24 Yanvar 2017, Çərşənbə axşamı

ARXİV

Yanvar 2016
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin genişlənməsi iqtisadiyyatda innovativliyin və şəffaf fəaliyyətin göstəricisidir.
Bu gün dünya təcrübəsinə baxsaq, görərik ki, nağdsız dövriyyənin həcminin artırılması istiqamətində nağd ödənişlərin yuxarı həddi üçün limitin tətbiq edilməsi bu sahədə kifayət qədər uğurlara nail olmağa imkan verir. Eyni zamanda beynəlxalq təcrübədə nağdsız ödənişlərin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlərdən və nağd ödənişlərə məhdudiyyətin qoyulması üsullarından da geniş istifadə olunur. Məsələn, Kolumbiyada malların (işlərin, xidmətlərin) dəyəri ödəniş kartları ilə ödənilərkən istehlakçılardan tutulan ƏDV-nin məbləği 2 faiz həcmində azaldılır. İsveçdə plastik kartlar vasitəsilə il ərzində edilən ödənişlərin 2 faizi həcmində əlavə bonus təqdim olunur. Macarıstanda POS-terminalların quraşdırılması üçün 3 il müddətinə subsidiyalar verilir. Bundan əlavə, bir sıra ölkələrdə nağd hesablaşmaların minimuma endirilməsi məqsədilə qanunvericilikdə məhdudiyyətlər qoyulmuşdur.

Bu gün beynəlxalq iqtisadi arenada öz iqtisadi inkişaf göstəriciləri ilə çoxlarına nümunə olan ölkəmiz də bu iqtisadi axından kənarda qala bilməz. Ona görə də Azərbaycanda nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi və nağdsız ödəniş həcminin artırılmasının beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Muxtar respublikada da hər bir təsərrüfat subyektinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyəyə cəlbi, əhalinin nağdsız hesablaşmalara keçid vərdişlərinin formalaşdırılması, dövlət orqanlarının və digər kütləvi xidmət qurumlarının daxili informasiya sistemlərinin elektron ödəniş sistemlərinə texnoloji inteqrasiyasının təmin olunması nağdsız ödənişlərin inkişafına diqqəti artırmağı zəruri edirdi. Bu faktorlar nəzərə alınaraq muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün qəbul olunan və 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”nın icrası uğurla başa çatdırılmışdır.
Ötən müddət ərzində bank sektorunun qarşısına qoyulmuş öhdəliklər planlı şəkildə həyata keçirilmiş və effektiv nəticələrin əldə edilməsinə nail olunmuşdur. Belə ki, beynəlxalq təcrübə əsas götürülərək nağdsız ödənişlərin iqtisadi artıma təsirini gücləndirmək məqsədilə geniş nağdsız ödəniş infrastrukturu yaradılmış və müxtəlif stimullaşdırıcı tədbirlər mərhələli şəkildə həyata keçirilmişdir.
Tədbirlər planının başlanğıc mərhələsində infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və quraşdırılmış POS-terminal aparatları vasitəsilə kütləvi xidmət göstərən təşkilatlar üzrə kommunal xidmət haqlarının əhali tərəfindən nağdsız qaydada ödənilməsi təmin edilmişdir.
İlk növbədə, infrastruktur alətlərinin artırılması və geniş nağdsız ödəniş şəbəkəsinin formalaşdırılması əsas məqsəd kimi qarşıya qoyulmuş və tədbirlər planının icra müddəti ərzində əhəmiyyətli artıma nail olunmuşdur.
Əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı əgər 1 yanvar 2014-cü il tarixə 142-si Naxçıvan şəhəri, 106-sı isə kənd yaşayış məntəqələrində və rayon mərkəzlərində olmaqla, 248 ədəd təşkil edirdisə, tədbirlər planında nəzərdə tutulmuş icra müddəti ərzində bu göstərici 4 dəfədən çox artmış və 1 dekabr 2015-ci il tarixə 478-i Naxçıvan şəhəri, 536-sı isə rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində olmaqla, 1014 ədəd təşkil etmişdir. Eyni zamanda sakinlərin kommunal xərclərinin ödənişlərinin rahat şəkildə təmin edilməsi məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Naxçıvanqaz” İstehsalat Birliyində, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində və “Naxçıvan Su-Kanalizasiya” Açıq Səhmdar Cəmiyyətində, ümumilikdə, 199 ədəd POS-terminal quraşdırılmışdır.
Digər ödəniş vasitələrindən sayılan bankomatların sayında bu müddət ərzində 6 ədəd artım olmuşdur. Əgər 1 yanvar 2014-cü il tarixə bu göstərici 53-ü Naxçıvan şəhəri, 39-u kənd və rayon mərkəzlərində olmaqla, 92 ədəd idisə, 1 dekabr 2015-ci il tarixə isə 55-i Naxçıvan şəhəri, 43-ü kənd yaşayış məntəqələrində və rayon mərkəzlərində olmaqla, 98 ədəd təşkil etmişdir.
Ödəniş kartlarının sayında da kifayət qədər artım müşahidə olunmuşdur. Belə ki, 1 yanvar 2014-cü il tarixə ödəniş kartlarının sayı 183 min 72 ədəd olduğu halda, bu göstərici 1 dekabr 2015-ci il tarixə 38 min 333 ədəd artımla 221 min 405 ədədə çatmışdır. Hal-hazırda bu göstərici muxtar respublika sakinlərinin hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edildiyini deməyə əsas verir ki, bununla da, dövlət sektorunda əməkhaqlarının ödəniş kartları vasitəsilə nağdsız şəkildə ödənilməsi prosesi başa çatdırılmışdır.
Bütün bunlarla yanaşı, kommunal xidmət haqlarının internet üzərindən elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi imkanları da yaradılmış, digər ödənişlərin nağdsız qaydada aparılması məqsədilə müvafiq addımlar atılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublika sakinlərinin ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilmələri üçün lazımi infrastruktur da yaradılmışdır.
Əlbəttə ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı, maarifləndirici tədbirlərin keçirilməsi və institusional mühitin formalaşdırılması da zəruridir. Bu baxımdan tədbirlər planının icrasının ilkin mərhələsində nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin kütləvi təbliği ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında əhali arasında maarifləndirici tədbirlər keçirilmiş, orta, orta ixtisas və ali təhsil müəssisələrində nağdsız ödəniş vərdişlərini inkişaf etdirmək məqsədilə xüsusi məşğələlər təşkil edilmişdir.
Tədbirlər planında nəzərdə tutulmuş işlərin icrasının vəziyyətini cəmiyyətə çatdırmaq məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Nağdsız ödənişlər: mövcud vəziyyət, inkişaf perspektivləri” adlı jurnal nəşr edilmişdir. Jurnalda görülmüş işlərlə bərabər, nağdsız ödənişlərlə bağlı ictimaiyyəti maraqlandıran bir çox mövzulara da toxunulmuş və muxtar respublikanın bütün rayonlarının bu sahədə gördükləri işlərin nəticələri ayrı-ayrılıqda təhlil edilmişdir.
Tədbirlər planında qarşıya qoyulan vəzifələrdən biri də infrastrukturun genişləndirilməsi və maarifləndirici tədbirlərin aparılması ilə yanaşı, kart sahibləri arasında stimullaşdırıcı tədbirlərin keçirilməsi idi. Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müvafiq addımlar atılmışdır. Müxtəlif mərhələlərdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları ilə alış-veriş zamanı aparılan əməliyyatlara güzəştlər tətbiq olunmuşdur. Bunlarla yanaşı, tədbirlər planının icra müddəti ərzində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin birgə aparmış olduqları tədbirlərin nəticəsi kimi muxtar respublikada nağdsız ödənişlər istiqamətində seçilmiş vətəndaşlara hədiyyələr verilmişdir.
Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nağdsız ödəniş həcminin artımına öz təsirini göstərmişdir. Əgər 2014-cü ilin yanvar ayında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 246 min manat təşkil edirdisə, bu göstərici 2015-ci ilin noyabr ayında 2 milyon 146 min manat olmuşdur.
Ümumilikdə, tədbirlər planında nəzərdə tutulmuş müddət ərzində nağdsız ödəniş dövriyyəsi 29 milyon 152 min manata çatmışdır. 2014-cü ilin yanvar-dekabr aylarında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların 8 milyon 931 min manatı quraşdırılmış POS-terminallar vasitəsilə, 3 milyon 582 min manatı isə internet və digər ödəniş sistemləri vasitəsilə həyata keçirilmişdir. 2015-ci ilin yanvar-noyabr aylarında isə muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 16 milyon 639 min manat təşkil etmişdir ki, bunun da 9 milyon 778 min manatı quraşdırılmış POS-terminalların, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələrinin payına düşmüşdür.
İnfrastrukturun genişləndirilməsi, institusional mühitin formalaşdırılması və stimullaşdırma tədbirlərinin mütəmadi şəkildə aparılmasına baxmayaraq, bu sahədə çatışmazlıqlar da özünü büruzə verməkdədir. Bu isə ictimaiyyətin hələ də nağdsız ödənişlərə tam olaraq üstünlük verməməsindən irəli gəlir. Və hələ də bankomatların qarşısında nağd pul çəkmək üçün növbələrin yarandığını müşahidə etmək mümkündür. Bankomatdan, sadəcə, nağd pul çəkmək üçün istifadə edən vətəndaşlarımız isə kifayət qədərdir. Halbuki bankomat adlanan bu ödəniş aləti, əslində, bir çox nağdsız əməliyyatları həyata keçirməyə də imkan verir.
Bütün bu problemlərin həllində ziyalılarımızın da üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətdə hər zaman fikirlərinə böyük rəğbət göstərilən ziyalılarımızın və bu istiqamətdə tədbirlər planında üzərinə vəzifə qoyulan bütün digər strukturların birgə fəaliyyəti nəticəsində gələcək müddət ərzində böyük uğurlara nail olmaq mümkündür.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz tədbirlər planında nəzərdə tutulmuş digər tədbirlərin bundan sonra da uğurla davam etdirilməsi və bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirməklə yüksək göstəricilərə nail olmaqdır.

Elçin Əliyev
Azərbaycan Respublikası Mərkəzi Bankının
Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

778823
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3025
7339
10364
243239
778823

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter