21 Sentyabr 2019, Şənbə

Muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rolu olan Şərur rayonunda bu il kartof əkini sahələri 1094 hektara çatdırılıb. Kartof üçün münasib sahələrin seçilməsi, torpağın üzvi və mineral gübrələrlə zənginləşdirilməsi, şumun normal dərinlikdə aparılması, becərmə tədbirlərinin aqrotexniki tələblər səviyyəsində yerinə yetirilməsi nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri bol məhsul yetişdiriblər.
Hazırda kartof yığımının əsas dövrüdür. Verilən məlumata görə, bu günə kimi əkilən sahələrin yarısından çoxunun məhsulu yığılıb, hər hektardan orta hesabla 130 sen­tnerdən artıq kartof əldə edilib. İstehsal olunan məhsulun çox hissəsi rayonda mövcud olan soyuducu anbarlara tədarük olunub.
Ümumilikdə, bu il rayondakı suvarılan sahələrin 2 min hektara yaxını müxtəlif tərəvəz bitkiləri əkilmiş ərazilərdir. Kartof, xiyar, pomidor, bibər, soğan, sarımsaq və digər tərəvəzlər, həmçinin bostan məhsulları da yığılır.

Ardını oxu...

Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatçılarının iştirakı ilə seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agent­liyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini Anar Zeynalov açıb. Bildirib ki, “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər Şərur rayonundakı belə təsərrüfatların da inkişafına böyük stimul olub, bölgədə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Rayon ərazisində 5 hektar sahədə yer fıstığı və 1,2 hektarda qızılgül əkini aparılıb, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Ardını oxu...

Hər fəsildə barlı-bərəkətli meyvə bağları, təbiət gözəllikləri ilə cənnəti xatırladan yurdumuzun adla deyilən meyvələri təkcə respublikamızda deyil, ondan kənarda da məşhurdur. Yazın son aylarında göycə, ərik, yayın istisində şaftalı, üzüm yeşiklərə yığılıb ən şirin pay kimi qohuma, qardaşa göndərilir.
Muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur isə digər meyvələri ilə yanaşı, həm də şaftalısı, hülüsü ilə tanınır. Hər il olduğu kimi, bu il də rayonun bərəkətli torpaqlarında bitən ağaclardan şaftalı, şələli, hülü toplanıb uzaq rayonlarda həmyerlilərimizin süfrələrinin bəzəyinə, bu sahə ilə məşğul olanların isə qazanc mənbəyinə çevrilir.
Rayonda bu meyvəni əkib-becərənlər çoxdur. Şaftalı daha çox Aşağı və Yuxarı Daşarx, Danyeri, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Mahmudkənd, Siyaqut kəndlərində yetişdirilir. Rayonda şaftalı bağlarının sahəsi ilbəil daha da genişləndirilir. Artıq bir neçə müddətdir ki, məhsul yığılır. Naxçıvan-Sədərək yolundan keçənlər alyanaq meyvələrlə bəzənmiş şaftalı bağlarının seyrinə çıxmaqla yanaşı, yolboyu istədikləri təsərrüfatdan bu ətirli meyvədən də alıb, dadına baxa bilirlər.

Ardını oxu...

Günün istənilən saatında şəhərimizin hüsnünə yaraşıq verən rəngbərəng vitrinlərlə bəzənən marketlərə üz tutub səliqə ilə yığılmış tər çörəklərdən istədiyimiz qədər ala bilirik. Çörəyimiz bol olduğu üçün, necə deyərlər, evə əlidolu, üzüağ gedirik. Daha nə saatlarla çörək növbəsi gözləyən var, nə də ki “marketdə çörək qurtarıb, gərək bir-iki saatdan sonra yenə gedim görüm tapa bilərəm?” – deyən. Elə süfrə başında da tez-tez böyüklərin keçmişin acı xatirələrini yada salaraq: “İlahi, bizi bir daha çörəklə imtahana çəkmə”, – deməsi, o illərdə yaşananlar barədə edilən söhbətlər firavan, əmin-amanlıq, bolluq içində yaşadığımız bugünkü dövrün necə qiymətli olduğunu biz gənc nəslə aşılayır...

Təbii ki, çörəyin hasilə gəlməsi düşündüyümüz qədər də asan deyil. Taxılın əkilməsi, becərilməsi, yığılması, dəyirmanda üyüdülərək un halına salınması, bişirilərək marketə gətirilməsinə qədərki prosesi incələsək, bu işin necə böyük zəhmət tələb etdiyini görərik. Ancaq muxtar respublikamızda aparılan məqsədyönlü tədbirlər nəticəsində ilbəil bu proses daha da asanlaşır, insanlara rahat işləməsi, məhsul bolluğu üçün hərtərəfli şərait yaradılır. Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və müasir suvarma sistemləri ilə təmin olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli kreditlərin verilməsi, eyni zamanda dövlətimiz tərəfindən ayrılmış yardımlar aqrar sahənin davamlı inkişafına yol açır. Sistemli şəkildə həyata keçirilən kompleks islahatlar sahibkar-torpaq münasibətlərinin elmi əsaslarla müasir təsərrüfatçılıq formasında inkişaf etdirilməsini reallaşdırır, bu isə məhsuldarlığın yüksəlməsinə səbəb olur. Təsadüfi deyil ki, artıq son bir neçə ildir, muxtar respublika sakinlərinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına ödənilir.

Ardını oxu...

Muxtar respublikamızda daxili istehsalın artırılması müxtəlif növ məhsullar üzrə tələbatın tam şəkildə ödənilməsinə imkan yaradıb. Bu mənada, xüsusən yay aylarında böyük tələbata malik olan pivə istehsalı həmin sahədə idxaldan asılı­lığın aradan qaldırılmasına və məşğulluq məsələlərinə də mühüm təsir edir.
2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan 60-a yaxın işçi istehsal etdiyi məhsul üzrə keyfiyyət prinsiplərini ön planda tutaraq istehlakçı məmnuniyyətinə nail olmağı qarşıya məqsəd qoyub. Müəssisə rəhbəri Seyfəddin Rəhimov onlara göstərilən dövlət qayğısının bu məsələdə böyük rol oynadığını vurğuladı. O bildirdi ki, xammalı Belçika, Çexiya, Slovakiya və Almaniya kimi ölkələrdən gətirilən Naxçıvan pivəsi Avropa mənşəli texnologiya vasitəsilə istehsal edilir ki, bu da hazır məhsulun yüksəkkeyfiyyətli olmasına səbəb olur. Aparılan marketinq araşdırmalarına görə, “Prestij Naxçıvan Pivəsi” yerli alıcılarla bərabər, muxtar respublikamıza gələn turistlərin də həvəslə aldığı məhsullardandır. Hər bir sahədə yeni texnologiyanın tətbiqi, son nəticədə, yüksək keyfiyyət və məhsuldarlıq deməkdir. Bu müəssisədə də yenilənməyə göstərilən diqqət öz bəhrəsini verir. Belə ki, bu il istehsal xəttində Çexiyanın “CHEOPS” şirkətinin istehsalı olan 50 min avro dəyərində avadanlıqlar alınması üçün müqavilə bağlanılıb. Yeni avadanlıq məhsul istehsalını artırmağa birbaşa təsir edəcək. Cari ilin ilk 7 ayı ərzində isə müəssisədə 36 min 578 min dekalitrdən artıq pivə istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10 min 386 dekalitr çox deməkdir. Şübhəsiz, isti yay günlərində sərin içkilərə tələbatın 70-80 faizədək artdığı bir dövrdə daha çox məhsul istehsal olunub satışa göndərilməsi müəssisənin rəqabət qabiliyyətinin artmasını sübut edən əsas amillərdəndir.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR