15 Yanvar 2021, Cümə

İnsan üçün zəruri olan maddi nemətlərin istehsalında aqrar sahə mühüm yer tutur. Bu sahənin dinamik inkişafı ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, aqrar sənaye müəssisələrinin xammalla təmin olunmasında da mühüm rol oynayır. Eyni zamanda müxtəlif təbii, texnogen və üçüncü şəxslərin hərəkəti mənşəli risk faktorlarına da həssas olan kənd təsərrüfatına müxtəlif səbəblərdən dəyən maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edən aqrar sığorta da hazırda aktual məsələlərdəndir. 

Yanvar ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalanıb. Bu mühüm dövlət sənədi kənd təsərrüfatının inkişafı üçün ardıcıl olaraq həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Belə ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarlar yaradılması, satış yarmarkalarının təşkil olunması, maşın, mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cins­lərin yetişdirilməsi, xaricdən alınması, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır. Görülən kompleks işlər nəticəsində diyarımızda bu sahənin dayanıqlı inkişafı, onun çoxşaxəliliyi təmin olunub, müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üçün əlverişli zəmin yaradılıb. Artıq Naxçıvanda mövcud torpaq, su, iqlim ehtiyatlarından, habelə maddi-texniki bazadan səmərəli istifadə olunması ilə aqrar sahədə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalı üçün hər cür imkanlar vardır.

Kənd təsərrüfatı Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında sənayedən sonra ikinci böyük sahədir. Buna görə də aqrar sahənin potensial risklərdən zərər görmədən dayanıqlı inkişafı dövlətin iqtisadi və sosial cəhətdən prioritet kəsb edən qərarlarında öz yerini qorumaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Dövlət Baş Sığorta Agentliyi qarşısında muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi ilə yanaşı, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması kimi mühüm vəzifələr qoyulub. Bu vəzifələrin icrası istiqamətində görülmüş işlər muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə müsbət təsir edir.
Kənd təsərrüfatı məhsulları istehsalında çox sayda qəfil hadisələr baş verə bilər. Bu sahədəki sahibkarlara istər əkinçilik, istərsə də heyvandarlıq məhsullarının istehsalında, habelə hazır məhsulun daşınması və anbarlanması zamanı yaranan qəfil, gözlənilməz təbii fəlakətlər – zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, həmçinin yanğınlar, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmaları, zəhərli otlar və yemlərdən zəhərlənmə, kütləvi zəhərlənmələr nəticəsində ölüm, habelə vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri nəticəsində xeyli zərər dəyə bilər. Bütün bunlar aqrar sahə ilə məşğul olan vətəndaşların ilboyu çəkdiyi zəhməti hədər edən zərərlər doğurur ki, bu da kənd təsərrüfatında sığorta işinin aktuallığını bir daha artırır.
Ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, limon, tütün, üzüm, badam, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, həmçinin akvakultura məhsulu üzrə balıqlar daxil edilir. Qeyd edək ki, bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Aqrar sığortanın bu istiqamətlərdə tətbiqi məşğulluğun artması ilə yanaşı, sadalanan məhsulların istehsalında artım, bazardakı qiymətlərin sabitləşməsi, investisiya risklərinin azaldılması, fermerlərin himayəsinin gücləndirilməsi, istehsalı genişləndirmək üçün şəraitin təmin edilməsi və sığorta bazarının gücləndirilməsi məqsədi daşıyır.
Kənd təsərrüfatında sığorta könüllü formada həyata keçirilir. Burada sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığortahaqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanılması faktını təsdiqləyir. Aqrar sığortahaqqı sığorta qaydalarına əsasən idarəedici qurum tərəfindən hər bir sığorta məhsulu üzrə ayrıca hesablanır və kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar, akvakultura məhsulu üzrə sığortahaqqının 50 faizi sığortalı, digər 50 faizi isə dövlət büdcəsi hesabına ödənilir.
Kənd təsərrüfatında dövlət tənzimlənməsi və sahibkarlara dövlət dəstəyinin göstərilməsi bir reallıqdır. Aqrar sığorta da burada sahibkarın maraq və mənafelərini qoruyan bir xidmət sahəsi kimi özünü göstərir. Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına göstərilən hərtərəfli diqqət aqrar sığorta sahəsində də gələcəkdə mühüm uğurlara təminat verir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR