01 Dekabr 2021, Çərşənbə

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinə, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlərin görülməsinə böyük təkan verib. Verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Nehrəm qəsəbəsindəki “Sumqala” üzümçülük təsərrüfatı da ixrac üçün məhsulların istehsalını xeyli genişləndirməyi qarşısına məqsəd qoyub.

Məlumat üçün bildirək ki, 2015-ci ildə yaradılan üzümçülük təsərrüfatı 300 hektara yaxın ərazini əhatə edir, bağlardan hər il bol məhsul götürülür. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin digər bölgələrinə, həmçinin Rusiya və Ukrayna bazarlarına da çıxarılır. Aqrotexniki tədbirlərin vaxtında və tələblərə uyğun həyata keçirildiyi təsərrüfatda hazırda 470-dən çox rayon sakini mövsümi işlə təmin olunub. Yaxın dövrdə məhsul yığımı həyata keçiriləcək. Süni suvarma sisteminin qurulduğu ərazidə xüsusi metrologiya avadanlıqları quraşdırılıb ki, bu da plantasiyanın hansısa hissəsində nəmlik səviyyəsi aşağı düşdükdə məlumatı dərhal sistemə ötürərək suvarma qurğusunu avtomatik olaraq işə salır.
Xatırladaq ki, bu ildən etibarən təsərrüfatda üzümün daşınması üçün yeni plastik səbət istehsalı sahəsi də fəaliyyətə başlayıb. Burada tutumu 2500 ton olan soyuducu anbarın inşa olunması isə imkan verir ki, istehsal olunan məhsul uzun müddət keyfiyyətini itirmədən saxlanılsın və nəfis şəkildə bazara çıxarılsın. 220 hektarını üzüm kolları təşkil edən təsərrüfatın ərazisində əlavə olaraq meyvə bağı da salınıb. Bu il 23 hektar ərazini əhatə edən alma bağından məhsul yığımı həyata keçirilib. Bundan əlavə, təsərrüfatın 5 hektarlıq ərazisində şaftalı, 10 hektarında yeni badam, bu ilin ötən dövrü ərzində isə 22 hektar ərazidə 4 məhsuldar sortdan ibarət yeni gilas bağı salınıb. Xarici sort gilas ağaclarının əkildiyi bağdan ərsəyə gələcək məhsul bu meyvəyə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsini təmin edəcək.
İlbəil fəaliyyətini daha da genişləndirən “Sumqala” üzümçülük təsərrüfatı daxili bazarın müxtəlif növ meyvələrlə təminatında böyük paya malikdir. Yaxın gələcəkdə üzüm bağlarından toplanacaq məhsul təkcə muxtar respublikamızda satılmayacaq, həm də xarici bazarlara göndəriləcək.