasında kosmetoloji kremlər də istehsal edir. İqtisadi cəhətdən xeyli səmərəli olan arıçılıqdan əldə etdiyi gəlir ailənin maddi tələbatını ödəyir. İstehsal olunan məhsullar muxtar respublikada ənənəvi olaraq keçirilən “Arıçılıq məhsulları-bal festivalı”nda özünə xeyli alıcı qüvvəsi tapıb. Etibar müəllimin söhbəti Festivala muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur rayonunun Günnüt kəndindən gələn, 88 arı yeşiyinə qulluq göstərən, bu günə qədər keçirilən bütün festivallarda fəal iştirak edən Fikrət Məmmədov ilə də həmsöhbət olduq.  Müsahibimiz bildirdi ki, bu festivala 120 kiloqram bal çıxardıb. O, onu da qeyd etdi ki, keçirilən belə festivallar arıçılığın inkişafına öz töhfəsini verir.       

     Fikrət Məmmədov arıların qışlaması ilə  bağlı  da danışaraq bildirdi ki,  keyfiyyətli bal əldə etmək istəyən arıçıların ilin müəyyən vaxtlarında köç etməsi olduqca vacibdir. Bu zaman arıların müxtəlif çiçəklərdən topladıqları tozlar bal istehsalına müsbət təsir edir.Köç etməkdə məqsəd odur ki, dağlarda hasilə gəldiyinə görə müalicəvi əhəmiyyəti də yüksək olan bal əldə edilsin. Təcrübəli arıçı alıcılıarın maraq dolu suallarına da cavab verərək dedi ki, balın keyfiyyəti, müalicəvi xüsusiyyətlərinin təsirliliyi toplanan çiçək tozundan aslı olaraq dəyişir. Ümumiyyətlə, tək Azərbaycanda yox, eləcə də xaricdə ən yüksək keyfiyyətli bal qara tikan balı hesab olunur. Cökə balı da, çəmən balı da kifayət qədər keyfiyyətlidir. Bunların hamısı qarışıq olsa, daha yaxşı olar. Dərman tərkibli, ətirli çiçəklər məskəni Şahbuzun balı nəinki muxtar respublikada Bakı şəhərində də çox tələb olunan məhsullardandır. Muxtar respublikamızın digər bölgələrində olduöu kimi, Şahbuz rayonunda da ailə təsərrüfatlarının işinin mükəmməlləşdirilməsi istiqamətində hər cür şərait yaradılıb.  Şahbuz rayonu üzrə 113 ailə təsərrüfatıçısı var ki, onlardan 48 arıçı “Arıçılıq məhsulları-bal festivalı”nda iştirak edir.  Ümumilikdə, rayon üzrə festivalda 8 çeşiddə bal və bal məhsulları nümayiş olunur. İllərdir keçirilən festivalların iştirakçısı olmuş, 2019-cu ildə qalib seçilmiş Şahbuz şəhər sakini Allahverdi Allahverdiyevin dediklərindən:      - Hər il olduğu kimi bu ildə festivalın olmasını səbirsizliklə gözləyirdik. Var olsun dövlətimiz ki, bizim kimi zəhmətkeşlərə şərait yaradır, əməyimizə qiymət verir. Biz də zəhmətimiz hesabına ərsəyə gətirdiyimiz  bal və bal məhsullarının satışını həyata keçiririk. Gülümsəyərək: “Hələ bu harasıdır? Sabah bizlərdən qalib də olacaq, fəxri fərmanla mükafatlanacağıq. İşimizə bu səviyyədə can yandırmağımızın səbəbi zəhmətimizə verilən bu real  qiymətdir”, - deyən həmsöhbətim bildirir ki, dövlətimiz hər bir arıçı kimi ona da xüsusi subsidiyalar təyin edib ki, bundan da səmərəli yararlanırlar. Allahverdi Allahverdiyev   bu il də festivala  hazırlıqlı gəldiyini söyləyir: -  Ötən il bu gördüyünüz cürbəcür bal çeşidlərini əldə edənlər bu il də, həmin məhsullarla maraqlanır. Hamısı da razılıq edirlər. Qeyd edim ki,  110 arı ailəsinə qulluq edirəm. Festivalda 100 kilo məhsulumuz sərgilənib. İlk saatlarda artıq 10 kilo balımız  satılıb.

Sədərək rayon sakini, 72 yaşlı Məhərrəm baba da  40-a yaxın arı ailəsinə qulluq edir:   – Ata-babalarımız yüz  illərdir ki, arıçılıqla məşğul olub. Baldan və digər arıçılıq məhsullarından hər sahədə istifadə edilib. Mum da qədim zamanlardan azərbaycanlıların məişətində xüsusi yer tutub. Ondan gəmiqayırmada, gön-dəri istehsalında, iptoxumada, qaytan hazırlanmasında istifadə olunub. Mumdan hazırlanan şam əsrlər boyu evlərdə çıraq kimi işlədilib.

Arıçılıq peşəsini özünə ata-babadan qalan miras kimi dəyərləndirən Ordubad rayonunun Nəsirvaz kənd sakini Elməddin Rzayev də muxtar respublikamızda hər il ənənəvi olaraq keçirilən bal festivalına müxtəlif növ məhsullar çıxaran təsərrüfatçılarımızdandır. Üzərində Elməddin Rzayevin zəhməti hesabına ərsəyə gələn məhsullar olan piştaxta kənardan baxanlarda xoş təəssürat yaradır. Çünki, burada demək olar ki, Tanrının möcüzəvi bəxşişi olan zəhmətkeş arıların  yaratdığı bütün məhsullar yer alır. Elməddin Rzayev deyir ki, dövlətimizin dəstəyi bu sahəni daha da genişləndirməyə stimul verir. Arı xəstəliklərinə qarşı müxtəlif dərman preparatları ilə təmin olunuruq. Hər il biz arıcılar üçün subsidiyalar ödənilir, həmçinin, keçirilən bu festivallar istehsal etdiyimiz məhsulları əlverişli qiymətə satmağımıza şərait yaradır. 80-dən çox arı ailəsi olan təəsərrüfatçının festivala çıxardığı şan bal, süzmə bal, çiçək tozu, arı mumu, vərəmum, ballı sucuq, bal doşabı, ballı tort, bal sirkəsi və digər məhsullar  alıcılar tərəfindən rəğbətlə qarşılanır.

“Ordubad rayonu” başlığı altında yerləşən bölmədə diqqətimizi çəkən digər piştaxtada isə Tivi kənd sakini, ailə təsərrüfatçısı, arıçı Nizami Əliyevin zəhmətkeş əlinin bal ətirli bəhrələri səliqə ilə düzülüb. 20 ildən çoxdur ki, bu sahəylə məşğul olan  arıçı deyir ki, bu mənim əsas məşğuliyyət sahəmdir. Hazırda 130 arı ailəsinə qulluq edirəm. Arı məhsullarından – mum propolis, çiçək tozu, güləm və digər məhsullar tədarük edirəm. Pətəkdən ildə bir tondan çox bal götürürəm. Elə festivala da hazırda 1 tona yaxın bal çıxarmışam. 2016-cı ildə “Arıçılıq məhsulları – bal festivalı”nda hazırladığım məhsullara görə ikinci yeri tutmuşam. Ötən il mənə dövlət tərəfindən 115 arı ailəsinə görə subsidiya verilib. Əvvəllər arıçılıqda istifadə edilən dərmanları qonşu ölkələrdən çətinliklə əldə edərdik, lakin bu gün muxtar respublikamızda biz arıçılar üçün yaradılan şərait keyfiyyətli məhsul istehsalı ilə yanaşı, arı ailələrinin sayının artmasına da səbəb olub.

Kəngərli rayonun Çalxanqala kənd sakini Yusif Səmədov uzun illərdir ki, arıçılıqla məşğuldur. O bildirir ki, xalqımız balı min bir dərdin dərmanı hesab edib. Məhz ona görə də xalq arasında deyirlər ki, bal yeyənin gözünə işıq gələr. Qədim zamanlardan yaraların müalicəsində, xüsusilə ağız boşluğundakı yaralar, habelə yanıqlar xalq arasında balla müalicə edilib. Balıq yağı ilə bal qarışığı xüsusən gec sağalan yaraların müalicəsində əvəzsizdir. Xalq təbabətində qara ciyər, ürək xəstəliyinin müalicəsində, ümumi zəifliyin, başgicəllənməsinin qarşısının alınmasında bal ən yaxşı dərmandır. Həzm prosesinə yaxşı təsir göstərdiyindən mədə-bağırsaq xəstəliklərində bal yeməyi məsləhət görürlər. Bu sahə ilə məşğul olmaq üçün arıçılıqla bağlı qayda-qanunları bilmək daha yaxşı olar. Bir də ki, ay qızım, əsas odur ki, arı  ğzü kimi, halallıq, təmizlik, cəfakeşlik tələb edir. Onların nazını çəkib düzgün qulluq etsən, arılar tələf olmaz və istədiyimiz məhsuldarlığı ala bilərik. 

Rayon sakini ilə söhbətimizə bu gün buraya bal almaq üçün gələn  Naxçıvan şəhər sakini Xalidə nənə qoşulur. 50 ildir ki, tibb bacısıişləyən həmsöhbətimiz deyir: - İnsan övladı dünyaya gözünü açanda ilk daddığı nemət baldı. Xalq təbabətində bal ilə yanaşı, arı mumu ilə də müalicə qədim zamanlardan geniş yayılmışdır. Loğmanlar yel azarı, qığırdaqlaşma və sınıqların müalicəsində mumdan istifadə ediblər. Yaşlı arıçıların söylədiyinə görə, keçmişdə oynaqlarda, əzələlərdə yel xəstəliyi olanda özlərini arının sancması ilə sağaldırdılar. Azərbaycanın başqa bölgələrində olmuşam. Naxçıvan balının dadını heç yerdə görməmişəm. Çoxları etiraf edib ki, ən dadlı və keyfiyyətli bal Naxçıvan balıdır. Bu isə Naxçıvanın əlverişli  iqlim şəraiti və təbiəti ilə bağlıdır. Bunun digər bir səbəbi də odur ki, əgər başqa  yerlərdə  balı  mövsüm ərzində bir neçə dəfə  süzürlərsə, Naxçıvanda bal süzümü yalnız ildə bir dəfə olur. Az, amma  keyfiyyətli. Buna görə də  tərkibinin zənginliyinə, qidalılığına, müalicəvi əhəmiyyətinə görə digər bölgələrin məhsullarından daha keyfiyyətlidir.                                                   

Culfa rayonundan festivala 60 arıçı, 15 çeşiddə 2825 kiloqram arıçılıq məhsulları çıxarılıb. Festivalda müxtəlif arıçılıq məhsulları ilə iştirak edən ailə təsərrüfatçısı İlqar Hüseynovla həmsöhbət oluruq. O bildirir ki, beş ildir, arıçılıqla məşğul olur, 102 arı ailəsinə qulluq edir. Festivala 220 kiloqram arıçılıq məhsulları çıxaran müsahibim hər il “Arıçılıq məhsulları-bal festivalı”nda iştirak edir. Hər iştirakında isə qalib adını qazandığını və diplomla təltif edilib. İlqar Hüseynovun arıçılıq məhsulları içərisində diqqətimi xüsusi şəkildə qablaşdırılmış məhsullar çəkir. Müsahibim deyir ki, bu qablaşdırmanı Culfa şəhərində yerləşən “Gülüstan Damazlıq Arı Yetişdirmə Məntəqəsi”ndə həyata keçirib. Ailə təsərrüfatçısı onu da bildirir ki, dövlətin arıçılığın inkişafına dəstəyi, muxtar respublikada bu sahəyə göstərilən xüsusi diqqət və qayğı ona təsərrüfatını genişləndirmək üçün imkan yaradıb. “Hər arı ailəsinə görə 10 manat subsidya alıram, digər tərəfdən kredit götürməklə təsərrüfatımı artırmışam. Hər il təşkil edilən bu festivalda iştirak etməklə isə həm  istehsal etdiyimiz məhsulları tanıda, həm də əlverişli qiymətə sata bilirik. Bizə bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm”.

Babək şəhərindən isə festivala 35 arıçı, 11 çeşiddə 1500 kiloqramdan çox məhsul çıxarılmışdı. Bu məhsullar içərisində süzmə və şan bal, mum, vərəmum, bal qaymağı, bal şərbəti, güləm, çiçək tozu və digərlərini göstərmək olar. Arıçı İsmixan İmanverdiyevlə həmsöhbət oluruq. Aşağı Buzqov kəndindən olan müsahibim bildirir ki, 50 arı ailəsi var və festivala da 50 kiloqram məhsul çıxarıb. Dədə-babadan qalan yolu davam etdirən təsərrüfatçı uşaq yaşlarından arıçı peşəsinin sirlərinə yiyələnib, artıq dördüncü ildir ki, festivalda iştirak edir. Bu il 150 kiloqram bal süzdüyünü deyən müsahibim bu sahənin inkişafına yaradılan şərait, onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edir.

Sevindirici haldır ki, rayonlarımızla yanaşı Naxçıvan şəhəri də bu festivalın bir güşəsində öz məhsullarını nümayiş etdirir. Zəngin təbiətinin mövcud olması, burada bal məhsullarının inkişafına şərait yaradıb. Festivalda muxtar respublikamızın paytaxtını 23 ailə təsərrüfatçısı təmsil edir. Vurğulamaq yerinə düşər ki, 2997 kiloqram bal satışa çıxarılıb. Qeyd edək ki, ümumilikdə, 6 çeşid olmaqla, vərəmum, arı südü, pətək, şan balları,  kimi müxtəlif bal və bal məhsulları alıcılara təqdim edilib.

4 ildir ki, yüksək keyfiyyətli bal məhsulları əldə etməklə məşöul olan müsahibim Məhərrəm Eyvazovun bizimlə söhbətindən: - Əvvəldən bu sahəyə marağım olub. Düzünə qalsa, Naxçıvanda bu işin öhdəsindən gələ bilərdim, ya yox kimi fikirləri məni düşündürürdü. Lakin yaxınlarımızın bu sahədən götürdükləri qazancı görəndə düşündüm ki, niyə də olmasın? Mən də bu sahə lə məşğul olub, ailəmin tələbatını ödəməyə, qazanc da əldə etməyə başladım. Elə ötən il festivalda birinci yerə layiq görülməyim məni daha da ruhlandırdı. Bu gün bu işin öhdəsindən layiqincə gəldiyimi düşünürəm. Bunun nəticəsidir ki, arı ailələrinin sayını 100-ə çatdırmışam. Festivalda 260 kilo olmaqla 6 müxtəlif çeşidli bal və bal məhsullarını satışa çıxarmışam.

Festivalda kiçik sahibkar Mehbarə Hüseynova bal istehsalçısı olmasa da baldan hazırlanan bir çox şirniyyatları buraya gələn qonaqlara təqdim etməsi də diqqətimizi çəkir. O deyir ki, hələ çox qədimlərdən nənələrimiz, analarımız baldan müxtəlif növ mürəbbə, bəkməz, riçal bişiriblər. Baldan sirkə də alıb, dadlı və ətirli şərbət də hazırlayıblar. Baldan müxtəlif növ şirniyyat məhsulları hazırlanmasında geniş istifadə edilir. Ordubad paxlavasına, qayğanağına şirə əvəzinə bal hopdurur, ruletin, qozlu burmanın içini hazırlamaq üçün qoz, bal və ədviyyatdan istifadə edirlər. Müxtəlif növ halva, quymaq, xəşil bişirərkən bal işlədirdilər. Mərasim halvasını, adətən, balla çalarlar. Biz də bu gün buraya balla hazırlanan müxtəlif növ şirniyyatlar hazırlayıb gətirmişik, alıcı marağı da böyükdür. 

Festivalda diqqət çəkən məqamlardan biri də əcnəbilərin də iştirakı idi. Türkiyə vətəndaşı Mikayıl Demirbaş oğlu ilə birlikdə festivalda bütün bal məhsullarına çox diqqətlə baxdığını görüb təəssüratlarını öyrənirik: -Açığı, Naxçıvanı bu qədər canlı təssəvür etmirdim. festivala xüsusi təmtəraqla hazırlaşılıb. Burada diqqətimi çəkən əsas məqam əhalinin kənd təsərrüfatı məhsullarına daha çox üstünlük verməsi oldu. Sanki hamı təbii qidalanmağı əsas amil hesab edir. Hansı alıcıya yaxınlaşdımsa, məni çox səmimi qarşılayıb bal haqqında ətraflı məlumatlar verdi. Mən də seçimimi etdim.  Bu balı yaşadığım  Ankaranın Kırıkkale mərkəzinə aparacağam. Balın çox gözəl ətri var. Sizin balın təbiiliyi haqqında çox eşitmişdim. Bu gözəlliyi gözlərim ilə də gördüm. Festivalın maraqlı tərəflərindən biri də əyləncəli konsert proqramının təşkil olunmasıdır. Çox gözəl milli rəqsləriniz var. Milliliyə önəm verməyiniz də tarixinizə hörmətlə yanaşmağınızın nəticəsidir. 

20 yaşlı Furkan Demirbaşda atasının söhbətinə qoşulur: - Naxçıvana gəldiyim üçün çox şanslıyam desəm təəccüblənməyin. Naxçıvanı çox sevdim. Şəhərin təmizliyi, gözəlliyi, insanların istiqanlılığı, mehribanlığı çox xoşuma gəlib. Hətta Türkiyədə tanımadığın insana yaxınlaşanda kobud davranışa rast gəlmək mümkünsüzdür. Müraciət etdiyin hər kəs səni mütləq dinləyib sənə kömək edəcək. Naxçıvanda özümü evimizdəki kimi hiss etdim. Tibb təhsili almaq üçün hazırlıqlara başlamışam. Qismət olsa, Naxçıvan Dövlət Universitetinin tələbəsi olacağam. Gəldiyimiz 5 gündür, səbirsizliklə bu festivalın baş tutmasını gözləyirdik. Çox maraqlı, rəngarəng və yaddaqalan oldu. Onu deyə bilərəm ki, alıcılara təqdim olunan bu ballar çox münasib qiymətə satılır. Sahibkarlarla söhbət edib festiavalla bağlı maraqlı xatirlər topladım.             Türkiyənin Düzcə şəhər sakini Atabəy Kabagöz ilk dəfədir bu festivalda iştirak edir. Söhbət zamanı öyrənirik ki, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır. Onun dediklərindən: – Festivala ilk dəfədir qatılıram, Naxçıvanı, buranın insanlarını çox sevirəm, səmimi və gülərüzdürlər. Festival vasitəsilə müxtəlif şəhər və rayonlarınızla, oradan gətirilən arı məhsulları ilə tanış oldum. Balı– bu min bir dərdin dərmanı,: şıpşirin məhsulu kim sevməyə bilər ki? Xüsusilə bütün dünyada yayılan pandemiyanın buraya təsir etmədiyini gördükdə daha çox sevindik. Bu festival ilə sözün əsl mənasında həyatın butıun gözəlliklərini sankı yenidən yaşadıq.                                                                                                                İstanbul vətəndaşı Dersim Sağlam da  festivalda iştirakından məmnunluğunu bildirir: - Naxçıvana ilk dəfədir gəlmişəm, amma sanki illərdir burada yaşayıram. Naxçıvan çox təmiz şəhərdir, insanları isə qonaqpərvərdirlər. Burada illərdir, müxtəlif festivalların keçirildiyini öyrəndim. Ona görə deyə bilərəm ki, Naxçıvan tarixi abidələr diyarı, eyni zamanda festivallar şəhəridir. Bu gün təşkil edilən festival isə hər kəs üçün, eləcə də mənim üçün böyük stimul oldu. Buradakı rəngarəngliyi, milli musiqinizi, insanların üzlərindəki gülüşü çox sevdim və əminəm ki, hələ bir sonrakı illərdə də belə festivallarda iştirak edəcəyəm.

Festivalda həmsöhbət olduğumuz zəhmətkeş insanlar arıçılığın inkişafında onlara göstərilən böyük qayğıya və dəstəyə görə dğvlətimizə minnətdarlıq hissi ilə bildirirlər ki, hər il muxtar respublikada keçirilən “Arıçılıq məhsulları-bal festivalı” da fəal iştirak edərək hasilə  gətirdikləri məhsullar dadına, görünüşünə keyfiyyətinə həmişə yüksək qiymətləndirilir. Elə şəhərimizn qonaqlarındanŞ muxtar respublika sakinlərindən – alıcılarla söhbətimizdə də müştəri məmnuniyyətinin şahidi olduq.   

Qeyd edək ki, Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları-bal” festivalında iştirak edən 289 arıçı sahibkarın festivala gətirdiyi arıçılıq məhsullarının keyfiyyətinə və məhsulların çeşidinin çoxluğuna görə müsabiqədə I yerə Naxçıvan Dövlət Universitetindən ElsevərƏsədov, Şahbuz Rayon Sələsüz kəndindən Abbas Məmmədov, Culfa Rayon Kırna kəndindən Həsən Məmmədov,  II yerəOrdubad Rayon Kotam kəndindən  Anar Həsənov, Şərur Rayon Günnüt kəndindən Eliyar  Məmmədov, Naxçıvan şəhəri Qaraxanbəyli kəndindən Rasim Ələkbərov,III yerə Babək Rayon Babək şəhərindən Hüseyn Orucov, Sədərək Rayon Heydərabad kəndindən  Zakir Zamanov, Kəngərli Rayon Təzəkənddən Habil Abbasov layiq görülüblər.

Bu günlər möhtəşəm tarixi abidələr diyarı “Naxçıvanqala”nı xoş bir rayihə - bal və mum ətri bürümüşdü. Xoş ovqat, yüksək əhval ruhiyyə yaradan bu rayihənin bolluq-bərəkət, məhsuldarlıq və firavanlıq rəmzi kimi diyarımızdan əskik olmaması diləyi ilə

 

Ramiyyə ƏKBƏROVA

Güntac ŞAHMƏMMƏDLİ  

Gülcamal  TAHİROVA

Türkan HÜSEYNLİ  

Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR