07 Dekabr 2021, Çərşənbə axşamı

Muxtar respublika ərazisində yaşıllıq zolaqlarının salınması ekoloji vəziyyətin dəyişməsinə xidmət edir. Ağac əkmək qədər onlara qulluq etmək də günün vacib tələblərindən biridir. Ötən həftə muxtar respublika ərazisində keçirilən iməciliklərdə də yaşıllıq zolaqları yaradılan ərazilərdə, park və xiyabanlarda ağaclara, bəzək kolları və gülkarlıqlara qulluq göstərilib.
Şənbə iməciliyi çərçivəsində Naxçıvan şəhərində keçirilən iməciliklərdə 5000 nəfərə yaxın sakin iştirak edib. İməciliklərə Şərur rayonundan 4150, Babək rayonundan 3900, Ordubaddan 2850, Culfadan 2600, Kəngərlidən 1300, Şahbuz rayonundan 2348, Sədərək rayonundan 751 nəfər qatılmışdı. Ümumilikdə, muxtar respublika ərazisində keçirilən iməci­liklərdə 22900-ə yaxın sakin iştirak edirdi.

Ardını oxu...

Muxtar respublikamızda geniş vüsət alan quruculuq işləri daha da genişləndikcə yurdumuzun yaşayış məntəqələri öz simasını dəyişərək abadlaşır, gözəlləşir. Gərgin zəhmətlə ərsəyə gələn hər yeni bina, hər geniş yol sayəsində həyat daha da keyfiyyətli hala gəlir, torpağa bağlılıq dərinləşir. Bu baxımdan Şahbuz rayonunda da həyata keçirilən quruculuq işləri bu rayonun ən ucqar kəndlərinə qədər uzanıb gedərək quruculuğun sərhəd tanımadığını bir daha göstərməkdədir.
Əgər Şahbuz istiqamətinə çox deyil, cəmi bir il bundan əvvəl yolu düşənlər indi ilin bu gözəl çağında bir də təşrif buyursalar, dediklərimizə özləri şahid olarlar. Naxçıvan şəhərindən başlayan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun hələ ilk kilometrindən insan əli ilə yaradılan möcüzələrin təəssüratı altına düşürsən. Doğrudan da, çox uzaq olmayan keçmişdə inşası illərlə uzanıb gedən yol, körpü tikintisi işlərinin indi bir neçə ay müddətində belə keyfiyyətlə yerinə yetirilməsi inandırıcı gəlmir. Deməli, dəyişən çox şeylər vardır. Dəyişən təkcə görülən işlərdə istifadə olunan yeni texnika deyil, həm də onlardan istifadə texnologiyası və işə yaradıcı, doğma münasibətdir. Tikilən, qurulan nə varsa, bizim və bizim övladlarımız üçündür. İlin bu gözəl çağında Şahbuzun təkcə füsunkar təbiəti ilə deyil, həm də müasir sosial-iqtisadi inkişafı ilə tanış olmaq üçün bu rayona yollandıq.

Ardını oxu...

Hələ keçmiş zamanlardan yol çəkdirənləri, körpü saldıranları ata-babalarımız minnətdarlıqla xatırlayıb, onların adını hörmətlə anıblar. Yolda bir daş, kəsək görüblərsə, kənara atıblar, təmizləyiblər. Dünya yaranandan bu tərəfə insan oğlunun rahat yola ehtiyacı olduğu kimi, yolların da insanlara, onların qayğısına ehtiyacı olub. Rahat yol uzaq məsafələri qısa edib, gediş-gəlişi asanlaşdırıb. Nahamar yol isə əksinə. Üzərindən o qədər də uzun vaxt keçməyib. Sovet dövründə ucqar kəndlərdə ara-sıra məktəb, mədəniyyət evi, klub və sair tikilərkən belə, həmin ünvanlara gedən yolların rahatlığı “unudular” və ya çox səthi olaraq öz həllini tapardı. Bu da kəndlə şəhər arasındakı fərqi ortaya qoymaq üçün sanki bir sübut rolunu oynayardı. Ədəbi nümunələrimizin də canına hopmuş bu kənd yollarının son dayanacağı hamımız üçün xəyal və müəmmadan başqa bir şey olmazdı. Daşlı-kəsəkli, tozlu-torpaqlı kənd yollarından şəhərə məsafə çox uzaq və yorucu görünərdi. Ancaq zaman keçdikcə bu uzaq və yorucu yollar bizə daha yaxın olmağa başladı.

Ardını oxu...

Muxtar respublikamızda aparılan quruculuq tədbirlərində yахın­dаn iştirаk еdən “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərində, Babək rayonunun Araz və Kəngərli rayonunun Qarabağlar kəndlərində istehsal müəssisələri, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndlərinin ərazilərində isə daş karxanaları fəaliyyət göstərir. Daş karxanalarının yerləşdiyi dağlıq əraziyə avtomobil yolu, elektrik və su xətləri çəkilmiş, iaşə xidməti üçün əlverişli şərait yaradılmışdır. Daş karxanalarında əvvəlcə kəşfiyyat xarakterli qazıntı işləri aparılır və daş kəsilərək nümunə götürülüb keyfiyyəti yoxlanılır. Sonra isə blok şəklində kəsilən daşlar ağırtonnajlı maşınlarla Şahtaxtı stansiyasına daşınıb yük vaqonları ilə istehsal müəssisələrinə göndərilir. Kiçik daş parçaları isə Qarabağlar daş karxanasının yaxınlığında 2011-ci ilin əvvəlində istifadəyə verilmiş istehsal müəssisəsinə daşınıb müxtəlif çeşiddə tikinti materialları istehsal edilir.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, “Etimad-Naxçıvan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssisləri tərəfindən tikintisi həyata keçirilən Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində son tamamlama işləri görülür. Layihəyə uyğun olaraq, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin tikintisində Türkiyə istehsalı olan izolyasiyalı metal borulardan istifadə edilib, diametri 559 millimetr, divarının qalınlığı 8 millimetr olan borular 1,8 metr dərinlikdən çəkilib. Yüksək keyfiyyətli qoruma sistemi ilə təchiz edilmiş örtük metal boruları korroziyadan qoruyaraq onun istismar müddətini xeyli artıracaqdır. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz boru xəttinin Xok, Qıvraq, Tənənəm, Dizə, Maxta və Sədərək ərazisindən keçən hissələrində 6 ədəd qazpaylayıcı stansiya quraşdırılıb. Kəmərin 530 millimetrlik Culfa-Naxçıvan xətti ilə birləşmə və Sədərək rayonu ərazisindəki son nöqtələrində xəttin təmizlənməsi məqsədilə 2 ədəd xüsusi avadanlıq quraşdırılıb. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri vasitəsilə yay aylarında gündəlik 80 min kubmetr, qış aylarında isə gündəlik 360 min kubmetr mavi yanacaq nəql olunacaqdır.

Xəbərlər şöbəsi

Sədərəkdə taxıl biçini ahəngdar gedir

Yay gəlib, günlər uzanıb. Kənd adamlarının işi-gücü, qayğıları da birə-on qat artıb yayın gəlişi ilə. Onlar qızmar Günəşi tarlada qarşılamaq üçün indi səhərlər daha erkən durub işə tələsirlər.
Sədərək rayonunda taxıl zəmiləri, kartof, bostan-tərəvəz tarlaları, biçənəklər göz işlədikcə uzanıb gedir. Torpağı bərəkətli, insanları zəhmətkeşdir bu yurdun. Cari ilin məhsulu üçün keçən ilin payızında 1146 hektara buğda, 571 hektara isə arpa toxumu səpilmişdir. Yaz əkinləri də müvəffəqiyyətlə başa çatdırılmışdır. 411 hektara arpa, 34 hektara paxlalı bitkilər, 104 hektara dən üçün qarğıdalı, 19 hektara günəbaxan, 95 hektara kartof, 412 hektara tərəvəz, 185 hektara bostan, 162 hektara yonca bitkiləri əkilmişdir.
Keçən il taxıl zəmilərindən 6120 ton məhsul toplanmışdır. Taxılçılar deyirlər ki, bu, dövlətin qayğı və köməyi sayəsindədir.
Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair müvafiq qərara uyğun olaraq, Sədərəkdə 752 nəfər torpaq mülkiyyətçisinə 117 min 160 manat yardım verilmişdir.
Ötən ilin payızında rayonda keçirilən bir müşavirədə istifadəsi “unudulmuş” torpaqlarda taxılçılığı genişləndirmək və beləliklə də, ərzaq bolluğuna nail olmaq qərara alınmışdır. İndi Sədərək “kəhrəba dənizi”nə dönüb. Zəmilər bərəkətdən soraq verir. Artıq 705 hektar sahənin taxılı biçilmişdir. Hektarın orta məhsuldarlığı isə hələlik 29,2 sentnerdir.
İyunun əvvəlində Sədərək Rayon İcra Hakimiyyətində keçirilən iclasda taxıl tədarükü üçün texnikanın hazırlanması, məhsulun vaxtında və itkisiz yığılmasına köməklik göstərilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.

Ardını oxu...

Regionumuzun təbii resurslarından səmərəli istifadə yeni elektrik stansiyalarının tikintisinə geniş imkanlar açmış, 2011-ci ilin fevral ayında Şərur rayonu ərazisindəki Arpaçay üzərində gücü 20,5 meqavat olan Arpaçay və noyabr ayında Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik stansiyalarının, 2012-ci ildə Arpaçayın aşağı gölü üzərində 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayından başlanılan Arpaçay Su Elektrik Stansiyasında 3 turbin və 3 generator quraşdırılmış, stansiya binasının tikintisi başa çatdırılmışdır. Ərazidə yeni elektrik yarımstansiyası qurulmuş, istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi məqsədilə 14 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Arpaçay Su Anbarından stansiyaya qədər 1100 metr uzunluğunda tunel çəkilmiş, 45 metr dərinliyində havaboşaldıcı və su anbarından tunelə suyun ötürülməsi məqsədilə su­ötürücü dəmir-beton qurğu inşa edilmişdir.
Elektrik stansiyasının gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saatdır. Hazırda elektrik stansiyası 17 meqavat güc ilə sınaq rejimində işləyir. İdarəetmə otağında quraşdırılan müasir avadanlıqlar və kompyuter dəstləri stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir.

Ardını oxu...

Ölkəmizdə, eləcə də muxtar respublikamızda digər sahələrlə yanaşı, iqtisadiyyatın lokomotivi rolunu oynayan sənaye sahəsinin də hərtərəfli inkişafına geniş imkanlar açılmışdır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsulları istehsalının təşkilindən, təbii sərvətləri və əmək resurslarını səfərbər etməklə dayanıqlı və davamlı inkişafın təmin edilməsindən ibarətdir. Sənaye sahəsində həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, muxtar respublikada yeni sənaye müəssisələri işə başlamış, müxtəlif adda sənaye məhsulları istehsalına əlverişli şərait yaradılmışdır. Son illər həyata vəsiqə alan “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində də müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
“Gəmiqaya Sənaye Kompleksi” MMC ilə “Gəmiqaya Nəqliyyat” MMC tərəfindən ötən ilin sonunda universal avtomaşın istehsalı üçün müştərək layihə hazırlanmışdır. 2013-cü ilin mart ayında bu layihə uğurla başa çatdırılmış, Naxçıvanda universal avtomaşının ilk nümunəsi istehsal edilmişdir. Dünya bazarında 150 min avro dəyərində qiymətləndirilən universal avtomaşının analoqunun Naxçıvanda istehsal edilməsi mühüm hadisədir və sənaye sahəsində əldə edilən yüksək nailiyyətlərdəndir. Uzunluğu 4 metr 90 santimetr, eni və hündürlüyü 2 metr 80 santimetr olan avtomaşının ümumi ağırlığı 2 ton 850 kiloqramdır. 100 HB at gücü olan və 3000 CC turbo mühərriklə təmin olunmuş avtomaşın dizel yanacağı ilə işləyir. Yanacaq çəninin tutumu 148 litr, yanacaq sərfi 100 kilometr-saatda 10 litr olan yeni universal avtomaşın yaz və qış mövsümlərində tırtılları dəyişdirilməklə müxtəlif hava şəraitində yüksək manevr etmək imkanlarına malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, bu ilin ilk altı ayında nazirlik və onun yerli vergi orqanları tərəfindən operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 54 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Operativ nəzarət tədbirləri zamanı 17 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 16 vergi ödəyicisi tərəfindən isə xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Məlumatda o da bildirilib ki, 4 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 11 vergi ödəyicisinin xüsusi razı­lıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 3 vergi ödəyicisində aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları qeydə alınıb. Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 3 belə hal aşkara çıxarılıb və müvafiq tədbirlər görülüb. Bundan başqa, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 16 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövrlərlə müqayisədə 21 min 939 manat dövriyyə artımına nail olunub.

Xəbərlər şöbəsi

... Abad, gözəl görkəmdə görərsən hər birini.
Ordubad rayonunun Gəmiqaya qolu üzərində yerləşən kəndlərində aparılan kompleks quruculuq tədbirlərindən yazı hazırlamalı idik. Ucqar dağ kəndlərinə gedəcəyimizi nəzərə alaraq, Naxçıvan şəhərindən vaxtlı çıxmağı planlaşdırmışdıq. Redaksiyadan rayona yola düşərkən səhər tezdən idi. Naxçıvan-Ordubad magistralının Aza kəndi istiqamətindən sola ayrılan yerdə avtomobili saxladıq. Bu an yolda inşaat materialları ilə dolu olan maşın karvanı göründü. Adətən, bu istiqamətdə gedən maşınlar burada dayanır, sürücülər maşının sazlığını yoxlayır, sonra yola düşürlər. Yük maşınlarının sürücüləri də dayanıb maşınların sazlığını yoxlamağa başladılar. Onlarla elə iş başında həmsöhbət olmaq istədik. Özünü Surxay Kazımov kimi təqdim edən ortayaşlı sürücü bildirdi ki, Nürgüt kəndinə gedirlər.
Bir qədər söhbətdən sonra sürücülər də, biz də yola düzəlirik. Təkcə bağlar diyarının deyil, muxtar respublikanın ən füsunkar ünvanlarından olan, Gəmiqayayadək uzanan bu yol ilk andan sərnişinlərə xoş təəssüratlar bağışlayır. Minbir zümzümə ilə axan Gilançaydan qalxan xəfif meh insanın ruhunu təzələyir. Xüsusilə də ilin bu vaxtı. Budur, bu təəssüratları ilk olaraq Sabirkənd yaşayış məntəqəsində alırıq. Bu kənddə də quruculuq tədbiri həyata keçirilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları bu yaşayış məntəqəsində 4 mərtəbədən ibarət yeni məktəb binasının tikintisində çalışırlar. Evi məktəb binasına yaxın olan kənd sakini Şahvələd Məmmədov Sabirkəndə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirir. Vurğulayır ki, ötən illərdə Sabirkənddə kənd və xidmət mərkəzləri, məscid binası, həkim ambulatoriyası istifadəyə verilib. Kəndin yoluna qara örtük salınıb. Bu gün Sabirkənd müasir Azərbaycan kəndinin nümunəsidir. Kənd adamları da onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq qurub-yaradır, iqtisadi inkişafımıza öz töhfələrini verməyə çalışırlar. Yaşayış məntəqəsində bir qarış torpaq belə, əkilməmiş qalmır. Bu gün bu qiymətli sərvət kənd adamının halal qazanc mənbəyinə çevrilib. Bunu yol kənarlarındakı əkin sahələrində də görürük. Sabirkənddə, əsasən, meyvəçilik, əkinçilik və tərəvəzçilik inkişaf etdirilir. Göz işlədikcə uzanan münbit torpaqlarda yeni salınmış meyvə bağları, taxılı biçilməkdə olan zəmilər, məhsulu toplanılan tərəvəz əkini sahələri qaynar həyatdan soraq verir. Bu yerlərə yaxşı bələd olduğumdan yaşayış məntəqəsinin neçə illər əvvəlki görkəmini xatırlayıram. Yadıma elə bu kəndin sakini, ixtisasca aqronom olan İsrafil Məmmədovun söhbəti düşür:

Ardını oxu...

Cari ildə Şahbuz rayonunun bir neçə ucqar dağ kəndi kompleks qurucu­luq tədbirləri həyata keçirilən tikinti meydançasına çevrilib. Rayonun Qızıl Qışlaq və Güney Qışlaq kəndlərinə də bu tədbirlərdən pay düşüb. Öncə onu qeyd edək ki, Şahbuz şəhərinin bu istiqamətə çıxacağından başlayaraq yolların təmirinə başlanılıb. Ötən müddət ərzində inşaatçılar yolların genişləndirilməsini başa çatdırıb, hamarlama işləri aparıb, adıçəkilən yaşayış məntəqələrinə müxtəlif istiqamətlərdə 6 körpü salıb, 9 su keçidi inşa ediblər.  Hər iki kənddə quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin kollektivi həyata keçirir. Qızıl Qışlaq kəndində 3 bina inşa olunur. Binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. İş icraçısı Qaçay Paşazadədən aldığımız məlumata görə, 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda qapı-pəncərələr salınır, digər tikinti tədbirləri həyata keçirilir. 
Məktəb binasının yaxınlığında kənd mərkəzi inşa olunur. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində inşaat işləri yekunlaşdırılıb, hazırda ikinci mərtəbədə qəlib işləri görülür.
Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir. Burada tikinti işləri başa çatdırılıb, binaya suvaq çəkilir, çardaq qurulur.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edir. Burada hazırda iki mərtəbədən ibarət kənd mərkəzi inşa olunur. Kənd mərkəzinin birinci mərtəbəsində poçt, ATS, tibb və polis sahə məntəqələri, ikinci mərtəbədə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub və zal yerləşəcək. Qeyd edək ki, yaxın günlərdə Güney Qışlaqda xidmət mərkəzinin də tikintisinə başlanılacaq. Bütün obyektlərdə inşaatçılar üçün normal iş şəraiti yaradılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikanın taxıl əkilən ərazilərində biçin kampaniyası mütəşəkkil şəkildə davam etdirilir.
Nazirlikdən bildirilib ki, 3 iyul tarixə muxtar respublikanın 6 min 396 hektarlıq taxıl əkini sahəsində biçin həyata keçirilib. 2 min 725 hektar buğda, 3 min 671 hektar arpa əkilən sahələrdən, ümumilikdə, 16 min 512 ton məhsul əldə edilib. Buğda sahələrindən 6 min 800 ton, arpa sahələrindən 9 min 712 ton məhsul toplanıb. Hektarın orta məhsuldar­lığı 25,9 sentner olub. Buğda sahələrinin orta məhsuldarlığı 24,9, arpa əkilən sahələrin orta məhsuldarlığı 26,4 sentner təşkil edib. Hazırda biçin kampaniyasına 74 taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb olunub.
Qeyd edək ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Ümumilikdə, biçin kampaniyası dövründə 35 min 324 hektar sahənin taxılı biçiləcək.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinə respublikamızın digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlarla dəfələrlə həmsöhbət olmuş, onların qədim, qədim olduğu qədər də müasirliyə qovuşmuş şəhərimiz haqqında təəssüratlarını dinləmiş, müsahibələr almışıq. Qürur hissi duymuşuq ki, diyarımız haqqında belə xoş sözlər eşidirik. Sirr deyil ki, son illər Naxçıvan şəhəri öz gözəl siması ilə, doğrudan da, vəsf olunmağa layiq bir ünvana çevrilmişdir. Bunun kökündə duran amilləri axtarsaq, öncə ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqəti, dahi rəhbərin uzun illər üçün müəyyənləşdirdiyi yenilikçi strategiyanı, ulu öndərin ölkəmizin gələcəyinə hesablanmış siyasətinin uğurlu davamını, naxçıvanlıların yurd yerinə bağlılıqlarını görərik.

Bu bağlılığın ifadəsidir ki, diyarımızın bütün bölgələri kimi, paytaxt Naxçıvan şəhəri də bu gün öz inkişafının yeni mərhələsindədir. Sözümün bu yerində bir haşiyə çıxmaq istəyirəm. Ötən həftə Bakı şəhərinə gedərkən paytaxta yaxın bir neçə rayonda oldum. Naxçıvana qayıdarkən keçdiyim şəhərlərə də diqqət yetirdim. Bu ünvanlarda da quruculuq tədbirlərinin aparıldığını gördüm. Ancaq, sözün həqiqi mənasında, bir daha inandım ki, belə tədbirlərdə Naxçıvan öndə gedir və bu qədim yurd yerinə gələn qonaqların da bunu etiraf etmələri bu günün reallığının ifadəsidir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu, Naxçıvan şəhərində quruculuq tədbirləri həyata keçirilərkən, hər şeydən əvvəl, qədimliklə müasirliyin vəhdətinin qorunmasına diqqətlə yanaşılmasıdır. Daha dəqiq desək, müasirlik qədimlikdən qaynaqlanır ki, bu da ulu keçmişə, o dövrlərdə yaradılmışlara ehtiramın ifadəsi kimi diqqəti çəkir. 

Ardını oxu...

Redaksiyadan muxtar respublikamızda taxıl biçininin gedişi ilə bağlı reportaj hazırlamaq tapşırığı alanda ilk olaraq hansı bölgəyə getməyi soruşdum. Bildirdilər ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə Kəngərli rayonuna gedirsiniz.
Redaksiyadan çıxanda saat 10 radələri idi. Nazirliyin əməkdaşı Xaliq Abbasov bildirdi ki, vaxtında çatacağıq. Çox tez getməyin xeyri yoxdur. Çünki səhər çağlarında zəmilərə şeh gəldiyindən biçinə başlamaq olmaz. Ona görə mexanizatorlar gecə saatlarında da məhsul tədarük edirlər. Səhər saat 11-ə qədər kombaynlara texniki baxış keçirilir ki, işin qızğın çağında dayanma halları baş verməsin.
Nazirliyin digər əməkdaşı Zərrab Əfəndiyev söhbətə qoşulur:

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu mövsümdə də məhsulu yüksək qiymətə qəbul edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaratmış, 2009-cu ilin iyul ayında “Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilmişdir. 

Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 6 bunkerdən ibarətdir ki, burada da ABŞ istehsalı olan yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılmış, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilmişdir. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30, qarğıda­lının hər kiloqramı isə 35 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl ehtiyatı anbarında mövsümə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilmiş, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılmış, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılmış, laboratoriyaya baxış keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri real sektora kredit dəstəyidir. Muxtar respublikanın sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat və rabitə, ticarət, xidmət və digər sahələrində işlərin genişləndirilməsi üçün cari ilin ilk beş ayı ərzində bank və qeyri-bank kredit təşkilatları tərəfindən 20 milyon 207 min manat kredit verilmişdir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, verilmiş kreditlər arasında öz xüsusi çəkisinə görə kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi və istehlak kreditləri 33,6 faizlə ilk sıranı tutur. İkinci yerdə isə 28,4 faiz göstərici ilə kənd təsərrüfatını qeyd etmək olar. Bunları sırası ilə tikinti və maliyyə fəaliyyəti sahələrinə yönəldilən kreditlər izləyir. Ötən ildən başlayaraq ipoteka kreditlərində yaranan artım bu il də davam etmiş, təkcə cari ilin ilk beş ayı ərzində 330 min manat ipoteka krediti verilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 13,8 faiz çoxdur.

 Əli CABBAROV

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bir neçə obyektdə aparılan quruculuq işləri davam etdirilir. Onlardan biri də 44 nömrəli üçmərtəbəli yaşayış binasıdır. 27 mənzilli binanın əsaslı təmirinə bu ilin aprel ayından başlanılıb.
Binanın eni 4 metr 70 santimetr artırılaraq 18 mənzil əlavə olunub. İş icraçısı İlqar Fərəcovun verdiyi məlumata görə, hazırda binada qapı və pəncərələr dəyişdirilir, üçüncü mərtəbədə isə hörgü işləri gedir.
Binanın birinci mərtəbəsinə üzlük travertin döşənib, dam örtüyünün vurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları yaşayış binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

*    *    *

Muxtar respublikamızda müxtəlif təyinatlar üzrə aparılan tikinti-quruculuq işlərindən Əli­abad qəsəbəsindəki 16 nömrəli tam orta məktəbə də pay düşüb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan yenidənqurma işlərinə cari ilin aprel ayından başlanılıb. İş icraçısı Namiq İsmayılovun verdiyi məlumata görə, 869 şagird yerlik olacaq məktəb binasına bir mərtəbə və iki korpus əlavə olunub.
Üç mərtəbədən ibarət olacaq məktəb binasının birinci mərtəbəsində müəllimlər otağı, kitabxana və sinif otaqları, ikinci mərtəbədə fənn kabinələri və siniflər, elektron lövhəli sinif, kompyuter otağı, üçüncü mərtəbədə isə 2 elektron lövhəli sinif, 2 kompyuter otağı və digər sinif otaqları yerləşəcək.
Binanın zirzəmi hissəsində isə qazanxana, 3 fənn laboratoriyası, müəllim və şagirdlər üçün ayrı-ayrı yeməkxanalar olacaq. Hazırda yeni korpuslarda hörgü və suvaq işləri aparılır. Tikintidə təhlükəsiz­lik qaydalarına ciddi əməl edilir.

Xəbərlər şöbəsi

Müasir dünya iqtisadiyyatının formalaşma tarixi onu göstərir ki, ölkələr iqtisadi-mədəni inkişafın bütün mərhələlərində məhz sənaye məhsulu istehsalı göstəriciləri ilə daha yüksək nəticələr əldə etmək üçün yarışmış, xalq təsərrüfatının digər sahələrində qazanılmış dəyərin bu şəkildə son məhsula çevrilməsi yollarını axtarmışlar. Son illərdə muxtar respublikamızda da sənaye məhsulu istehsalına göstərilən diqqət regionda təsərrüfat-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə, sərf olunan iş qüvvəsinin dəyərinin artırılmasına və beləliklə də, insanların rifah halının onilliklər keçəndən sonra deyil, ilbəil artırılmasına gətirib çıxarmışdır. Naxçıvan aqrar sahədəki ekstensiv inkişaf göstəriciləri ilə xatırlanan ucqar bir regiondan innovativ sahibkarlığın inkişaf etdirildiyi, yüzlərlə növ sənaye məhsulu istehsalına sərmayə yatırılan bir sənaye regionuna çevrilmişdir.

Ardını oxu...

İnformasiya texnologiyalarının inkişafı poçt sahəsində ənənəvi xidmətlərlə yanaşı, yeni qeyri-ənənəvi xidmət növlərinin də yaranmasını zərurətə çevirir. Muxtar respublikada istər informasiya-kommunikasiya texnologiyaları sektorunda, istərsə də poçt sektorunda yeniliklərin tətbiqinə xüsusi diqqət göstərilir. Bu sahələr daim yenilik tələb etdiyindən insanlara daha keyfiyyətli və rahat xidmətlər təklif edilir. Poçt sahəsində tətbiq edilən yeniliklərdən biri də bank-maliyyə xidmətləridir.
“Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, muxtar respublikada 82 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, qurulan kompyuterlər lazımi proqram təminatı ilə təchiz edilmişdir. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin əməliyyatçılarına Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kurslar təşkil edilmiş, kursdan müvəffəqiyyətlə keçən işçilərə sertifikatlar verilmişdir.
İyul ayının 1-dən etibarən Naxçıvan şəhər sakinləri kommunal xidmət (elektrik, qaz və su) haqlarını poçt məntəqələrində də ödəyə biləcəklər.
Yaxın vaxtlarda muxtar respublikanın rayon və kənd poçt məntəqələrində də kommunal xidmət haqlarının yığılmasına başlanılacaq.
Cari ilin sonuna kimi poçt müəssisələri bank-maliyyə xidmətləri də göstərməyə başlayacaq. Bununla bağlı nazirlik tərəfindən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün ilkin müraciət edilib.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada taxıl biçininin sürəti artır

Bu günlər muxtar respublikamızın taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin, sahibkarlarının sevincinin həddi-hüdudu yoxdur. Daha bir taxıl tədarükü mövsümü uğurla davam etdirilir. Bu isə o deməkdir ki, süfrələrimiz yenə də yerli çörəklə bol olacaq. Belə bolluğa isə asanlıqla nail olmamışıq. 

Ulu öndər Heydər Əliyevin uzaqgörən aqrar siyasətinin son 17 ildə muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər qazanılıb. Naxçıvan ölkəmizin öndə gedən regionuna çevrilib. Digər sahələrə toxunmadan muxtar respublikanın torpaq mülkiyyətçilərinin aqrar sahədə, konkret olaraq, taxılçılıqda qazandıqları uğurları, bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğını göz önünə gətirsək, tarix üçün qısa zaman kəsiyində böyük nailiyyətlərlə üz-üzə dayanmış olarıq. Bu gün bir qarış torpağımız əkilməmiş qalmır, dövlətimiz bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradıb. Zəhmətdən qorxmayan, torpağa daimi iş yeri kimi baxan insanlarımız bu şəraitdən səmərəli istifadə edir, yurdumuzun iqtisadiyyatının güclənməsinə çalışır, daxili bazarda yerli çörəyin xüsusi çəkisinin artmasında, süfrələrimizin ruzi-bərəkətinin daha çox olmasında səy və bacarıqlarını əsirgəmirlər. Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub, həm kreditlərdən, həm də həmin yardımlardan təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələri də yaratmışdır. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilir.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binanın birinci mərtəbəsində məişət avadanlıqlarının, gündəlik tələbat mallarının, santexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının, ikinci mərtəbədə isə xalçaçılıq və mebel məmulatlarının, elektrotexnika avadanlıqlarının, məişət cihazlarının satışı bölmələri fəaliyyət göstərir. Binada eskalator və lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur. Burada quraşdırılan video-nəzarət sistemi ilə ərazini və alış-veriş obyektlərini müntəzəm müşahidə etmək mümkündür.
İnşaat materiallarının satışı binasında bütün növ tikinti və təsərrüfat mallarının satışı təşkil olunmuş, anbar istifadəyə verilmişdir. Açıq satış yerində isə, əsasən, topdan və pərakəndə satış həyata keçirilir. Burada müxtəlif ağır tikinti materiallarının satışı təşkil olunmuşdur. Ticarət mərkəzinin həyətində səliqə-sahman yaradılmış, fəvvarə quraşdırılmış, kafe istifadəyə verilmişdir.

Ardını oxu...

İlbəil abadlaşan, gözəlləşən və dəyişən Naxçıvan Muxtar Respublikasının qədimliyi, özünəməxsusluğu ilə seçilən Ordubad rayonu abadlıq və quruculuq işləri sayəsində simasını dəyişir, yeni quruculuq dövrünü yaşayır. Ötən gün yolumuzu Ordubaddan saldıq. Şəhərin mərkəzi küçəsi ilə üzüyuxarı qalxdıqca ilk müşahidə etdiyimiz hal qoca çinarların dəstəsinə qoşulmaq istəyən yol kənarlarında nizamla əkilmiş yeni çinar ağacları oldu. Ordubad ta qədimdən əsrlərlə yaşı olan çinarlarıyla məşhur olub.
Dünənin və bu günün qarşılıqlı vəhdətini tikinti-quruculuq tədbirlərinin sintezində də gördük, müşahidə etdik. Dar və qədim küçələriylə, qırxpillə kəhrizləriylə, meydanlarıyla muxtar respublikanın digər rayonlarından fərqlənən Ordubadda paralel olaraq yeni küçələr salınır, yollar çəkilir, inzibati binalar tikilir.
Hazırda Ordubad şəhərində və kənd­lərdə bir çox tikinti işləri aparılır. Ordubad şəhərində və Şəhriyar qəsəbəsində içməli su və kanalizasiya sistemləri yenidən qurulur. 2011-ci ilin dekabrından bu işə başlayan “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi, demək olar ki, işi yekunlaşdırmaq üzrədir.
Həmin təşkilatın bir qrup inşaatçısı isə Ordubad Su Elektrik Stansiyasının tikintisini həyata keçirir. Qeyd edək ki, hazırda burada uzunluğu 10 kilometrdən çox olan su kanalının tikintisi aparılır.

Ardını oxu...

İyunun 25-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin muxtar respublikada fəaliyyət göstərən taxıl emalı, milli çörək və yuxa istehsalı müəssisələrinin sahibkarları ilə görüşü keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış etmişdir. Qeyd olunmuşdur ki, çörəyin strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq, muxtar respublikamızda taxılçılıqla məşğul olan sahibkarlara dövlət dəstəyi göstərilir, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, məhsulun həcmi ilbəil artmaqdadır.
Bütün bunlarla yanaşı, muxtar respublikamızda istehsal olunan unun və çörəyin keyfiyyəti və təhlükəsizliyi də diqqətdə saxlanılır. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində 441 halda yuxa, 68 halda milli çörək, 36 halda buğda, 7 halda kəpək, 58 halda un məhsulundan nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçirilmiş və bütün nümunələrin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.
Nazir taxıl emalı müəssisələrinin sahibkarlarının qarşısında duran vəzifələrdən bəhs edərək demişdir ki, bütün növ unların tərkibinə dəmir komponenti vurulmalı, kənd təsərrüfatı məhsulları istehsalçılarından buğda və arpanın hər kiloqramı 30, qarğıdalının hər kiloqramı isə 35 qəpikdən tədarük olunmalı, müəssisələr tərəfindən tədarük və istehsal olunan, anbarlardakı xammal və hazır məhsul haqda məlumat İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməlidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədovun və ayrı-ayrı sahibkarların çıxışları olmuş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Xəbərlər şöbəsi

Şərur rayonunda əldə edilən nəticələr daha böyük uğurlardan xəbər verir

Tərəqqinin təməli möhkəmdir

Şərur təkcə muxtar respublikamızın deyil, ümumilikdə, ölkəmizin sayılıb-seçilən rayonlarındandır. Öz əzmkarlıqları, dövlətçiliyə sədaqət prinsiplərini əsas amala çevirmələri ilə fərqlənən şərurlular həmişə zəhmətləri ilə çətin işlərin öhdəsindən layiqincə gələ bilmişlər. Bu da maraqlı məqamdır ki, rayonun bütün iqtisadi göstəriciləri həmişə diqqətlə izlənilir. Hələ sovet dönəmində Şərur əməkçilərinin qazandığı uğurlar təqdir olunur, bölgə getdikcə şöhrətlənirdi. İndi isə, necə deyərlər, dövran dəyişib – sosializmdən bazar iqtisadiyyatının mühüm rol oynadığı başqa bir ictimai formasiyaya keçilib. Ancaq şərurluların işgüzarlığı, zəhmətsevərliyi dəyişməyib. Məhz buna görədir ki, 2012-ci ili və bu ilin ötən dövrünü uğurla başa vuran rayonlar içərisində Şərurun adı ön sıralardadır.
Şərurun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlara diqqət yetirsək, ilk növbədə, görəcəyik ki, bu tərəqqinin möhkəm təməli ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində Şərur iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başlamışdır. Həmin dövrdə geniş üzüm plantasiyaları və meyvə bağları salınmış, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv zavodu, həmçinin yağ-pendir, dəmir-beton konstruksiyaları, asfalt zavodları istifadəyə verilmişdir. Ümumilikdə, o illərdə Şərurda fəaliyyətə başlayan iyirmidən artıq istehsal müəssisəsi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə tikilmişdir. Ötən əsrin 70-ci illərinin ortalarında Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.

Ardını oxu...

Əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması məqsədilə son illər muxtar respublikamızda 450-dən çox müxtəliftəyinatlı emal və sənaye müəssisələri həyata vəsiqə almışdır. Cari ildə də bu istiqamətdə işlər diqqət mərkəzində saxlanılmış, ötən dövrdə Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlara 1 milyon 258 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmiş, 41 layihə üzrə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilmişdir.

“Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmiş, Babək rayonunun Qoşadizə kəndi ərazisində istеhsаl müəssisəsi üçün dаhа əlvеrişli yеrdə tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Keçmiş Sovetlər Birliyi dövründə muxtar respublikamızda ət məhsulları kombinatı fəaliyyət göstərmişdir. Ötən əsrin 90-cı illərinin dağıdıcılıq prosesləri bu sahənin də fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Lakin muxtar respublikada daxili bazarın qorunması və əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yeni ət məhsulları kompleksinin yaradılmasına imkan vermişdir. Müəssisənin yaradılmasına lazımi dövlət dəstəyi göstərilmiş, Sahibkarlığa Kömək Fondu tərəfindən güzəştli şərtlərlə kredit ayrılmışdır. Qısa müddətdə kompleksin fəaliyyəti təmin edilmiş, müəssisədə müasir avadanlıqlar quraşdırılmışdır”.

Ardını oxu...

Muxtar respublikamızda müxtəlif təyinatlar üzrə aparılan tikinti-quruculuq işlərindən təhsil müəssisələrinə də böyük pay düşür. Bunun nəticəsidir ki, Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin binasında da yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq məktəb binasına iki korpus da əlavə olunub. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, 3 laboratoriya, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompyuter otağı, 1 elektron lövhəli sinif və digər fənn kabinələri və sinif otaqları olacaq. Cari ilin mart ayının sonlarından başlanılan tikinti işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bir neçə obyektdə aparılan quruculuq işləri uğurla davam etdirilir. Onlardan biri zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan yaşayış binasıdır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisinə ötən ilin aprel ayından başlanılmış 36 mənzilli binanın zirzəmi hissəsində avtomobil parkı, birinci mərtəbəsində isə ticarət obyektləri yerləşəcək. İş icraçısı Mehman Vəliyevdən aldığımız məlumata görə, hazırda binanın son üç mərtəbəsində arakəsmələrin hörgüsü işləri aparılır, dam örtüyü qurulur. Tikintidə yerli inşaat materiallarından istifadə olunmaqla bərabər, təhlükəsizlik qaydalarına da ciddi əməl olunur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 753 milyon 949 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 12,8 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır. 

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,4 faiz artaraq 1757 manata (2239,1 ABŞ dollarına) çatmışdır.

 *     *     *

2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 366 milyon 642 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,1 faiz üstələmişdir.

Ardını oxu...

İyunun 21-də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının rəhbərləri şurasının 15-ci illik toplantısı çərçivəsində biznes-forum keçirilmişdir.
Yunanıstan, İtaliya, İordaniya, Rumıniya, Bolqarıstan, Ukrayna, Türkiyə, Gürcüstan, Belarus və Sloveniyadan müxtəlif sektorları təmsil edən sahibkarların, həmçinin beynəlxalq maliyyə qurumlarının ekspert və mütəxəssislərinin iştirak etdiyi biznes-forumda regional iqtisadi əməkdaşlıq və inteqrasiya, iqtisadiyyatın diversifikasiyası və digər məsələlər müzakirə edilmiş, iki və çoxtərəfli görüşlər keçirilmişdir.
Tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərindəki ofislərinin nümayəndələri, “Əlincə Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

Muxtar respublika iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində son 17 ildə ciddi iqtisadi uğurlar qazanılmış, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Beləliklə, iqtisadiyyatın davamlı inkişafına nail olunmuşdur. Ümumi Daxili Məhsulun tərkibində ötən il 26,9 faizlik pay sahibi olmuş sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu sahədə sürətli inkişaf əldə olunmuş və bir zamanlar aqrar region kimi tanınan muxtar respublikada sənayeləşmə prosesinə start verilmişdir.

Sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar geniş baza yaratdığından yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq, həmçinin xarici bazara inteqrasiyanı təşkil etmək dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması haqqında qanunvericilik bazası olub, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır.

Ardını oxu...

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində  yüksək keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. İllik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. Naxçıvanda yetişdirilən və idxal olunan meyvələrdən tam gigiyenik qaydada yüksək keyfiyyətli müxtəlif çəki və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, nar, üzüm, portağal və qarışıq tərkibli nektarlar istehsal edilir. 

Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır. Diyarımızın ən qədim məşğuliyyət sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılmışdır. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də beynəlxalq tələblərə cavab verməklə ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnmişdir. İslahatların məntiqi davamı kimi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində 2004-cü il 29 iyun tarixdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ölkə başçısı cənab İlham Əliyev 2005-ci il 7 fevral tarixdə həmin qanunun tətbiq edilməsi barədə Fərman imzalamışdır. Bu qanuna uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 iyun 2005-ci il tarixli əmri ilə mühasibat uçotunun beynəlxalq standartlara əsaslanmış “Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi Qaydaları” təsdiq edilmişdir.

Mühasibat uçotu müəssisənin, onun əmlakının kompleks idarə edilməsini, həyata keçirilmiş təsərrüfat əməliyyatları ilə bağlı informasiyaların toplanmasını, işlənməsini, qeydiyyatı və onların istifadəçilərə çatdırılmasını təmin edən sistemdir. Uçot iqtisadiyyatın bütün sahələri üzrə müxtəlif fəaliyyət növlərini bir-birinə bağlayan halqadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikanın rayonlarında, eləcə də Naxçıvan şəhərinin taxıl əkilən ərazilərində biçin kampaniyasına start verilib. Taxıl biçininə başlayan ilk rayonumuz Ordubad olub. Sonrakı dövrdə isə Culfa, Babək, Kəngərli rayonlarının, Naxçıvan şəhərinin taxıl əkilən sahələrinə kombaynlar çıxarılıb.
Nazirlikdən o da bildirilib ki, 20 iyun tarixə 1454 hektar taxıl əkini sahəsində biçin həyata keçirilib. 230 hektar buğda, 1224 hektar arpa əkilən sahələrdən, ümumilikdə, 3 min 620 ton məhsul əldə edilib. Hektarın orta məhsuldarlığı 24,9 sentner olub. Biçin kampaniyasına 100-dən artıq taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib.
Qeyd edək ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Ümumilikdə, biçin kampaniyası dövründə 35 min 324 hektar sahənin taxılı biçiləcək. Biçin davam edir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda yerli iqlim və relyefə uyğun meyvə-tərəvəz sortlarının becərilməsi, meyvə-tərəvəzçilik əsasında emal sənayesinin inkişaf etdirilməsi üçün əlverişli ekoloji mühit mövcuddur. Son illərdə davamlı xarakter alan dövlət qayğısı bu prosesdə başlıca stimula çevrilib, iqtisadi səmərəlilik baxımından kənd təsərrüfatının mühüm əhəmiyyətə malik sahələri kimi meyvəçilik və tərəvəzçiliyin inkişafına geniş imkanlar açıb.

Bu amil əsas götürülərək muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərində meyvə ağaclarının əkininə üstünlük verilir. Ayrı-ayrı sahibkarlar da mövcud imkanlardan, yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət qayğısından bəhrələnərək meyvə bağları salır, tingçilik təsərrüfatları yaradır, tərəvəz istixanaları qururlar. Müxtəlif vaxtlarda yetişən ayrı-ayrı tumlu, çəyirdəkli, qərzəkli meyvə və digər aborigen sortlardan ibarət plantasiyaların salınması, yüksək məhsuldar, keyfiyyətli, regionumuzun təbii iqlim şəraitinə uyğun meyvə tinglərinin yetişdirilməsi, inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli meyvə sortlarının əldə edilməsi muxtar respublikada bu gün daha geniş miqyasda meyvə-tingçilik təsərrüfatlarının və istixanaların yaradılmasını şərtləndirir. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” mühüm əhəmiyyətə malik dövlət sənədidir.

Ardını oxu...

Və ya milli brendlərimizi yaratmağın vaxtıdır

Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi tərəqqiyə verdiyi töhfəni zamanında böyük uzaqgörənliklə dəyərləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli tədbirlər həyata keçirilmiş, makroiqtisadi sabitliyə nail olunması üçün özəl sektorun formalaşması istiqamətində hüquqi baza yaradılmışdır. Bunun nəticəsidir ki, ölkəmizdə, həmçinin muxtar respublikamızda sahibkarlıq mühiti ildən-ilə genişlənir və inkişaf edir.
Təbiidir ki, sahibkarlıq fəaliyyyəti zaman-zaman yeni bazar tələbləri ortaya qoyur. Bu tələblərin düzgün dəyərləndirilməməsi gələcəkdə iqtisadi çoxşaxəliliyin təmin edilməsinə də əngəl törədir. Dinamizm, təşəbbüskarlıq, yenilik sahibkarlıq fəaliyyətində önəmli məsələlərdən hesab edilir. Biznesdə inkişafın bir çox uğurlu istiqamətləri vardır. Keyfiyyət, rəqabət, münasib qiymət, etibarlılıq və sair uğurlu biznesin əsas şərtləridir desək, yanılmarıq. Belə ki, hər bir sahibkar istehlakçının etibarını qazanmağa çalışır ki, daha böyük satış bazarı əldə etsin. Bunu isə sağlam rəqabət, keyfiyyətli istehsal, münasib qiymətləndirmə aparmaqla əldə etmək mümkündür.

Müasir biznesdə uğurlu mübarizə yollarından biri də brendinq siyasətidir. Əvvəlcə brendin nə olduğunu aydınlaşdıraq. Yazını hazırlamazdan əvvəl şəhər sakinlərinin bir neçəsi ilə həmsöhbət olduq və onlara “Brend nədir?” sualı ilə müraciət etdik. Aldığımız cavabların böyük əksəriyyəti belə oldu: “Brend hər hansı bir malın adı və ya onu bildirən ticarət nişanıdır”. İlk baxışda bu cavab çoxları üçün doğru görünə bilər. Ancaq gəlin bunu aydınlaşdıraq.

Ardını oxu...

İlk Dəmir dövrünün yadigarı

Şərur şəhərindən 11 kilometr məsafədə, Naxçıvan-Sədərək magistral yolunun sağında və solunda qərar tutan Dəmirçi kəndi qədim yaşayış məskənlərimizdən biridir.
İlk Dəmir dövründə təşəkkül tapdığı ehtimal olunan bu yurd yerindəki küp qəbiristanlığı, Naxçıvan-Sədərək magistralının 70-ci kilometrliyində yerləşən, hündürlüyü 1244 metrə çatan Vəlidağın şərq hissəsindəki təpənin üstündə olan arxeoloji abidə Dəmirçinin qədim tarixindən soraq verən sübutlardır.
Dəmirçidə qədim məhəllə adları indi də yaşayır: “Qala qapısı”, Kərimli məhəlləsi, İsmixan məhəlləsi və sair.
İlləri yola salan Ağa, Kalbakərim, Şırşır, Qafar, Səfər, Bayraməli kəhrizlərinin də yaşı bilinmir, nə vaxt qazılmasını kəndin ən yaşlı adamları belə xatırlamırlar. Bu gün də həmin kəhrizlərdən istifadə olunur.

Uzunömürlülər və onlarla söhbət

Dəmirçidə özünəməxsus adət-ənənələr bu gün də qiymətli irs kimi yaşadılır. Bu kənddə yaşayan uzunömürlülər çoxdur. Rəhim Lalayev onlardan biridir. Onunla görüşmək istədik; qapısını döydük. Qapını özü açdı. Hal-əhval tutduq. Çay süfrəsi arxasında ona ilk sualımı verdim:

Ardını oxu...

Cari ildə sərhəd bölgəsi Sədərək rayonunda daha bir məktəbəqədər müəssisə üçün yeni binanın inşasına başlanılıb. Belə ki, Heydərabad qəsəbəsində uşaq bağçası üçün yeni bina tikilir. Burada inşaat işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Bağça layihəyə əsasən, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 252 yerlik bağçanın zirzəmisində mətbəx, qazanxana, işçilər üçün yeməkxana, camaşırxana, ərzaq anbarı, həmçinin 2 qrup, digər 2 mərtəbədə isə 4 qrup yerləşəcək. Hər qrupda yataqxana, yeməkxana, oyun zalı, qarderob və mətbəx istifadəyə veriləcək. Uşaqların yataq otaqlarına, oyun zallarına, eləcə də dəhlizlərə onların yaşına uyğun xüsusi tərtibat veriləcək.
Artıq binada qəlib-beton işlərinin, arakəsmələrin hörgüsü başa çatdırılıb, divarların suvanması və çardaq hissənin qurulmasına başlanılıb, kommunikasiya xətlərinin çəkilişi üçün isə hazırlıq görülür.
Xatırladaq ki, bu sərhəd rayonunun Sədərək kəndində keçən il noyabr ayının 30-da yeni uşaq bağçası istifadəyə verilmişdir.

Cəfər ƏLİYEV

Müasir insan həyatında vaxt hər şeydən qiymətlidir. Bütün məsələləri sürətlə və keyfiyyətlə həll etmək üçün hər gün yeni üsul və vasitələr tətbiq olunur.  Çoxlu sayda informasiyanı alıb onu yadda saxlamaq, sonra isə lazım olandan istifadə etmək ən mühüm və eyni zamanda ən çətin iş sayılır. Bu baxımdan pul vəsaitləri ilə apardığımız əməliyyatlar, bu zaman qarşıya çıxan sürət, dəqiqlik və təhlükəsizlik məsələləri elektron ödəniş vasitəsi olan POS-terminallarla çox rahat şəkildə həll olunur. Nağd pullarla aparılan qarmaqarışıq əməliyyatlardan fərqli olaraq, POS-terminallardan istifadə ilə həyata keçirilən ödəmələr zamanı həm satıcı, həm də alıcı öz işini rahat qurur və eyni zamanda qanunazidd olan hallar baş vermədiyindən dövlət maraqları da qorunmuş olur. İqtisadi inkişafın getdikcə sürətləndiyi bir dövrdə muxtar respublikamızda POS-terminallardan istifadəni artırmaqla bu vacib məsələnin həlli   diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında POS-terminallardan istifadə ilə əlaqədar görülmüş işlər və nağdsız hesablaşmalar sahəsindəki vəziyyətlə əlaqədar suallarımızı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov cavablandırır.

– Elvin müəllim, POS-terminal nədir və ondan necə istifadə olunur?

Ardını oxu...

Bu gün qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizin təbii qazla təmin olunması prosesi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarına təbii qazın verilməsinə başlanılmışdır. 1980-ci ildə Naxçıvana da yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi qazlaşdırılmışdır. Bu zaman muxtar respublikada 4 şəhər, 2 şəhərtipli qəsəbə və 91 kənd təbii qazla təmin edilmiş, təbii qazdan istifadə edən abonentlərin sayı 33 mindən artıq olmuşdur. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respub­likamız blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdi.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2004-cü il avqustun 5-də “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Milli Qaz İxrac Şirkəti arasında “Təbii qaz mübadiləsi” haqqında müqavilə imzalanmış, 2005-ci ildən etibarən Naxçıvana təbii qazın verilməsinə başlanılmışdır. İki il müddətində muxtar respublikada qazlaşdırma prosesi tam başa çatdırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Naxçıvana təbii qazın verilməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 2005-ci ildə “Naxçıvanqaz” Məhdud Məsuliyyətli Cəmiyyəti, 2010-cu ildə isə “Nax­çıvanqaz” İstehsalat Birliyi yaradılmışdır.

Ardını oxu...

Muxtar respublikada kartofçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. Artıq kartofçuluq respublikada gəlirli sahələrdən birinə çevrilib. Muxtar respublikanın münbit torpaqlarında keyfiyyətli məhsul istehsal edilir. Keyfiyyətli və bol məhsulun əsas şərtlərindən biri isə məhsulun zərərvericilərinə qarşı mübarizə tədbirlərinin aparılmasıdır. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara dərman preparatları pulsuz olaraq paylanılır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantin şöbəsinin və Bitki Mühafizə Stansiyasının mütəxəssisləri Culfa rayonunun Ərəzin kəndində olmuş, sahibkarlarla görüş keçirmiş, kartof əkilmiş sahələrə baxmışlar. Kartofun əsas zərərvericisi olan kolorado böcəyinə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə 160 hektar sahəyə nəzərdə tutulan 40 litr dərman preparatı, preparatın hazırlanması və tətbiqi qaydası haqqında hazırlanan bukletlər sahibkarlara paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə Ordubad rayonunun Dəstə kəndi ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı səyyar seminar-müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mirtaleh Seyidov açaraq seminarın mahiyyəti haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, tədarük olunan bu məhsulların vaxtında və təhlükəsizlik qaydalarına uyğun olaraq yığılması qarşıda duran əsas vəzifələrdən biridir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Tural Sadiq­ovun, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynovun və nazirliyin müfəttişi Zərrab Əfəndiyevin çıxışları olmuşdur. Bildirilmişdir ki, rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin keçirilməsi diqqətdə saxlanmalı, müxtəlif taxıl məhsullarının yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Bundan başqa, taxıl yığımı dövründə srateji əhəmiyyətli məhsulların yanğınlardan qorunması və biçin zamanı yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi də əsas vəzifələrdəndir.
Çıxış edənlər biçin dövrü sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələrdən, taxıl zəmilərində işləyən kənd təsərrüfatı texnikalarının və aqreqatların saz vəziyyətdə olması zərurətindən də bəhs etmişlər.
Tədbirin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçaları paylanmışdır.

Səbuhi HƏSƏNOV

Ötən ilin noyabr ayından başlayaraq Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün yeni binanın inşasına başlanılıb. Tikinti işlərinin “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirildiyi zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət olan binada qəlib-beton işləri başa çatdırılıb. Binanın son mərtəbəsi mansard tiplidir. Hazırda inşaatçılar binada kommunikasiya xətlərinin çəkilişi ilə məşğuldurlar. Obyektə çox sayda texnika və işçi qüvvəsi cəlb edilib. Binanın inşasında yüksək keyfiyyətli yerli inşaat materiallarından istifadə olunur, obyektin vaxtında təhvil verilməsi üçün səy göstərilir.

Xəbərlər şöbəsi

Muxtar respublikanın maye karbon qazına olan illik tələbatı 2800 tondur. İllik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır. Bu məqsədlə müəssisənin balansındakı maye karbon qazını daşımaq üçün 2 ədəd 12 tonluq və 1 ədəd 6 tonluq avtosisternlərdən, eləcə də 2009-cu ildə alınmış soyuducu kameralı “Mitsubishi” markalı quru buzdaşıyan texnikadan səmərəli istifadə olunur. 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 350 min manat güzəştli kredit verilmişdir ki, bu vəsait yeni texnikaların alınmasına yönəldilmişdir. İsveçin “SKAYNA” firmasının istehsalı olan 2 ədəd çəkici avtomaşın və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik 2 ədəd avtosistern alınıb gətirilmişdir. Bu da istehsal olunan məhsulun vaxtlı-vaxtında sifarişçilərin ünvanlarına çatdırılmasına əlverişli şərait yaradır.
“Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətinin direktoru Elman Seyidov bildirdi ki, müəssisədə xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Müəssisədə istehsal edilən yüksək keyfiyyətli maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” ASC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötmüşdür.
Bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Hazırda müəssisədə tələbata uyğun olaraq, istehsal edilən məhsulun 45 faizi muxtar respublikada, 55 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir. Cəmiyyətin direktoru onu da bildirdi ki, Bakı və Quba şəhərlərində müəssisənin balondoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda müəssisədə 27 nəfər çalışır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi planlaşdırılır.

Kərəm HƏSƏNOV

Cari ildə həyata keçirilən təmir-tikinti, abadlıq-qurucu­luq tədbirlərindən Xok kəndi də bəhrələnib. Bu yaşayış məntəqəsində hazırda bir neçə ünvanda Kəngərli Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivi tərəfindən inşaat işləri aparılır. Belə ki, burada kənd mərkəzi, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir, məktəb binası yenidən qurulur, kəndarası yollarda abadlıq işləri aparılır.
Sözügedən tikinti idarəsinin iş icraçısı İbrahim Mənsimovun bildirdiyinə görə, kənd mərkəzinin binasının ikinci mərtəbəsində qəlib-beton, hörgü işləri başa çatdırılıb. Həkim ambulatoriyasının tikintisində işlər yekunlaşmaq üzrədir. Hazır­da adıçəkilən obyektdə fasad hissənin üzlənməsi işi aparılır.
Kənd sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan quruculuq tədbirlərindən biri də mövcud məktəb binasının yenidən qurulmasıdır. Layihəyə əsasən, ikimərtəbəli məktəb binasına daha bir mərtəbə əlavə edilib. 1026 şagird yerlik nəzərdə tutulan binanın yan korpusunda əsas tikinti işləri başa çatdırılıb. Hazırda inşaatçılar əsas qüvvəni məktəb binasının ön korpusunun inşasına səfərbər ediblər. Obyektlərin tikintisində yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amili diqqətdə saxlanılır.
Qeyd edək ki, son illər ərzində Kəngərli rayonunda aparılan genişmiqyaslı qu­ruculuq və abadlıq tədbirləri nəticəsində bu bölgənin siması tanınmaz dərəcədə dəyişib. Qabıllı, Şahtaxtı, Qıvraq, Yurdçu, Qarabağlar, Xok, Yeni Kərki, Böyükdüz, Xıncab, Təzəkənd və Çalxanqala kimi 11 yaşayış məskənini əhatə edən rayonda genişmiqyaslı sosial infra­struktur layihələri həyata keçirilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilib və ya yenidən qurulub, yollar salınıb. Xok rayonunun kompleks qu­ruculuq işləri həyata keçirilən 10-cu yaşayış məntəqəsidir.

Səbuhi HÜSEYNOV

Baytarlıq insanları ərzaq məhsulları ilə təmin edən ev heyvanları arasında xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin müəyyən xəstə­liklərdən mühafizəsi sahəsində elmi, praktik və təşkilati tədbirlər sistemidir. Planetdə əhalinin heyvan mənşəli ərzaq məhsullarına olan tələbatlarının artması və buna qarşı qoyulan müasir tələblər baytarlıq xidməti ilə bağlı məsələlərin əhəmiyyətini artırmaqdadır.
İnsan orqanizminə lazım olan zülal, yağ, vitamin və sair kimi bildiyimiz və bilmədiyimiz bütün qida məhsullarına olan tələbatların ödənilməsində həmişə bir zəmanətə ehtiyacımız vardır. Mühüm bir mədəni tələbat kimi də qiymətləndirə biləcəyimiz bu zəmanət isə hər cür sağlam heyvan mənşəli ərzaq məhsullarının istehsalının başlanğıc yeri olan təhlükəsiz heyvandarlıq, quşçuluq, arıçılıq və balıqçılıq təsərrüfatlarının fəaliyyətinə əsaslanır. Ona görə də qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən baytarlıq xidməti mühüm bir fəaliyyət növü kimi bütün əhalinin tələbatlarının ödənilməsinə xidmət edir. İstehlak zənbilimizdə özünə mühüm yer tutan ət və süd məhsulları tərkibinin təmizliyi məhz baytarların apardığı işlərin səviyyəsindən asılıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bu ilin ilk 5 ayı ərzində ticarət obyektlərindən 113 min 677 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsullar aşkar edilib. Bu məhsulların satışının qarşısı alınıb. Bunlardan 3375 manat dəyərində məhsul aidiyyəti orqanın iştirakı ilə məhv edilib, 144 manat dəyərində məhsul satışdan çıxarılıb. 54 min 990 manat dəyərində spirtli içkinin satışına qadağa qoyulub, 52 min 965 manat dəyərində içki istehsalçı müəssisəyə geri göndərilib. 2 min 203 manat dəyərində spirtli içki təkrar emala verilib.
Məlumatda o da bildirilib ki, süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısının alınması məqsədilə 19 adda süni məhsullar aşkar edilib. Bunlardan 8 adda süni məhsulların siyahısı nümunələri ilə birlikdə aidiyyəti orqana göndərilib. 93 təsərrüfat subyektində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə halları aşkar olunub və bu haqda tədbir görülüb. Muxtar respublikaya idxal olunan 9 kiloqram (45 manat dəyərində) “Halal” adı ilə markalanmış saxta əmtəə nişanı altında ət məhsullarının satışına qadağa qoyulub. 60 təsərrüfat subyektinə özünəməxsus əmtəə (xidmət) nişanının qeydiyyata alınması barədə məlumat xarakterli məktub göndərilib.
Bundan başqa, komitədə yaradılan işçi qrupu tərəfindən bazarlar və ticarət obyektlərində satılan məhsullardan 67 halda, bostanlardan götürülmüş 25 halda torpağın laboratoriya sınaqları aparılıb. Kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən 22 təsərrüfat subyektinin rəhbərlərinin iştirakı ilə komitədə yığıncaq keçirilib, maarifləndirmə işləri aparılıb. İki adda məhsulun markalanmasında tərkibində geni dəyişdirilmiş orqanizmin qeyd olunduğu müəyyən edilərək muxtar respublikaya idxalının qarşısının alınması üçün aidiyyəti orqan məlumatlandırılıb. Tikinti sekto­runda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması, yanacaq ehtiyatının yaradılması ilə bağlı verilmiş tapşırıqların icrası məqsədilə 6 tikinti materialları satışı obyektində dövlət nəzarəti həyata keçirilib, nöqsanların aradan qaldırılması barədə iradnamə verilərək təkrar araşdırma zamanı nöqsanların aradan qaldırıldığı müəyyən olunub. İdxal olunan tikinti materiallarına 387, istehsal olunan tikinti materiallarına 117, maşın-mexanizm və avadanlıqlara 38 ədəd olmaqla, 542 uyğunluq sertifikatı verilib.

Xəbərlər şöbəsi

Kənd təsərrüfаtının inkişаfı istiqаmətində həyаtа kеçirilən kоmplеks tədbirlər Kəngərli rаyоnundа dа uğurlа dаvаm еtdirilir. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı muхtаr rеspublikаmızın hər bir bölgəsində оlduğu kimi, Kəngərli rаyоnundа dа əkinçiliyin inkişаfınа yеni stimul vеrmiş, tоrpаq mülkiyyətçilərinin əkib-bеcərmək əzmini dаhа dа аrtırmışdır.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rza Məmmədovun sözlərinə görə, əkinçiliyin inkişаfınа təsir еdən mühüm аmillərdən biri – suvаrmа suyunа оlаn tələbаtın ödənilməsi istiqаmətində məqsədyönlü tədbirlər həyаtа kеçirilmiş, rаyоn ərаzisində yеrləşən, ümumi tutumu 2 milyon 100 min kubmetr olan “Xok-1”, “Xok-2”, “Çalxanqala”, “Qarabağlar”, “Yurdçu” göllərində kifаyət qədər su еhtiyаtı yаrаdılmışdır. Həmçinin rayonun Təzəkənd, Yurdçu, Xıncab, Xok kəndlərində olan “Ağsu”, “Qasımbəy”, “Mirzəlilər-2” və “Çay” kəhrizlərindən də səmərəli istifadə olunur. Öz ахаrı ilə suvаrılmаsı mümkün оlmаyаn əkin və həyətyаnı tоrpаq sаhələri isə rаyоndа fəаliyyət göstərən “Qıvraq-1”, “Qıvraq-2”, “Azərbaycan”, “Şahtaxtı”, “Qarabağlar” nаsоs stаnsiyаlаrı və 53 subаrtеziаn quyusu vаsitəsi ilə suvаrılır. Suvаrmа suyunа оlаn tələbаtın vахtlı-vахtındа ödənilməsi üçün nаsоs stаnsiyаlаrı və sub­аrtеziаn quyulаrı lаzımi еhtiyаt hissələri ilə təmin оlunmuş, nаsоs stаnsiyаlarındа, sub­аrtеziаn quyulаrındа cаri təmir işləri аpаrılmışdır. Həyаtа kеçirilən tədbirlərin nəticəsidir ki, bu gün suvаrmа suyunа оlаn tələbаtın ödənilməsində hеç bir prоblеm yoxdur.

Ardını oxu...

Məqsəd təhsildə yüksək keyfiyyətə nail olmaqdır

Son illərdə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında təhsil ocaqlarının tikintisinə xüsusi önəm verilir. Bu isə sabahın layiqli və kamil mütəxəssislərinin yetişməsinə şərait yaradır.
Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da məktəb tikintisi ön plandadır. Son illər Şərurda 31 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu baxımdan ötən il də istisna deyil. Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414, Dərəkənddə 216 şagird yerlik məktəb binalarının inşası başa çatdırılmış, Qarxun və Qorçulu kəndlərindəki məktəb binaları əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Yeni dərs ilində rayonun dörd kəndində təzə məktəb binası öz qapılarını müəllim və şagirdlərin üzünə açacaqdır.
Yeni obyektlərin biri ilə tanış olmaq üçün çay kənarı ilə gedən yolla dağlara doğru qalxırdıq. Şahbulaq Şərur rayonunun sərhəddə yerləşən ən qədim kəndlərindən biridir. Kənd məktəbinin də yaşı çoxdur. Lakin uzun illər baxımsızlıq üzündən yararsız hala düşmüşdü. Ona görə də Şahbulaq kəndində hər şəraiti olan təzə məktəb binası tikilir. Zirzəmi ilə birlikdə üçmərtəbəli bina kəndin ən mənzərəli guşəsində, yaşıllıqlar qoynunda ucaldılır. Məktəb binasının tikintisində son tamam­lama işləri görülür.

Ardını oxu...

Şərur rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Yarmarkada rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, son illərdə işaxtaran vətəndaşlarla işəgötürən müəssisələr arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər sırasında əmək yarmarkasının da rolu vardır. Odur ki, mərkəzin əməkdaşları mütəmadi olaraq rayondakı idarə, müəssisə və təşkilatlarda, sa­hibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumat toplayır, həmin boş iş yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim olunur.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin menecerləri ilə görüş keçirilib. Görüşdə mərkəzin marketoloqu Arif Hüseynov çıxış edərək ştrixli kodlaşdırma haqqında məlumat verib.
Topdan və pərakəndə ticarətdə əmtəələrin identifikasiyası, ştrixkod simvolikaları, ştrixkod ölçüləri, ştrixkodun rəng palitrası, nəzarət rəqəminin hesablanması haqqında da danışan Arif Hüseynov bildirib ki, ştrixli kodlaşdırma avtomatik identifikasiya texnologiyalarının ən məşhuru və çox yayılanıdır. Hazırda GS1 sisteminin ştrixli kodları ümumdünya çoxsahəli kommunikasiya sisteminin əsasını təşkil edir. Bu sistemin qurulmasını iki nəhəng ixtisaslaşmış beynəlxalq təşkilat – GS1 və AIM Global təmin edir. Bu gün ştrixli kodlaşdırma texnologiyaları insan fəaliyyətinin bir çox sahələrində tətbiq olunur. Ən çox topdan və pərakəndə ticarətdə, maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, logistikada və səhiyyədə geniş istifadə edilir. Ştrixli kodlaşdırma bütün dünyada malların bugünkü markalanmasının ayrılmaz hissəsinə çevrilib. Əgər ştrixkodların ilkin tətbiqi pərakəndə ticarət məntəqələri idisə, son vaxtlar yüzlərlə müəssisə uçot məqsədləri üçün maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, logistikada və səhiyyədə ştrixkodlardan istifadə edir. Ştrixli kodlaşdırma texnologiyalarının tətbiqi üçün müvafiq avadanlıqlardan istifadə olunur. Onlara ştrixkod skanerləri, termotransfer printerlər, məlumat yığımı terminalları aiddir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR