17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Dövlət Texniki Nəzarət Müfəttişliyinin 2012-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Müşavirəni Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov açaraq bildirmişdir ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüş, həyata keçirilən tədbirlər hesabına kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki ilə nisbətən 9 faiz artmışdır.
Müşavirədə dövlət texniki nəzarət müfəttişi Zərrab Əfəndiyev məruzə ilə çıxış edərək bildirmişdir ki, 2012-ci ilin yanvar-mart aylarında muxtar respublikanın rayonlarında mövcud olan bütün növ kənd təsərrüfatı texnikalarının sazlıq vəziyyəti araşdırılmış, təmiri mümkün olmayan yararsız texnikalar rayonlar üzrə müəyyənləşdirilmiş, idarə, müəssisə və təşkilatların balansında olan yararsız texnikaların silinməsi və uçotdan çıxarılması təmin edilmişdir. Təmiri mümkün olan texnikalar isə təmir olunaraq saz vəziyyətə salınmışdır.
2012-ci ildə muxtar respublikada biçin ərəfəsində 116 ədəd müxtəlif markalı kombayn tam saz vəziyyətdə olmuşdur. Texniki nəzarət müfəttişləri tərəfindən tabelikdə olan traktor parklarında, eləcə də fiziki şəxslərə məxsus traktor və digər texnikalar texniki baxışdan keçirilmişdir.
Müşavirədə yeni alınan texnika və ya ödənişi qurtarmış texnikaların sənədləşmə işlərinin mövcud qaydalara uyğun olaraq vaxtında başa çatdırılmasının təmin olunması, texnikaların sazlığının araşdırılması, yaz-tarla işləri ilə əlaqədar nasaz texnikaların təmir edilərək işlək vəziyyətə salınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda komitənin sədri Malik Rzayev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması ilə əlaqədar ötən il monitorinq aparılmış 641 təsərrüfat subyektində 1754 ədəd istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadənin qarşısı alınmışdır. İstehsal prosesi “Halal” ət məhsulları standartının tələblərinə uyğun olmayan 3 ət məhsulları emalı müəssisəsində “Halal” adı ilə markalanan ət məhsullarının istehsalı dayandırılmış, 286 kiloqram etiketin istifadəsinə, istehsal olunan 140 kiloqram, eləcə də idxal olunan 171 kiloqram məhsulun satışına qadağa qoyulmuşdur. 2012-ci ildə 37 laboratoriyada akkreditasiya işləri aparılmış, 2 sınaq laboratoriyasının təkmilləşdirilməsi və 12 təsərrüfat subyektinə laboratoriyanın qurulması üçün metodik köməklik göstərilmişdir. 6 təsərrüfat subyektində yeni yaradılmış laboratoriya akkreditasiyadan keçirilmişdir ki, bunların da 2-si un dəyirmanına aiddir. 6 laboratoriyada məhsulların sınaqlarında istifadə olunan 21 reaktiv sertifikatlaşdırılmışdır. İxracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 61 avadanlıq sertifikatlaşdırılmışdır. Ümumiyyətlə, ötən il 521 ədədi dövlətlərarası, 5163 ədədi beynəlxalq, 308 ədədi milli standartlara, 202 ədədi təhlükəsizlik göstəricilərinə və 9 ədədi müəssisələr tərəfindən hazırlanmış texniki şərtə uyğun olaraq, cəmi 6203 ədəd sertifikat verilmişdir.

Ardını oxu...

2012-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq, ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması Ümumi Daxili Məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun Ümumi Daxili Məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehlakçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti və təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2012-ci il ərzində də muxtar respublikada keçirilmiş 127 satınalma müsabiqəsi nəticəsində 2 milyon 202 min manatdan çox dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçirilmişdir. İclasda xidmətin rəisi Əbil Əbilov məruzə ilə çıxış edərək bildirmişdir ki, daxili bazarın yüksək keyfiyyətli yerli ət və süd məhsulları ilə təmin olunmasında mühüm rol oynayan baytarlıq xidməti ötən il də uğurla davam etdirilmiş, sağlam təsərrüfatların qorunub saxlanılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərilmişdir. Epizootik tədbirlər planına uyğun olaraq, xroniki xəstəliklərdən brusellyoza qarşı 53 min 784 baş iribuynuzlu və 90 min 294 baş xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmişdir.
Qeyd olunmuşdur ki, xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmışdır.
Baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən profilaktik dezinfeksiya, dezinseksiya və derotizasiya işləri günün tələbləri səviyyəsində qurulmuş, 11 min 474 obyektdə 794 min 700 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri yerinə yetirilmişdir.
Baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 52 min 165 ədəd patoloji nümunələrin müayinəsi aparılmışdır. Əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün Baytar-Sanitar Ekspertiza laboratoriyalarında və baytarlıq laboratoriyalarında 1879 patoloji nümunələr infeksion xəstəliklərə görə bakterioloji müayinədən keçirilmişdir.
Mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən, ümumilikdə, 1351 baş cins mal-qara gətirilmiş, süni mayalanma yolu ilə 13 min 483 baş cins buzov alınmışdır. Süni mayalanma işinin təşkili və əhəmiyyəti ilə bağlı baytar mütəxəssislər tərəfindən sahibkarlar arasında təbliğat işləri davam etdirilir.
Kollegiya iclasında işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında xidmətin Epizootiya əleyhinə mübarizə və müalicə profilaktikası sektorunun müdiri Şəmsəddin Nağıyevin, Ümumi işlər və kadrlar sektorunun müdiri Mehdi Əliyevin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadovun, şəhər və rayon Baytarlıq idarələri rəislərinin çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda nazir Rövşən Məmmədov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən nazirlik və onun strukturları da bəhrələnmiş, ötən ilin mart ayında Şərur rayonunda Rabitə evi, Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sisteminin idarəetmə mərkəzi istifadəyə verilmişdir. Burada xidmət sahələri tamamilə kompyuterləşdirilmişdir. Şərur və Sədərək rayonlarını əhatə edən ehtiyat idarəetmə sisteminin istifadəyə verilməsi ilə muxtar respublika ilk dəfə tam alternativi olan dayanıqlı telekommunikasiya şəbəkəsinə malik olmuşdur. Hesabat ilində 30 kənd avtomat telefon stansiyasının arabağlantıları optik kabel xətləri ilə əvəz edilmişdir. Hazırda muxtar respublika üzrə mövcud olan 124 elektron avtomat telefon stansiyasından 101-i optik arabağlantılarla təmin edilmiş, Culfa rayonunun Nəhəcir kəndində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü İdarəetmə Mərkəzinə 14 kilometr, Şərur rayonunun Gümüşlü kəndi yaxınlığındakı Arpaçay Su Elektrik Stansiyasına 11 kilometr uzunluğunda optik kabel xətləri çəkilmişdir. Bundan əlavə, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılmış, ilin sonunadək 10 abonentin evinə optik kabellə yeni xidmətlər verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçirilmişdir. İclasda nazir Famil Seyidov məruzə ilə çıxış edərək bildirmişdir ki, iqtisadiyyatın dinamik inkişafı, yеni istеhsаl və хidmət sаhələrinin yаrаdılmаsı və yа fəаliyyətinin bərpаsı istiqаmətində işlər ötən il də uğurla davam еtdirilmiş, dövlət maliyyə dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 34 istehsal və xidmət obyekti istifadəyə verilmiş, 16 sahənin yaradılması davam etdirilmişdir. Fəаliyyəti bərpа еdilmiş və yеni qurulmuş istеhsаl müəssisələrində 115 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, 344 növdə məhsul istеhsаl оlunur. 330 növdə məhsulа оlаn tələbаt tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilir.
Qeyd olunmuşdur ki, yеrli istеhsаlın stimullаşdırılmаsı sоn dövrlər muхtаr rеspublikа iqtisаdiyyаtındа sənаyе sеktоrunun yüksək tеmplə inkişаfını təmin etmiş, sənaye məhsulunun ümumi həcmi 15,1 faiz аrtаrаq 737 milyon 628 min mаnаta çatmış, təkcə 2012-ci ildə bu sahənin inkişafının stimullaşdırılması üçün müxtəlif sənaye məhsulu istehsalı yönümlü 11 layihənin maliyyələşdirilməsinə 8 milyon 55 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublikada ərzаq təhlükəsizliyinin təmin оlunmаsındа, əhalinin ərzаq məhsullаrınа оlаn tələbаtının ödənilməsində, еmаl müəssisələrinin хаmmаllа təchiz edilməsində kənd təsərrüfаtı məhsullаrı istеhsаlının mühüm əhəmiyyəti nəzərə аlınаrаq аqrаr sеktоrun inkişаfı ötən il də diqqət mərkəzində sахlаnılmışdır.
2012-ci il ərzində kənd təsərrüfatı məhsulları istehsalı yönümlü 54 layihənin maliyyələşdirilməsinə 4 milyon 734 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Kənd təsərrüfatı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu sahədə iqtisadi aktivliyi artırmış, muxtar respublika üzrə 2012-ci ilin ilk 11 ayı ərzində 8,3 fаiz аrtımla 276 milyon 167 min mаnаtlıq kənd təsərrüfаtı məhsulu istehsal edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2012-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda agentliyin Baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, muxtar respublikada 2012-ci ildə əhali arasında sığorta mədəniyyətinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2011-ci illə müqayisədə sığorta tədiyyələrinin toplanması həcmi 2,2 dəfə, bağlanmış sığorta müqavilələrinin sayı 1,3 dəfə artmışdır. Ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 20474 ədəd sığorta müqaviləsi artıq bağlanmışdır. Ötən il 2011-ci illə müqayisədə əmlak sığortası üzrə 16578 ədəd, şəxsi sığorta üzrə 3896 ədəd artıq sığorta müqaviləsi bağlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon, (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən 2012-ci ildə sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 602 müqavilə bağlanmış, 306,7 min manat sığorta tədiyyəsi toplanmışdır. İstehlak krediti götürənlərin 2602 nəfəri ilə fərdi qəza və xəstəlik sığortası müqaviləsi, ipoteka krediti götürən vətəndaşlarla 42 ipoteka əmlak, 46 ipoteka həyat sığorta müqaviləsi bağlanılmışdır.
2012-ci ildə sənayedə, tikintidə, nəqliyyatda, dövlət və qeyri-dövlət müəssisələrində, sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlərlə iş aparılmış, 514,4 min manat sığorta haqqı toplamaqla, 44 mindən artıq işçinin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstə­liklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin olunmuşdur. Bu sığorta növü üzrə, ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 21 faiz artıq sığorta tədiyyəsi toplanmışdır.

Ardını oxu...

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açaraq məruzə ilə çıxış edən nazir Hafiz Yaqubov bildirmişdir ki, 2012-ci ildə muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət ekoloji siyasəti uğurla davam etdirilmişdir.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi, icrasına nəzarət diqqətdə saxlanılmışdır. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 27 müəssisəyə 28 min 764 manat məbləğində ekoloji ödəmə haqqı tətbiq edilmiş, ötən müddət ərzində ödənişin tam icrasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ekoloji monitorinqlər aparılmışdır. Muxtar respublikanın daxili sularında 32 monitorinq-yoxlama aparılmışdır.
Ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 35 yoxlama-reyd keçirilmiş, 12 qanunazidd hal aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
“Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 3 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 3,5 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazisində 2 hektar meyvə (cəviz, badam, şaftalı, alma, armud) bağları salınmışdır”, – deyən Hafiz Yaqub­ov bu tədbirlərin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun icra olunduğunu bildirmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən kollegiya iclası keçirilib. İclası giriş sözü ilə nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə edib.
Nazir bildirib ki, İran İslam Respublikasının “Ədl Seyr İranian” nəqliyyat şirkəti ilə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi arasında bağlanan müqaviləyə əsasən, Naxçıvan-Urmiya-Naxçıvan marşrutu 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Bu marşrutun açılması Şərur və Kəngərli rayonlarının əhalisinin həmin marşrutdan rahat istifadə etməsinə imkan yaradıb. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobus marşrutunun Naxçıvan əhalisi üçün xüsusi əhəmiyyətini nəzərə alan nazirlik bu marşrutun fəaliyyətini diqqət mərkəzində saxlayır. Həmin marşrut üzrə işləyən TEMSA markalı avtobuslar cari təmir edilib, bəzi hissələri dəyişdirilərək işlək vəziyyətə gətirilib.
Ötən il bu avtobuslarla Naxçıvandan Bakıya 64277 nəfər, Bakıdan Naxçıvana isə 40457 nəfər sərnişin daşınıb. 299 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilib, 514 nəqliyyat vasitəsinə lisenziya kartları verilib. Bu müddət ərzində vergiyə cəlb olunan 13231 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilib. Fərqlənmə nişanı verilən avtonəqliyyat vasitələri tərəfindən 221580,50 manat vergi ödənilib. Lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunan 47037,60 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanan 44850 manat vəsait isə büdcəyə köçürülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində 2012-ci ilin yekunlarına dair iclas keçirilmişdir. İclasda agentliyin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirmişdir ki, agentlik dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət, aşkarlıq və şəffaflıq prinsipini təmin etmək, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaratmaq, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanı təkmilləşdirmək, satınalan təşkilatlara dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə müəyyən işlər görmüş, bu istiqamətdə öz fəaliyyətini genişləndirmişdir. 

Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitləri, kreditlər, qrantlar və dövlət müəssisələrinin xüsusi vəsaitləri hesabına keçirilən satınalmalarla əlaqədar müəssisə və təşkilatların tender komissiyalarına Dövlət Agentliyinin əməkdaşları tərəfindən tender prosedurlarının təşkili və keçirilməsinə dair metodik köməklik göstərilmiş, tender sənədlərinin hazırlanmasına dair geniş izahatlar verilmişdir. Dövlət satınalmaları zamanı yerli məhsulların satın alınmasına üstünlük verilməsi tövsiyə edilmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 128 satınalma proseduru həyata keçirilmişdir. Bir satınalma zamanı bir mənbədən satınalma metodundan istifadə edilərək birbaşa müqavilə bağlanmışdır. Müsabiqə yolu ilə keçirilmiş digər 127 satınalma prosedurları üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 49630424,00 manat təşkil etmişdir və satınalma predmetlərinin ehtimal olunan qiymətinin 2202032,00 manat və ya 4,25 faizinə qənaət edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nizami Məmmədov çıxış edərək bildirmişdir ki, ötən dövr ərzində muxtar respublikada dayanıqlı əhali məskunluğunun təmin edilməsi üçün böyük əmək sərf olunmuşdur.
Hazırda əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2012-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 348 min 182 kva­d­­­-ratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə müqayisədə 20,7 dəfə çoxdur. 2012-ci ildə xidmətdə daşınmaz əmlakın dövlət reyestrinin bütün bölmələri üzrə 4559 əmlak üzərində yaranan hüquqların qeydiyyatı aparılmışdır. Hesabat dövrü ərzində hüquq sahiblərinə (yüklülü­yün qeydiyyatı ilə birlikdə) 4975 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da ötən illə müqayisədə 294 ədəd çoxdur.
2012-ci il ərzində xidmətdə 5028 daşınmaz əmlak üçün texniki sənədin tərtib edildiyini bildirən Nizami Məmmədov qeyd etmişdir ki, hesabat dövründə xidmət tərəfindən vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 203899,00 manat vəsait qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hesabına ödənilmişdir. 2011-ci ilin müvafiq dövründə isə bu rəqəm 192515,43 manat olmuşdur. Xidmət üzrə 2012-ci ildə vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 254106,00 manat dövlət rüsumu qəbul olunaraq dövlət büdcəsinə ödənilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 23281,00 manat çoxdur.
Nizami Məmmədov işdə buraxılan nöqsanlara da toxunmuş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

Yanvarın 16-da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclası idarənin rəisi Səbuhi Məmmədov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 88 milyon 34 min manat, o cümlədən uzunmüddətli kredit qoyuluşu 62 milyon 877 min manat, qısamüddətli kredit qoyuluşu isə 25 milyon 157 min manat təşkil edir. 1 yanvar 2012-ci il tarixlə müqayisədə kredit qoyuluşu 12 milyon 687 min manat və ya 16,8 faiz artıb.
Bank və digər kredit təşkilatları tərəfindən ötən il 58 milyon 680 min manat kredit verilib ki, bunun da 33 milyon 141 min manatını qısamüddətli, 25 milyon 539 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kreditlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 451 min manat artıb və ya bu artım 124,2 faiz təşkil edib.
Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 4 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə 14 mindən çox şəxsə kənd təsərrüfatı məhsulları istehsalı və biznes üçün 20 milyon 393 min manat, o cümlədən 19 milyon 749 min manat qısamüddətli, 644 min manat isə uzunmüddətli kredit verilib. Verilən kreditlərin 27,7 faizi bank olmayan kredit təşkilatlarının üzərinə düşür. Gələcəkdə bu cür kreditlər verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır. 2012-ci ildə verilən kreditlər üzrə orta faiz dərəcəsi 12 faiz olub. Bu da Azərbaycan Respublikasında ən aşağı faiz dərəcəsidir. Digər iqtisadi rayonlarda bu rəqəm 20-24 faiz təşkil edir.

Ardını oxu...

Dünən Babək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti mütəxəssislərinin arıçılıqla məşğul olan sahibkarlarla görüşü keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq belə görüşlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada arıçılıq məhsulları istehsalının artırılmasına stimul verib. Kənd təsərrüfatının xeyli gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli sahələrindən olan arıçılıq muxtar respublikanın dağ və dağətəyi rayonlarında daha geniş yayılıb. Son illər bu sahəyə maraq bir qədər də artıb.
Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin baytar həkimi Kamil Qurbanov arı ailələrinin saxlanılması və arı xəstəliklərinə qarşı profilaktik tədbirlər barədə danışıblar.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi muxtar respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir. Hər il olduğu kimi, yola saldığımız 2012-ci ildə də muxtar respublika rəhbərinin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması bu istiqamətdə aparılan işlərə böyük təkan verib. Bu sahəyə məsul qurum olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədilə ötən il də mühüm işlər görülüb.

Fauna ehtiyatlarının qorunması üçün ötən ilin qış mövsümündə, ərazilərin qarla örtüldüyü vaxtda bir sıra biotexniki tədbirlər həyata keçirilib. Müəyyən edilən təbiət ərazilərinə – heyvanların kompleks məskunlaşdığı yerlərə, onların miqrasiya dəhlizlərinə, qoruq, milli park, yasaqlıqlarda təyin olunan yerlərə və yeni salınan yaşıllıq sahələrinə qida məhsulları, o cümlədən buğda, arpa, daşduz, qaba yem, meyvə-tərəvəz məhsulları yerləşdirilib. Bu tədbirlər mövsüm ərzində heyvanların qidaya olan tələbatını ödəməklə yanaşı, bitki örtüyünə ziyan vurulmasının da qarşısını alıb. Biotexniki tədbirlər zamanı təsərrüfat ərazilərində yetişdirilən qida məhsullarından da istifadə olunub.

Ardını oxu...

Bu il muxtar respublikada daha bir su elektrik stansiyasının tikilməsi nəzərdə tutulub

2012-ci il də ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu illərdən biri kimi artıq tarixə çevrilmişdir. Ötən il muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhali və təsərrüfat subyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kilovat-saat olan Biləv Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Cəmiyyətin bütün sahələrinin ümumi inkişaf göstəricisi kimi iqtisadi artımın və makroiqtisadi tarazlığın dayanıqlılığı vacib şərtlərdən sayılır. İnkişaf edən cəmiyyətin sonsuz tələbatının ödənilməsi üçün sabit dinamika ilə inkişaf edən iqtisadi sistemin qurulması həmişə öz aktuallığını qorumuş və hökumətlərin yeritdiyi iqtisadi, eləcə də sosial siyasətdə əsas yer tutmuşdur. İqtisadi artımı arzuedilən səviyyədə tənzimləyə bilmək üçün rəqabətədavamlı istehsal və xidmət sahələrinin yaradılması bu baxımdan həlli vacib məsələlərdən hesab edilir.
Yola saldığımız 2012-ci il istər ölkəmizdə, istərsə də muxtar respublikamızda sosial-iqtisadi inkişafın ümumi göstəriciləri baxımından yaddaqalan olmuşdur. Bazar iqtisadiyyatının təməl prinsiplərini – tələb və təklifin tarazlığını təmin edən ilkin şərtlərin təmin edilməsi, insanların rifahına təsir edən zəruri məşğulluq və istehlak nemətləri bolluğunun yaradılması dünyada yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, ötən ilin ümumi mənzərəsi haqda müsbət fikirlər söyləməyə imkan verir. İqtisadi fəaliyyət mexanizminə müsbət təsir edən islahatların davamlı olaraq dəstəklənməsi, əhalinin gündəlik tələbatlarının ödənilməsi istiqamətində yerli istehsal sahələrinin təşkili və həyat səviyyəsinin yüksəlməsi ilə istehlak xərclərində müşahidə olunan artım, ümumən, cəmiyyətin həyatında mühüm keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Səmərəliliyin artırılması, təbii resurslardan başqa, daha çox əmək ehtiyatlarının və yeni texnologiyanın istehsalata cəlb edilməsi ilə əldə olunan artım öz dayanıqlılığını bir daha göstərmişdir. Ötən il xidmət sahələrində keyfiyyət standartlarına daha yaxşı əməl edilməsi, dövrün tələbinə görə müxtəlif servislərin təşkil olunması sərf olunan insan əməyinin dəyərinin daha da artaraq onun sahibinin rifahının yüksəlməsinə şərait yaratmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında” 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası “Naxçıvanşünaslıq” bölməsinin bazasında Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunmasını təmin etməkdir.
Mərkəz üçün ayrılmış binada yenidənqurma işləri aparılmışdır. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçı kollektivi tərəfindən müasir tələblər səviyyəsində yenidən qurulan klassik görkəmli binada son tamamlama işləri başa çatmaq üzrədir. Zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarət olan binada nümunəvi iş şəraitinə malik otaqlar, iclas zalı istifadəyə veriləcək.

Xəbərlər şöbəsi

“Xalq qəzeti”nin 1 yanvar 2013-cü il tarixli nömrəsində “Naxçıvan: ulu öndərin arzularının çiçəkləndiyi diyar” adlı yazı dərc olunmuşdur. Həmin məqaləni oxuculara təqdim edirik.

 

"İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin".

Heydər ƏLİYEV
Ümummilli lider

"Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni-yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər".

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Salam, ulu torpaq, müqəddəs yurd!

Qədim türk torpağı Naxçıvan... Bu diyarın ululuğu tariximizdə, mənəviyyatımızda tutduğu özünəməxsus mövqedən, qoruyub saxladığı uca dəyərlərdən qaynaqlanır. Onun müqəddəsliyi isə minbir çalarlı təbiəti və yurdsevər insanlarının bu torpaqda zaman-zaman dilbirlik yaratması, neçə-neçə intibahlara çatması ilə qazanılmışdır.

Nuh peyğəmbərin dünya daşqınının pəncəsindən xilas etdiyi canlı aləm Naxçıvana pənah gətirmiş, bu ululuqda və müqəddəslikdə nicat tapmışdır. Elə o zamandan da bu yerlərə türkün ölməz ruhu, silinməz-pozulmaz izləri şahidlik etməkdədir. Tarix ötdükcə Naxçıvan sorağı Güneydən Quzeyə, Doğudan Batıyadək geniş bir arealdan gələn türklərin mərkəzi əyaləti kimi hər tərəfə qapı açmış, türk-islam dünyasına böyük bir körpü rolu oynamışdır.
Türkün ucalıqlara yön aldığı zamanlarda Naxçıvan bir az da yüksəlmiş, onun zəkalı, əməlpərvər insanları tariximizi şərəfləndirmişlər. Soyumuzun başı qalda olanda yağılar, ilk növbədə, Naxçıvanı yağmalamaq, yox etmək istəmişlər. Tarixdə, bəlkə də, Naxçıvan qədər başı bəlalar çəkmiş ikinci bir türk torpağı olmamışdır. Lakin İlahinin yurdumuza ərməğan elədiyi ən qədim ziyarətgah Əshabi-Kəhfdən güc alan, Nuh babamızın yaşayıb əbədiyyətə qovuşduğu torpağı əsl övladlıq sədaqəti ilə qorumağı bacaran insanlar həmişə düşmənlərin niyyətlərini gözlərində qoymuşlar.

Ardını oxu...

İnşasına 2011-ci ilin ikinci yarısından başlanılan Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi üçün yeni kompleksin tikintisi davam etdirilir. Burada tikinti işlərini “Gəmiqaya” MMC-nin inşaatçıları həyata keçirirlər.
Ötən müddət ərzində 1500 kvadratmetrlik ərazidə ikimərtəbəli idarə binası, ehtiyat hissələri mağazası, təmir və maşınyuma sexləri, yeməkxana və iki anbar tikilib, mərkəzləşdirilmiş qazanxana sistemi quraşdırılıb, iritutumlu avtobuslar üçün 108 üstüörtülü dayanacağın sütunlarının bərkidilməsi üçün özüllər inşa edilib. Ərazi asfaltlanıb, yağış sularının axıdılması üçün su­ötürücü kanallar quraşdırılıb.
Obyektin iş icraçısı Anar Zaman­ovun bildirdiyinə görə, ərazidə açıq avtomobil təmiri sexləri, 60 min litr yanacaq tutumu olan yanacaqdoldurma məntəqəsi yaradılacaq, təyin olunmuş yerlərdə yanğınsöndürmə avadanlıqları yerləşdiriləcək. Hazırda obyektlərdə son tamamlama işləri aparılır.
Qeyd edək ki, muxtar respublikada nəqliyyat infrastrukturu daim müasirləşir, dövrün tələblərinə uyğunlaşdırılır. Nəqliyyat sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər insanların rahatlığının təmin olunmasına yönəldilib. Nəqliyyatın inkişafı yalnız yol infrastrukturunun yeniləşdirilməsi ilə yekunlaşmır. Naxçıvanda yolların beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırıb. Hər il Naxçıvan şəhərinə müasir, iritutumlu avtobuslar gətirilir ki, bunlar da sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, xidmət mədəniyyətinin də yüksəldilməsinə müsbət təsir göstərir. Yeni kompleksin inşası bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Muxtar MƏMMƏDOV

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ötən il də uğurla davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, 2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin işləri həyata keçirilmişdir. Bunun 34 min 965 hektarını taxıl təşkil etmişdir. Bu sahə ilə məşğul olanlar onlar üçün müəyyən edilmiş yardımlarla, yüksək reproduksiyalı toxum sortları ilə təchiz olunmuşlar. Taxıl biçini kampaniyasının mütəşəkkil başa çatdırılması üçün 116 ədəd kombayn saz vəziyyətə gətirilmiş, biçin mövsümündə 104 ədəd kombaynın gücündən istifadə edilmiş, taxıl sahələrindən 101 min 848 ton məhsul toplanılmışdır. Əkinçiliyin digər sahələrində də yüksək nəticələrə nail olunmuşdur. 2831 hektar sahədə kartof əkini aparılmış, sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərilmiş, torpaq mülkiyyətçiləri 39 min tondan çox məhsula sahib olmuşlar.
Yaz-tarla işlərinin aparılmasında torpaq mülkiyyətçiləri, sahibkarlar 863 ədəd traktor, 256 ədəd kotan, 43 ədəd toxumsəpən, 127 ədəd otbiçən, 158 ədəd otkipləyən, 297 ədəd yedəkdən istifadə etmişlər. 5366 torpaq mülkiyyətçisinə 3950 ton mineral gübrə yardım kimi verilmişdir. 5080 hektar sahədə gəmiricilərə, 2003 hektar sahədə kartof böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə torpaq mülkiyyətçilərinə pulsuz preparatlar paylanılmışdır.
Əkinçiliyin inkişafında müstəsna rol oynayan su təsərrüfatı sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. Ötən il muxtar respublikada 5 nasos stansiyası, 11 subartezian quyusu, 32 kəhriz istifadəyə verilmişdir. Meliorasiya və su təsərrüfatı sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi bol məhsul götürülməsinə əlverişli şərait yaratmışdır. Muxtar respublikamızda suvarma əkinçiliyində, əsasən, səthi suvarma üsulundan geniş istifadə olunmuşdur. Son illərdə isə şırımla suvarma üsuluna daha çox önəm verilir. Qeyd edək ki, ilk dəfə olaraq “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında taxıl, kartof, bostan məhsullarının istehsalı zamanı bu üsula keçilmişdir. Ötən il, ümumilikdə, muxtar respublikada şırım üsulundan daha geniş istifadə olunmuşdur.
Qeyd edək ki, kənd adamlarına böyük qayğının ifadəsi kimi kreditlərin verilməsi ötən il də davam etdirilmişdir. Belə ki, kənd təsərrüfatının müxtəlif sahələri üçün bəhs olunan ildə bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkar­lara 56 milyon manatdan artıq həcmdə kreditlər verilmişdir.

 Muxtar MƏMMƏDOV

2012-ci ildə Sədərək kənd sakinlərinə əkin işləri aparmaq üçün 381 min 500 manat kredit verilib.
Bu barədə məlumat qəzetimizə Sədərək Rayon İcra Hakimiyyətindən daxil olub. Məlumatda o da bildirilib ki, kənd adamlarının ixtiyarında 2721 hektar torpaq sahəsi var. Bunun 1116 hektarı pay, 458 hektarı xüsusi mülkiyyətdə, 456 hektarı bələdiyyə mülkiyyətində, 691 hektarı perspektiv inkişaf fondunda olan torpaq sahələridir.
Xatırladaq ki, təkcə 2012-ci ilin yanvar-oktyabr aylarında Sədərək rayonunda 10 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyir. Rayonun münbit torpaqları və əlverişli iqlim şəraiti burada ildə 2 dəfə məhsul götürməyə imkan verir. Sakinlər yaradılan şəraitdən istifadə edərək məhsuldarlığı ilbəil artırırlar.

Xəbərlər şöbəsi

“Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlamışdır.
Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazırlanır, qum istehsalı ekologiyaya zərərli, kortəbii şəraitdə həyata keçirilirdi. Həmçinin obyektlərdə istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılmışdır. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Muxtar respublikada bütün sahələr kimi, nəqliyyat sektoru da ildən-ilə yenilənir, müasirləşir, təkmilləşir. Ötən il də nəqliyyat-yol infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması, nəqliyyat-yol kompleksinə daxil olan qurumların fəaliyyətinin tənzimlənməsi və səmərəliliyinin artırılması məqsədilə bir sıra işlər görülmüşdür.
Muxtar respublika rəhbərinin qayğısı ilə nəqliyyatın dinamik inkişafı təmin edilmişdir. Bu qayğının nəticəsidir ki, son illər şəhərdaxili sərnişindaşımanı daha da yaxşılaşdırmaq üçün iritutumlu, beynəlxalq standartlara uyğun avtobuslar alınıb gətirilmiş, şəhərdaxili marşrutlar, eləcə də Naxçıvan-Bakı-Naxçıvan marşrutu yeni avtobuslarla təmin edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də muxtar respublika daxilində yeni marşrutların açılması diqqət mərkəzində saxlanılmışdır. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ötən il Naxçıvan-Gülşənabad, Naxçıvan-Culfa gömrük məntəqəsi, Naxçıvan-Güney Qışlaq, Ordubad rayonu daxilində Vələver-Ordubad, Dəstə-Ordubad, Dırnıs-Culfa gömrük məntəqəsi, Şərur rayonu daxilində Xələc-Şərur, Kürçülü-Şərur, Çəmənli-Şərur və digər marşrut xətləri fəaliyyətə başlamışdır.
Hazırda Naxçıvan şəhərindən qardaş Türkiyə Respublikasının İstanbul, Trabzon, Bursa və digər bu kimi iri şəhərlərinə avtobus mar­şrutları fəaliyyət göstərir. Ötən ilin ikinci yarısından sonra Naxçıvan şəhərindən İran İslam Respublikasının Urmiya şəhərinə yeni marşrut xətti açılmışdır.

Ardını oxu...

2012-ci il ərzində gömrük orqanları tərəfindən muxtar respublikaya idxal istiqamətində gətirilən malların keyfiyyətinə nəzarət olunmaqla əhalinin sağlamlığının qorunması, istehlakçıların və istehsalçıların hüquqlarının müdafiəsi, bütün hallarda malların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmişdir. Bu məqsədlə gömrük sərhədindən keçirilən ərzaq və qida məhsullarının tərkibinə, sağlamlığına, qablaşdırılma standartına, daşınma şəraitinə xüsusi fikir verilmiş, istehlakçıların hüquqlarına zidd olan və tələblərə cavab verməyən mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülmüşdür. 

Müvafiq standart və normalara cavab vermədiyindən gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılaraq geri göndərilməsi təmin olunan, tez xarab olduğundan vaxtaşırı olaraq barəsində müvafiq tədbirlər görülən mallardan başqa ilin ikinci yarımili ərzində müvəqqəti saxlanc anbarlarında yığılıb qalmış mallar hər ilin sonunda olduğu kimi yandırılaraq məhv edilmişdir. Dekabr ayının 28-də yaşayış məntəqələrindən kənar ərazidə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məhv edilən mallar, əsasən, müxtəlif səbəblərdən idxalı və mülki dövriyyəsi məhdudlaşdırıldığından və ya istifadəyə yararsız olduğundan gömrük orqanları tərəfindən saxlanılmışdır. Həmin gün yandırılaraq məhv edilən ərzaq və qida məhsulları, əsasən, müxtəlif markalı biskvit, cipsi, kofe, meyvə sirkəsi, limon suyu, üzüm sirkəsi, pivə və sairdən ibarət olmuşdur. Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında uşaq yeməkləri, daha çox uşaqların istifadə etdiyi ərzaq və qida məhsulları, həmçinin uşaq oyuncaqları üstünlük təşkil etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində sa­hibkarlarla görüş keçirilib. Tədbiri giriş sözü ilə iqtisadi inkişaf nazirinin müavini Anar Seyidov açaraq 2012-ci ildə sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, əldə olunan nəticələrin sevindirici olduğunu qeyd edib.
Nazir müavini deyib ki, bütün incəliklərinə görə yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan Dövlət proqramları əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, bölgələrimizin hərtərəfli tərəqqisinə yol açır.
Muxtar respublikanın davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. İşgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, əhalinin yüksək məşğulluğunun təmin edilməsi təkcə mərkəzdə deyil, bölgələrimizdə də öz bəhrələrini verir.
Sahibkarlığa Kömək Fondunun icraçı direktoru Abbasağa Babayev çıxış edərək bildirib ki, 28 dekabr 2012-ci il tarixə qədər sahibkarlara 13 milyon 295 min manat məbləğində güzəştli kreditlər verilib. Kreditlərin verilməsi müvəkkil kredit təşkilatları tərəfindən icra edilib, alınan vəsaitlərin aidiyyəti üzrə xərclənməsinə xüsusi diqqət yetirilib.Verilən kreditlərin 8 milyon 5 min manatı sənayeyə, 4 milyon 675 min manatı kənd təsərrüfatına yönəldilib. 615 min manat isə sahibkarlara yeni xidmət sahələrinin yaradılması üçün verilib. Verilən kreditlər hesabına muxtar respublikada onlarla yeni istehsal və xidmət sahələri yaradılıb. Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluq probleminin həllinə də müsbət təsir göstərib. Bu proses bu il də artan templə davam etdiriləcək.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb. İş adamları onlara göstərilən dövlət qayğısına görə minnətdarlıq edərək 2013-cü ildə də özəl sektorun inkişafına töhfələrini verəcəklərini bildiriblər.


Səbuhi HÜSEYNOV

Bu gün Azərbaycanda “Xalq kompyuteri” layihəsinin təklifləri paketinə dünya lideri HP şirkətinin istehsalı olan şəxsi kompyuterlər daxildir. Hazırda model çeşidinə HP ProBook və Pavillion noutbukları cərgəsi, şəxsi kom­pyuterlər, netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bugünkü meyillərinə tam cavab verir.
“Xalq kompyuteri” layihəsi çərçivəsində orta məktəb müəllimləri, şagirdlər, ali məktəb tələbələri, dövlət qulluqçuları, səhiyyə işçiləri güzəştli şərtlərlə kompyuterlər almaq imkanı əldə etmişlər.
Layihədə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə verilir.
Artıq “Xalq kompyuteri” layihəsi çərçivəsində 20 mindən çox şəxs fərdi kompyuter və noutbuklar əldə etmişdir. Kompyuterlərin 16 faizi Bakıda, 10,2 faizi Naxçıvanda, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə olunmuşdur. Layihə çərçivəsində əldə edilən kompyuterlərin 90 faizindən çoxu portativ texnikanın payına düşür.
Layihə çərçivəsində 20000-ci kompyuterin alıcısı Babək rayon Cəhri kənd sakini Ruslan Cəfərov olmuşdur. BestComp Group şirkəti tərəfindən alıcıya onun əldə etdiyi portativ kompyuter pulsuz təqdim edilmiş və əlavə olaraq printer hədiyyə olunmuşdur.
“Xalq kompyuteri” layihəsi Naxçıvanda da uğurla davam etdirilir. Muxtar respublikada layihə başlayandan (2010-cu ilin avqust ayından) bu günədək 2032 ədəd kompyuter güzəştli şərtlərlə əhaliyə satılmışdır.
Qeyd edək ki, layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir. Muxtar respublikada isə layihəni Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə verilən məlumatda bildirilib ki, bu il həyata keçirilən ekoloji tədbirlər çərçivəsində yaz və payız əkini mövsümlərində 525 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, üç yüz mindən çox ağac və gül kolu əkilib.
Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması, atmosferə atılan zərərli maddələrin azaldılması, istehsalat tullantılarının zərərsizləşdirilməsi məqsədilə muxtar respublikada bir sıra ekoloji tədbirlərə geniş yer verilib. Qarşıdakı 2013-cü ildə də yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsidir. Bu baxımdan muxtar respublikada keçirilən yaşıllaşdırma iməcilikləri çərçivəsində yeni meşə massivləri, yaşıllıq zolaqları salınır. Müxtəlif qurumlar, idarə, təşkilat və müəssisələr, ayrı-ayrı vətəndaşlar ekoloji tədbirlərin keçirilməsində fəallıq nümayiş etdirirlər. Regionun yaşıllıqlar diyarına çevrilməsi isə muxtar respublika sakinlərinin və buraya səfər edən qonaqların rifahına xidmət edir.


Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan aldığımız məlumata görə, dekabrın 28-i tarixinə qədər sahibkarlara 13 milyon 295 min manat məbləğində güzəştli kreditlər verilib. Kreditlərin verilməsi müvəkkil kredit təşkilatları tərəfindən icra edilib, alınan vəsaitlərin aidiyyəti üzrə xərclənməsinə xüsusi diqqət yetirilib.
Fonddan onu da bildiriblər ki, verilən kreditlərin 8 milyon 5 min manatı sənayeyə, 4 milyon 675 min manatı kənd təsərrüfatına yönəldilib. 615 min manat isə sahibkarlara yeni xidmət sahələrinin yaradılması üçün verilib.
Qeyd edək ki, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilir.
Artıq neçə illərdir ki, naxçıvanlı sahibkarlar Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun xidmətlərindən istifadə edir, verilən kreditlərdən yeni istehsal sahələrinin yaradılmasında, mövcud sahələrin genişləndirilməsində istifadə edirlər. Fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edilməsinə də xüsusi diqqət yetirilir.

Xəbərlər şöbəsi

Belarusun paytaxtı Minsk şəhərində “Azərbaycan: inkişaf və tərəqqi yolunda” tədbiri çərçivəsində Belarus-Azərbaycan Biznes Forumu keçirilib.
Tədbirdə Azərbaycan və Belarus respublikalarının kənd təsərrüfatı, qida sənayesi, tikinti, enerji, turizm və digər sahələrdə fəaliyyət göstərən sahibkarları iştirak ediblər.
Biznes forumda ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişləndiyi, əlverişli biznes və investisiya mühitinin yaradıldığı, Azərbaycanın investisiya imkanlarının artdığı ölkəyə çevrildiyi diqqətə çatdırılıb. Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlər keçirilib.
Adıçəkilən tədbirdə Naxçıvan Muxtar Respublikasının da müxtəlif sahibkarlıq subyektlərinin – “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Babək Şərab-2 Yeddilər ASK” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Biznes forum çərçivəsində Minsk şəhərinin “Belexpo” Sərgi Mərkəzində Azərbaycan məhsullarından ibarət “Azərbaycan Milli Sərgisi” təşkil edilib. Sərginin təşkilində əsas məqsəd Azərbaycan mənşəli məhsulların ixracının təşviq olunması və xarici şirkətlərin, sərmayədarların diqqətini ölkəmizə cəlb etmək idi.
Qeyd edək ki, muxtar respublika bu sərgiyə ayrıca guşədə regionda yaradılan infrastruktur obyektlərinin fotosərgisi ilə yanaşı, 12 sahibkarlıq subyekti üzrə 31 növdə, 70 çeşiddə məhsul çıxarmışdı. Həmin məhsullar tədbir iştirakçılarında və iş adamlarında böyük maraq doğurub.

 

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf
Nazirliyinin mətbuat xidməti

Cari ildə Culfa rayonunun belə yaşayış məntəqələrində xeyli quruculuq işləri həyata keçirilib

Naxçıvan Muxtar Respublikasının Şərqə açılan qapısı sayılan Culfa rayonu həmişə qonaq-qaralı olan yurd yerlərimizdən biridir. Culfa da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilən bölgələrimiz sırasındadır. 2012-ci ildə həmin tədbirlərin həcmi daha böyük olub. Belə ki, rayonun müxtəlif yaşayış məntəqələrində yeni obyektlər həyata vəsiqə alıb. Dekabr ayının 8-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən yenidən qurulan Çeşməbasar-Boyəhməd avtomobil yolunun açılışı olub. Bu yol üstündə yerləşən Milax, Ləkətağ və Boyəhməd kəndlərində həmin gün yeni sosial obyektlər istifadəyə verilib.

Ardını oxu...

2012-ci il baş vermiş maraqlı hadisələr, əlamətdar günlər və görülmüş işlərlə yaddaqalan oldu. Dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda ötən ilin yekunlarına nəzər saldıqda görürük ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında davam edən iqtisadi sabitlik və mədəni quruculuq hər birimizin həyatında dərin izlər buraxıb.

İşgüzar insanlar sosial-mədəni həyatın zənginləşməsinə yönəlmiş hər bir quruculuq addımının nə qədər çətin mərhələlərdən keçdiyini yaxşı bilirlər. İndiki liberal, yəni sərbəst iqtisadi fəaliyyət və söz azadlığı dövründə işgüzar insanların sayı da əvvəlki vaxtlarla müqayisədə dəfələrlə çoxdur. Başqa sözlə, indiki bazar iqtisadiyyatı və sərbəst sahibkarlıq şəraitində hər bir kəs cəmiyyətə faydalı olan biznes ideyaları ilə qısa müddətdə yaxşı gəlir əldə edib iş sahibi kimi tanına bilər. Eyni imkanlar demokratik cəmiyyət quruculuğunun məhsulu kimi azad söz sahibi olmaqla da yaranmışdır. Yəni bu yazını oxuyan hər bir oxucumuz istəsə, fikirlərini sosial şəbəkələr vasitəsilə bir an içində bütün dünyaya çatdıra bilər. Amma zamanın və texnologiyanın yaratdığı fürsətlər nə qədər artsa da, iqtisadi həyatda hər şey düşünülən kimi sadə və itisürətli deyil. Cəmiyyətdə mənafelərin gündən-günə dərinləşməsi, insanların sosial-mədəni tələbatlarının artması, qloballaşmanın yaratdığı kəskin beynəlxalq rəqabət, bir çox iri dövlətləri bürümüş maliyyə-iqtisadi böhranların təsirlərindən qorunmaq kimi onlarla belə faktlar bu yazıda göstərə biləcəyimiz çətinliklərin cüzi bir hissəsidir.

Ardını oxu...

Muxtar respublikada daha yaxşı manevr etmək imkanlarına malik müasir maşın-mexanizmlər və ağırtonnajlı yük avtomobillərinin sayı xeyli artıb. Həmin texnikalara yüksək keyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb.

Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, yeməkxana, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsinə hərtərəfli şərait yaradılıb.
Yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi yaradılıb. Kompyuterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.
Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün Almaniya istehsalı olan havalandırma və istilik sistemi ilə təmin olunan, kompyuterlə idarə edilən xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb müəssisənin laboratoriyasında analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, nazirlik və onun yerli vergi orqanları tərəfindən bu ilin ilk on bir ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 286 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 77 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 78 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi, 6 vergi ödəyicisində 19 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 35 vergi ödəyicisinin “fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 42 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 26 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 22 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərdiyi aşkar olunub. Qeyd olunan dövr ərzində 214 obyektdə nəzarət-kassa aparatları quraşdırılıb.
Bəhs olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 105 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 114887 manat dövriyyə artımına nail olunub.
Cari ilin qeyd olunan dövrü ərzində təkcə ticarət, iaşə, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 459 işəgötürən hüquqi və fiziki şəxslərdə 159 yeni əmək müqaviləsinin və 833 əmək müqaviləsində müvafiq düzəlişlər aparılaraq əməkhaqlarının real səviyyədə bağlanmasına nail olunub.
Operativ vergi nəzarəti tədbirləri davam etdirilir.

 

Xəbərlər şöbəsi

Ağbulaq kəndi Şahbuz rayonunun ucqar dağlıq ərazidə yerləşən yaşayış məntəqələrindən biridir. Son illər muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən bu kənd də bəhrələnib. Belə ki, ötən ildən başlayaraq Ağbulaq kəndində bir neçə quruculuq tədbirinə start verilib. 

Obyektlərdən biri kənddə təhsilin səviyyəsini yüksəltmək məqsədilə inşa olunan 216 şagird yerlik müasir məktəb binasıdır. Üçmərtəbəli məktəb binasında tikinti işləri başa çatdırılıb, binanın daxilində suvaq işləri yekunlaşdırılıb.
Üçmərtəbəli kənd mərkəzində də inşaat işləri keyfiyyətlə həyata keçirilib. Burada kənd inzibati ərazi dairəsi üzrə nüma­yəndəlik, kənd kitabxanası, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi, rabitə evi fəaliyyət göstərəcək. Kənd mərkəzində tibb məntəqəsi üçün də otaqlar nəzərdə tutulub.
Kompleks quruculuq tədbirləri çərçivəsində Ağbulaqda yeni xidmət mərkəzinin inşası da başa çatdırılıb. Burada sakinlər sənaye, ərzaq və təsərrüfat malları mağazalarının, ət satışı dükanının, bərbərxananın və qadın gözəllik salonunun fəaliyyətindən istifadə edəcəklər. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları onlara yaradılmış şəraitdən səmərəli istifadə edərək obyektlərin vaxtında təhvil verilməsi üçün səy və bacarıqlarını əsirgəməyiblər. Bu səbəbdəndir ki, həyata keçirilən qurucu­luq tədbirlərində keyfiyyət amilinə diqqət yetirilib. Hazırda hər 3 obyektdə son tamamlama işləri görülür.
Onu da qeyd edək ki, Ağbulaq kəndinin geniş turizm potensialına malik olduğu və əlverişli iqlim şəraiti nəzərə alınaraq, ötən ildən adıçəkilən yaşayış məntəqəsində həm də Turizm və İstirahət Kompleksi yaradılır. Kompleks üçün ayrılmış ərazidə iki yaşayış, yeməkxana və texniki-məişət binası tikilib. Yaşayış binalarının hər biri ikimərtəbəlidir. Kompleksin yeməkxana binası 2 hissədən ibarətdir. Burada mətbəx və 144 yerlik yemək salonu yerləşəcək, inzibati hissədə isə kitabxana, tibb və iş otaqları kompleksdə dincələnlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, kompleks ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri davam etdirilir.

 

Xəbərlər şöbəsi

Türkiyəli mütəxəssislər tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları üçün təlim kursu keçilib. Türkiyə Gömrük Laboratoriyalarının müdiri Öndər Göçmən, İstanbul Gömrük Laboratoriyasının müdiri Yaşar Çiftci, gömrük kimya mütəxəssisi Berat Qaramanın iştirakı ilə təşkil olunan təlim kursu üç gün davam edib.
Qeyd edək ki, Naxçıvanda yeni yaradılan Gömrük Ekspertizası İdarəsinin fəaliyyətinin dəstəklənməsi, lazımi köməkliklərin göstərilməsi ilə bağlı razılıq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun iştirakı ilə 23-24 avqust 2012-ci il tarixdə İstanbul şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında keçirilən ikitərəfli görüşdə əldə olunmuşdu.
Təlim kursunun ilk günü türkiyəli mütəxəssislər Naxçıvan Gömrük Ekspertizası İdarəsinin maddi-texniki bazası ilə yaxından tanış olublar. Qonaqlara laboratoriyada ekspertizası aparılacaq qida məhsulları və digər analizlər haqqında ümumi məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Mütəxəssislər Türkiyə gömrük laboratoriyalarının tarixi, iş prinsipi və uğurları haqqında ətraflı məlumat veriblər.
Kursun ikinci günü nəzəri biliklərin təcrübədə tətbiqi məqsədilə mövcud cihazlardan istifadə, analizlərin aparılması və nəticələrin ümumiləşdirilməsi, yekun rəyin verilməsi qaydaları tədris olunub. Yoğurt və kərə yağından götürülmüş nümunələrdə turşuluq və yağlılıq analizləri aparılıb. Mütəxəssislər istifadə etdikləri analiz metodlarını əyani şəkildə təlim iştirakçılarına göstəriblər.
Kursun sonuncu günü təlimin yekunu müzakirə edilib. Türkiyəli mütəxəssislər malların gömrük ekspertizası zamanı diqqət yetirilməsi zəruri olan məsələləri bir daha xatırladaraq Türkiyə gömrük xidməti tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin işinə bundan sonra da əməli köməklik göstəriləcəyini, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.


Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

Sığorta sistemi inkişaf etmiş iqtisadi fəaliyyət sahələrindən biri hesab olunur. Azərbaycanda sığorta işinin təşkili ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə sığorta sisteminin əsası qoyulub. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi strategiyanın uğurla davam etdirildiyi ölkəmizdə 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilib.
Təbiətdə baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, ətraf mühitin çirklənməsi sel, daşqın və zəlzələ kimi təbii fəlakətlərin, həmçinin müxtəlif bədbəxt hadisələrin meydana gəlməsinə səbəb olur və belə fövqəladə hadisələrin qarşısını almaq külli miqdarda vəsait tələb edir. Əgər bu vəsaitlər cari xərclər hesabına təmin edilərsə, dövlətin büdcə xərclərinin strukturunda uyğunsuzluq yaranar. Ona görə də belə hadisələr nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədilə hər bir dövlət müəyyən ehtiyat fondlarının yaradılmasını zəruri hesab edir. Belə fondlar həm kütləvi istehlak məhsulları üzrə, həm də müxtəlif səviyyələrdə vəsait (pul) formasında yaradıla bilər. Əvvəlcədən nəzərdə tutulmayan xərcləri maliyyələşdirmək üçün pul formasında hökumət və yerli orqanların büdcələrinin nəzdində və müəssisələrin mənfəəti hesabına ehtiyat fondları yaradılır. Ölkə­lərin valyuta balansını tənzimləmək üçün isə mərkəzi banklar vasitəsilə valyuta ehtiyatı təşkil olunur. Əhalinin ərzaq təhlükəsizliyini qorumaq üçün kütləvi istehlak malları üzrə yaradılmış müxtəlif anbarlar da ölkənin ehtiyat fonduna daxildir.
İnkişaf etmiş dünya ölkələrində ən geniş yayılan ehtiyat fondlarından biri də sığorta fondudur. Sığorta müəyyən hadisə və hadisələr nəticəsində zərər yarandıqda sığortaçının baş vermiş sığortalıya müəyyən məbləğ ödəmək öhdəliyi götürdüyü müqavilələr əsasında pul fondlarının yaradılması və istifadəsi prosesini özündə əks etdirir. Sığorta işinin səmərəli təşkilinin və beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsinin ölkə iqtisadiyyatının bazar münasibətləri şəraitində möhkəmlənməsində mühüm iqtisadi əhəmiyyəti vardır. Çünki sığorta istehsalın fasiləsizliyini təmin etməklə təkrar istehsal prosesi və maddi itki­lərin əvəzinin ödənilməsi ilə bağlı olan bir prosesdir. Məhz öncədən nəzərdə tutulmuş sığorta fondunun köməyi ilə milli iqtisadiyyata və əhaliyə dəymiş zərəri aradan qaldırmaq və normal iş, həyat prosesini bərpa etmək mümkündür. Sığorta zərərin aradan qaldırılmasının ən səmərəli metodudur. Sığortaolunan obyektlərin sayı nə qədər çox olarsa, bu səmərəlilik daha da artar və hər bir sığortaçı az xərclə böyük zərəri aradan qaldırmış olar. Əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edən sığorta büdcəni dəyən zərərlərin ödənilməsindən azad edir, uzunmüddətli investisiyaların mənbəyinə çevrilir və dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir.

Ardını oxu...

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında əhalinin zəruri ərzaq məhsulları da daxil olmaqla, vacib istehlak mallarına olan tələbatının yerli istehsal imkanları hesabına ödənilməsi mühüm yer tutur. Dünyanın heç bir ölkəsində yüz faiz yerli istehsal hesabına daxili bazarın tələbatları ödənilməsə də, ölkələr mümkün olduğu qədər daha geniş çeşiddə məhsul istehsalına nail olmaq, rəqabəti təkmilləşdirmək və inhisarçılığı aradan qaldırmaq üçün hər gün yeni layihələr ortaya qoyan çoxşaxəli sahibkarlıq fəaliyyətinə maraqlıdırlar.
Azərbaycan Respublikasının müasir inkişafı, əldə olunmuş uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin uzaqgörən siyasətinin, gərgin zəhmətinin hesabına Azərbaycan hələ keçmiş ittifaq dövründə aqrar bir regiondan iri sənaye mərkəzlərinin, elmtutumlu istehsal sahələrinin istifadəyə verildiyi qabaqcıl respublikalar sırasına daxil olmuşdur. O dövrdə insanların ucqarlardan mərkəzi şəhərlərə köçünün qarşısının alınması, şəhərlə kənd arasında fərqin aradan qaldırılması baxımından görülən işlər çox vacib idi. Həmin siyasətin müstəqillik illərində də davam etdirilməsi, regionların sosial-iqtisadi inkişaf pro­qramlarının qəbulu və müvəffəqiyyətlə icra olunması bu gün Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin edən əsas amillərdəndir.
Müasir insanın istehlak tələbatları çox genişdir. İndi çox deyil, cəmi on il əvvəlki ortayaşlı bir insanın tələbatları bu günün gənci üçün çox keçmişdə qalmışdır. Dünyaya geniş qapıların açıldığı bir dövrdə bu tələbatları lazımınca ödəmək üçün çıxış yolu digər ölkə­lərlə hərtərəfli inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, həm də bütün daxili imkanları işə salmaqdır. Artıq elm və yeni texnologiyaların müasir səviyyəsi ilə birlikdə yaranan hər bir bazar imkanı sahibkar üçün yeni ideya mənbəyi, yeni layihələrini reallaşdırmaq üçün yeni bir fürsət deməkdir.

Ardını oxu...

Ordubad rayonunun Çənnəb kəndində bir neçə sosial obyekt tikilir, kənd məktəbi yenidən qurulur.
İkimərtəbəli kənd mərkəzinin tikintisi başa çatdırılıb. Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, tibb məntəqəsi, mədəniy­­yət evi, kitabxana və digər təşkilatlar yerləşəcək.
Yenidənqurma işləri aparılan 180 şagird yerlik məktəb binasının sinif otaqlarının əsaslı təmir işləri yekunlaşdırılıb, qapı və pəncərələr dəyişdirilib. Binaya daxildən və xaricdən müasir dizayn verilib. Hazırda binanın ərazisində abadlıq işləri aparılır.
Birmərtəbəli xidmət mərkəzinin inşasında isə tikinti işləri əsasən yekunlaşdırılıb. Burada təsərrüfat malları və ərzaq mağazaları, ət satışı yeri, bərbər, dərzi sexi və qadın gözəllik salonu üçün otaqlar ayrılıb.
Məlumat üçün qeyd edək ki, hər üç quruculuq tədbiri Naxçıvan “Əcəmi” Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.

 

Xəbərlər şöbəsi

“Sirab” mineral suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. 1968-ci ildə tikilib istifadəyə verilən və illik istehsal gücü 6000 butulka olan Sirab Mineral Sudoldurma Zavodu bu qiymətli sərvətin istehsalına geniş imkanlar açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə zavodun tam gücü ilə işləməsi təmin edilmişdir. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırılmış, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırılmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində zavod fəaliyyətini, demək olar ki, dayandırmışdı. 1993-cü ildən sonra ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Göstərilən bu dövlət qayğısından bəhrələnməklə Sirab Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Beş hektar ərazini əhatə edən müəssisədə ikimərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yerləşir.

Ardını oxu...

Ömrümüzə bir yaş da gətirən 2012-ci ili başa vurmaqdayıq. Həyatımızın bütün sahələrində qazanılan uğurlarla 2013-cü ili qarşılamağa hazırlaşırıq. 2012-ci il yaddaşlarımıza necə yazıldı? Bu il hansı ərməğanları ilə yaddaşlarda yaşayacaq? Dönüb 366 günlük qısa bir zaman kəsiyinə nəzər salanda ürəyimizdən hansı hisslər keçəcək? Təbii ki, bu sualların cavabı sualların özündən yüz dəfələrlə çoxdur. Yəni hər hansı bir sual özü böyük bir yazının cavabıdır. Biz isə bu suallara Babək rayonunun timsalında cavab axtardıq. O rayonun ki, 1978-ci ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi kimi yaradılıb. Ölkəmizə rəhbərliyinin hər iki dövründə Babək rayonu görkəmli dövlət xadiminin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, Babək rayonu bu gün muxtar respublikanın öndə gedən bölgələrindən biridir. Gəlin yolumuzu Babək rayonundan salaq, 2012-ci ilin bu rayona töhfələri ilə tanış olaq.  

Xalq qəhrəmanının adına layiq rayon

Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev:
–Babək ilbəil deyil, günbəgün, saatbasaat dəyişir, gözəlliyə qovuşur. Bu gözəlliyi elə rayon mərkəzi Babək qəsəbəsindən görmək olar. Son illər qəsəbədə ucaldılan yaraşıqlı binalar, salınan parklar, yaşıllıqlar, tikilən fərdi yaşayış evləri rayon mərkəzinə füsunkar bir görkəm verib. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Babəkdə bütün təşkilatların normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılıb. Rayon mərkəzində həyata vəsiqə alan yeni tikililərin hamısı müasir arxitektura üslubunda inşa olunub. Həyata keçirilən belə tədbirlər isə yalnız rayon mərkəzi ilə məhdudlaşmır. Bu tədbirlər rayonun bütün kəndlərini əhatə edir.
“2012-ci ildə rayonda hansı quruculuq tədbirləri həyata keçirilib?” sualımıza müsahibimiz təbəssümlə cavab verir:

Ardını oxu...

“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, “Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunmuşdur. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılmışdır. 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla, istehsal gücü 18 min butulkaya çatdırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələrdə olduğu kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.

Ardını oxu...

Ölkənin müstəqil, sağlam milli iqtisadiyyatı onun zəngin ehtiyatları ilə yanaşı, həm də həmin ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunmasından asılıdır. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən milli sahibkar təbəqəsi bu ehtiyatların maddi rifaha çevrilməsində mühüm rol oynayaraq iqtisadiyyatın əksər sahələrində geniş çeşiddə əmtəə və xidmətlər istehsalı üzrə çoxşaxəli inkişafın təmin olunmasına öz töhfəsini verir. Rəqabət mühiti şərtlərində sahibkarlara dəstək verilməsi, ümumilikdə, işgüzar fəallığın artırılmasına yönəlmiş fəaliyyət baxımından onların bir ictimai birlik ətrafındakı könüllü ittifaqının yaradılması mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası 2006-cı ildən bəri fəaliyyət göstərir. Konfederasiyanın ətrafında muxtar respublikada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən ibarət çoxlu sahibkar birləşmişdir. Könüllülük əsasında belə bir təşkilatda birləşən sahibkarlarımızın məqsədi, şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasının hazırkı intibah dövründə regionun sosial-iqtisadi inkişafında daha da yaxından iştirak etmək, daxili bazarda məhsul bolluğu yaradıb daha keyfiyyətli xidmətlər təşkil etməkdir. Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün yön verməyi əsas vəzifələrindən biri hesab edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların hüquqlarını qorumağa, icra orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq apararaq yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır.

Ardını oxu...

    Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara yeni layihələrin təqdimatı və ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək muxtar respublikada özəl sektora göstərilən dövlət qayğısından və hazırkı hərtərəfli sosial-iqtisadi inkişaf prosesində özəl bölmənin üzərinə düşən yeni vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, yola salmaqda olduğumuz 2012-ci ili sahibkarlarımız üçün uğurlu hesab etmək olar. Heydər Əliyev siyasətinin Naxçıvanda uğurla davam etdirilməsi öz bəhrəsini verməkdədir. Hazırda Naxçıvanda daxili bazarın tələbatlarının ödənilməsi, yerli ehtiyatlar və iqtisadi imkanlar, eləcə də reallaşdırılan layihələr hesabına özəl sektora aid sənaye, kənd təsərrüfatı, tikinti, emal sənayesi, mebel və dizayn, səhiyyə xidmətləri və iqtisadiyyatın onlarla müxtəlif sahələrində mühüm inkişaf səviyyəsi əldə olunmuş, muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizə çatmışdır. Əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, ölkəmizdə regional inkişafa verilən dəstək müqabilində yeni uğurlu layihələr hazırlamaqla muxtar respublikanın və ölkəmizin iqtisadi qüdrətinin daha da artırılmasına töhfələr verilməsi qarşımızda qoyulmuş ən vacib məsələlərdəndir. 

Ardını oxu...

   Ulu öndər Heydər ƏLİYEV: İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqli Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.

  Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan    Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl  yerlərdə olacaqdır.

   Muxtar respublika iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən sosial-iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilmişdir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində Naxçıvan Muxtar Respublikasının genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ərzaq və enerji təhlükəsizliyi, əsas etibarı ilə, təmin olunmuşdur. Blokada şəraitinin yaratdığı çətinliklərə, iqtisadi resurslara çıxış imkanlarının məhdudluğuna baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar bütün sahələrdə öz səmərəli nəticələrini göstərməkdədir.

   Ümumilikdə son 17 ildə iqtisadi inkişafın və intensiv sosial islahatların aydın xarakteristikası deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi alternativsiz inkişaf yolu muxtar respublikamızda böyük əzmlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.

Ardını oxu...

    Müasir dövrdə enerji problemləri ən vacib məsələlərdən biri sayılır. Hazırda enerji daşıyıcılarının ən qiymətlisi və ekoloji cəhətdən ən təmizi sayılan təbii qaz fasiləsiz olaraq mənzillərimizin istilik və məişət tələbatları üçün, habelə sənayedə müxtəlif  məqsədlərlə istifadə olunmaqdadır. Muxtar respublikamızda əhalinin təbii qazla təmin olunmasında əldə edilmiş yüksək səviyyə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının ən ucqarda yaşayan vətəndaşlarımızın da sərvəti olduğunun bir göstəricisidir. 

Ardını oxu...

     Naxçıvan Şəhər Vergilər İdarəsində “Nağdsız ödənişlərdən istifadə günün tələbidir” mövzusunda seminar keçirilib. Naxçıvan şəhərində fəaliyyət göstərən vergi ödəyicilərinin iştirak etdiyi seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Mirhüseyn Seyidov açaraq nağdsız ödənişlər haqqında danışıb. Şöbə rəisi muxtar respublikada POS-terminalların quraşdırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.­

Ardını oxu...

    Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi kompleks islahatların aparılması mühüm rol oynayır. Bu məqsədlə yaradılmış Sahibkarlığa Kömək Fondunun fəaliyyəti diqqətçəkicidir. Bu qurum cari ilin ötən dövrü ərzində də üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmışdır. Bəhs olunan dövrdə fond tərəfindən 55 layihənin maliyyələşdirilməsinə 12 milyon 259 min manat həcmində güzəştli kredit verilmişdir. Həmin vəsaitdən təsərrüfatyönümlü 43 layihənin maliyyələşdirilməsinə 3 milyon 734 min manat, sənayeyönümlü 10 layihənin maliyyələşdirilməsinə 7 milyon 925 min manat, xidmət sahəsinin inkişafı yönümlü 2 layihənin maliyyələşdirilməsinə 600 min manat yönəldilmişdir. Göründüyü kimi, ümumi layihələrin 78,2 faizini kənd təsərrüfatı yönümlü layihələr təşkil edir.

    Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır.

Ardını oxu...


  Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçidin təmin edilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi üzrə kompleks tədbirlər reallaşdırılmaqdadır. Bu işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 yanvar 2008 - ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yeni internet səhifəsi hazırlanmışdır. www.statistika.nmr.az adresli internet resursu Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müasirtipli serverlərində yerləşdirilmişdir.

Ardını oxu...

17 ölkənin gömrük xidmətlərinin, eləcə də 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə 29-30 noyabr tarixlərində keçirilən forumda ölkə­mizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov da yer alıb.

            Tədbirin açılış mərasimində çıxış edən Türkiyə Cümhuriyyətinin gömrük və ticarət naziri Hayati Yazıcı İpək Yolunun sıradan bir ticarət yolu olmadığını önə çəkərək vurğulayıb ki, bu yol mədəniyyətlərin doğulduğu, qovuşduğu bir xətdir. İpək Yolu, sadəcə, tacirlərin deyil, eyni zamanda şərqdən-qərbə, qərbdən-şərqə orduların, fikirlərin, ideyaların, dinlərin, mədəniyyətlərin də yolu olub, Şərq mədəniyyəti bu yolla Qərbə daşınıb.

            Bu gün dünyanın xarici ticarət dövriyyəsinin təqribən 36 trilyon dollar olduğunu qeyd edən nazirin sözlərinə görə, bunun 24 faizi İpək Yolu ölkələrinin payına düşür. Son on ildə bu ölkələrin ticarət həcminin 4 dəfə artması da onu göstərir ki, gələcəkdə iqtisadiyyatın mərkəzi yenə də Asiya, daha dəqiq desək, Böyük İpək Yolu üzərində yerləşən ölkələr olacaqdır.

Ardını oxu...

Daxili bazarın yüksək keyfiyyətli yerli qida məhsulları ilə təmin edilməsində özünəməxsus yeri və rolu olan “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif istehsal sahələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, “Badamlı” təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bu məhsulların lazımi şəraitdə saxlanılması və istehlakçılara keyfiyyətlə çatdırılması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, 2010-cu ilin mart ayında Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Müəssisənin direktoru Arzu Əliyev söhbətində qeyd etdi ki, bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal etmək işin bir vacib sahəsidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması, istehlakçılara təqdim olunması isə işin digər, bir-birini tamamlayan mühüm əhəmiyyətli sahəsidir. Bu mühüm əhəmiyyətli xidmət sahəsinin normal fəaliyyətinə hər cür şərait yaradılmış, müəssisə üçün ayrılmış bina əsaslı təmir və yenidənqurma işlərindən sonra kollektivin istifadəsinə verilmişdir.

            Marketinq və satış şöbələrinin fəaliyyət göstərdiyi müəssisəyə xaricdə təhsil almış və təcrübə keçmiş gənc mütəxəssislər cəlb olunmuşlar. Həmin mütəxəssislər daxili bazarın tələbatını öyrənir, yerli məhsulların tanıdılması məqsədilə reklam çarxları, lövhələr  hazırlayırlar.

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR