21 Oktyabr 2020, Çərşənbə

Bu gün Ordubad rayonu başdan-başa quruculuq meydanını xatırladır. İstər Ordubad şəhərində, istərsə də rayonun kəndlərində müasir infrastruktur yaradılır, yollar abadlaşdırılır, qədim tarixi-memarlıq abidələri əsaslı surətdə təmir-bərpa edilir. Hazırda rayon mərkəzinin Heydər Əliyev prospektində, Mirzə Fətəli Axundov, Nəsirəddin Tusi və başqa küçələrdə əsaslı surətdə yenidənqurma və abadlıq işləri aparılır. 3000 metr uzunluğunda olan Heydər Əliyev prospektindəki avtomobil yolu genişləndirilərək üzərinə asfalt örtük salınıb. Yolun abadlaşdırılması ilə bərabər yol kənarlarındakı piyada keçidləri, xiyabanlar da əsaslı surətdə yenidən qurularaq üzərinə kilid daşları döşənib. Bütün bu işlərlə yanaşı, yol kənarındakı istismar müddəti başa çatmış işıq dirəkləri, yeraltı su, kanalizasiya, rabitə və elektrik xətləri yeniləri ilə əvəz olunub. Prospekt boyunca mövcud yaşayış binalarının fasadları da təmir-bərpa edilib. Rayon mərkəzindən Şəhriyar qəsəbəsinə və Kotam kəndinə gedən avtomobil yolu da genişləndirilərək asfalt örtüyü təzələnir.

Rayon mərkəzinə xüsusi yaraşıq verən ünvanlardan biri də yeni yaradılan Bayraq Meydanıdır. Ordubad şəhərinin girəcəyində inşa edilən bu ünvanda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

XVII əsr tarixi-memarlıq abidəsi olan və Ordubad şəhərinə xüsusi yaraşıq verən qədim Cümə məscidi də bərpa edilir. Sahəsi 890 kvadratmetr olan məscidin bünövrəsi və fasad divarları möhkəmləndirilib, üzərinə kərpic üzlük çəkilməsinə başlanılıb.
Rayon mərkəzindəki 28 mənzilli yaşayış binası isə gənc ailələr üçün nəzərdə tutulub. Zirzəmisi ilə birlikdə 8 mərtəbədən ibarət olan bu binanın inşası Ordubad şəhərinə əlavə gözəllik qatıb.
Ordubad şəhərində 150 ildən artıq tarixə malik Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin binası da əsaslı surətdə yenidən qurulur, binaya yeni korpus əlavə edilir, tikilinin yaxınlığındakı şəhər stadionunda da inşaat işləri həyata keçirilir.
Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və su xətlərinin çəkilməsi davam etdirilir, Şəhriyar qəsəbəsində isə Sutəmizləyici Qurğular Kompleksinin inşası tamamlanmaq üzrədir.

Abbas SEYİD

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR