07 Dekabr 2021, Çərşənbə axşamı

Qədim diyarımızda digər sahələrdə olduğu kimi, su təsərrüfatında da son illərdə böyük uğurlar qazanılıb. Çünki su təmizlik, aydınlıq, həyat deməkdir. Həyatımız isə ərzaq təhlükəsizliyinin təmin olunmasından xeyli dərəcədə asılıdır. Ona görə də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Bəhrələrini hamılıqla gördüyümüz həmin tədbirlərin əsası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulub.

Ümummilli lider meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini ona görə vacib sayırdı ki, məhsuldar torpaq sahələrimiz əkilməmiş qalmasın, şoranlaşmanın qarşısı alınsın, əhalinin yerli əkinçilik məhsullarına tələbatı daxili imkanlar hesabına ödənilsin, ərzaq təhlükəsizliyi təmin edilsin, güclü iqtisadiyyata nail olaq, iqtisadi asılılıq qapılarımızı döyməsin. Bu tədbirlər ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə edirdi. O dövrə qısa ekskurs etsək, görərik ki, əgər 1970-ci ilə qədər muxtar respublikada kiçik və az əhəmiyyətli bir neçə su anbarı yaradılıbsa, həmin ildən sonra ümumi tutumu 1 milyard 544 milyon kubmetr olan 20 su anbarı tikilib. Bütövlükdə, muxtar respublikada 1970-ci ildən sonra istifadəyə verilmiş su anbarları 55 min hektara yaxın torpaq sahəsinin suvarılmasına xidmət edib.
Görkəmli dövlət xadimi Azərbaycana rəhbərliyinin ikinci dövründə də belə tədbirlərin həyata keçirilməsinə ciddi önəm verib.
Bu məqamda yenə bir qədər əvvələ qayıdaraq qeyd edək ki, tikintisinə 1982-ci ildən başlanan, lakin ulu öndər Azərbaycandan gedəndən sonra dayandırılan Naxçıvançay üzərində tikiləcək su anbarında işlər müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra davam etdirilməyə başladı. 2002-ci ildə isə Heydər Əliyev Su Anbarı üçün uzunluğu 24,2 kilometr sağ sahil və uzunluğu 30,35 kilometr sol sahil magistral kanalları tikilərək 2005-ci ildə başa çatdırıldı. Həmin il dekabr ayının 19-da istifadəyə verilən anbarın açılışında ölkə başçısı cənab İlham Əliyev iştirak edib. 100 milyon kubmetr tutumu olan su anbarının hesabına 16830 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi yaxşılaşdırılıb. Bunun 6919 hektarı ilk dəfə su verilən torpaq sahələri olub.

Həmçinin Uzunoba və Arpaçay Su anbarlarında aparılan yenidənqurma işləri nəticəsində həmin su mənbələrinin istismarı uzunmüddətli artırılıb, Sirab və Bənəniyar göllərində bəndin daşla bərkidilməsi hesabına onların layihə gücündə doldurulması mümkün olub, su anbarlarında tələb edilən təmir-bərpa işləri aparılıb. Ümumilikdə isə bu gün muxtar respublika ərazisində Araz Su Anbarı istisna olmaqla, ümumi həcmi 303,5 milyon kubmetr olan irili-xırdalı istismar edilən 31 su anbarı mövcuddur.
Aparılan meliorativ tədbirlər sırasında şoranlaşmanın qarşısının alınmasını da qeyd etmək lazımdır. Məhz belə tədbirlər nəticəsində 2016-2020-ci illərdə Şərur, Babək, Sədərək, Culfa rayonlarında, ümumilikdə, 5500 hektardan artıq ərazidə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Bu isə həmin ərazilərdə yüksək məhsul istehsalına, torpaq mülkiyyətçilərinin yaxşı qazanc əldə etmələrinə imkan verib.
Diyarımızda mütərəqqi suvarma sistemlərinin qurulması da diqqət mərkəzində saxlanılıb. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, istifadə olunmayan torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə qapalı suvarma şəbəkələri tikilib, drenaj xətləri çəkilib. Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 1170, Culfa rayonunun Bənəniyar kəndi ərazisində 1050, Kəngərli rayonunun Böyükdüz, Xok və Yurdçu kəndləri ərazilərində 1916, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 343 hektar sahə olmaqla, ümumilikdə, 4479 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi tikilib. Hazır­da Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.
Babək rayonunun Kültəpə, Şərur rayonunun Xanlıqlar, Ələkli və Vərməziyar kəndlərinə suvarma suyunun verilməsi üçün 6 kilometr yeni boru xətti çəkilib, 50 hektar ərazi yeni əkin dövriyyəsinə daxil edilməklə 1154 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunub.

Ordubad rayonunda Zəvvar və Gülaman arxının 5,05 kilometr hissəsində təmir-bərpa işləri yerinə yetirilib, Əylis kəndi ərazisində 4,3 kilometr uzunluğunda yeni arx çəkilərək 261 hektar torpaq sahəsi daimi suvarma suyu ilə təmin edilib.
Bəhs olunan dövrdə mexaniki suvarma üsulunun tətbiqi də diqqətdə saxlanılıb. İkinci suvarma mənbəyi kimi istifadə edilən 102 nasos stansiyası və 826 subartezian quyusu bu gün torpaq mülkiyyətçilərinin xidmətindədir. Həmin su mənbələrindən səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır.
Yeni nasos stansiyaları, subartezian quyuları vasitəsilə torpaqların əkin dövriyyəsinə qatılması da öz həllini tapıb. Belə ki, 1995-2020-ci illər ərzində Araz, Vayxır, Ordubad çayları, Arpaçay, Naxçıvançay, Buzqovçay üzərində 49 yeni nasos stansiyası tikilib, 410-dan artıq subartezian quyusu qazılıb.
Bəhs olunan dövr ərzində suvarma və içməli su təminatında qədim hidro­texniki qurğu olan kəhrizlərdən geniş istifadə edilib, onların təmir-bərpası daim diqqət mərkəzində saxlanılıb. Bu gün muxtar respublikanın şəhər və rayonlarında 337 kəhriz istismar olunur. 2003-2020-ci illər ərzində 140 kəhrizin təmir-bərpasının aparılması bu qədim su mənbələrindən istifadəni xeyli yaxşılaşdırıb.
Bu illər ərzində muxtar respublikanın su təsərrüfatı işçiləri daha bir vəzifəni yerinə yetirməkdədirlər. Ən qiymətli sərvət olan torpaqlarımızı və yaşayış məntəqələrimizi sel sularının təsirindən qorumaq məqsədilə hər il sahilbərkitmə işləri aparılır. Bu gün Sədərək rayonundan başlamış Ordubadadək, eləcə də Şahbuz rayonunda çay və selovlarda 585 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb. Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarında Araz çayı boyunca 54,1 kilometr sahilbərkitmə işləri aparılıb.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri insanları sağlam və ekoloji cəhətdən təmiz su ilə təmin etməkdir. İçməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində də muxtar respublikamızda irimiqyaslı layihələr həyata keçirilib. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub, əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödənilib.
Naxçıvançay yatağında uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib, kaptajdan su­təmizləyici qurğuya qədər 6,4 kilo­metr özüaxınlı şüşəlifli magistral boru xətti çəkilib.
Babək rayonunun Şıxmahmud kəndi ərazisində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Membrantipli qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.
Naxçıvan şəhərində kanalizasiya sistemləri yenidən qurularkən əsas diqqət yetirilən məsələlərdən biri də çirkab suların təmizlənərək suvarma suyu kimi istifadə olunmasına şərait yaradılmasıdır. Bu məqsədlə Araz çayının kənarında tikilmiş Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi gün ərzində 32 min kubmetr çirkab sutəmizləmə gücünə malikdir. Suvarma mövsümündə təmizlənmiş sudan öz axını ilə 170 hektar, nasoslar vasitəsilə isə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək mümkündür.
Bu istiqamətdə həyata keçirilən tədbirlər paytaxt şəhərimizlə məhdudlaşmayıb, muxtar respublikanın rayonlarında da içməli su və kanalizasiya şəbəkələrinin yeniləşdirilməsi işləri aparılır. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin həcmi də böyükdür. Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Sədərək, Kəngərli rayonlarında, ümumilikdə, 959 kilometr içməli su, 517 kilometr kanalizasiya xəttinin çəkilməsi, 17 min 590 su və kanalizasiya bağlantısının aparılması muxtar respublikada insan amilinə göstərilən qayğının ifadəsi kimi dəyərləndirilir.
Culfa rayonunda tikilmiş sutəmizləyici qurğu gün ərzində 10 min 800 kubmetr və Şahbuz rayonunda tikilmiş sutəmizləyici qurğu isə gün ərzində 6600 kubmetr sutəmizləmə gücünə malikdir. Çirkab suların təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə Naxçıvançay kənarında tikilən Şahbuz şəhər təmizləyici qurğuları gün ərzində 2800 kubmetr çirkab su­təmizləmə gücünə malikdir.
Bu yazıda 1995-ci ildən sonrakı zaman kəsiyində görülən işlərin bir qisminə nəzər saldıq. Reallaşdırılmış tədbirlərin həcmi isə çox böyükdür. Bütün bunlar muxtar respublika sakinlərinin qiymətli sərvət sayılan suya olan tələbatının ödənilməsində mühüm rol oynayıb. Yadıma atalarımızın həmişə xatırladığım sözləri düşür: Su çəkdirmək ən savab işdir.
Muxtar respublika sakinləri də belə savab işlər görməyi həyat amalına çevirənlərə minnətdardır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR