21 Oktyabr 2020, Çərşənbə

Torpaq tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmiş, insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur.
Torpaq münasibətlərinin tənzimlənməsi üçün vahid dövlət idarəçiliyinə və ixtisaslı mütəxəssislərə həmişə ehtiyac duyulmuşdur. Ona görədir ki, 100 il əvvəl, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 ok­tyabr tarixli Qərarı ilə İnqilab Komitəsinin nəzdində ilk Torpaq şöbəsi yaradılmış, 18 yanvar 1924-cü ildə Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin Qərarı ilə Xalq Torpaq Komissarlığı təşkil edilmişdir. Sonrakı dövrlərdə Naxçıvanın torpaq idarəçiliyi sistemində yenə də müxtəlif dəyişikliklər baş vermişdir. 1946-cı il 28 may tarixdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı ilə Xalq Torpaq Komissarlığı Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış və nazirliyin Torpaq şöbəsi yaradılmışdır.

XX əsrin 70-ci illərinədək bütün sahələrdə olduğu kimi, ölkəmizdə, o cümlədən muxtar respublikamızda torpaq idarəçiliyi sistemində də bir çox problemlər qalmaqda idi. 1969-cu ildə ali rəhbərliyə yüksələn ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan Respublikasının aqrar-sənaye komplekslərinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirdi. Bunun nəticəsidir ki, həmin dövrdə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında da mühüm irəliləyişlərin əsası qoyuldu. Respublikamızın ali təhsil ocaqlarında torpaqla məşğul olan mütəxəssislər hazır­lanmadığından bu ixtisaslara yiyələnmək istəyənlər SSRİ-nin müxtəlif ali məktəblərinə göndərildi. Eyni zamanda torpaq məsələlərinin həllində kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə 70-ci illərin ortalarında ulu öndər Heydər Əliyev ali məktəblərdə torpaq mütəxəssisləri hazırlayan fakültələrin açılmasına nail oldu. Bunun nəticəsidir ki, bu gün torpaq sahəsində çalışan işçilər respublikamızda və xaricdə təhsil almış ali təhsilli mütəxəssislərdir.
Muxtar respublikamızın torpaq idarəçiliyi sistemi ötən 100 il ərzində böyük inkişaf yolu keçmişdir. Müstəqilliyimizin bərpasından sonra qarşıda duran həllivacib problemlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, torpaq islahatlarının aparılması idi. Ölkəmizdə mühüm əhəmiyyət kəsb edən torpaq islahatının əsası 1992-ci ildə, ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Aqrar islahatların aparılmasını həyata keçirmək, eləcə də dövlət torpaq idarəçiliyini yenidən qurmaq və gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 20 sentyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi yaradılmışdır. Muxtar respublika üzrə 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatı aparılmış, 241 min nəfərə torpaq sahəsi verilmiş, 70 min 598 ailə aqrar islahatlardan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında əldə edilən yüksəliş bütün sahələrdə olduğu kimi, aqrar sahəni də əhatə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 31 mart tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək onun əsas funksiyaları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Döv­lət Komitəsi yaradılmış, 2020-ci il 7 yanvar tarixli Fərmanla Xidmətə çevrilmişdir.
Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, vətəndaşların əmlak və torpaq hüquqlarının tənzimlənməsinə də hərtərəfli dövlət qayğısı göstərilir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər isə bu qayğının daha bir nümunəsini əks etdirir. Belə ki, 2016-cı ildə xidmətin ən müasir iş şəraiti ilə təmin edilmiş yeni inzibati binası istifadəyə verilmiş, yerli qurumları da yeni inzibati binalara köçürülmüşdür. Xidmətin aparatı və yerli qurumları 7 ədəd “NAZ Lifan”, 1 ədəd “NİVA” markalı yeni avtomobillərlə təmin olunmuşdur. 12 dəst elektron texometr və 12 dəst GPS alətləri əməkdaşların istifadəsinə verilmişdir. Xidmətin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi məqsədilə xüsusi avtomobil ayrılmış, müasir geodeziya ölçmə avadanlıqları, kompüter dəsti və POS-terminalla təchiz olunmuşdur.
Müasir server, şəbəkə və təhlükəsizlik avadanlıqları quraşdırılaraq məlumatların vahid mərkəzdən idarə olunması təmin edilmişdir. Bütün iş yerləri kompüter dəsti və zəruri informasiya texnologiyaları ilə təmin olunmuşdur. Xidmətin yerli qurumları ilə məlumat mübadiləsinin təşkil olunması üçün fiber-optik kanallar vasitəsilə mərkəzləşdirilmiş məlumat bazasına qoşulma və mövcud məlumatlardan xidməti istifadə imkanları yaradılmışdır.
Xidmətin elektron xidmətlərinin internet səhifəsi üzərindən təqdim olunması, dövlət rüsumunun və xidmət haqqının onlayn qaydada ödənilməsi təmin edilmişdir. Xidmətin internet səhifəsində elektron çıxarışın əldə olunması, yoxlanması xidmətləri və əmlak kalkulyatoru istifadəyə verilmişdir.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsini qeyd edərək demişdir: “Əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət gücləndirilməli, torpaqların elektron uçotu və xəritələşdirilməsi işi vaxtında başa çatdırılmalıdır”. Bu fikirlər qarşıdakı dövrdə torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsində xidmətin qarşısında ciddi vəzifələr qoyur.
Verilmiş tapşırıqlara müvafiq olaraq torpaqlardan təyinatına uyğun, səmərəli istifadənin təmin edilməsi məqsədilə mütəmadi olaraq torpaq müfəttişləri tərəfindən yerlərdə monitorinqlər aparılır. Bu ilin ötən dövrü ərzində Babək rayonunun bütün yaşayış məntəqələrində, Şərur rayonunun 11, Kəngərli rayonunun 2 yaşayış məntəqəsində monitorinq­lər başa çatdırılmış, torpaq istifadəçiliyində aşkar edilmiş qanun pozuntuları aradan qaldırılmışdır. Muxtar respublikanın bütün rayonlarında eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Rəqəmsal kadastr xəritəsinin tərtib olunması məqsədilə muxtar respublikanın bütün yaşayış məntəqələrində geodeziya ölçmə işləri başa çatdırılmışdır. Ölçmə işlərinin nəticələri, muxtar respublika üzrə torpaq sahələrinə və mülkiyyətçilərə dair məlumatlar sistemləşdirilərək vahid formada elektron bazaya yığılmışdır. Muxtar respublikanın bütün şəhər, qəsəbə, kənd ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, bələdiyyələrin elektron xəritələri və yerquruluşu sənədlər qovluğu hazırlanaraq məlumat bazasına daxil edilmişdir.
Bələdiyyələrin torpaq xəritələri və torpaqların qida maddələri ilə təmin­olunma kartoqramlarının əks olunduğu əkin atlasları, muxtar respublikanın bütün ərazisi üzrə suvarılan torpaq sahələrinin xəritələri, park və meydanların planları toplu şəklində hazırlanaraq nəşr olunmuşdur.

Perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi bu gün sahib olduğumuz torpaqların necə mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Odur ki, muxtar respublikada dövlət torpaq idarəçiliyinin inkişafı istiqamətində həyata keçirilən işlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin bir hissəsidir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR