23 Oktyabr 2020, Cümə

Muxtar respublika iqtisadiyyatında mühüm yerə sahib sahələrdən biri də sənayedir. Son dövrlərdə sənayeləşmə siyasətinə uyğun olaraq yeni istehsal sahələri qurulur, mövcud müəssisələrin fəaliyyətində məhsulların yeni növ və çeşidlərinin istehsalına diqqət artırılır. Sənaye məhsulları istehsalında əldə olunmuş müsbət nəticələrdən biri də son illərdə muxtar respublikada yeni inşaat materiallarının istehsalına başlanılmasıdır. Naxçıvan Muxtar Respublikasının təbii xammal yataqlarının işlənməsi hesabına istehsal olunan müxtəlif inşaat materialları daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunur. Sement, sönmüş və sönməmiş əhəng məhsulları, astar və üzlük suvaqlar, kartonpiyer gipsləri kimi tikinti materialları sırasında məsaməli beton da son illərin daha çox ehtiyac duyulan məhsulları sırasındadır. Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal olunan bu məhsullar həm də rəqabətqabiliyyətliliyi ilə seçilir. 

Qeyd edək ki, məsaməli beton bloklar müasir dünyada ən geniş yayılmış tikinti materialıdır. Bu məhsullar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və soyuğa davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda məsaməli betondan hündür və alçaqmərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində istifadə olunur. Statistikaya görə, bir çox ölkələrdə məsaməli beton divar tikinti materialları işində bazarın 60 faizini tutur. İnkişaf etmiş ölkələrdə bu inşaat materialının istehsalına maraq böyükdür. Hətta ərazi və faydalı qazıntılarına görə ən böyük ölkə sayılan Rusiya məsaməli beton istehsalı həcminə görə Almaniya, Polşa və Belarusdan sonra gəlir. Bilinən odur ki, bu gün məsaməli beton blokları tikintidə əsl inqilab adlandıranlar heç də yanılmırlar.

Naxçıvan Muxtar Respublikasında məsaməli beton istehsalına 2016-cı ildən başlanılıb. 2015-ci ildə yuxarıda adıçəkilən kompleksdə bunun üçün yeni zavod tikilərək burada müasir avadanlıqlar quraşdırılıb. Bunu Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksinin direktoru Yaşar Həsənzadə bizimlə söhbətində bildirir. Qeyd edir ki, ötən dövrdə bu məhsulun istehsal həcmi tələbata uyğun olaraq artıb. Əvvəlki illərlə müqayisədə indi yerli əhali də bu inşaat materialı haqqında məlumatlıdır. Çəkisinin yüngül, yerli iqlimə dayanıqlı, eyni zamanda işi tez bir müddətdə yekunlaşdırmağa imkan verən bu cür məsaməli beton blokları almaq üçün müraciət edənlərin də sayı artır. Əvvəllər bu tikinti materialından Gürcüstan Respublikasına da göndərmişik. Hazırda isə ixrac üçün yeni bazar araşdırmaları aparırıq.

İstehsal prosesi ilə maraqlanırıq. Müəssisənin Keyfiyyətə nəzarət və məhsulun təkmilləşdirilməsi şöbəsinin müdiri Cəfər Bəylərov ilk olaraq məlumat verir ki, məhsulun istehsalında xammal kimi Kəngərli rayonunun Çalxanqala kəndi ərazisində yerləşən reolit yataqlarından istifadə olunur. Yataqlardan çıxarılan vulkanik tərkibli daşlar nəqliyyat vasitəsilə zavoda daşınır, burada üyüdülərək toz halına salınır və sönməmiş əhəng, qum, sement, su, alüminium tozu ilə qarışdırılaraq müvafiq temperaturda saxlanılır və xüsusi böyük qəliblərə boşaldılır. Sonra isə zavodda quraşdırılmış kəsmə dəzgahlarında doğranaraq qablaşdırılır. Həmçinin sifariş əsasında burada müxtəlif ölçülərdə kəsimlər də həyata keçirilir. Bunu da əlavə edim ki, artıq zavodda bu cür bloklar işlədilən zaman istifadə olunan yapışdırıcıların da istehsalına başlamışıq.

Elşən Cəfərli isə satış müdiri vəzifəsində çalışır. Bildirir ki, zavodda istehsal olunan məsaməli beton blokların hər birinin hündürlüyü 25, uzunluğu isə 60 santimetr olmaqla, 10, 15, 20, 40 santimetr qalınlıqlarda satışa göndərilir. Hazırda müəssisədə satış üçün kifayət qədər məhsul ehtiyatı var. Yeni xarici bazarların araşdırılması yaxın gələcəkdə bu yerli inşaat məhsulunu digər ölkələrə ixrac etməyə də imkan verəcək.
Müəssisədə olarkən kompleksin direktoru Yaşar Həsənzadə bizi memar Zahid Məmmədzadə ilə tanış edir. Bildirir ki, o, müəssisənin əməkdaşı olmasa da, uzun müddət Türkiyə Respublikasında, həmçinin Bakı şəhərində məsaməli beton bloklardan müxtəlif fiqurların hazırlanması işində çalışıb. Düzəltdiyi heykəl və fiqurlar isə bir çox binaların fasad hissəsində, eləcə də şəxsi yaşayış evlərinin dekorasiyalarında istifadə olunub. Hazırda Zahid Məmmədzadə müxtəlif dekorativ fiqurların hazırlanması işinə cəlb olunub ki, burada da əsas məqsəd bu cür məhsulların sərgisini təşkil etməkdir. Müsahibimizin sözlərinə görə, məsaməli beton bloklardan hazırlanan belə dekorativ məhsullar yerli bazara öz töhfəsini verəcəkdir.

Bəli, bu gün Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal olunan inşaat materialları keyfiyyətinə görə xarici analoqlarından fərqlənir. Buna görədir ki, əhali bu məhsulları almaq üçün yerli istehsala üstünlük verir. Eyni zamanda yerli inşaat materiallarının daxili bazarda həcminin artması idxala öz təsirini göstərir. Nəticədə, əvvəllər belə məhsulların daxili bazara gətirilməsi üçün xaricə vəsait çıxırdısa, indi yerli məhsulların ixracı daxilə valyuta axınını təmin edir. Ümid edirik ki, gələcəkdə Naxçıvanın lojistik imkanlarının genişlənməsi yerli məhsulların ixracına da böyük töhfə olacaq.

- Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR